Niyə Qarabağ haqqında film çəkə bilmirik?

Niyə Qarabağ haqqında film çəkə bilmirik?
8 may 2014
# 10:24

Sevda Sultanova yazır...

Yazıçı Hüseynbala Mirələmovun əsəri əsasında çəkilmiş “Yeni həyat” adlı film var. 2005-ci ildə ekranlaşdırılan film banal bir əhvalatı nəql edir. Ləyaqətli, kasıb ailənin qadını evin qayğılarını azaltmaq üçün işləmək istəyir. Ərinin etirazlarına baxmayaraq nüfuzlu şirkətə tərcüməçi kimi işə düzəlir. Və düşdüyü mühit onu dəyişir.

Arvadının dəyişməsindən kədərlənən əri keçmiş günləri xatırlayır. Xatırlatma səhnəsində rejissor Ələkbər Kazımovski ailənin güzəranının çətinliyini belə göstərir: qadın soyuducunu açır, qüssəylə baxır və kamera boş soyuducunun rəflərinə tuşlanır, fonda da sentimental musiqi səslənir.

Yoxsulluğun və ümumiyyətlə, istənilən motivin bu cür, birbaşa, illüstirtaiv, telereportaj estetikasında təsviri, fərqli yozumun yoxluğu milli kinomuzu dünya kino sənətindən ayıran qırılma nöqtələrindən biridir

Qarabağ müharibəsi haqda ekranlaşdırılan filmlərin uğursuzluğunun əsasında da dayanan əsas məsələ budur.

Bir neçə lent (“Sarı gəlin”, “Fəryad”) istisna olmaqla bu mövzuda çəkilən digər filmlərdə müharibə qeyri-kinematoqrafik göstərilir: hay-küylü vətənpərvərlik, yorucu didaktika, “biz zərərçəkənik, əzilənik, amma nə olursa-olsun qələbə qazanacağıq” və s.

Dünya tarixində yüzlərlə qanlı, amansız, qlobal müharibə baş verib.

Bu mənada başqa millətlərin baxışından nəzər yetirsək, Qarabağ müharibəsi, onun fəsadları məsələn, Birinci və İkinci Dünya Müharibəsinin mərkəzində yaşamış avropalı üçün lokal xarakter daşıyır. Hətta bu lokal müharibədə qlobal maraqlar olsa belə.

Həm də münaqişə tərəfləri kinoda özünü asanlıqla haqlı mövqedən, həqiqət və ədalət carçısı kimi göstərə bilər. Ona görə də belə təbliğat filmləri, birtərəfli mövqelər dünya incəsənətində əhəmiyyət daşımır.

Nə qədər ki, müharibə filmləri plakat estetikasında çəkiləcək, “vətənpərvərlik” deyə çığıracaq, faktların bədii traktovkası, həlli olmayacaq (məsələn, “Xoca” filmində olduğu kimi) nəql edilən əhvalatlar təsirsiz ötüşəcək, kimsə onu öz faciəsi kimi qəbul etməyəcək.

Yaxud “Dolu” filmindəki kimi uğurlu döyüş səhnələri

hansısa əcnəbi tamaşaçını sarsıtmayacaq.

Çünki dünya kinosunda müxtəlif müharibələri əks etdirən onlarla bədii ekran əsərində qat-qat keyfiyyətli, mükəmməl döyüş səhnələri var.

Həm də döyüş səhnələrində onlarla insanın qətlinin kütləviliyi tamaşaçıya ağrı yaşatmır. Çünki kütləvi səhnələrdə bir göz qırpımında çoxlu insanın öldürülməsi, ölüm faktını ümumiləşdirir, adiləşdirir, tamaşaçı onların ağrısını hiss etmir.

J.L.Qodar hələ 60-cı illərdə lentə aldığı “Dəlisov Pyero” filmində bu məsələyə toxunur. Radioda müharibə xəbərləri verilir. Məlumatda həlak olanların sayı haqda statistik rəqəmlər səslənir. Personajlardan biri kədərlə deyir ki, onların kimliyi, necə adam olması, ailələri haqda heç nə bilmirik. Onlar haqqında yalnız bir şeyi bilirik: ölənlərin sayını, quru, heç nə ifadə etməyən rəqəmləri.

Yəni statistik, quru münasibət tamaşaçını tərpətmir. Bizim də müasir müharibə filmləri statistik və ya patetik yanaşmadan kənara çıxmır.

Qarabağ müharibəsinin uğurlu ekran həllini döyüşlərdə, vətənpərvərliyin təbliğində yox, ayrı-ayrı insan talelərində axtarmaq lazımdır.

Biz Qarabağ müharibəsini dünyaya yalnız insan dramları ilə təbliğ edə bilərik.

Vüsalə Məmmədovanın Lent.az saytında Qarabağ müharibəsində əsir düşmüş insanlarla müsahibələri ciddi kino mövzusudur.

Məhz fərdlərin gerçək əhvalatlarının ekranlaşdırması dünyanın istənilən yerində yaşayan insanın ruhuna toxuna bilər.

Qısası, müharibə filmləri “millət”, “vətən” anlayışından “insan” kontekstinə keçməlidir.

...“Dolu” filminin ən təsirli, ən yadda qalan səhnəsi yaşamağa macal tapmayan bir gəncin son anda həyatında heç vaxt qadının olmamasını dilə gətirməyi idi. Və onun həqiqəti döyüş səhnələrindən qat-qat mütəəssir ediciydi.

Amma təəssüf ki, rejissor E. Cəfərov filmin bu insani və digər psixoloji, dramatik nüanslarını inkişaf etdirməmişdi.

Amerika rejissoru Malik Terrensin “Qırmızı nazik xətt” hərbi dramında, rejissor vurğunu savaş səhnələrinə yox, məhz sıravi insanların - əsgərlərin ölüm qarşısında ruh halına, psixoloji durumuna - qorxusuna, sağ qalmaq uğrunda mücadiləsinə yönəldir və bu təsvirlərlə film dünyəvilik statusunu alır.

Əslində Azərbaycan kinosunda güllənin belə atılmadığı, amma müharibəni bütün çılpaqlığıyla göstərən, insan dramlarını anladan neorealist kino ənənəsi ( “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”) var.

Sadəcə rejissorlar məlum xətti başqa keyfiyyətdə, estetika və janrlarda işləməli, yeni obraz konsepsiyasını tapmalıdırlar.

2008-ci ildə Azərbaycan kinematoqrafçılarının qurultayında tanınmış rus tənqdiçilırindən biri Yelena Stişova çıxış eləmişdi.

Müharibə mövzusunda çəkilən 4 filmi izləyən (Rüfət Əsədovun “Uçuş xətti”, Eldar Quliyevin “Girov,” Şamil Nəcəfzadənin “Qala”, Ramiz Əzizbəylinin “Yalan”) Stişovanın qənaəti bu sahədəki vəziyyətin ümumi təsvirini dəqiq ifadə edir:

“...Bu filmlərdə vətənpərvərlik hissləri reallıqdan çox, mifoloji təsəvvür yaradır. Müəlliflərin şəxsi təcrübəsi, iztirabları hiss olunmur. İnsanın müharibədəki ekzistensial probleminə toxunulmayıb. Əvəzində əxlaq, öyüd-nəsihət var. Ümumiyyətlə, izlədiyim filmlərin hamısının əsasında nəsihətçilik hiss olunur.

İdeyalar vətənpərvər ritorikası və təbliğatı səviyyəsində həyata keçirilir”.

Doğrudan da, filmlərimizdə insan taleyi, qışqıran vətənpərvərliyin, kasıb vizual həllin və saxta dialoqların altında əzilir, onlar insan ağrısını kölgədə qoyur, onu arxa plana atıb əhəmiyyətsizləşdirir.

Bir neçə gün öncə həmkarım Mətləb Muxtarovun Facebookda mövzuyla bağlı verdiyi suallara cavab dərin kulturoloji, sosial araşdırma tələb edir: “Orson Uells deyir ki, orta əsrlərdə İtaliya tarixi ölkədaxili müharibələrlə bol idi və bu dövrdə İtaliya dünyaya Da Vinçi, Mikelancelo kimi dahilər bəxş elədi. İsveçrədə isə 500 ildir ki, sakitçilikdir, amma İsveçrə dünyaya saatdan başqa heç nə bəxş eləməyib. Kundera da yazır ki, müharibə və mədəniyyət Avropanın iki qütbüdür, onları bir-birindən ayıra bilməzsən, biri o birindən asılıdır. Birinci və İkinci Dünya Müharibələri Avropaya Pikasso, Dali, Hesse kimi insanlar bəxş elədi. Kino müharibədən ilhamlandı, məsələn, Rosselininin "Roma açıq şəhər" filmi və s.

İndi isə özümüzə gələk, Qarabağ müharibəsi, lap elə SSRİ-nin dağılması ciddi hadisələr idi, amma heç biri bizə böyük bir sənətçi vermədi. Əksinə, sənəti, ədəbiyyatı, kinonu və s. geriyə saldı. Bizim yaradıcı insanlar bu müharibədən bir növ məğlub çıxdı, halbuki, 90-lardan bu yana gördüyümüz çətinliklər bizim sənətçilər, yazıçılar üçün ciddi ilham mənbəyi olmalı idi. Görəsən bütün bunlarda əsas səbəb nədir? Mental dəyərlərin bizim sənətə və sənət adamlarına ciddi təsir göstərməsi? Yoxsa bir sistemdən başqa sistemə keçiddən sonra ölkədə normal cəmiyyətin qurulmaması ? Yoxsa insanlar hələ də kapitalist sistemə mənəvi cəhətdən tam keçid eləməyiblər? Yoxsa ümumiyyətlə bizim xalq sənətdən anlamır?”

# 2663 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #