Messioner

Messioner
18 iyul 2014
# 11:07

Qismət yazır

Şəhriyar Del Gerani üçün

Günəş özünü qızmar bir metro jetonu kimi uzaq üfüqlərdəki naməlum boşluğa atanda, irili-xırdalı parklardakı veteranlar, təqaüdçü babalar nərd atmağa, domino çırpmağa başlayırlar. Qosqoca bir ömrü keçmişə çevirmiş ağsaqqalların əlindən armudu stəkan, dilindən eyni söz düşmür: “Bizim vaxtımızda hər şey daha gözəl idi.”

Niyə gözəl günlər həmişə keçmiş zamandadı?

Bu gün dediyimiz an sürətlə keçmiş zamana çevrilirsə, demək biz də qocalanda bu günləri “xoş çağlar” kimi xatırlayacağıq.

Yaşı qırxdan yuxarı adamların hamısından bənzər fikirlər eşitmişəm: o vaxt meyvə şirələri daha dadlı idi, dondurma daha ləzzətli idi, qızlar daha gözəl idi, siqaretlərin tütünü təmiz idi, Maradona başqa futbolçu idi...

İnkar etmirəm, güman ki, burda gerçəklik payı var. Çünki biz də dostlarla çox da uzaq olmayan keçmiş haqqında – 90-cı illər barəsində danışanda, nəsə sirli-sehrli auraya köklənirik, ağlasığmaz dərəcədə qəribə, incə şeyləri xatırlayır və bundan zövq alırıq. Çünki həmin xırda, incə detallarda yaşanmış ömür qırıntıları var və bir şey yaddaşda varsa, demək capcanlı, isti, gerçək olub.

Futbol üzrə dünya çempionatının finalında çoxları kimi mən də Almaniyanın qalib olacağını gözləyirdim, amma nə gizlədim daha çox Messini izləyirdim. Çünki yəqin ki, biz də gələcəkdə ötən çağlardan danışanda, yaşadığımız ömrü həyatın başqa sahələri ilə bərabər həm də Hacini, Ronaldinyonu, Zidanı, Fiqonu, Messini izləyə bildiyimizlə təyin edəcəyik.

Onun həyatı ilə bağlı materiallar internetdə nə qədər desəniz var: hormonal zəifliyə görə inkişafdan qalmış uşaq olub, ispan vətəndaşlığını qəbul etsə də, Argentina millisini seçib və s. Bu məlumatlardan çoxlu dramatik ssenari çıxartmaq olar, mənə maraqlı gələn isə məndən bir yaş kiçik olan bir fenomenin, soyuqqanlı, intizamlı, komanda oyunu oynayan Almaniya qarşısındakı vəziyyəti idi. Almaniya həmişə rəqibləri üçün qorxulu olub, hətta məşhur ingilis futbolçusu Qari Lineker vaxtilə almanlara uduzmaqdan bezib belə bir cümlə deyibmiş: “Futbol 22 nəfərlə oynanan sadə bir oyundu, amma axırda həmişə almanlar qalib gəlir.”

Hər dəfə qol vurandan, komandasını xilas edəndən sonra qollarını yana açıb tamaşaçılara tərəfə qağayıvari süzən Messinin sakit, mülayim, gülərüz görüntüsünə alışmış bir futbol azarkeşi kimi, finaldan sonra məyus, gözüyaşlı, yorğun, üstəlik foto-obyektivlərin yaddaşına başıaşağı düşmüş görəndə, anladım ki, içdən-içə, lap məhəlləmizdə top qovaladığım, futbolçu olmaq istədiyim günlərdəki kimi almanların uduzmağını istəyirmişəm. Böyük meydançada futbol oynayanlar bilər: Götzenin vurduğu qol asan görünən, amma hədsiz dərəcədə çətin vəziyyətdən vuruldu. Amma əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində Argentina millisi cərimə zərbəsi qazananda və topun başına Messi keçəndə, dəqiq bilirəm bütün Almaniya və almanlara azarkeşlik edən hamı nəfəsini tutmuşdu, gözlərini yummuşdu, üzünü çevirmişdi, qorxurdu, amma olmadı...

Mən sevdiyim klubların oyununa, sevdiyim oyunçuların performasına heç vaxt təkcə idman yarışı kimi baxmamışam, mənim üçün futbol həmişə oyundan ötə bir şey olub. Ağlım kəsəndən həmişə futbolla həyatın arasına yekə bir bərabərlik işarəsi qoymuşam. Bir millimetr fərqlə zərbəsi çölə gedən, yaxud dirəyə tuş gələn futbolçu görəndə, bir balı çatmadığı üçün imtahandan kəsilən tələbəni düşünmüşəm. Haqsız yerə qırmızı kart almış futbolçunun çarəsiz simasını ixtisara düşüb işdən çıxarılan birinə bənzətmişəm. Zərbəsi rikoşeddən qapıya girən futbolçunun sevincini ölümü gözlənən bir doğma adamın qəfildən komadan ayılması ilə yaranan şadlığa oxşatmışam.

Amma Messi başqa cürdü. Bir dəfə ünlü türk futbolçu Arda Turandan soruşmuşdular ki, dünyanın ən yaxşı futbolçusu kimdir? “Kriştianu Ronaldo” – demişdi. Soruşmuşdular ki, bəs Messi? Demişdi: “O bu dünyadan deyil...”

Mənə nədənsə həmişə elə gəlir ki, Ronaldo üzqırxan reklamında sırtıqcasına rahatdı, amma Messi çəkildiyi reklamlarda elə bil əllərini qoymağa yer tapmır, sanki bilmir ki, Pepsini necə tutsun, Laysı kameraya tərəf necə göstərsin. Elə bil bütün varlığı ilə səbəbsiz yerə hamıdan utanır.

# 3053 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #