Telman Adıgözəlovun oğlu: “Atamı həkimlər öldürdü” – Müsahibə

Telman Adıgözəlovun oğlu: “Atamı həkimlər öldürdü” – Müsahibə
15 aprel 2021
# 12:38

Bu gün Xalq artisti Telman Adıgözəlovun doğum günüdür. Kulis.az bu münasibətlə onun oğlu Tural Adıgözəlovla müsahibəni təqdim edir.

- Tural bəy, məşhur bir insanın oğlu olmağınızı nə zaman hiss etdiniz?

- Mən elə özümü dərk edəndən atamın məşhur insan olduğunu bilirdim. Hara gedirdiksə, ona qarşı böyük maraq və hörmət olduğunu görürdüm. Əsasən də atamın özünün də tanımadığı adamlar onunla gəlib görüşəndə, hal-əhval tutanda dərk edirdim ki, adi adam deyil. Yəni hər aktyor da məşhur ola bilmir. Elə aktyor vardı ki, adamlar onu tanımırdı, atam onu başqalarına təqdim edirdi. Amma atamı hamı tanıyırdı, sevirdi. Bu da onun sadəliyindən irəli gəlirdi. İstər satıcı olsun, istər xadimə, hamı ilə eyni rəftar edirdi. Heç vaxt həmin adamlara qarşı məsafə saxlamaz, hansısa fərq qoymazdı.

Atam həmişə deyirdi ki, əsl aktyor odur ki, bütün insanlarla dil tapa bilsin. Biz həmişə bir şeyə təəccüb edərdik ki, o, içkili, sərxoş olub dava salan adamlarla belə dil tapa bilirdi. O adamlar heç kimə qulaq asmadıqları halda atamı dinləyirdilər. Mən özüm dəfələrlə onun insanlara təsir edə bilmək istedadının, bacarığının şahidi olmuşam.

- Sizi uşaqlıqdan özü ilə çəkilişlərə, teatra, qastrol səfərlərinə aparırmış. Xüsusi olaraq yadınızda nələrsə qalıb?

- Həmişə olmasa da mən hərdən bayram çəkilişlərinə, “Kinoklub”a aparırdı. Teatrda da çox vaxt tamaşadan əvvəl səhnə arxasında onunla bərabər olduğum dövrləri xatırlayıram. Mənim üçün ən maraqlı yer atamın işlədiyi Akademik Milli Dram Teatrının bufeti idi. Müəyyən vaxtlarda atamın aktyor dostları ora yığışıb söhbətləşir, zarafatlar edirdilər. Siyavuş Aslan, Yaşar Nuri, Əlabbas Qədirovla məzəli atışmaları olurdu. İndi bu aktyorların çoxu atam kimi rəhmətə gediblər. Nədənsə atamla getdiyim yerlərdən ən çox həmin bufet yadımda qalıb. O bufetin çox qəribə atmosferi vardı.

- Telman müəllim daha çox komik aktyor kimi tanınıb qəbul olunmuşdu. Amma xasiyyətində qəribə bir kövrəklik də olub. Ad günlərini keçirməyi də sevmirmiş...

- Ad günlərində həmişə özü də deyirdi ki, içimdə qəribə kövrəklik, qəmginlik başlanır. Amma ümumilikdə pessimist olmaq təbiətinə yadıydı. Əksinə əzmkar idi. O, heç bir çətinlikdən qorxan adam deyildi. İstənilən insana bacardığı qədər köməklik edər, işinin həll olunmasında vasitəçi olardı. Atamın İranda qohumları vardı. Yadıma gəlir ki, onlar o vaxtı Bakıya gələndə çox böyük problemləri olmuşdu. Atam onlara bu və digər məsələlərdə dəfələrlə köməklik etmişdi. Əslində Telman Adıgözəlov sadə bir aktyor olub. Amma başqalarının qəbuluna düşə bilmədiyi vəzifəli, hörmətli adamlar atama qarşı həmişə çox alicənab davranıb, sözünü yerə salmayıblar. Məncə, bu sırf aktyorluqla bağlı məsələ deyildi. Sadəcə o, özünə hörmət etməyi bacardığı üçün başqaları da ona hörmət edirdilər.

- Uşaq vaxtı sağalmaz yarası olub. Həkimlər Bakı iqlimini məsləhət görüblər. Onlar da ailəliklə Bakıya köçüblər. Sizə elə gəlmir ki, bu yara həm də onun taleyinin dəyişməsinə səbəb olmuşdu?

- Uşaq vaxtı yıxılıb, qolunda yara əmələ gəlib. Balakən rayonu isə təbiət etibarı ilə rütubəti çox olan bölgədir. Atam da qolu yaralı-yaralı çimib özünü soyuğa verdiyindən yara şişib çirk bağlayıb. Xeyli vaxt müalicə alsa da sağalmayıb. Onda həkimlər deyiblər ki, onun qolu çürüyə, hətta kəsilə bilər. Bundan sonra babamgil ailəlikcə Bakıya köçməyə məcbur olublar. Uzun illər kirayədə yaşayıb, çox zəhmət çəkiblər. Amma yara sağalıb.

Babamgil çox sadə adamlar olublar. Atam da sıfırdan özü özünə yol açıb. Bəlkə də Bakıya köçməsəydilər, siz deyən kimi Balakəndə yaşayıb adi insan ömrü sürəcəkdi. O dövrdə Balakəndən gəlmiş, heç kimi olmayan bir insanın aktyor ola bilməsi, tanınması o qədər də asan olmayıb.

O, heç vaxt çətinliklərindən danışmağı sevməzdi. Amma keçdiyi həyat yolu onu göstərir ki, hər şey o qədər də asan olmayıb...

- Telman müəllim teatrda daha çox ikinci plan və epizodik rollar ifa edib. Ölümündən bir həftə əvvəl isə onun üçün təyin olunmuş rolun məşqlərinə getməkdən imtina etmişdi. Sizcə, buna səbəb nə olmuşdu?

- Doğrusu, bu barədə məlumatlı deyiləm. Baş rolları az olsa da elə ifa etdiyi rollarla da sevilmişdi. Bir də ki, atam, ümumiyyətlə, hər rolu da bəyənib qəbul etməzdi. Hər çağırılan verilişə getmirdi. Əgər rol ona uyğundursa, verilişin formatı qane edirdisə razılıq verirdi. Nə tamaşada, nə də kinoda oynamaq xətrinə iştirak etməyib. Kinoda belə misallar daha çoxdur. Yadımdadır ki, elə son dövrlərdə çəkilən xeyli filmlərdən də imtina etmişdi.

- Toylara tamada gedirdi. Sənət adamı kimi bunun sıxıntısını yaşayırdı?

- Toylara gedirdi, amma təbii ki, tamadalığı sevmirdi. Toya sırf maddiyyat üçün gedirdi. İndi bilmirəm, amma atam işləyən dövrdə teatrın maaşları aşağı idi. Əlbəttə, o, da teatr aktyoru kimi istəyərdi ki, teatrdakı işi ilə məşğul olsun. Axı toya getmək incəsənət adamının, aktyorun işi deyildi. O, həmişə deyirdi ki, mənim sənətim aktyorluqdur, axıra kimi də bu sənətdə olacam. Sənətimi dəyişib rəssam olan deyiləm ki. Sadəcə olaraq tamadalıq, toylar ona sırf maddi tərəfdən lazım idi.

- Telman müəllim ailədə necə insan idi? Onu tam ideal ata adlandırmaq olardı?

