Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?
18 mart 2024
# 14:00

Kulis.az Rəvan Cavidin "Azərbaycanlıların yalançı vətənpərvərliyi" adlı yeni yazısını təqdim edir.

Küçədə sorğu keçirirlər ki, məsələn, "Rəsulzadə kimdir?". Çox adam bilmir, tanımır. Həmin anda da bizlər yazırıq ki, təhsilimizdə, mədəniyyətimizdə problem var, Rəsulzadəni tanıda bilmirik camaata. Sən demə, vəziyyət daha acınacaqlıymış. Məsələ üst səviyyə mədəniyyətdə, təhsildə deyilmiş heç.

Getdikcə Azərbaycan cəmiyyətinin düşüncə səviyyəsi yoxa çıxır. Yəni artıq azərbaycanlılar, ümumiyyətlə, düşünə bilmir. Televiziyalar, sosial şəbəkələr, sosial əndrabadiliklər azərbaycanlıları küçəyə tökülüşmüş zombi tayfasına çevirib.
Hardan bilirəm?

Bir həftə əvvəl Bakının, hətta Azərbaycanın mərkəzi sayılan “28 May” ərazisində müxtəlif yaş kateqoriyalarındakı sakinlərdən Azərbaycan bayrağının rəngini soruşurlar. Rənglərin mənasını yox a, sadəcə, soruşurlar ki, hansı rənglər var bayrağımızda. Düzgün sıralasalar rəngləri bəs edəcək. Mənası nədir, niyə var, kimin fikridir, soruşmurlar, yəni oralara girmirlər. Sual çox sadədir: Azərbaycan bayrağının rənglərini sırayla saya bilərsiniz?

Və sorğuda iştirak edənlərin doxsan faizi bunu bacarmır. Yaşlısı, gənci, işsizi, məşğulu, savadlısı, savadsızı – heç kim. Azərbaycan bayrağının rənglərinin sırasını bilməmək cahillik deyil, səviyyəsizlikdir artıq. Azərbaycan cəmiyyəti, toplumu getdikcə səviyyəsizləşməkdədir. İllərdir məqsədli şəkildə televiziyalarda, mediada aparılan manqurtlaşma siyasəti öz bəhrəsini verir.

Həmin adamlardan soruşsan ki, Zaurun verilişi saat neçədədir, o dəqiqə cavab verəcək. Həmin adamlara desən ki, Xoşqədəm dünən nə geyinmişdi, gözüyumulu deyəcək. Desən ki, İkinci Qarabağ müharibəsi nə vaxt oldu, dayanıb fikirləşəcək.

Həmin adamlar hər gün bizimlə bir yol gedir, kafedə, restoranda yemək yeyir, hər gün kimisə qınayır, kimisə nədəsə ittiham edir. Elə götürək, bayraq məsələsini. Keçən həftələrdə “Kim milyoner olmaq istəyir?” proqramında bir türkiyəli vətəndaş Azərbaycan bayrağının rənglərini sıralaya bilmədi deyə azərbaycanlılar özünü doğrayıb kəsirdi. Ki, bəs necə qardaşsınız, bayrağımızın rənglərini bilmirsiniz? Sosial şəbəkələrdə vətənşüvənlər ortaya düşmüdülər ki, olmaz belə, veriliş bağlansın, aparıcı üzr istəsin, nə bilim, utansın, ağlasın. Halbuki o adamların da doxsan doqquz faizi elə küçədəkilər kimi Azərbaycan bayrağını tanımır. Himnimizi bilmir. Azərbaycan haradır, kimdir, nədir, bilmir.

Orta statistik azərbaycanlını bu narahat etmir də heç. Ona lazım deyil bayraq, ölkə, himn. Onun üçün maraqlı olan səhər işə getmək, axşam evə gələndə əhalinin ailə problemlərinə şüvən salan aparıcıların təqdimatında burun soxmaq, sonra da yatmazdan qabaq “TikTok”da Adəmlə atasının qızlarla mırtlaşmasına baxıb ləzzət almaqdır. Vecinə deyil siyasət, mədəniyyət, dünyada olanlar, ölkəsindəki proseslər.

Azərbaycanda ictimai düşüncə öldürüldü və nəticələri beləcə üzə çıxır. Bayrağımızın rənglərini bilmək üçün yüksək səviyyədə təhsil, son dərəcə aktual tədris sistemi, mədəniyyətlərin qovşağı, intibah lazım deyil. Bayrağımızı tanımaq üçün minlərlə kitab oxumağa, hər gün klassik musiqiyə qulaq asıb, axşamlar kult filmlərə baxmağa ehtiyac yoxdur. Bayrağımızın rənglərini saymaq üçün Avropanın mərkəzində yaxşı maaşlı bir sığorta şirkətində işləmək də lazım deyil.

Şəxsən mən öz adıma bu günə kimi azərbaycanlılardan təhsil, mədəniyyət, milli təfəkkür tələb etdiyimə görə üzr istəyirəm. Azərbaycanlılar nəinki milli təfəkkürün nə olduğunu, ümumiyyətlə, təfəkkürün varlığından xəbərsizdirlər. Onlar düşünə bilmir. Azərbaycan cəmiyyəti yekə bir manqurtxanadır.

Bakı məktəblərindən birində sosial çarx çəkirlər ki, saçlar necə yığılmalıdır, müəllim gələndə şagird necə ona yol verməlidir, telefonla yox, kitabla məşğul olmaq lazımdır və sair.

Görürsən, ay müəllim, şagirddən saçını necə yığmağı tələb etmək, onlara yəhudi sığınacaqlarındakı kimi alman disiplini tətbiq etməyə ehtiyac yoxdur. Birinci bayrağımızın rənglərini, onlara azərbaycanlı olmağın sosial-ictimai öhdəliklərini öyrətmək lazımdır.
Qarabağı işğaldan azad edən əsgərlər zəfər qazandı. Amma bu zəfər o vaxt effektiv olur ki, həmin şəhərlərə sancılan bayrağın mahiyyətini anlayasan. Məsələ üç rəngi ardıcıl saymaq deyil, məsələ Azərbaycan tarixini başdan sonacan əzbərləmək deyil. İnanın, o suala cavab verə bilməyənlər bütün məsələlərdə o cür yekəxana, eqoist və cahildir.

Mənə maraqlı deyil türkiyəli bir yarışmaçı Azərbaycan bayrağının rənglərini bilir ya yox. Mən Türkiyədəki orta statistik əhalinin Azərbaycana, onun tarixinə münasibətini çox yaxşı bilirəm. Ona görə, məni hansısa bir yarışmaçının qardaş ölkənin bayrağının rənglərini saya bilməməsi təəccübləndirmir.

Məni üzən bütün günü “Qarabağ Azərbaycandır!”, “Çəkilin qazi gəlir...”, “Şəhidlər ölməz, Vətən bölünməz!” deyənlərin yalançı patriortluğudur, səviyyəsiz vətənpərvərliyidir. Sovet təfəkkürünün məhsulu olan bu altıboş vətənpərvərlik, gülüstan ölkə anlayışı təəssüf ki, hələ də şüuraltımızda yaşayır. Milli kimliyin, milli genetik kodların, milli heysiyyatın varlığını elə unutdurublar ki bizə, yüz il də başımıza döyə-döyə o bayrağın rənglərini öyrətsələr, öyrənməyəcəyik. Çünki bizə maraqlı deyil. Çünki biz onu ancaq əlimizə alıb ona-buna fors etmək üçün sevirik.

Azərbaycanlılar bayrağı idman arenalarda ən yüksəkdə dalğalananda sevir. Şəhid məzarlarının üstünə sarılanda sevir. Hansısa yad ölkədə kiminsə əlində görəndə sevir. Sosial şəbəkələrdə böyük hərflərlə yazılan pafoslu rəylərin sonunda üç dənə işarə kimi sevir. Onlara bu bayrağın mahiyyəti yox, görünüşü maraqlıdır. Məlum oldu ki, heç görünüşünü də bilmirlər.

Hələ bu harasıdır? Cəmiyyət aydınlanmaq, düşünmək, oxumaq istəmədikcə daha nəhəng, daha qorxunc qaranlıqlar görəcəyik. Tənqidə, təhlilə dözümü olmayan cəmiyyətlər həmişə uçurumdan yıxılıb. Mədəniyyəti yox, saxta patriortluğu müdafiə edənlərin sonu dibi qaynar quyudur. Qorx ki, bir gün o quyudan bu qədər cahili çıxaracaq aydın üç-beş aydın da qalmasın cəmiyyətdə.

# 2638 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #