Kulis.Az “Atamın xatirəsi” layihəsindən tanınmış şair-aşıq Mikayıl Azaflının qızı Gülarə Azaflı ilə söhbəti təqdime dir.
- Məncə, sizi təqdim eləməyə xüsusi ehtiyac yoxdur. Ancaq, hər halda tanışlıq verək...
- Aşıq Gülarə Azaflı. Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin üzvüyəm, qadın aşıqlarla bağlı işlər mənə həvalə olunub. Həm də qadın aşıqlardan ibarət “Çeşmə” folklor qrupunun rəhbəriyəm.
- Bu yaxınlarda bizim qadın yazarlar mətbuatda bəyan elədilər ki, “qadın yazar” ifadəsini işlətməyin, çünki bu, cinsi ayrı-seçkilikdir. Sizcə, “Qadın aşıq” ifadəsi necə, ayrı-seçkilik deyil ki?
- Məncə, yox. Belə bir ifadə var və işlətmək olar. Qadın aşıqların həyatı zaman-zaman daha keşməkeşli olub.
- Siz sənətə gələndə qadın aşıq var idi?
- Əlbəttə var idi. Aşıq Nabat var idi. Sonra bizim Tovuzda, Əlimərdanlı kəndində Aşıq Zeynəb var idi. Aşıq Əsginaz var idi. Məclislərə də gedirdi. Mən uşaq olanda bizə də gəlmişdi. Yadımdadır, kişi aşıqlar kimi xrom çəkmə də geyinirdi. Kişi aşıqlarının kostyumunun parçasından özü üçün paltar tikdirmişdi. Onun oxuduğu “Sarıtel”in səsi hələ də qulaqlarımdadır.
- Siz Mikayıl Azaflıya “Baba” deyirsiz... Bu, Yusif Səmədoğlunun “Yeddi oğul istərəm” filmində Humayın Gəray bəyə müraciətini yada salır... Siz tərəfdə işlənirdi bu müraciət?
- Uşaqlıqdan bizə demişdi, mənə “Baba” deyin. “Papa” sözünü xoşlamırdı. Bizdə “Ata” deyən də var, “Qağa” deyən də var, amma o, özü belə istəyirdi.
- Ənənəvi də olsa bu sual verəcəm: Mikayıl Azaflı necə ata idi?
- O, sənətkar olduğu üçün evdə az olurdu. Bəzən səfərlərə gedirdi, Bakıda qalırdı. Evə gələndə elə bilirdik, peyğəmbər gəlib. Bizimçün elə idi. Heç vaxt bizim xətrimizə dəyməyib. Hirslənəndə acıqlı bir söz deməyi kifayət idi. Elə bil dünyamız çökürdü. Bəzən o sözə görə ağlayardıq ki, babamızı niyə hirsləndirmişik. Ona əlçatmaz baxırdıq. Atamıza qarşı o hörməti də, o pərdəni də, şübhəsiz ki, anamız yaratmışdı.
- Ananız kim olub?
- Evdar qadın idi. Atamın ilk sevdiyi qız olub. 15-16 yaşlarında tanımışdı və ömür boyu sevdi.
- Azaflı Mikayıl o yaşlarda qaçaqlıq edib, bildiyimə görə...
- Hə. Yeddinci sinifdə oxuyanda Stalini çox sevdiyindən onun şəkli olan qəzeti kitabın üzünə çəkibmiş. Sinifdə qəfil əlindəki mürəkkəb şəklin üstünə tökülüb, uşaqlar bunu məktəbin direktoruna xəbər veriblər. O vaxt da bilirsiniz, “KQB” necə işləyirdi. O saat rayondan adam gəlib. Atam məktəbin direktoruna nə qədər and-aman eləyib ki, mən Stalini çox sevirəm, qəsdən eləmədim, özümdən asılı olmadan töküldü, xeyri olmayıb. Deyib, mən sənə inansam da xeyri yoxdu, sənə bircə köməyim o ola bilər ki, imkan yaradam, qaçıb gedəsən buralardan. Atam da qaçıb.
- Bəlkə, atası bəy-filan olub... Bəhanə ediblər...
- Yox. Atası sadə kənd adamı olub. Sayılıb-seçilsə də elə çoxlu var-dövləti olmayıb. Belə. Özünə görə. Həm də atam atasını lap balaca yaşlarında itirmişdi. Anası başqa ərə getmişdi, o da qalmışdı əmisinin yanında.
- Və anasını bağışlamırdı...
- Bağışlaya bilmədi. Özüylə sonralar görüşsə də qəlbi sınıq qaldı həmişə. Nə qədər olmasa anası idi, amma ürəyində onun hərəkəti ilə tam barışa bilmirdi. Anası öləndə atam türmədə idi. Böyük bacım Dilarə şeirlə ona yazmışdı anasının ölümünü, o da kədərli bir şeirlə cavab vermişdi. Türmədə olduğuna görə yasında iştirak edə bilmədi.
- Ananız da Azaflıdandır?
- Yox, onlar Əsrikdəndir. Atam qaçaq olan vaxt Əsriyə tez-tez gedirmiş. Nənəm onun qızını istədiyini bilirmiş və istəyirmiş kömək eləsin. Ağıllı, ağayana uşaq olduğunda ondan xoşu gəlirmiş. Elə nənəmin köməyi ilə də üzə çıxır, “günahını” bağışlayırlar. Amma bir şərt qoyurlar ki, meşədə gizlənən qaçaqların yerini desin. Atam deyir, mən uşağam, uzaq yerlərə getmirdim, elə kəndin həndəvərindəki meşələrdə gizlənir, gecələrsə qəbiristanlığa gəlirdim. Heç kimi görməmişəm.
- Sizcə görsə, deyərdi?
- Qətiyyən! Heç vaxt deməzdi. Nənəmin cəhdi öz bəhrəsini verir, atamın qaçaqlıq həyatına son qoyulur və anamla evlənirlər. Amma ondan yenə əl çəkmirlər. Sözü üzə deyən adam idi. Haqsızlıqla barışmırdı. Ən azı şeirlə deyirdi. Ona görə vəzifəli adamların heç birinin ondan xoşu gəlmirdi.
- Əsl dissident idi. Bizdə yazıçı-şairlərdən yox, aşıqlardan dissident həyat sürənlər vardı.
- Məncə də.
- Sevgidən az yazıb amma.
- Elədir. Haqsızlıqdan daha çox yazırdı.
- Ailədə neçə uşaq olmusunuz?
- On bir.
- Mən bilən başqa ailəsi də olub, Mikayıl Azaflının...
- Elə, on bir uşaq olmuşuq, yazarsınız, başqa heç nə... Bu barədə danışmaq istəmirəm... Anama inamı böyük idi. Həmişə deyirdi, onu qoyub gedirəm, elə bil evdə kişi qoyub gedirəm. Ona görə türməyə gedəndə də anama güvənib gedirdi. Onda beş-altı uşaqları vardı artıq. Mən də vardım. Hətta bir dəfə məni babamla görüşə aparmağa söz verdilər, ancaq aparmadılar, mən buna görə uzun illər xəstə yatdım.
Böyüyümüz, Dilarə xanım idi. Dilarə Azaflı. Yəqin “Aşıq Pəri” məclisindən tanıyırdınız. Sonra Məzahir olub. Qardaşım. O cavan yaşında dünyasını dəyişdi. Sonra Minayədir, Hakimdir, Məlahətdir, Hökmrandır, sonra mənəm. Məndən balaca isə dörd bacım var.
- Saz çalıb oxuyan yalnız Dilarə xanımla siz olmusuz?
- Bzim evdə hamı saz çalıb, şeir yazıb. Onların bəzisində şairlik güclüdür, bəzisində aşıqlıq.
- Mikayıl Azaflıda hansı güclü idi, sizcə?
- Aşıqlığı da güclü idi, amma, məncə, şairliyi lap güclü idi. Onun şeiriyyat aləmi çox dərindir.
- Həbs maddəsi qəribədir: oğurluq və silah saxlama. Heç biri də aşığa, el sənətkarına uyğun deyil.
- Tilfisdə bir dostu ona bahalı makintoş bağışlayır. Şəhərdə əynində tuturlar. Bir adam gəlib deyir, bu makintoş mənimdir, cibində adım yazılıb. Açıb baxırlar ki, düz deyir. Atamsa dostunu satmır, özü həbsə gedir. Düşünür ki, dostu özü üzə çıxar, etiraf edər. O isə gəlmir. Beş il iş verirlər, dörd ilini yatandan sonra, əsl oğruları tapıblar.
- Bəs silah necə?
- O zamanlarda hər kəsin silahı vardı.
- Hamıda olsun, Mikayıl Azaflıda vardı, ya yoxdu?
- Vardı, tapançası vardı.
- Siz görmüşdünüz?
- Yox, mən uşaq idim, hardan görəcəkdim.
- Sizcə ona qurğu qurmuşdular?
- Şübhəsiz. Ötkəmliyinə görə onu qəbul eləmirdilər. Amma bu barədə bizə heç nə demirdi. Bəlkə də, qardaşıma deyib, bilmirəm. O vaxt Aşıq Sadığın qızı Gürcüstanda məhkəmədə, ya prokurorluqda işləyirdi. Deyirlər, ustada məktub yaz, bəlkə qızına deyə, sənə kömək edələr. Atamın məşhur şeiri var Aşıq Sadığa. Aşıq Sadıq qızına tapşırır, qızı deyir, ata, heç nə edə bilmərəm, bircə köməyim o olar ki, işi Azərbaycana göndərərəm. Göndərir və Azərbaycanda da atama beş il verirlər.
- Evdə çox zabitəli idi?
- Çox. O, evdəydisə milçək uçsa eşidilərdi. Sözümüz olanda ona deyə bilməzdik. Anama deyirdik, o deyirdi. Kitab lazımdı, dəftər lazımdı və s. O tərbiyəni bizdə anam yaratmışdı. Atamın da zəhmi ağır idi. Amma mülayim xasiyyətləri də vardı.
- Uşaqları ailə quranda necə davrandı? Yəqin hər şey o deyən kimi olub...
- Onun bir sözü vardı: sizi kimə istəsəniz verəcəm, bir şərtlə ki, nə görüşmək-danışmaq olsun, nə qoşulub qaçmaq. Zəhləsi gedirdi qoşulub qaçan, sevdiyi ilə söhbət edən qızlardan. Ögey bacısı qoşulub qaçmışdı, ömrü boyu dindirmədi.
- 1990-cı ildə rəhmətə getdi...
- Hə. Onun böyrəyində problem vardı. Burda, Biləcəridə dəmiryolçuların xəstəxanasında yatanda, gecə 20 Yanvar hadisəsi baş vermişdi. Atama gəlib deyiblər ki, Bakını yerlə yeksan elədilər, adamları qırdılar. Atam elə o andaca infarkt keçirmişdi. Ancaq həmin ilin oktyabrınacan yaşadı. Oktyabrda əməliyyat elədilər, əməliyyatdan çıxmadı. Atam əlində ölən həkim bizə deyirdi, mən Aşıq Şəmşiri də əməliyyat eləmişəm... İnfarktlı adam idi, nəzərə almalı idilər. 1990-cı ilin oktyabrın 10-da rəhmətə getdi, 12-si dəfn olundu. Görün necə bir təsadüfdür eee... bizim söhbətimiz (müsahibə oktyabrın 11-də götürülüb – red.)
- Belə başa düşdüm, onun ölümündə də nəsə müəmma görürsünüz.
- Görürəm.
- Son söz, vəsiyyət kimi nəsə söyləmişdimi?
- Yox. Bircə, infarkt keçirəndə dörd ay yanında qaldım. Onda mənə deyirdi, heç vaxt haram tikə yeməmişəm. O, dörd ayda atamla xeyli dostlaşdıq. Artıq sözümü deyə bilirdim ona. Çox şeylər danışdıq. Xəstəlikdən əlavə, 20 Yanvar hadisələrinə görə, içində bir ruh düşkünlüyü vardı. Dərmanlarını içmirdi. Onun yadına bir zarafatını saldım. Vaxtıyla Moskvaya gedib-gəlmişdi, deyirdi, rusca üç kəlmə öyrənmişəm: “Çay kuşit”, “Xleb kuşit”. O zarafatını yadına salıb dedim, baba, bəlkə, bu dərmanlarını kuşit eləyəsən? (gülür). Bığaltı gülümsündü və başladı dərmanlarını içməyə.
- Sizin səhnəyə çıxmağınıza necə baxırdı?
- Razı deyildi. Deyirdi, qadın üçün çox çətin olar. Bir dəfə Səməd Vurğunun yubileyinə şeir yazmışdım, oxudum, anama dedi, birdən səhnədə-zadda oxuyar haa, oxumasın. Ancaq yubileydə məktəbli kimi mənə söz verdilər, çıxıb saz çaldım, öz şeirimi dedim, Səməd Vurğunun “Dağlar” şeirini isə “Sarıtel” üstdə oxudum. Səhnənin arxasına keçəndə dedilər, atan səni çağırır. Necə həyəcanlandımsa, birbaş evə qaçdım. Bir həftə gözünə görünmədim (gülür).
Razı deyildi, ancaq, elə ki, gördü seçimimdə ciddiyəm, dedi, sənət yolunda ləyaqətlə gedə biləcəksənsə, buyur, bacarmayacaqsansa, indidən geri çəkil. Dedim, baba, on bir övladın var, bunların içində davamçın olmasa gələcək nəsillər bizi bağışlamaz. Mən bunu ləyaqətlə edəcəm.
- Sizdən əvvəl Dilarə xanım məşğul idi, axı...
- O, səhnəyə şair kimi çıxırdı, aşıq kimi yox.
- İndi sizin ocaqda Roman Azaflı yetişib. Məncə, ciddi sənətkardır.
- Hə. Qardaşım Hakimin oğludur. Burda şəhərdə mənnən qalır. Xasiyyəti eynən atamdır. Adını da atam qoyub. Özü də roman, povest anlamında...
- Qəribədir. Demək, roman-filan oxuyurmuş.
- İsa Hüseynovla möhkəm dost idi. Onu çox sevirdi. Əsərlərini də oxuyurdu. Tarixi əsrləri lap çox sevirdi. Bizə deyirdi, sizə yalançı tarix öyrədirlər.
- Dindar olub, mən bilən.
- Çox. Namaz qılmırdı, amma Aşura günlərinə həmişə gedir, mərsiyə deyirdi. İçki də içmirdi. Roman da elədir. İndiyədək, dilinə içki dəyməyib.