- Atam ailəsinə həddindən artıq bağlı insan idi. Bizim tərbiyəmizlə də çox ciddi məşğul olardı. Bəzən olur bir insan aktyor kimi çox yaxşı olsa da, ailəsində müəyyən çatışmazlıqlar yaranır. Bu da təbii ki, həmin insanın zəifliyindən, ailəsinə qarşı göstərdiyi diqqətsizlikdən irəli gəlir. Amma mənim atam həmişə bizə qarşı çox diqqətli, ailəcanlı insan olub. Onda xoşlamadığım yeganə xüsusiyyət bu idi: başqalarına həddindən artıq vaxt ayırır, can yandırırdı, nəinki özünə. Misal üçün evdə qaldığı günlərdə dincəlib istirahət etmək əvəzinə kiminsə işinə kömək etmək üçün evdən çıxırdı, bütün gününü həmin adama sərf edirdi. Elə olurdu ki, bu adamlarla heç bir tanışlığı olmurdu, kiminsə xahişinə görə edirdi. Həmin adamlar da nə onda, nə də sonralar heç Allahın bir “sağ olun”unu belə demədilər. Belə adamlar üçün etdiklərini özünə etsəydi, özü üçün daha yaxşı şərait qura bilərdi. Hərdən mən ona bu barədə irad tutanda deyirdi, mən onun üçün etmirəm, mənə heç kimin sağ ol sözü də lazım deyil. Mən edirəm ki, Allaha xoş getsin.

- Onunla bağlı maraqlı şayiələr də yayılırdı. İçki içməyi sevirdi?

- İnandırım sizi o, heç vaxt içki içməyib. Hətta ölümündən sonra belə adamlar vardı ki, mənə yaxınlaşıb and içirdilər ki, sənin atanla qədəh toqquşdurmuşam, içki məclisində olmuşam. Amma mən bilirəm axı o, heç vaxt içki içməyib. Ola bilsin, əlində qədəh olub, lap sağlıq da deyib, amma sonradan o qədəhi masaya qoyub. Atamla bağlı bir şayiə də onun dişləri ilə bağlı olub. Xəbər yayılmışdı ki, guya dişlərini düzəltdirməyə pulu yoxdur, imkansızdır və.s. Amma bu belə deyil. Bir dəfə diş həkimində ona iynə vurmuşdular, iynədən sonra halı pisləşib boğulmuşdu. Bundan sonra onda diş həkiminə qarşı fobiya yaranmışdı. Həmişə deyirdi ki, qızım böyüyüb diş həkimi olacaq, dişlərimi ona düzəltdirəcəm.

- Atanız rəhmətə gedəndən sonra onunla bağlı sağlığında bilmədiyiniz maraqlı əhvalat və ya situasiya ilə qarşılamadınız?

- Sağlığında pal-paltar həvəskarı idi. Yaxşı, zövqlə geyinməyi sevərdi. Yasında bir nəfər adam gəlib mənə pul verdi. Dedi, mağazanın müdiri göndərib, atanız rəhmətə getməzdən əvvəl pulu beh kimi verib yaz gödəkcəsi sifariş etmişdi.

- Məzarına gedəndə sizdən başqa kiminsə gəldiyini hiss etmisiniz?

- Atam Fatmayi kəndində dəfn olunub. Hər dəfə gedəndə onun məzarının ətrafının həmişə tər-təmiz, səliqəli olduğunu görürəm.

- Qırmızı güllər olmur?

- Qırmızı qərənfillər də olur. Onu o kənddə yaxşı tanıyırdılar. Mən də uşaq vaxtı Fatmayidə çox olmuşam. Ona görə də elə kənd camaatı, məzarlıqda işləyənlər özləri onun qəbrinə göz olurlar, ətrafını təmizləyirlər. Ümumiyyətlə, insanlar onu sevirdilər. Dəfn olunan günü o qədər adam eşidib gəlmişdi ki, adamlar, avtomobillər həyətimizə və küçəyə sığmırdı. Polislər Azadlıqdan Fatmayiyə qədər olan yolu bağlamışdılar. Müxtəlif peşə sahibləri, rayonlardan heç tanımadığımız adamlar eşidib gəlmişdilər. Atam böyük izdihamın, maşın karvanının müşayiəti ilə aparılmışdı. Üstəlik də ölüm xəbəri səhər vaxtı yayıldı, günorta isə artıq atam dəfn olunmuşdu. Bu qədər qısa bir vaxtda böyük insan kütləsi xəbər tutub gəlmişdi.

- Atanızın ölümündən doqquz il keçib. Sonralar atanızla bağlı yadınıza düşəndə özünüzə bağışlamadığınız nələrsə olub?

- Doğrusu elə ciddi nəsə xatırlamıram. Çünki onunla münasibətimiz çox yaxşı olub. O, da bizə qarşı həmişə səmimi olub. Mənimlə həm dost, həm də ata olmağı bacarıb. Bircə dəfə yüngülvari problem olub. Mən hərbi xidmətdə olanda atam yanıma gəlmişdi. Korset və yun corab gətirmişdi. Onda mən corabı da, korseti də geri qaytardım. O, da çox normal qəbul elədi. Amma atam gedəndən sonra nəsə pis oldum. Hər halda gətirdiklərini istifadə etməsəm də götürüb şəxsi siyirməmdə saxlaya bilərdim...

Bilirsiniz, hərbi xidmət bir az başqadır. Orda iradəli olmaq vacib şərtdir. Mən də həm başqalarından fərqlənməmək, həm də ev üçün darıxmaq istəmirdim. Buna görə də atamın mənə görə tez-tez gəlməsini, nəsə gətirməsini istəmirdim. Psixoloji olaraq çalışırdım axıra qədər hərbi atmosferi saxlayım ki, xidmətimi rahat keçirə bilim.

- Hərbi xidmətinizi başa vurub qayıdandan altı ay sonra isə Telman Adıgözəlov rəhmətə getdi...

- Elədir. Atamı itirəndə 23 yaşım vardı. Bu yaş dövrü də elədir ki, insan hərbi xidmətdə olsa da, orda müəyyən mənada bərkisə də, kişi kimi tam formalaşmış olmur. Mən də o vaxtı təzə gəlmişdim, işləmirdim də. Həm də atam sağ idi, hər işdə ona arxayın idim. Onun vəfatı ilə birdən-birə hər şey dəyişdi. Mənə yol göstərəcək, məsləhət verəcək özümdən böyük qardaşım da yox idi. Onda dərk etdim ki, artıq ailənin də, özümün də bütün məsuliyyəti, çətinliyi mənim çiyinlərimdə olacaq.

- Telman müəllim rəhmətə getməzdən əvvəl də xeyli sənət yoldaşı dünyasını erkən dəyişmişdi. Ən çox kimlərin ölümünə sarsılmışdı?

- Səməndər Rzayevin, Eldəniz Zeynalovun ölümündən sonra çox pis olmuşdu. Atamla Səməndər müəllim yaxın dost olublar. Həm də ailəvi get-gəlimiz olub. Atam ona həm aktyor, həm də şəxsiyyət kimi böyük hörmət bəsləyirdi. O, dünyasını dəyişəndən sonra da onun ailəsini unutmadı. Həmişə zəngləşirdi, qızından, oğlundan hal-əhval tutardı. Elə Eldəniz müəllimin ailəsi ilə əlaqə saxlayırdı. O, rəhmətə getməzdən əvvəl xəstəxanaya tez-tez yanına getdiyini də xatırlayıram. Bir də rəhmətlik Mirzə Babayevin xətrini çox istəyirdi. Aralarında çox yaş fərqi olsa da atam həmişə onun hörmətini saxlayırdı. Mirzə dayı rəhmətə getməzdən əvvəl onu evimizə qonaq gətirmişdi. Onda artıq onun həm yaşlı, həm də xəstəliyinin güclənən vaxtları idi. Atam həmişə “Kinoklub” verilişinə onu da dəvət edirdi. Deyirdi, tarixi əhəmiyyəti olan belə insanları yaddan çıxartmaq olmaz. O, çox etibarlı insan idi. Dostluqda sonacan getməyi bacarırdı.

- Günlərin bir günü gözləmədiyiniz halda atanız dünyasını dəyişir, qarşıda isə böyük bir həyat sizi gözləyir. Telman müəllimin ölümündən dərhal sonra ilk ağlınıza gələn nə oldu?

- Böyük bir boşluğa düşdüm. Bu çox qəribə duyğudur. Ətrafında nə baş verdiyini tam dərk etmirsən, hər şey sanki yuxuda baş verir. Olub-bitən hər şey adama sonradan çatır. Düzdür, atam rəhmətə gedəndə onu dostlarımla özüm məscidə apardım, özüm yuyub kəfənlədim. Bəlkə də başqa adam olsa halı pis olardı, qorxardı. Amma bütün bunların hamısını özüm yerinə yetirdim. Sadəcə olaraq o zaman hər şey mexaniki formada baş verirdi. Ətrafımda olanları tam dərk edə bilmirdim.

- Soyuqqanlı situasiyaların zərbəsi sonradan çox ağır olur...

- Haqlısınız. Həddindən artıq ağır olur. Ən çox da yas məclisi dağılandan, hamı öz evinə çıxıb gedəndən sonra insan özü ilə təkbətək qalanda hər keçən gün bir az ayılırsan, nə baş verdiyini dərk edirsən.

- Atanızla son görüşünüzü, onun son sözünü, baxışını necə xatırlayırsınız?

- Elə sonuncu gün yadımda qalıb. Adi günlərdən biri idi. Hamımız evdəydik. Heç bir narahatlığı da yox idi. Gecə saat hardasa üç olardı, anamın səsinə oyandım. Gəldim gördüm ki, atam xırıldayır, rəngi də göyərib. Əvvəl heç birimiz heç nə başa düşmədik. Elə bildik boğazında nəsə qalıb. Həm də hər şey ani olduğundan olanlara inana bilmirdik. Sən demə artıq can verirmiş. İki dəfə arda-arda təcili yardım çağırdıq. Birinci gələn həkim atamı tanıdı və onu elə vəziyyətdə görəndə özünü tamam itirdi. Təzyiqini ölçüb eləsə də, dedi, mən heç nə baş aça bilmədim, başqa həkim çağırın. Sonra ikinci təcili yardım gəldi. Ona qədər də hələ atam sağ idi. Amma xırıltısı da kəsməmişdi. Növbəti həkim dedi, ürəyi dayanır. O, da atama elektroşok verdi. Amma bir neçə dəqiqədən sonra gördük ki, keçinib. Bəlkə də atam qeyri-peşəkarlığın qurbanı oldu. Çünki sonradan başqa həkimlər bizə dedilər ki, infarkt keçirən adama elektroşok vermək olmazmış. Nə bilim...

- Telman müəllimi ən çox nə ilə, hansı xatirənizlə xatırlayırsınız?

- Onunla hər şey maraqlı idi. Ən çox da uzaq yola çıxanda heç vaxt adamı darıxmağa qoymazdı. Gözümün onu axtardığı məqamlar da çox olub. Bacımın, mənim xeyir işlərimizdə istərdim yanımızda olsun, sıxıntılı günlərimizdə məsləhət versin. İnsan həyatının bütün çağlarında atasına ehtiyac duyur, onun yoxluğunu hiss edir.

- Yuxunuza girir?

- Bir ara lap çox yuxuda görürdüm. İndi də ildə bir, iki dəfə yuxuma girir. Həmişə də yuxuda görürdüm ki, atam dirilib gəlib, hanısısa işi görüb yenə öləcək. Yuxu olsa da gedəcəyini, daimi olmayacağını həmişə hiss edirəm.

# 21029 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #