Osman Sarıvəlli İsa Hüseynovu nədə günahlandırmışdı? MÜSAHİBƏ

Osman Sarıvəlli İsa Hüseynovu nədə günahlandırmışdı? MÜSAHİBƏ
25 sentyabr 2013
# 10:18

Kulis.az mərhum şairimiz Akif Səmədin “Ulduz” jurnalının 1989-cu il 2-ci sayında Xalq şairi Osman Sarıvəlli ilə söhbətini təqdim edir

Akif Səməd

Samanı zaman satdırır

Yata-yata alajam

bu dünyadan hayfımı.

Osman Sarıvəlli

Tanışlığa qədər

Birinci dəfə “Min Qazaxda köhlən ata” eşitmişəm, ya “Kim minib Qazaxın dilboz atını”. Bilmirəm. Bircə onu bilirəm ki, gözümü açıb özümü-sözümü tanıyandan Səməd Vurğunu, Osman Sarıvəllini qoşa görmüşəm, qoşa oxumuşam. Səməd Vurğun ölümünə inanmamışam. Osman Sarıvəlli kimi dostu (hələ Vurğun poeziyasını demirəm) olan ölərmi? Vurğunun ruhu Sarıvəllidə yaşayır (ruhların yaşadığına əvvəl-axır inanmaq lazımdır). Orta məktəbin 5-6-cı siniflərində oxuyanda özüm-özümü inandırmışdım ki, Bakıya gedəndə ikisini də qoşa görəcəyəm.

Görəcəyəm ki, bir-birləriylə zarafatlaşa-zarafatlaşa gəlirlər. Həm də Səməd Vurğunu şəkildə gördüyüm kimi təsəvvür edirdim, Sarıvəllini isə yox. Elə bilirdim ki, Sarıvəlli Həmid babama oxşayır, Veysəl kişiyə, ya da Aşıq Avdıya bənzəyir. Hər bir insanın təbiətdə hansısa bir ağaca, daşa oxşarı var. Göyəzən Vurğundur ki, durub. Sarıvəllinin əkiz tayı qollu-budaqlı Tut ağacıdır – Şah tut ağacı. Bəlkə də bu qənaət məndə “Göylərə baş çəkir Göyəzən dağı”, “Salxım söyüdlərin arasında tək, bir tut ağacına ilişdi gözüm” misralarından doğub.

On iki il bundan əvvəl birinci dəfə Bakıya gəldim. Bağda Səməd Vurğunun əzəmətli heykəlinə heyran-heyran baxdım. Heykəlin yanında Sarıvəllini görməyəndə çox təəccübləndim, matım-qutum qurudu. Döyükə-döyükə nəzərlərimlə ətrafdakı adamları birəm-birəm süzdüm. Yox idi. Sonralar ev muzeyinə getdim. Sarıvəlli orda da yox idi. Şəkliydi eləcə. Şəklini neylirdim ki? Söhbət eləmək istəyirdim. Söhbət eləmək istəyirdim deyəndə birtəhər çıxmasın, səsini eşitmək bəsimiydi. Fəxri Xiyabanda da gül-çiçək gətirənlərin arasında yox idi Sarıvəlli. Niyə yoxuydu, axı, burda olmalıydı. Özü demişdi:

Kəsdirib yanını Mehdixan, Osman...

Mən yaxın dostunam, o, qardaşındır.

Dururuq üz-üzə dərdli, kədərli,

Mən ayaq daşınam, o, başdaşındır.

İlk “tanışlıq”

Bax, beləcə, aylar dolandı, illər ötdü. Adi günlərin biriydi, çox adi. Heç nəyilə o biri günlərdən seçilməyən gün. Ancaq o günü indi də hər kiçik ştrixiylə xatırlayıram. Yay payıza can verirdi. Ancaq elə-belə təslim olmaq istəmirdi. Yandırıb-yaxırdı hər yeri. Göydən yerə od ələnirdi, yerdən göyə bürkü bülənd olurdu. Dağın zirvəsindən, dəryanın ortasından yel, ərşin yeddinci qatından nəm çəkən qovaq ağacları da əlacsız qalmışdılar. Elə bil onların özləri də kölgə gəzirdi. Bax, belə günün şahmarında Osman Sarıvəllini gördüm. Əynində sətin, qolsuz ağ köynək vardı. Skamyanın bir qırağında oturmuşdu. Dənizə - uzaqlara baxırdı. Bilmək olmurdu mürgüləyir, ya nə isə fikirləşir. Görən kimi tanıdım. Dənizin üstünü bürküdən əmələ gələn ilğım bürümüşdü. Mənə elə gəldi ki, o, ilğımları yara-yara gələn Vurğunla, özü demişkən, gap edir.

Vurğun:

- Getdik dedim... yox, inanma,

Mənzil yarı, ömür yarı...

Mən dayansam, sən dayanma –

Qartal kimi dağlar aşsın,

Buludlarla qucaqlaşsın

İlhamının qanadları...

Osman:

- Köhlənin həmişə qabaqda gedir...

Cıdır meydanında, atalar demiş,

Hünər həm atındır, həm də sürənin.

Nalından od qopur, çatmayır, lakin

Sənin Qıratına mənim Kürənim.

Hünər həm atındır, həm də sürənin.

Vurğun:

- Mən dayansam, sən dayanma...

Osman:

- “Mən dayansam...” dedin, bu söz,

Ürəyimə dəydi, qardaş.

Vaxtsız bükdü düz belimi,

Qamətimi əydi, qardaş.

“Mən dayansam” dedin, bu söz

Yaman yıxdı məni, yaman.

İstədim ki, dalınca tez

Köçüm gedim bu dünyadan.

Vurğun:

- Hər kim yüz il yaşamasa

Günah onun özündədir, -

Deyibsən, möhkəm ol!

Osman:

- Bir söz də demişəm:

- Yox, əgər ki, sözüm elin deyilsə,

Yaşasan da olar, yaşamasan da.

Vurğunun dənizi yarıb üzə çıxan tunc heykəli üfüqlərə boylanır:

Binələri çadır-çadır,

Çox gəzmişəm, özüm, dağlar.

Osman:

- Atla gəzdin sən bir zaman,

indi şeir Kəhərində

dünyaları dolaşırsan.

Vurğun:

- Mən dayansam, sən dayanma.

Osman:

- Ön cərgədə sən gedəndə

Mən haraya dayanıram?

Mən haraya dayanıram?

Bu vaxt qıvrımsaçlı, orta boylu, göyçək, suyuşirin bir oğlan (sonralar bildim ki, oğlu Babək imiş) ona yanaşdı:

- Bava, bəsdi, dur gedək.

- A sağ olmuş, savaxdan Səməd əminlə dərdləşirdik.

Onlar getdilər. Şair Sarıvəlli ilə ilk görüşüm, ilk müsahibəm belə oldu. Bir kəlmə də soruşmadım. Soruşmağa təpərim çatmadı. İki böyük şairin qaibanə söhbətlərini dinlədim eləcə.

Dostlarıma sevinclə, həyəcanla bildirəndə ki, Osman Sarıvəllini filan yerdə gördüm, güldülər, dedilər hər axşamüstü o tərəflərə hərlənsən, həmişə görərsən. O gündən sonra vaxtaşırı Əzizbəyov küçəsindəki evindən dənizə tərəf yol alan qocanı izləyirdim. Kənardan kənara. Ağır addımlarla dəniz qırağından qayıdan, sağından-solundan ötənlərin salamına gah cavab verən, gah verməyən bu qoca mənim gözümdə sehirli bir aləm olmuşdu.

Sarıvəlli haqqında eşitdiklərimdən

Eşitmişdim ki, bu qoca “Araz” kinoteatrının tinindən evə kimi həmişə tək olmaq istəyir. Deyir ki, bu balaca ( “bir siqaret o yana, bir siqaret bu yana” – Vaqif Səmədoğlu) yolu həmişə Səmədlə gedib-gəlmişəm.

Bu ağsaqqal şairin incə, özünəməxsus yumoru var. Haqverdiyə, Maral xanıma, Tərəziqırana, bir müəllimə, maması oğluna yazdığı şeirlərdən görünür bu yumor. Bir aşıq saz çalır, oxuyur. Onun xoşu gəlmir. Bu azmış kimi, aşıqla şairi tanış da edirlər:

- A bala, adın nədi?

- Ramin.

- A bala, aşığın adı olar Alı, Ələsgər, Məmmədsöyün, Kərəm... Ramindən aşıq olmaz.

Mənə elə gəlir ki, şairin bu sözündə həqiqət gizlənib.

...Gənc şair Şaiq Vəli danışır ki, bir dəfə Osman Sarıvəlliyə şeirlər aparmışdım. Soruşdu ki, hansı kənddənəm. Dedim Əskiparadan. Soruşdu ki, kəndinizdən şair çıxıbmı? Cavab verdim ki, bəli. Vaqif Nəsib. Əlini əlinə vurub güldü:

- Xalqın kəndindən Molla Pənah Vaqif çıxır, sizdən də Vaqif Nəsib. Sonra əlavə elədi ki, zarafat edirəm, Vaqif istedadlı oğlandır.

...Üçüncü misranı sərbəst (qafiyəsiz) buraxanlara deyir ki, oğul, hələ cavansan, çalış qafiyə tap, mən yaşa gələndə sərbəst buraxarsan. Necə ki, imkanın var, ara, axtar, tap.

...Şıxlı Aşıq Məhəmməd danışır ki, cəbhədən qayıtmışdım. Osmangilə getdim. Osman Səmədi də çağırdı ki, ayə, gəl, aşıq gəzirdin, öz ayağıyla bir Allahsız aşıq gəlib çıxıb. Mən də özümə görə döyüldüm. Səməd gələndə “Kərəmi” üstə bir qoşma oxudum. Səməd soruşdu ki, aşıq kimindi, heç rastıma çıxmayıb. Dedim “Əsli-Kərəm”dəndi. Səməd bir az da fikirləşdi ki, heç ağlıma gəlmir. Osman dindi ki, nə “Əsli-Kərəm”də, nə də o biri dastanlarda belə qoşma yoxdu, özünün olajax.

Bəli, Sarıvəlli həm də saz-söz sərrafıdır. Şifahi ədəbiyyatımızın bilicisidir, yorulmaz tədqiqatçısıdır. Aşıq Ələsgər haqqında dəyərli bir monoqrafiyanın, saz haqqında neçə-neçə məqalənin müəllifidir. Aşıq Şəmşir poeziyasının Kolumbudur.

Sarıvəlli deyir ki, hər kəs şeirinin güclü, zəif yerlərini hamıdan yaxşı bilir. Dinləyəndə fikir verin. Zəif misraları elə ürəksiz oxuyuruq ki, “əkirəm, bitməsin”, yəni oxuyuram, heç kəs eşitməsin.

...Məmməd İsmayıl danışır ki, Osman müəllim “Xalqlar dostluğu” ordeniylə təltif olunmuşdu. Bu münasibətlə ondan müsahibə götürürdüm. Əli ilə yaxasındakı nişanı göstərərək gülə-gülə dedi: “Sağ olsun, hökümət əməyimizi qiymətləndirir, ancaq bundan gərək ikisini verəydi”. Mən təəccübləndim. “Birini də Səyalı xalana, o, mənə qulluq edib, ilham verməsəydi, yazamı bilərdim?”.

Bir neçə ildir ki, Gəncə toponiminin xəritədə bərpa olunması barədə söz-söhbət gedir, təkliflər edilir, məsələ qaldırılır. Sarıvəlli isə hələ 50-ci illərdə yazırdı:

Tarix nə oyuncaq, nə əyləncədir,

Yüz ad da dəyişib, yüz ad da qoysaq,

El dilində Gəncə elə Gəncədir.

Söhbət

Bir axşamüstü dəniz kənarına çıxdım. Qərarım qəti idi: Osman Sarıvəlli ilə görüşüb söhbət etmək. Ürəyimdə verəcəyim sualları da götür-qoy eləmişdim. İstəyirdim ki, həm vaxtını çox alıb onu incitməyim, həm də daha çox şey öyrənim. Dərya kənarına başmaq seyrinə çıxanların arasında şairi tezcə tapdım.

Kölgədə oturmuşdu. Əllərinin damarları sananan bu qoca nurani kişini görəndə yaman kövrəldim, adam da duz kimi, buz kimi əriyərmiş. Çox-çox illər əvvəl yazdığı bir beyti xatırladım:

Döydü yağış məni, döydü qar məni,

Minsəm, bir qarışqa aparar məni.

Gəlib-gedənlər hörmətlə salam verirdilər. Mən də yaxınlaşdım. “Axşamınız xeyir”lə söhbətə körpü saldım, dünyasına cığır tapdım. “Oğul, çoxdandı kənddən aralanmışam, “canım nasaz, yolum uzaq olubdu”. Nə var, nə yox oralarda?”

Elə bununla da ürəyimdə hazırladığım sualları unutdum. Söhbətin yönü başqa məcraya düşdü. Bəlkə də belə yaxşıdı, fikirləşdim. İndi mən necə deyim ki, Osman qağa, kənd dəyişib, sən görən kəndin adı qalıb eləcə. Toylarına elektrogitara yol açıb, “yırğalana-yırğalana xanım kimi süzən” xanəndələr meydan sulayır. İndi toylarda üç gün, üç gecə “Şahzadə Qasım”, “Tahir və Zöhrə” dastanları danışılmır. “Gəl, ye, iç, pulunu ver, xoş gəldin”di indi.

- Camaatın dolanması necədi, nə əkib-biçirlər?

- Dolanma pis deyil. Hamı “oranjirlər”lə məşğul olur.

- O nədi elə?

- İsti şitillik. Şıxlı camaatı Rusiyadan bu yana bazarlara səpələnib. Alverçi-tacir psixologiyası hər şeyi üstələyib.

- Nəsib kişinin məktəbi dururmu?

İstədim deyəm ki, üç xalq yazıçısını, onlarla alimi yetirən məktəb pis gündədir. Qapı-pəncərələrini söküb aparıblar. Dəfələrlə əlaqədar təşkilatlara bildirilməsinə baxmayaraq baxımsızlıq, etinasızlıq, soyuqluq davam edir.

- İmrandan sonra (Sosialist Əməyi Qəhrəmanı İmran Mirzəyev – A. S) direktor kimdi?

- Beşi dəyişib.

Özünəməxsus ironiya ilə dedi:

- Az deyil, hərəsi bir çinar əksə, meşə olar?

- Osman qağa, əksə nədi, Dəllərdəki (Şıxlı kəndində məhəllədir) çinarlığı qırıb satdılar.

- Bay-bay, nə pis iş olub...

- Osman qağa, aşıqlardan kim yadında qalıb?

- Hamısı. Avdı da, Məhəmməd də, Cəlal da, Əmrah da, Saraclı Söyün də. Küsmüşəm aşıqlardan. Hamısı qardaşımıydı, dostumuydu. İndi birciyi də gəlib halımı soruşmur. Salam da pul ha döyül verə bilməyələr. Allahın quru salamıdı. Ona nədi sözləri? Səyalı xalan, uşaqların anasını deyirəm, onlara o qədər süfrə açıb ki... İndi qojalmışam, daha lazım döyüləm...

- Yox, elə deməyin. Aşıqlar Tufarqanlı Abbas, Ələsgər, Vurğunla yanaşı həmişə sizin qoşmalarınızı oxuyurlar.

-Nə deyirəm, sağ olsunlar. Əmbə hərdən bu qoca dayılarını quru salamla yad etsinlər gərək.

Bir az fikrə getdi, gözlərini yumdu. Elə bil xəyalən dağı arana, aranı dağa daşıdı. Nə biləsən 84 illik ömrün hansı keşməkeşli günlərinə baş vurdu. Elə bil məni unutmuşdu. Ömrüylə söhbət edirdi elə bil.

- Oğul, sən də Şıxlıdansanmı?

- Yox, İncəlidənəm.

- Yazajam. İncəliyə bir şeir yazajam. “Ay İncəli, Yol gedir, ay İncəli, gözlərim səni görüb, nə yatı, nə dincəli”. Hajı Əfəndinin Göy Türbəsi salamatdımı?

- Salamatdı, Osman qağa. Camaat pul yığıb təmir də elətdirib.

- Sağ olsunlar. Nə yaxşı, nə yaxşı. Xeyirxah kişi olub Hajı Əfəndi. O kəndlərin boynunda böyük haqqı-sayı var. Sağ olsunlar, unutmayıblar. Çayın üstündəki qoşa dəyirmanlar işləyirmi? Aclıq vaxtı o ətrafın qolundan çox tutublar.

-On bir dəyirmandan biri də qalmayıb.

- Nə pis, nə pis. Dur gedək, oğul. Andıra qalsın qojalığı.

Yavaş addımlaya-addımlaya evə tərəf səmtləşirik. Yeraltı keçidin pilləkanlarına çatanda doğrusu, istədim qolundan tutam. Qorxdum ki, inciyər. Qocalar yaman kövrək olur axı. Elə bil ürəyimdən keçənləri oxudu:

- Qocaların yıxılması ayıb deyil, ancaq cavanların yanında yıxılmaq ayıbdı.

Sonra bığaltı qımışa-qımışa inamlı səslə əlavə etdi:

- Mən də acıxdan yıxılmayacağam!

Keçiddə satılan kitablara göz gəzdirdi:

- Mənim kitablarım heç qalmır.

İlahi, bu kövrək, asta səsdə necə sevinc varıydı! Bu sözləri deyəndə gözləri necə də işıqlandı.

Kimsə salam verdi:

- Axşamınız xeyir, Osman əmi.

- Aqibətin xeyir. Hə... nətəyirsən? Güləşə bilərsənmi?

Salam verən adam gülə-gülə uzaqlaşdı. Şair üzünü mənə tutdu:

- Tay-tuşlarım arasında dirədöymədə, güləşəngidə qabağıma çıxan yoxuydu. İndimə baxma. O vaxt yaman cəldiydim, qayış kimi oğlanıydım.

- Osman qağa, Səməd Vurğunun güləşməklə arası necə idi?

- Elə şey əlindən gəlməzdi. Hərdənbir onu dartışdıranda deyərdi ki, sən canın, aralan. Mənnən işin olmasın.

Fəvvarələr bağına çatanda Günəşin son şüaları daşda bərq vururdu. Fəvvarədən ətrafa sıçrayan damcılar elə bil nuruydu. Qumrular öz gözəlliklərindən həzz ala-ala çimişirdilər.

- Yoruldum, deyəsən səni də yordum. Bir az da burda oturaq. Nəfəsimi dərim.

Oturduq. Yadıma məşhur qoşmasından bir bəndi düşdü:

Dolama yollarla çıxanda atım,

Könlümtək açıldı qolum-qanadım.

Tutanda meşəni şirin bayatım,

Səsimə səs versin bülbüllər dedim.

Gidi qocalıq. Dolama yollarla gedən atlı idi üç yüz addım getməmiş yorulub nəfəsini dərir.

- Osman qağa, yəqin Dağlıq Qarabağ hadisələri haqqında eşitmiş olarsınız?

- Eşitmiş olarsınız, deyəndə, qəzetdən-zaddan oxumuşam. Qonşuluqda yaxşı iş tutmayıblar. Gərək dalaşanda da elə dalaşasan ki, barışmağa üz qoyasan.

- İndi arxivlər açılır. 37-ci il hadisələri barədə çox yazılır. Sizin fikriniz?

- Açılır deyəndə örtülü nə var ki? Çıxan yazıları da oxuyuram. Ordan-burdan da eşidirəm. Bir tələsiklik görürəm bu yazılarda. Mənə elə gəlir ki, kimisə günahlandırmaqda, kiməsə bəraət qazandırmaqda çox tələsirlər. Səməd yaxşı deyib: “Qılınclar toqquşub iş görən zaman, neylər söylədiyin quru bir vicdan”. Yüz ölçüb, bir biçmək lazımdır. Unutmaq olmaz ki, samanı zaman satdırır.

Fikirləşdi, yəqin deyəcəyi sözləri ölçüb-biçmək istədi.

- Ağır vaxtlar idi. Hamı bir-birindən qaçırdı. Söhbətdən çəkinirdi. Söhbət vaxtı, axı, ya gərək təsdiq edəsən, ya da inkar. Hər iki hal təhlükəli idi. Elə bir zamanaydı ki, hətta rusu da pantürkist adıyla Sibirə sürürdülər. “Öldü Portuqalov, öldü qarlı-boranlı bir gündə. Öldü bir az orda, bir az burda, bir az sürgündə”. Nə deyim. Yenə deyirəm, samanı zaman satdırır. Dur gedək.

Ayağa duranda əlavə elədi:

- Bəxtiyar gəlmişdi. Vilayəti çoxdandı görmürəm. Vidadi Babanlını deyirəm, sağ olsun, baş çəkir tez-tez.

Dünya görmüş bir qocanın gileyidi bu. Mən dedim:

- İsa Hüseynovun da 60 yaşı tamam oldu.

- Mustafa müəllimin oğlununmu? Nə tez? Yaxşı ziyalıydı Mustafa müəllim. Mənnən də mehribanıydı. Günah İsanın özündədi. Bildirsəydi, 60 yaşına bir şeir yazardım.

“Araz” kinoteatrının tininə çatanda ayaq saxladı:

- Sağ ol, oğul, burdan o yana tək gedəjəm. Ancaq yadında saxla:

Samanı zaman satdırır,

Özü də yaman satdırır.

# 4536 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #