Məhəbbət Kazımovun oğlu: “Könül Kərimova atamın şah əsəri idi” – Müsahibə

Məhəbbət Kazımovun oğlu: “Könül Kərimova atamın şah əsəri idi” – Müsahibə
27 yanvar 2022
# 21:00

Bu gün Xalq artisti Məhəbbət Kazımovun anım günüdür. Kulis.az “Atamın xatirəsi” layihəsindən sənətkarın oğlu Rəşid Kazımovla müsahibəni təqdim edir.

- Rəşid bəy, Məhəbbət Kazımov necə ata idi?

- Atam çoxuşaqlı ailədə dünyaya gəlib və evin sonbeşiyi olub. Onlar yeddi bacı, beş qardaş olublar. O, çox səmimi insan idi. Efirdə necə idisə, həyatda da o cür idi. İkili olmağı sevmirdi. Köhnə kişilərdən idi, fikrini, sözünü çəkinmədən deməyi bacarırdı. Dəbdəbəli həyata yox, sadəliyə üstünlük verirdi. Heç kimin xətrinə dəyməyi xoşlamırdı. Amma bəzən özündən asılı olmayan səbəblərdən əsəbiləşə bilir, nə isə acı söz deyirdi. Bu da əsasən efirdə baş verirdi. Düz bildiyi nəyisə kimsə ona irad tuturdusa, onda bərk əsəbiləşirdi. Bildiyi həqiqətdən heç vaxt bir addım da geri çəkilməzdi.

- Atanız rəhmətə gedəndə neçə yaşınız vardı?

- İyirmi. Biz ailədə üç uşaq olmuşuq. İki bacım və mən. Mən də atam kimi evin sonbeşiyiyəm.

- Məhəbbət müəllim 37 yaşında ailə qurub. Belə gec ailə qurmasının səbəbi nə idi?

- Məncə bu, sənəti ilə bağlı olub. Daim işdə, qastrollarda... Belə adamlar şəxsi həyatı ikinci plana atırlar. Yəqin atam da sənət adamı olduğu üçün gec evlənib.

- Necə tanış olublar?

- Anamın atası ilə böyük əmim yaxın dost imişlər. Laçında olanda bir qonaqlıqda atam anamı görüb, bəyənib.

- Ailədə ananızla münasibəti necə idi, ananız ondan çəkinirdi?

- Nəinki anam, biz hamımız atamdan çəkinmişik. Sərt xarakterli insan idi. Düzdür, həmişə asıb-kəsmək, qışqırmaq əhvalında olmurdu, amma bayaq dediyim kimi, köhnə kişilərdən idi. Müəyyən çərçivələrimiz, sərhədlərimiz vardı və biz heç vaxt o sərhədləri keçmirdik. Bununla yanaşı, atam gözəl ailə başçısı idi. Qastrollardan vaxt qalanda çalışırdı ki, bizimlə vaxt keçirsin, rayonlara gəzməyə aparsın. Biz çalışırdıq, o, əsəbiləşməsin. Əsəbiləşməsi də daha çox səhhəti ilə əlaqədar idi. Atam uzun illər şəkər xəstəsi olub, təzyiqi vardı.

- Çılğın, səbirsiz adam təsiri bağışlayırdı...

- Bəli. Çılğınlığı, səbirsizliyi də daha çox düz bildiyi şeylərdən geri çəkilməməsindən qaynaqlanırdı. Bir də adamları eşitmirdi, həmişə çalışırdı öz dediyi olsun.

- Heç kimin sözünü dinləmirdi?

- Yaşca böyük adamlara qulaq asırdı. Mənim böyük əmim Kazımı eşidirdi. Sonra o, rəhmətə getdi. Qardaşlarını dinləyirdi. Kim olur-olsun əgər qarşı tərəf səhv danışırdısa, o, öz dediyindən dönmürdü.

- Ananıza, bacılarınıza qarşı qadağaları, qısqanclığı vardı?

- Bəli. Onun tək bizə yox, özünə də qadağalar qoydurdu. Birinci qadağası bu idi ki, ailəsi efirdən uzaq olmalıdır. Əvvəldən bizə “olmaz” demişdi. Heç birimiz səbəbini soruşa bilməzdik. Bundan başqa, şəxsən mən özüm heç vaxt atamdan gec evə gələ bilməzdim. O, gələndə evdə olmalıydım.

- Sizə heç əl qaldırıb?

- Bir dəfə. Müğənnilər fiziki işlə məşğul olmadıqları üçün əlləri yumşaq olur. Bir dəfə on dörd yaşım olanda əsəbiləşib məni vurdu, ona da heç vurmaq yox, toxunmaq demək olardı. Məni gülmək tutdu. Çünki həm zərbə yavaş oldu, həm də heç vaxt məni vurmamışdı. Sonra məni otağına çağırdı, gördüm, kövrəlib. Dedi, məni əsəbiləşdirdin, yoxsa vurmazdım. Əslində, bizi vurmasına ehtiyac olmayıb, bir baxışı bəs edib.

- Sizə xərclik verirdi?

- Onun bizdən istədiyi dərslərimizlə məşğul olmaq idi. Orta məktəbdə də pula o qədər ehtiyacımız olmurdu. Universitetə girəndə mən özüm işləyib öz xərcimi çıxarırdım. Atam ümumiyyətlə, toydan, qastroldan gələndə heç vaxt bizə pul verməzdi. Buna ən çox anam imkan vermirdi. O, belə şeyləri xoşlamırdı. Atam hardansa gələndə paltar, oyuncaq alıb gətirirdi. Anam deyirdi, uşaqların əli pula dəyməsin. Bazarlığa da ağlım kəsəndən mən özüm getmişəm. Onun məişət işləri ilə arası yox idi.

- Bayaq dediniz daha çox efirdə əsəbləşirdi. Bunlar nə ilə bağlı olurdu?

- Bilirsiniz, onu verilişə çağırırdılar, onunla yanaşı səviyyəsi eyni olmayan adamları da dəvət edirdilər. Əslində, zəng vuranda deyirdilər, musiqidən, yaradıcılıqdan söhbət gedəcək. Atam da gedirdi, görürdü, musiqi ilə əlaqəsi olmayan, ona tamamilə yad adamlar qonaq qismində gəlib. Elə ilk olaraq bundan əsəb keçirirdi. Yaxud kimsə efirdə, onun yanında nə isə cahil söz işlədirdi, bu da onda qıcıq yaradırdı, əsəbləri gərginləşirdi.

- Məhəbbət Kazımovun dostları çox idi. Ən yaxını kimlər idi?

- Ölkənin hər yerindən dostları vardı. İndi atamın nömrəsini mən işlədirəm. İnanın elə gün olmurdu zəng gəlməsin. Amma gündəlik bir yerdə olduğu insanlar elə dəfnində görünən insanlar idi. Bakıya gəlməzdən əvvəl rayondan olan uşaqlıq, gənclik dostları vardı. İndi mən beşinin adını çəkərəm, beşinin yox, məndən inciyərlər. Yəqin özləri biləcəklər kimləri nəzərdə tuturam.

- Evdə məclis qurmağı xoşlayırdı?

- Yox. Bizim evə qohum-əqrəbadan başqa heç kim gəlməyib. Bircə dəfə Zaur Kamal çəkilişə gəlib. Bir dəfə də Zaur Baxşəliyev gəlmişdi. Bir də Natiq Dağlaroğlu bizə çox gəlib-gedirdi. Ancaq onun sənətçi kimliyini bir kənara qoyuram, atama və bizə yaxın, ailə adamı kimi gəlib-gedib. Vəssalam! Ailə mühitini sevən adam idi. Nə vaxt evə gəlirdi, birinci bizi öpürdü, sonra otağına keçib dincəlirdi. Evdə olanda musiqi müsabiqələrinin, yarışmaların heç birini buraxmazdı. Bir də atam ət xörəklərini çox sevməzdi. Həm çöldə-bayırda çox olduğundan, həm də şəkərinə görə pəhrizə üstünlük verirdi. Mən gözümü açandan atam şəkər xəstəsi olub, deyəsən bu onda irsi idi. Atamgilin nəslində var bu xəstəlik.

- Çox kövrək adam olub. Məhəbbət Kazımovu nə kövrəldirdi?

- Bəli, kövrək idi. Qəhərləndiyi situasiyalar çox olub. Bu da daha çox Laçınla bağlı idi. Ora ilə bağlı xatirələri yadına düşəndə, yaxud köhnə şəkillərə baxanda kövrəlirdi, yadına salıb deyirdi, bura Laçının filan yeridir, filan kəndidir. Bir də Əliş adlı bir dostu vardı, cavan rəhmətə gedib. Onun adı gələndə atam həmişə kövrəlirdi. Ən çox həsrətini çəkdiyi dostlarından biri idi. Onlar qaçqınlıq düşəndə Laçından Bakıya - bizə gəlmişdilər. Sonra da heç bir il çəkmədi, rəhmətə getdi.

- “Laçınım” mahnısının sözləri xeyli mübahisə yaratmışdı.

- Bu mahnının sözləri Osman adlı bir nəfərə aiddir. Bir gün bir polis işçisi atamın yanına gəlib demişdi ki, mahnının sözlərini mən yazmışam. Atam da Osman müəllimlə, həmin polisi üzləşdirdi. Osman müəllim qəzet və jurnalları göstərəndən hamımız ona inandıq.

- Atanızın adından bu gün istifadə edənlər var?

- Var. Əslində, onların hamısını mən görürəm. Hamı da görür. Sadəcə olaraq buna mən özüm icazə verirəm. Əgər mən özüm bu sənətdə olsaydım, musiqiçi olsaydım, icazə verməzdim. Buna haqqım da çatır. Deyərdim, bu mənim atamın mahnılardır, mən özüm istifadə edəcəm. Lakin oxumağı bacarmadığım üçün müğənnilərə onun mahnılarından istifadə etmək icazəsi vermişik. Zəng vurub icazə alanlar da olur. Bilirsiniz, sənətkarı xalq yaşadır. O, rəhmətə gedəndən sonra da onun mahnıları yaşamalıdır. Halal xoşları olsun. Bununla atamı yaşadırlar həm də.

- Bir bibiniz oğlu vardı, yaxşı fakturası, səs diapazonu vardı. Səsi də Məhəbbət müəllimin səsini xatırladırdı. İndi musiqi sahəsindədir?

- O, nə atamın sağlığında, nə də indi, belə deyək də, yaxşı mənada atamdan istifadə etmədi. Bütün günü onun yanında olurdu. Nə isə peşəkar şəkildə məşğul olmur. Sizə deyim, atam musiqi sahəsində çox adama kömək edib. 2014-cü ildə ona Əməkdar artist adı veriləndə, atam yığıncaq elədi. İndi ad çəkmək istəmirəm, ora yığışan çox məşhur müğənnilərin böyük əksəriyyətinə Məhəbbət Kazımov ciddi şəkildə köməklik etmişdi. Ümumiyyətlə, kömək etməyi sevən adam idi. Mən o günləri görməmişəm, amma anamın dediklərindən bilirəm ki, qaçqınlıq vaxtı bizim evimizə o qədər qohum-əqrəba gəlirmiş ki, gecələr yatmağa yer olmadığından hamı dədə-baba qaydası ilə yerə döşək atıb yatırmış. Gecələr bizim evdə addım atmağa yer olmurmuş. Bizim evdə yaşayış uzun müddət belə olub.

- Məhəbbət Kazımovun məşhurluğunun pik dövrləri vardı. Bu baxımdan imkanı da çox yaxşı olmalı idi. Amma dünyasını dəyişəndə məlum oldu ki, deyilən qədər də imkanlı olmayıb...

- Bəlkə də inanmayacaqsınız, amma bunu çox adam təsdiq edər, Məhəbbət Kazımov öz dövründə qazandığı pulu heç kim qazanmayıb. Hətta ola bilərdi ki, kimsə ondan artıq pula toya getsin, amma toyda elə şərait yaranırdı, Məhəbbət Kazımov yenə yüksək məbləğlə toyu başa vururdu. O, heç vaxt toy danışmırdı, kiminsə pulu çatmayanda da deyirdi, heç nə olmaz. Amma bilirdi ki, sənətkardır, ona dəyər verən insanlar olacaq. Kasıb toyuna az pula gedirdi, bilirdi ki, sabah bir varlı toyundan o pulu çıxaracaq. Bayaq dedim, atamgil yeddi bacı, beş qardaş olub. Onların heç biri danmaz, atam bacı-qardaşlarının oxumasında, məişət problemlərində, övladlarının, nəvələrinin böyüməsində onlara çox köməklik edib. Bunu heç kim dana bilməz. Danmırlar da. O, belə deyək də, tək özü üçün yox, ailəsi, dost-tanışı üçün yaşayırdı. Bu gün on min qazandım, bunun səkkiz minini kənara atıb özümə imarət tikdirim fikri ilə yaşayan deyildi. Qazancının əlli faizini yaxşılıq naminə xərclədi, qalan əlli faizini də ailəsinə, istirahətinə sərf etdi.

- Pulu ananıza verirdi?

- Bəli. Anam hökmlü qadın idi. Daha doğrusu, belə olmağa məcbur idi. Sərt tələbləri olan Məhəbbət Kazımovun xanımı başqa cür ola bilməzdi. Özündən asılı olmayaraq anam bu obraza bürünməliydi.

- Laçınlıların ona qarşı qəribə məhəbbəti var. Sizcə, səbəb nədir?

- Birinci ona görə ki, Laçından belə bir istedadlı insanın çıxması onlara xoş idi. İkincisi, sözübütöv olması, dediyindən dönməməsi, əsl kişi xarakteri... Atamın gözü qarşısında ölüm hadisəsi baş verib, amma o, sözündən geri çəkilməyib. Bu xüsusiyyətlərinə görə çox sevildi. Bir də təbii ki, “Laçınım” mahnısı onu nəinki Laçında, bütün Qarabağda, Azərbaycanda sevdirdi. “Laçınım” toy yox, yas mahnısıdır, insanların dərdlərini ifadə edən mahnıdır. Atam həmişə toylarda şərt kəsirmiş ki, “Laçınım”ı oxuyuram, bir şərtlə - oynamayacaqsınız! Kimsə “Laçınım”a oynayarsa, mikrofonu yerə qoyub çıxırmış. Çox prinsipial adam idi. Dediyi sözə görə bilsəydi ki, həyatını itirəcək, yenə bir addım geri çəkilməzdi. Bir toyda ona mahnı sifariş ediblər, bir dəfə oxuyub. Sonra təkrar-təkrar həmin mahnını istəyiblər. Atam yenə ifa edib. Məclisin ortalarında əlisilahlı adamlar gəliblər ki, ə, o mahnını yenə oxu! Atam kobudluq hiss edəndə “oxumuram” - deyib. Sonra onlar çölə çıxıblar. Atam deyib öldürürsünüz, öldürün, oxumuram. Yəni belə şeylər çox olub.

- Atanızın Könül Kərimova ilə duet oxuması xeyli söz-söhbətə səbəb olmuşdu. Buna reaksiyası necə idi?

- Sizə Könül Kərimovanın ailəsi ilə bizim ailəmizin birgə şəkillərini göstərərəm. Biz onların ailəsi ilə çox yaxın olmuşuq, bir-birimizin toyunda, yasında iştirak etmişik. Sadəcə Azərbaycan cəmiyyəti bir az elədir ki, bir qadın və bir kişini birlikdə görən kimi söz-söhbət yaradırlar. Fədayəni də atamın tələbəsi hesab etmək olar, amma Könül xanım atamla aşağı-yuxarı yaşıd idi. Özü də sağ olsa, yəqin bu sözü deyərdi, mən də deyirəm ki, Könül Kərimova atamın şah əsəri idi. Hər bir rəssamın, bəstəkarın, yazıçının bir şah əsəri olur. O da atamın yaratdığı ən gözəl əsər idi. Ona görə də onu hamıdan, hər şeydən uşaq kimi qoruyurdu. Deyirdi, soyuq su içmə, əynini qalın geyin, nazik geyinmə...

- Narazılıqları olmurdu?

- Ümumən olmayıb, ancaq sənət, musiqi üstündə olardı. Misal üçün, məşq zamanı oxumağından xoşu gəlməyəndə, deyərdi, düz-əməlli oxu (gülür). Tək ona yox, hamıya qarşı elə idi. Düşünmürdü ki, bu söz onun xətrinə dəyər.

- Könül xanım incimirdi?

- İnciməyə haqqı yox idi. Onun bir yolu vardı. Özünü yığışdırmalı idi ki, bir də söz deyilməsin. Bunu onunla işləyən sənətçilərin hamısı haqqında deyə bilərəm.

- Özünün ən çox sevdiyi ifası hansı idi?

- “Bəstə Nigar”. Əslində, bütün mahnılarını sevirdi, üstündə əziyyəti vardı. O, musiqi sənətini hər şeydən çox sevirdi. Səhhəti ilə bağlı həkimlər ona oxumağı qadağan etmişdilər, o, bu qadağaya riayət etmirdi. Bir dəfə anama dedim, atanı başa salaq, oxumaq ona zərər verir, oxumasın. Anam dedi, sən ona desən, oxuma, elə bil, cərrahın əlini kəsirsən ki, əməliyyat eləmə. Məhəbbətə oxuma demək onu öldürməyə bərabərdir. Sonralar mən özüm də onu oxuyanda müşahidə etdim, gördüm, öz oxumağından ləzzət alır. Əgər bilsəydi ki, bir mahnı oxuyub, səhəri gün öləcək, yenə də oxuyardı.

- Sənətkarlığının fərqində idi?

- Təbii. Amma heç vaxt özünün musiqi bilicisi hesab etmədi. Qocalana qədər dedi ki, mən musiqini öyrənirəm.

- Bəs Məhəbbət Kazımov nə vaxt oxumadı?

- Oxudu. Ölən günə qədər səsindən əl çəkmədi. Səsində də heç bir problem olmadı. Əvvəl olduğu qədər gözəl idi.

- Səhhəti niyə ağırlaşdı?

- Dediyim kimi, əvvəldən şəkəri və təzyiqi vardı. Bundan başqa, bir müddət ona göstərilən ekstra qulluq onu elə bil tənbəlləşdirdi. Mən əyilib onun corablarını geyindirir, ayaqqabılarının bağını bağlayırdım. Kimsə maşınını sürürdü, maşının qapısını açırdı, örtürdü və s. Biz elə bilirdik, ona kömək edirik, sən demə hərəkətsizlik ona zərər imiş. Belə-belə hərəkətləri məhdudlaşdı, bədəni zəiflədi. Mən onu ata kimi çox sevmişəm, amma sənətçi kimi ölümündən sonra tanımışam. İkinci sevgim ona sənətçi kimi yaranıb. Evə gələndə onun sənətçi kimliyi əynindən çıxardığı paltarlarla birgə şkafdan asılırdı. Evdə o, mənim üçün ata idi. Və onun üçün hər şey etməyə hazır idim. Getdikcə şəkəri, təzyiqi qalxdı. Pəhrizə də riayət etmədi...

- İçki içirdi?

- İçirdi. Hərdən də ağrıları çoxalırdı, ona görə içirdi. Onun kimi xəstəlikləri olan adam ümumiyyətlə içməməli idi. O isə dağ adamı idi, belə şeylərə fikir vermirdi.

- Şəkərdən və təzyiqdən dünyasını dəyişdi?

- Yox. Qrip tutdu. Ölümündən bir gün əvvəl təcili yardım çağırdıq. İynə dərman elədilər. Təcili yardımdan gələnlər bir kağız yazdılar, atama nəsə olsa, məsuliyyət daşımayacaqlarını qeyd etdilər. Biz onda başa düşdük ki, onun vəziyyəti ağırdır. Nə qədər dedik, gəl gedək xəstəxanaya, əsəbiləşdi, dedi, mənə dəyməyin, qoyun istirahətimi edim. Səhər yuxudan ayılıb dərman almaq üçün aptekə getdim. Gəldim evə, atam yerində yarı uzanalı oturub çay içirdi. Mən o biri otağa keçəndə anam qışqırdı. Mən onun yanına qaçdım, beş saniyənin içərisində canını tapşırdı. Təcili yardımla bizim evimizin məsafəsi beş dəqiqəlik yol idi. Onlar gəlib nə qədər müdaxilə etsələr də xeyri olmadı.

- Sonra nə etdiniz?

- Otağıma getdim, əyin-başımı sahmana saldım. Bəlkə də qəribə səslənər, atam ölən anda gözümdən bir damcı da yaş çıxmadı. Düşündüm ki, o, artıq yoxdur, mən məclisi yola verməliyəm. Tək idim həmin məqamda. Həyətə düşdüm, jurnalistlər zəng vurdu. Hamı gəlirdi artıq. Bir neçə saat ətrafımda nə baş verdiyini anlamadım. Bir uşaqlıq dostum vardı, Toğrul. Onun da atası rəhmətə getmişdi. Gəlib məni qucaqlayanda ağladım. Nə baş verdiyini onda anladım, elə bil, yuxudan ayıldım. Əslində, reallığı dərk edirsən, amma bu reallığı özündən uzaqlaşdırmağa çalışırsan. İstəmirsən həqiqəti hiss edəsən. Nə qədər yaşayıram, atamın qoyub getdiyi boşluq həmişə mənimlə olacaq. Düzdür, atamın qohumları ilinə qədər bizi tək qoymadılar, gəldilər, dəstək oldular. Yəni evimiz boş qalmadı. Amma atamın yeri dolmadı.

- Laçında dəfn olunmağı arzulamışdı...

- Hə, gənclikdən üzü bu yana elə deyirdi. Laçından torpaq gətirib məzarına tökmüşük.

- Məzarını Laçına köçürmək istəyərdiniz?

- Bu barədə düşünürəm. Bir yandan da düşünürəm ki, bu insan təkcə Laçına yox, bütün Azərbaycana aid idi. Məzarının üstündə həmişə insanlar olur. Ona görə düşünürəm ki, burda onu sevənlər onun məzarına getməlidir. İnanın, Laçın alınanda “Şəhidlər Xiyabanı”ndan çıxan adamlar ordan atamın qəbrinin üstünə gəlmişdi. Adamlar atamın məzarının üstündə təskinlik tapırdılar. Laçının müjdəsini ona verməyə gəlmişdilər.

# 26336 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #