Ər deyib əriyəsən

Ər deyib əriyəsən
25 oktyabr 2013
# 14:30

Cavid Zeynallı yazır

Qarğış xalqın qəzəbidir, niyyəti bəd olan toplumun içini təmizləmək cəhdidir. Məsələn, içində xıltı olan, düşüncəsi sağlam olmayan adamın başına nə bəlalar gəlirsə, niyyətinin nadürüstlüyündən gəlir. Xalqlar da eynən belədir: fəlakəti, müsibəti sanki Tanrıdan özü arzulayır. Məşhur məsəldə deyildiyi kimi: hər kəsə layiq olduğu tale verilir.

Və dərd orasındadır ki, ömrünə biçilən taledən narazı düşəndə yeri-göyü lənətləyir. Azərbaycan xalqının min illərdir yaşatdığı, əzizinə-doğmasına “nuş” elətdiyi qarğışlarına ötəri nəzər salmaq bəsdir ki, şəninə tərif yağdırılan bu məmləkət insanının iç üzünə şahid çəkilsən. Bir toplum, bir xalq bu qədər qarğış yaradıbsa ondan qəhrəmanlıqdan savayı nə desən gözləmək olar. İllərdir yalançı nəğmələr qoşub özümüzü təsəlliyə tutmağa nə verirlər ki, bizim soykökümüzdə yadelliyə silah qaldırmaqdan daha çox, qarğış yağdırmaq dəbdə olub.

Kitabın adı belədir: xalqımızın deyimləri və duyumları. Mənim yaşıdımdır – 1986. Hardan, nə vaxt kitabxanama düşüb, bilmirəm. Gecə yarı özümü sıxıb bu gözəlim qarğışları birnəfəsə oxumaq bəs elədi ki, içim zəhərlənsin, başağrısı amanımı kəssin. (Billah, şişirtmirəm!) İstedadlı, orijinal qarğış yaratmaq olsun ki, yaradıcılıqdır, amma bu hikkənin altındakı qara enerjinin havası adamın canından uzun illər çıxmaz.

Kitabdan nə oxusam yaxşıdır: demə, qarğışın hikmətlisi, xüsusi tədqiqata möhtac olanları da varmış. Hələ üstəlik, qarğışların toplanması, nəşri, tədqiqi sosial tariximizi, inam-etiqadımızı, hünər və qeyrətimizi öyrənmək baxımından diqqəti xüsusilə cəlb edir.

Ola bilsin, mən hissə qapılmışam, bu vampir ifadələri sakitcə həzm edə bilmirəm. Bircə onu bilirəm, bu qarğışları ciddi-ciddi yox, zarafatyana, arsızlıqla oxumaq lazımdır. Oxuyasan və güləsən. İstedadı yerə-göyə sığmayan bədniyyət toplumu ələ salasan, lağlağı edəsən, vəssalam. Möhkəm olun, yola çıxırıq!

Bala deyəndə ağzında ilanlar balalasın.

Qızın evində un çuvalına tay olsun.

Balan baba deməsin.

Ağ gün deyəndə ünün ərşə dayansın.

Məməndə südün qurusun.

Ər deyə-deyə əriyəsən.

Ananın aftafa tutan əli qurusun.

Balan kirvə üzünə həsrət qalsın.

Balan at minməyə qalmasın.

Uşaq adı gələndə dodağın partdasın.

Deyiklin deyikli qalsın.

Anan qazancını yeməsin.

Gözünün yağını ilanlar yesin.

Cəmdəyin yerdə qalsın.

Nənən imansız ölsün.

Düyün istaqda qalsın.

Palazın çırpılmasın.

Xala üzünə həsrət qalasan.

Aftafa tutan əlin qurusun.

Ələyin un görməsin.

Ağ günün gəlincə gözün ağara qalsın.

Ağlın qar suyuna dönsün.

Qanın qızının əlinə xına olsun.

Samanlığın saman üzü görməsin.

Açarın sınsın, qıfılın paslı qalsın.

Adaxlın dul qalsın.

Yurdunda turp əkilsin.

Şülənin şivəninə qarışsın.

Adaxlın atların tərkində getsin.

Təsəllin təklik olsun.

Allah təpənə kül ələsin.

Sümüyün çürüsün.

Allah atana qotur versin, dırnaq verməsin.

Xirtdəyinə qara yara çıxsın.

Mal-qaran qısır qalsın.

Allah nəslini qırsın.

Atan anandan iyrənsin.

Bağırsağın çürüsün.

Balan nişan günü partlamaya düşsün.

Çəpərin tapdansın.

Balan it azarı tutsun.

Balanın ağzında dili şişsin.

Ağ gün üçün burnunun ucu göynəsin.

Dalağın şişsin.

Cücərtin kəsilsin.

Damazlığın damda murdar olsun.

Balanın payı palçığa dönsün.

Aftafan su deyib mələsin.

Buzovun qapıda mələməsin.

Qamətin budansın.

Həyətinə gəlin gəlməsin.

Tayın ölsün taykeş qalasan.

# 4366 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #