Fikrət Sadıqın oğlu: “Atama görə davalara düşürdüm” – Müsahibə

Fikrət Sadıqın oğlu: “Atama görə davalara düşürdüm” – <span style="color:red;">Müsahibə
13 oktyabr 2019
# 17:30

Bu gün mərhum şair Fikrət Sadıqın anım günüdür. Kulis.az “Atamın xatirəsi” layihəsindən şairin oğlu, tanınmış yazıçı, telejurnalist Orxan Fikrətoğlu ilə müsahibəni təqdim edir.

- Orxan bəy, atanız haqqında ilk yadınıza düşən xatirə hansıdır?

- Uşaq vaxtı olan bir əhvalatı danışım. Taksi ilə harasa gedirdik. Elə oldu ki, taksi şoferi atam deyən yerə getmədi. Atam da hirslə qapını çırpdı, düşdü maşından. Şofer əlində dəmir cumdu atamın üstünə. Atam ziyalı, o da bakılı qaqaş. Onda 7 yaşım vardı, baxdım ki, bu, atamı döyər. Sürücünün üstünə tullandım. Döydüm. Necə? Ayaqlarına vururam durmadan. Bakı ləhcəsi ilə pis-pis söyüşlər söyürəm. Atam məəttəl qalır ki, mən bu söyüşləri hardan bilirəm, o kişi də balaca uşağın yekə kişini qorumasına baxıb gülür. Bəlkə də atam onu bir yumruğa vurub aşırardı. Amma mənə elə gəldi ki, o, atamı döyər. Taksi şoferi dəmiri bir qırağa tullayıb mindi maşına və getdi. Atam da düşdü üstümə ki, bu söyüşləri hardan bilirsən. Gəldi evə, anama dedi, uşağı nə tərbiyəsiz böyütmüsünüz (gülür). Amma mən həmin gecə elə rahat yatdım ki... Atamı qoruduğum üçün... İndi düşünürəm ki, atam çox güclü idi, döyərdi o taksi şoferini. Bir dəfə şairlər zarafatlaşmaq istəyiblər onunla. Mənə Nüsrət Kəsəmənli danışmışdı. O biri bilmirəm kim olub. İki nəfər qoşalaşıb atamın üstünə cumublar ki, bunu vurub aşırsınlar. Çəmənlikdəymişlər. Möhkəm içiblərmiş. Atama dəyəndə ikisi də bir tərəfə yıxılıb. Fikrət Sadıq nə olduğunu heç bilməyib (gülüşmə).

- Baməzə, zaraftcıl, kövrək... Fikrət Sadıqdan kitab yazılsa, yəqin bu cizgilər xüsusi qeyd edilərdi...

- Mən bu həyatda çox kitab oxumuşam. Amma hesab edirəm ki, əslində üç kitab oxumuşam: biri Qurani-Kərimdir, biri “Dədə Qorqud”dur, o biri atam Fikrət Sadıq. Fikrət Sadıq mənim üçün bədii qəhrəmandır, real insan deyil. Sən bir düşün, bu insan ömrü boyu rüşvət almasın, kimsəyə pislik etməsin, şeir yazsın həmişə - belə real insan ola bilməz. Yaxşılıqlara sevinən, pisliklərə çox pis təəssüflənən bir kişiydi. Atam məni həmişə qoruyurdu.

- Necə?

- Mən idmançıydım, bir az dalaşqan idim, bu mənada atam mənə həssas yanaşırdı. 9-cu sinifdə oxuyurdum, Sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsirdi. Hələ Meydan hərəkatına çox var idi. Amma o qığılcım yaranmışdı. Atama dedim ki, bu prosesə qoşulmaq istəyirəm. Onda mən atamı tamam başqa rakursdan kəşf etdim. Dedi, bunun sonunu necə düşünürsünüz. Təbii ki, müstəqil bir ölkə - dedim. Atam onda dedi ki, Hüseyn Cavidə, Hadiyə qismət olmayan bir şey sənə, mənə qismət olubsa bundan böyük xoşbəxtlik ola bilməz. Fikrət Sadıq xəyalpərvər dövlətçi idi. Müstəqil dövlətin arzusunda yaşayırdı. Bir az dəcəl idim, yerində duran uşaq deyildim. Bu mənada məni qoruyurdu.

- Aha...

- Atam həmişə otağının qapısını bağlayır və bir neçə saat çölə çıxmırdı. Bu, mənə maraqlı gəlirdi. İstəyirdim gedim baxam ki, nə işlə məşğuldur. Qardaşım deyirdi, ayıbdır, eləmə. Mən həvəsə düşüb onun eyvanına çıxardım və pəncərədən nə iş görməsinə baxardım. Bir dəfə gecə vaxtı onun pəncərəsindən türk sözləri eşitdim. Sən demə, atam radioda Türkiyəyə qulaq asırmış. Qapını bağlayıb dinləyirmiş. O vaxt qorxuluydu bu, KQB-filan bilsə... Mən gəlib qardaşıma dedim ki, o yalan danışır, şeir-zad yazmır, bizi aldadır, otağında hansısa tez-tez danışılan bir dildə nəyəsə qulaq asır (gülür).

- Ata kimi necə biri idi?

- Mən atamın laylasını xatırlayıram. Bacımı yatızdıranda oxuyurdu:

Saçı uzun Burla xatun

Bu balamı qəndə qatım

Əgər yatmaq istəməsə

Pəncərədən çölə atım.

Qalın səslə oxuyurdu. Anam da deyirdi ki, o səslə uşaq yatmaz (gülür). Çox kövrək adam idi. Həyatı başa düşmürdü, insanları anlamırdı. Pis insan görəndə təəccüblənirdi. Deyirdi, axı bu Allahın istedadına layiq deyil. Çox baməzə insan idi. Zarafatcılıydı. Bir xatirə yadıma düşür. Ana babam çox varlı-hallı adamıydı. Bizdə belədir ümumiyyətlə. Evdə hər işi qadın görür. Babam da eləydi, atam da, mən də. Məncə, belə də olmalıdır. Hə, biz oturmuşduq. Ana babam da bizim yanımızda. Atam tez-tez anama deyirdi, çay gətir. Axırda babam dözmədi, dedi, Fikrət, dur mənə çay gətir. Atam ədəb-ərkanla durub babamın qabağına çay qoydu və oturan kimi də anama dedi ki, dur çay gətir. Yəni mən böyük-kiçik yeri bilirəm, amma bura mənim evimdi. Buna Şamaxı zarafatı deyirlər. Birini də deyim. Özünü dahi hesab edən gənc jurnalistlərdən biri atama söz atmışdı. Atam da bunu yanına çağırır və çox sakit tərzdə, əsəbiləşmədən deyir ki, bala, məndən yazanda bir anandan soruş, bəlkə atan elə mənəm. Başqası əsəblə anasını söyər. Əslində, o da anasını söyür e, amma elə eyhamla, elə sakit tərzdə ki, o söyüşü ancaq ağıllı adam tuta bilər.

Image result for Fikrət Sadıq

- Sərt idi? Qadağaları olurdumu?

- Üç qardaş bir bacıyıq. Qardaşımın biri rəhmətə getdi, o biri dizaynerdi, bacım da şeir yazır. Mənə şəxsən heç vaxt qadağaları olmurdu. Çox azad, demokratik adamıydı. Qadağa görməmişəm mən. Onun qadağaları mənəvi qadağalar idi: biz ona baxıb elə olmuşduq. Məsələn, rüşvət, xəyanət, yalan – bunlar Fikrət Sadığın təfəkküründə ümumiyyətlə yox idi. Əslində, bu baxımdan zəmanəyə uyğun deyildi, əziyyət çəkirdi. Biz də onun kimi olduq, xəyanət etmədik, yalan, yaltaqlıq nədir bilmədik. Onun qadağaları bu idi: yalan danışmayacaqsan, rüşvət almayacaqsan, dövlətə, millətə xəyanət etməyəcəksən. Mənə həmişə deyirdi ki, ziyalı xalqına təmənnasız xidmət edən biridir. Bunu bizə öyrətmişdi və mən o sözləri həmişə içimdə daşıyıram. Elə bir ziyalı, şair, yazıçı adı çəkə bilməzsən ki, o, hansısa məmurdan nəsə, evmi, pulmu xahiş etməsin. Amma bir məmur deyə bilməz ki, Fikrət Sadıq mənim qapıma gəldi və nəsə istədi. Yazıçı, şair kimi ona ev vermişdilər. Özünün xahişi ilə olmamışdı amma.

- Ata kimi qadağalarını nəzərdə tuturam. Evə gec gəlmək, filan şeyi eləmək olmaz və s.

- Fikrət Sadıq arif adam idi, bilirdi ki, kimlə necə davranmaq lazımdı. Məni də çox döymüşdü. Nadinc biriydim. Bir dəfə 20-30 adamla davam düşdü. Məni bıçaqladılar. Sonra başa düşmüşdüm ki, bu Sovet KQB-sinin xüsusi qrupu idi. Nəysə... Çox dalaşqan idim, amma atam bircə dəfə də mənə demirdi ki, niyə belə eləyirsən.

- Neçə yaşınız olardı bıçaqlananda?

- 23. 1989-cu ildə. Hərəkatın başladığı vaxtlar idi. Məni tanıdığına görə bilirdi ki, nahaq iş görmərəm. Amma böyük qardaşıma qarşı diqqətli idi. Ona görə ki, qardaşım dünyanı tanımırdı, atam onu idarə edirdi. Çox saf idi böyük qardaşım. Onu aldada bilərdilər.

- Bəs qızına qarşı?

- Bacıma qəddar olub. Mən də elə olmuşam. Nə baxımdan? Evə gec gəlməmək və s. Mən qızıma qarşı da eləyəm. Biz sırf Şərq ailəsiyik. Qadınlar mütləq basqı altında olmalıdır. Şamaxı əxlaqıdır. Elə görmüşük və elə də yaşayırıq.

- Orxan bəy, Fikrət Sadıq nə vaxt ailə həyatı qurdu? Ata-ananızın tanış olmaq tarixçəsi necə olub?

- Mənim babam repressiyanın qurbanı olub. Fikrət Sadıq təxminən 8 yaşından küçələrdə yaşayıb. Dayılarına sığınıb axırda. İslamzadələr ailəsinə. Məşhur ailədir. Atamın dayısı olub. Orta məktəbi 4-cü sinfə qədər oxuyub, “xalq düşməni”nin oğlu olduğuna görə heç kim yiyə durmayıb, bunu göndəriblər Bayıla, texniki peşə məktəbinə. Burda elektrik montyorluğu oxumağa başlayıb. Bir neçə yerdə işləyib. Anam danışırdı ki, saçına ağ düşdüyü vaxtda, 25 yaşında Bakı Dövlət Universitetinə qəbul olunub. Eyni qrupa düşüblər. Anam deyir, gəldik gördük ki, bir qoca kişi oturub, elə bildik, müəllimdir (gülür). Sonra biliblər ki, bir yerdə oxuyacaqları tələbə dostlarıdır. Uşaqlar başlayıblar onu dolamağa. Üç qız, aralarında anam da varmış, atama baxıb gülürlərmiş. Atam səhəri gün gəlib onlara şeir oxuyub:

Baxıb oğrun-oğrun mənə gülən qız

Saçlarım ağsa da, qoca deyiləm

Bu saçlar sinəmə bir-bir çəkilən

Dərdsə də, dağsa da qoca deyiləm.

Yetim də dedilər bəzən adıma

Hələ yetməmişəm çox muradıma

Bəzən göz yaşları çatıb dadıma

Yandırıb-yaxsa da qoca deyiləm.

Yoxsa saçlarıma baxıb gülürsən,

Bu cavan Fikrəti qoca bilirsən.

Əsrin dörddə birin yaşamışam mən,

Saçlarım ağsa da qoca deyiləm.

25 yaşında yazdığı şeirdi. Anam danışırdı ki, gördük bu şairdi, istedadlı adamdı. O da ədəbiyyata vurğun, romantik bir qadın idi. Sevil idi adı anamın. Bu şeirdən sonra bunların eşqi başlayıb. Anam tərəf bakılıdı, imkanlı ailədir. Və bunlar qızı atama vermirdilər. Bakılılar rayonluları sevmirdi. Bu birinci səbəb. İkincisi də, atam çox kasıb idi. Ana babam deyirmiş ki, şair adam evi necə saxlayacaq, şair pul qazana bilir? O vaxt şairə birtəhər baxırdılar. Bu baxımdan atamla anamın evlənmək prosesi xeyli uzun çəkib. Universiteti bitirəndə atam kimdənsə xahiş edib, anamı gətirib Şamaxıda məktəbə müəllim düzəldib. Babam da gəlib ordan götürüb onu ki, sənin müəllimliyin mənə lazım deyil, gətirib Bakıya (gülür). Nə başınızı ağrıdım, bu qədər əziyyətdən sonra nəhayət evləniblər. Dörd uşaqları olub: İlkin, Orxan, Günəl və Aysel. O vaxt atamı türk adları qoyduğuna görə KQB-yə çağırıblar. Şübhə edirlərmiş ki, pantürkistmiş atam. İlkin adını ilk dəfə atam qoydu. Orxan mənə qədər populyar deyildi. Birinci dəfə adımı eşidəndə çaşırdı hamı, soruşurdular, nə, Qorxan? Bu ada görə çoxlu davalara da düşmüşəm. Günəl adı isə ümumiyyətlə aydın olmurdu. Günün əli. Qız adı kimi başa düşürdülər. O da hirslənirdi.

- Sizlə daha çox ünsiyyətdə olardı...

- Biz eyni dalğadaydıq. Bəzən danışmamış bir-birimizi başa düşürdük. Mən atama görə davalara düşürdüm. Ondan yaxşı tanıyırdım dünyanı. Pis insanları daha tez duyurdum. Çox radikal idim, sərt idim. Bilmək olmazdı ki, mən onun atasıydım, ya o mənim atam. Elə dövrlər olub ki, mən ona atalıq eləmişəm. Uşaq kimiydi. Sərtliyi də vardı. Nəsə dedisə, sən o fikri ömründə dəyişə bilməzdin. Mənə yaxın idi. İdi deyəndə ki, indi də yaxındı. Mən onun öldüyünə inanmıram. Elə bilirəm, evdədi. Deyirlər e, ata qəbirdədi. Qəbirdə deyil. Mən bunu dəqiq bilirəm. O, sağdı və mən həmişə onunla kontaktdayam. Hər səhər duranda özümdən asılı olmadan onun hansısa şeirini dodaqaltı pıçıldayıram. Özüm istəmədən. Və onda başa düşürəm ki, atam içimə girib və özü öz şeirini oxuyur. Elə bil hər anımı yazıb gedib.

Related image

- Orxan bəy, bəzən oğulu ataya görə tanıyırlar. Amma sizə görə Fikrət Sadığı tanıyırdılar.

- O zamanın günahıdır. Mən çox istəyərdim ki, Fikrət Sadığa görə tanınım. Çünki o məndən daha böyük ziyalıdır. Fikrət Sadıq araşdırılmamış, qəbul olunmamış, anlaşılmamış şairdir. Hərənin ağzından bir avaz gəlir: eləsi var onu məişət şairi adlandırır, eləsi var, düz söz dediyinə görə kəskin şair bilir. Fikrət Sadıq zərgər kimi sözün üstündə işləyən şair idi. Bizim evdə dörd dil eşitmişəm: ərəb, fars, rus, Azərbaycan. Uşaqlar başa düşməsin deyə bəzən anamla atam ərəb-fars dillərində danışırdı. Atam təpədən-dırnağa türkçü idi. Rauf Denktaş ona “Dədə Qorqud” deyirdi. Yaxın münasibətləri vardı. Səddamın vaxtında İraqa gediblər. Fikrət Sadıq nə qonaqlığı verə bilər ki? Araq. Bütün ərəbləri “piyan” eləyib. Hamısını tutublar (gülür). Ərəb deyəndə kərkükləri.

Sənə deyim, mənim bütün uğurlarıma atam qədər sevinən olmayıb. Olmayacaq da. Qazandığım mükafatları, kitablarımı atam saxlayırdı, göz bəbəyi kimi qoruyurdu. Mən itirdiklərimi atamda tapırdım. Özüm pintiydim, saxlamırdım, itirirdim hər şeyimi. Atam isə onları bir qıraqda toplayırdı. Mən həmişə Fikrət Sadığın oğlu olmaqdan fəxr duymuşam. Özü mənə deyirdi ki, taksiyə minirəm, deyirəm Orxan Fikrətoğlunun atasıyam, şofer deyir, Orxan kişi adamdı. Ləzzət alırdı bundan. Öyünürdü mənimlə.

- Sizin televiziyaya getməyinizə münasibəti necə idi? Məsələn, “Zorxana” verilişinə…

- İstəmirdi. Ümumiyyətlə, televiziyaya getməyimi qəbul etmirdi. Ədəbiyyata xəyanət etməyimdən çox məyus olurdu. Deyirdi, sənə istedad verilib. Oturub yazmalısan. Amma otura bilmirsən. İndi anlayıram ki, doğru deyirdi. Mən ədəbiyyata daha çox fayda verə bilərdim. İndi iyrənirəm televiziyadan. O qədər qeyri-peşəkar yerə çevrilib ki.

- Orxan bəy, atanızın xəstəliyi nə idi?

- Atamın ən yaxın dostu vardı, bir yerdə işləmişdilər. O dostu eynən atam kimi öldü. Bunların ikisinin də ağ ciyəri funksiyasını itirdi. Ağciyər havanı içəriyə alıb bəlğəmə çevirirdi. Mən bilmirəm atamın işlədiyi yerlərdə onlara orda nə içirtmişdilər ki, bu kökə düşmüşdülər. Bəlkə, virus düşübmüş onlara. Eyni cür xəstəlikdən iki dost da öldü. Həm də 86 yaş faktoru var. Fizioloji olaraq yaşlanmışdı. Xəstəliyə tutulanda yaxın dostlarını çoxdan itirdiyi vaxt idi. Ona görə küsmüşdü hər şeydən, çəkilib bağ evinə şeirlər yazırdı. Bir dəfə komaya düşdü. Pis vəziyyətdə idi. Axırı qurtara bildik. Həkim dedi, başında heç nə yoxdur. Komadan çıxan adam gör nə dedi? Başımda nəsə olmasaydı, o qədər şeiri nə təhər yazardım?

- Xəstəliklə belə zarafat edib…

- Hə. Hər gün ona ürək-dirək verirdim özüm. Müalicə olunurdu. Heç bir problemi yox idi. Neçə dəfə yoxlanmışdı, bir şey çıxmamışdı. Ölən gün təzyiqini yoxlamışdım, qaydasında idi. Şeirini qəsdən səhv oxuyurdum, deyirdi, dayan. Ağlı-başı üstündəydi. Amma son 5 gün yemək yeməyi zəifləmişdi. İştahasız olmuşdu. Bir həkim gəldi bir dəfə, dedi, bunun sonudur. Qovdum o həkimi. Dedim, nəyi var axı bu kişinin.

- Ölüm anını necə xatırlayırsınız?

- Həmin gün qəribə olmuşdu. Mən həkim dalınca getmək istəyirdim. Maşınım xarab oldu. Düzələndən sonra da yola çıxa bilmirdim. Quruyub qalmışdım elə bil. Maşınlar elə dayanmışdı ki, yola çıxa bilmirdim. Birtəhər bir-iki maşını sürtə-sürtə çıxanda anamdan zəng gəldi ki, vəziyyəti ağırlaşıb, qayıt. Gəldim. Bir az keçdi, anama dedi, əsamı ver. Anam təəccübləndi ki, əsanı neynirsən? Son sözü bu oldu: “Əsamı ver, əsamı”. Ölümü çox düşünürdü son vaxtlar. Bütün şeirləri ölümdən idi.

Sağ olanda çox nigaran idim atamdan. Həkim yanına aparırdım, dərmanlarını verirdim. Bütün günü onunla məşğul idim. Və rəhmətə gedəndə çox qəribədi ki, sakitləşdim. Əslində, sağ olduğu vaxtdan daha pis olmalıydım, daha çox ağrımalıydım. Və birdən anladım ki, axı mən onu öz yiyəsinə tapşırdım. Onu mənə Allah vermişdi və mən də atamı Ona qaytardım. Bu dünyada mənim atam idi. O dünyada isə Tanrının yanında olmalı idi. Tapşırılma məqamı. Ölüm tapşırılma məqamıdır.

# 8149 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #