Məşhur jurnalistin oğlu: “Atam Aqşin Yeniseyi pal-paltarlı götürüb hovuza atdı” – Müsahibə

Məşhur jurnalistin oğlu: “Atam Aqşin Yeniseyi pal-paltarlı götürüb hovuza atdı” – Müsahibə
25 noyabr 2019
# 09:00

Bu il mərhum jurnalist Elçin Səlcuqun 55 yaşı tamam olur. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən onun oğlu, jurnalist Səlcuq Elçinlə müsahibəni təqdim edir.

- Atanla bağlı tez-tez yadına düşən hansı xatirədir?

- Çox xatirə var. Hansını danışım?

- Hansını ürəyin istəyir...

- Atamın işlədiyi redaksiya bağçama yaxın idi. Hər gün işə gedəndə məni bağçaya qoyurdu. İnsanların haqsızlığına dözmürdü. Adi avtobusda belə konduktorla, sürücü ilə dalaşırdı. Axı onlar basabas olanda deyir, mehribanlaşın. Belə deyəndə atam çox vaxt əsəbiləşir, özündən çıxırdı. İnsanların əzilməyinə dözə bilmirdi. Sözünü deyən adam idi. Uşaq olduğumdan onun insanlara əsəbiləşməyini həzm edə bilmirdim. Qorxurdum, həyəcan keçirirdim. Deyirdim, nəyinə lazımdır, ata? Mən pis oluram. O da deyirdi, böyüyəndə başa düşərsən. Böyüdüm və başa düşdüm ki, atam haqlı imiş.

- Evdə necə idi?

- Uşaq vaxtlarımda çox sərt idi. Evimizdə qayda-qanun olub. Böyüyəndən sonra mənə sərbəstlik verdi. Universitetdə oxuduğum illərdə lap sərbəstlik vermişdi. İstənilən mövzuda onunla danışa bilirdim.

- Evin tək uşağı olmusan?

- Bəli. Tək uşaq olmuşam.

- Elçin Səlcuq həm də bərk içən idi. Heç olurdumu evə gələndə səni vursun?

- Xeyr, belə hallar baş verməyib. Uşaq olanda nadinclik edib bir şapalaq vura bilər, atadı. Deyirdi, həyat sənin seçimindir. Özün həyatını qur, formalaş.

- Qadağalar qoymurdu?

- Heç bir qadağa qoymurdu. Özü deyirdi, əsgərlikdən gələndən sonra Bakıda tək qalmışam, sərbəst böyümüşəm.

Gallery

- Sənə qoşulub uşaqlaşırdı?

- Oyunlar oynayıb. İşlədiyi redaksiyalara aparırdı məni. Jurnalistika camieəsinin içində böyümüşəm. Onlarla məni istirahətə, dənizə çimməyə aparıb.

- Bir dəfə kiməsə pul verib ki, sənə baxsın bir neçə saatlıq.

- Bu Söhbət Şəhriyar Sarıca (Karikaturaçı Şəhriyar Sarıca – red.) ilə olub. Mən beşinci-altıncı siniflərdə oxuyanda Aqşin Yeniseygili tanıyırdım. Atam məni Aqşinin yanına aparıb gətirirdi. Şəhriyar da Aqşinin dayısı oğlu olmalıdır, səhv etmirəmsə. Atam bir gün ona 5 “şirvan” verdi ki, apar uşağı gəzdir. İndinin özündə də bu hadisəni zarafatla xatırlayıram. Şəhriyarı da hər dəfə görəndə deyirəm, 5 “şirvan”ımı yedin (gülür).

- Məktəbə gedəndə sənə pul verirdi?

- Lap çox verməsə də müəyyən qədər verirdi. Bir az böyüyəndə pulu artırmışdı. Universitetə gedəndə üç-beş manatım olurdu cibimdə.

- Universitetə gəlirdi? Müəllimlərlə nələr danışırdı?

- Tələbə olanda bir dəfə dərsdən qaçmışdım. Dərsdən qaçanların tələbə biletlərini yığdılar. Valideynlərimizi çağırdılar. Atama hadisəni evdə nağıl elədim. Soruşdu ki, niyə girməmisən dərsə. Dedim, 85 yaşlı kişidir, boş-boş danışır, dərsə də aidiyyatı yoxdur. Dedi, düz eləmisən. Atam universitetə gəldi. Hər kəs yığılıb, uşaqlar danlanır. Atam dedi, düz edib qaçıb. Hamı şoka düşdü ki, necə yəni? Cavabında atam dedi, 85 yaşlı kişiyə qulaq asmaqdansa, gedib çörək yesin. Heç olmasa ac qalmaz (gülür).

Gallery

- Evdə günü necə keçirdi?

- Tərbiyəmlə, dərslərimlə daha çox anam məşğul olub. Atam evə gec gəlib. Atamı günaşırı bir-iki saat görürdüm.

- Boş vaxtlarında sənlə vaxt keçirmirdi?

- Həftə sonları məni dostlarının yanına aparırdı.

- Jurnalistikadan başqa nələri sevirdi atan?

- Bir yerdə futbola baxmışıq. “Qalatasaray” - “Fənərbağça” derbisini izləməyə getmişik. O, “Qalatasaray” azarkeşi idi, mən “Fənərbağça”. Həmişə də qalib tərəf mən olurdum.

- Elə olanda hirslənirdi?

- Bəli, əsəbiləşirdi. Bəhs etdiyim klubların oyununda mənim azarkeşi olduğum “Fənərbağça” “Qalatasaray”ı 6-0 məğlub etmişdi. Oyuna “Qara Qarayev”dəki “Sevinc” kinoteatrında baxmışdıq. İndi sökülüb o kinoteatr. Məhəllədəki uşaqları da özü ilə futbol izləməyə, dənizə aparıb.

- Dalaşqan adam olub...

- Bəli, elədir. Qonşuları ilə, dostları ilə də dalaşırdı.

- Nə üstündə düşürdü davaları?

- Məhəllədə nəsə haqsız bir hadisə olanda, müdaxilə edirdi. Səsini qaldırırdı. Güclü zəifi əzəndə atam həmişə zəifin yanında olurdu. Haqsızlıqlara, insanların əzilməyinə dözmürdü.

Gallery

- Tanınmış adamlarla münasibəti vardı. Yadıma düşür, sənin Elçibəyin qucağında bir foton var. O fotonun tarixçəsini danışardın...

- O foto Ordubadda, Kələkidə çəkilib. Lap kiçik yaşlarımda. Tarixçəni tam xatırlamasam da onu bilirəm ki, atam Naxçıvana gedəndə mütləq Elçibəyə baş çəkirdi. Yəqin, o görüşlərin birində çəkilib şəkil. Kamal Abdulla ilə yaxın münasibəti olub.

- Kamal müəllim haqda kitab da yazıb...

- “Kədərin sirri” onun yeganə kitabı olub. Kamal Abdullanın yaradıcılığı ilə bağlı. Publisistikadan başqa ədəbi əsəri deyək...

- Onun yanına tez-tez aparırdı səni?

- Əlbəttə, aparırdı. Atam dünyasını dəyişəndən sonra mənə dəstək verən dostlarından biri olub.

- Başqa hansı dostları olub?

- Rövşən Hacıbəyli, Şahbaz Xudoğlu, Azər müəllim, Qabil Abbasoğlu, Vüsalə Mahirqızı və s.

Gallery

- Ədəbi mühitdən də dostları çox olub...

- Aqşin Yenisey, Şərif Ağayar bizim evə gəliblər. Atamla yaxın dost olublar. Yadıma gəlir, o vaxt AYO-nun bir neçə məclisi bizim bağ evində keçirilib. Qan Turalını, Nərmin Kamalı, Rasim Qaracanı, Zahir Əzəməti, Elmin Həsənlini, Günel Mövludu o məclislərdə tanımışam.

- Şaiq Vəli ilə də dostluqları olub.

- Allah rəhmət etsin, onunla da dost olub.

- Vaqif Bayatlının ilk kitabını atan çap edib deyəsən...

- Atam Naxçıvanda şagird olanda Vaqif barədə nə çap olunubsa hamısını yığıb şəkli ilə birlikdə bir dəftərçəyə köçürüb.

- Aha.

- Vaqif Bayatlıgil Bakıya köçəndə atam da ali məktəbə qəbul olunmuşdu. Şairin evlərini tapır, qapını döyür, evin qapısı açılır, dəftəri içəri atır və gözdən itir. Sonralar məlum olur ki, o gənc Elçin Səlcuq imiş. Vaqif müəllim bəzən zarafatla deyirdi ki, belə çıxır, elə mənim ilk kitabımı da Elçin Səlcuq öz əlyazmasında buraxıb.

Gallery

- Maraqlıdır...

- Naxçıvanda atam ədəbi məclisin üzvü olub. Şeirə, ədəbiyyata çox marağı vardı. Bir dəfə sinif yoldaşı ilə birlikdə kəndin kitabxanasından kitab oğurlayıblar.

- Həbs olunub?

- Bəli, tutulub. Belə bir söhbət olub.

- Necə çıxıb?

- Həbsdə yatmayıb. O vaxt kitab oğurluğu oğurluq sayılmırdı.

Gallery

- Yazıçılarla məclisləri necə keçirdi?

- Bilirsən da, yazıçı məclisləri necə olur. Yeyib-içirdilər. Yaradıcılıqlarından, şeirdən, yazıdan-pozudan danışırdılar. Yaxud hansısa yazıçının əsərini müzakirə edir, tənqid edirdilər. Zarafatyana dostları ilə güləşirdi. Şərif Ağayarla güləşiblər.

- Kim qalib olub?

- Şərif atamın kürəyini yerə vura bilməyib. Atamın boyu 1.65 olardı. Aqşin Yeniseylə tez-tez güləşirdi. Bir dəfə bağda Aqşini paltarlı-palazlı götürüb hovuza atdı (gülür). Sonra gördü inciyir, özü də tullandı hovuza, telefonu-zadı islandı.

- Gəncliyində güləşlə məşğul olub?

- Atam hərbi xidmətdə sambo üzrə çempion olub. Fiziki cəhətdən çox güclü idi. Uşaqlığımda yadıma düşür, özündən yekəpər adamları fəndlə yerə yıxırdı.

- Davakar da olsa, dili acı olsa da hamı Elçin Səlcuqu sevirdi?

- Mənə də bu acıdillik atamdan keçib. Acılasa da, söysə də bunlar ürəkdən gələn şeylər deyildi. Atamı da yəqin ona görə istəyiblər ki, dili acı da olsa qəlbən necə təmiz olduğunu görüblər. Kimin nəyə ehtiyacı olsa əlindən gələni əsirgəməyib. Çevrəsində çox adama yaxşılıqları dəyib. Dalaşıb, üstündən 5 dəqiqə keçəndən sonra barışıb.

Gallery

- Ananla necə tanış olub?

- Hər ikisi o vaxtkı H.Z.Tağıyev adına kombinatda işləyirdi. Elə orda tanış olub, seviblər bir-birlərini. Üç il nişanlı qalandan sonra evləniblər.

- Ailələrin narazılığı olmayıb bu izdivaca?

- Anam Oğuz rayonundandır, atam Naxçıvanın Şərur rayonundan. Region olaraq bir-birə dəxli yoxdur. Lakin evlənmələrinə görə narazılıq olmayıb. Heç kim Elçin Səlcuqa mane ola bilməzdi. Öz bildiyi edəcəkdi.

- Sonralar içkiylə problem yaşadı.

- Bilirsiniz, bəzən yazırdılar ki, Elçin əyyaşlıq, sərxoşluq edib, yox. Atam bir çoxları kimi içki içirdi. Ancaq heç vaxt küçədə yıxılmaz, əyyaşlıq etməzdi. İçəndə evə gəlib çıxa bilirdi. Tam sərbəst. Ölməyinə 1-2 il qalmış daha çox içməyə başlamışdı. Gündəlik içirdi, qarşısını ala bilmirdik.

- Niyə çox içirdi atan?

- Atamın “Detektiv” qəzeti olub. İmkanları yaxşı idi. İnsanda düşüş var da. Əvvəllər içən olmayıb. Adi özümüzdən götürək, pulumuz cibimizdə azalanda psixoloji sarsıntı keçirdirik. Qəzet bağlanandan sonra maddi imkanları zəiflədi. Atamın qardaşı, əmim Türkiyədə dünyasını dəyişdi. Bütün bunlar üst-üstə gəldi.

- Əmin nədən rəhmətə getmişdi?

- Ürək çatışmazlığından. Atam qardaşına, bacısına ata əvəzi olub. Əlləri üstündə olub. Qardaşının itkisi ona çox ağır təsir edirdi, həzm edə bilmirdi.

- Bildiyim qədər özün içkidən uzaqsan.

- Hər gün içən deyiləm. Məclisdən məclisə dəyişir. Kefimə düşəndə içirəm.

Image result for Elçin Səlcuq

- İçkidən uzaq olmağın atanla bağlıdır?

- Ola bilər. Çox içsən qara ciyərin əldən gedəcək və öləcəksən. Bunları hamımız yaxşı bilirik. Sevdiklərinə görə yaşamalısan. Hər şey qədərində olsa yaxşıdır.

- “Detektiv” qəzeti o dövr çox populyar olub...

- Elədir. Dövründə ən tirajlı qəzetlərdən biri olub.

- Elçin Səlcuqun “Bağdan bağlantı” adlı silsilə yazıları da vardı.

- “Azadlıq” qəzetində gedirdi o yazılar. Bakının kəndlərində olan bağ evlərindən yazılar yazırdı. Maraqla qarşılanırdı oxucular tərəfindən. Buzovnada bağ evimiz vardı. Evdən bir az kənarda ayrıca otağı da vardı.

- Qalır o balaca otaq?

- İndi də o iş otağı qalır. Çantasını, kitablarını, əlyazmalarını, qəpiklərini, siqaretlərini belə saxlayırıq.

- Evi satmışdınız deyəsən..

- Xeyr, qalır. Satmadıq.

- İndi o evdə kim yaşayır?

- Əmim. Ancaq Elçin Səlcuqun otağında heç kim qalmır. Xatirə kimi saxlayırıq.

Gallery

- Ora tez-tez gedirsən?

- Gedirəm. Atamın məzarını ziyarət edirəm.

- Atanın otağına girəndə nələr hiss edirsən?

- Ən azından atamın qoxusunu duyuram. Xatirələri yadıma düşür.

- Onun məşhur bir sözü var: insanı əbədi deyil, müvəqqəti ayrılıqlar ağrıdır...

- İndinin özündə də dostları onun sözlərini sosial şəbəkələrdə paylaşırlar. Qəribə sözləri vardı. Məsələn, mızqılet (gülür).

- Sənə həyat, insanlar haqda nə kimi məsləhətlər verirdi?

- Ata ilə oğul arasında məsləhət məktəbi bitirənə qədər olur. Bizdə belə olub. Ancaq müstəqil həyata atılandan sonra mənə deyirdi ki, çalış həyatda elə bir mövqe tut, gələcəkdə övladlarının qarşısında utanmayasan. Düşünürəm, insan gərək elə həyat yaşasın ki, onun övladları, ailəsi olsun. Elçin Səlcuqun oğlu olduğuma görə fəxr edirəm. Ən azı atam şərəfli həyat yaşayıb. Azərbaycan jurnalistikasında prezident İlham Əliyevdən ilk müsahibə alan atam olub. Bu tarixdir.

- Bir əhvalatı vardı. İçkiyə görə həkimə gedir. Həkim deyir içsən, öləcəksən. Elçin Səlcuq da deyir, sən içməyib neyləmisən?

- Dostlarından kimsə deyib, Elçin içmə, öləcəksən. O da deyib, dövlət bəyin ölümü də gözəldir. Çoxdur əhvalatları.

Gallery

- Son günlərindən danışaq...

- Bir dəfə sarılıq xəstəliyinə tutulmuşdu. Sumqayıtda xəstəxanada qaldı. 15-20 gün. Həkimlər tapşırmışdı ki, siqaret, içki olmaz. Bir-iki ay əməl elədi. Amma yenə içməyə başladı. Ondan sonra olanlar oldu. Qara ciyər serrozundan dünyasını dəyişdi. Atamın yaşamaq istəyi qalmamışdı. Fikirləşirdi, oğlum universitetə qəbul olunub, özünə bir yol tapar.

- Son gününü necə xatırlayırsan?

- Buzovnadakı evdə qalırdı. Gecə vəziyyəti ağırlaşmışdı. Əmimgil xəstəxanaya aparmışdı. Mən səhər bildim. Universitetdən çıxıb xəstəxanaya getdim. Xəstəxananın qabağında bibilərim, qohumlar vardı. Ağlayırdılar. Başa düşdüm ki, bu gündən atam olmayacaq.

- Oğlun olsa atanın adını verəcəksən?

- Bu günlərdə soyadımı rəsmi olaraq Elçin etmək üçün müvafiq orqanlara müraciət etmişəm. İstəyirəm, dünyaya gələcək övladlarım da Elçin soyadını daşısın.

# 10754 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #