Hekayələrini satırdı - ANIM

Bu gün tanınmış fantast yazıçı Namiq Abdullayevin (1928-1992) anım günüdür. Kulis.az bu müansibətlə onun haqqında yazını təqdim edir.  

 

Gözəl insan, fantast yazıçı Namiq Abdullayev 1988-ci ilin sentyabrında evsizlikdən, çarəsizlikdən yazıçıların Şüvəlandakı Yaradıcılıq Evinə gəlib çıxmışdı. Mən də burda işləyirdim. Onu hələ əvvəllərdən tanıyırdım. Yaradıcılıq Evinin direktoru, hamının əsl ziyalı kimi hörmət elədiyi Əli Həsənov ona köhnə korpusda bir otaq ayırdı. Namiq müəllimin dost-tanış evində, dənizqırağı oturacaqlarda, vağzallarda, zirzəmilərdə, bağ evlərində, bir sözlə, təsadüfi yerlərdə keçən əzablı gecələri, nəhayət ki, sona yetmişdi. Heç olmasa, indi bir tikə yeməyə çörəyi, gecələməyə yeri vardı.

 

O, Yazıçılar İttifaqının üzvü olmadığı üçün hər an Yaradıcılıq Evindən çıxarılacağından qorxurdu. Orda-burda qalmaqdan, qovulmaqdan bezmişdi. Həm də ki, yaş, daha o yaş deyildi, 60-ı haqlamışdı. İlk aylar Yazıçılar İttifaqının üzvü olan qələm sahiblərinin adına Namiq müəllim üçün yollayışlar yazıb vəziyyətdən çıxmalı olurduq.”

 

Yuxarıdakı sətirlər tanınmış jurnalist Qorxmaz Şıxalıoğlunun yazıçı Namiq Abdullayevə həsr etdiyi “Qanunsuz adam” yazısındandır. Yazını oxuduqca kifayət qədər intellektual, savadlı və istedadlı qələm adamının faciəsini içindən keçirməyə bilmirsən. Namiq Abdullayevin faciələrlə dolu həyatı, əzablı ömür yolu hökmən insanı ən həssas nöqtəsindən vurur.

 

Dostlarının hələ də sayğıyla andıqları Namiq Abdullayev...Uzun illər nüfuzlu təşkilatlarda çalışmış, fəaliyyətinə ingilis dili müəllimi kimi başlayıb, peşəkar yazıçı kimi davam edən, ömrünün sonlarını səfil-sərgərdan yaşayan və şayiələrə görə yüksək dozada içki qəbulu nəticəsində dünyasını dəyişən, həyatı macəralarla dolu fantast yazıçı...

 

Abdullayev Namiq Ələkbər oğlu 1928-ci il martın 3-də Azərbaycanın Xızı rayonundakı Darzarat kəndində anadan olub. Orta məktəbi Siyəzən rayonunun Xişkədar (indi Şabran rayonuna daxildir) kəndində qurtarıb (1947). Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində ali təhsil alıb (1948-1952). Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi işləyib (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində məsul buraxıcı, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışıb (1961-1988).
 

Ədəbi fəaliyyətə 1950-ci illərdən başlayıb. Onun fantastik hekayələri, povest və nağılları “Göyərçin”, “Pioner” jurnallarında, “Azərbaycan pioneri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində müntəzəm çap edilir. “Tərs gün” və “Giberlandiya” pyesləri Sumqayıt, Lənkəran və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulub (1987). “Sehirli oğlan” (1960), “İtirilmiş dünya” (1962), “Balaca Kiberin macəraları” (1966), “Gecələr uzanaydı” (1980), “Piyada vəzirə çevrilir” (1987) kitabları kütləvi tirajla nəşr olunub.

 

Əyalətdən paytaxta...

 

Həyatın sürprizləri və qeyri-adi oyunları Namiq Abdullayevdən heç vaxt yan keçməyib. Atası repressiya qurbanlarındandır. 1937-ci ildə həbs olunub və güllələnib. Anası Nərgiz xanım onu çox çətinliklə də olsa böyüdüb, təhsil almasına şərait yaradıb. Yazı-pozuya, ədəbiyyata marağı olsa da, ali təhsilini tamamlayıb doğulduğu rayona anasının yanına qayıdıb. Tələbəlikdən ədəbi fəaliyyətlə məşğul olsa da, paytaxtda qalmağı yox, rayona qayıdıb anasına həyan olmağı, ingilis dili müəllimi kimi çalışmağı üstün tutub.

 

8 il doğulduğu rayonda nümunəvi xarici dil müəllimi kimi şöhrət qazanıb. Eyni zamanda dövri mətbuatda çap olunan hekayələri onun ədəbi çevrədə tanınmasına şərait yaradıb. Məhz istedadlı və intellektual qələm adamı olduğu üçün, onu Bakıya, “Uşaqgəncnəşr”ə dəvət edirlər. Amma müəllimlik həyatı, doğma rayonunda keçirdiyi təlatümsüz illər Namiq Abdullayevin həyatında daha işıqlı, daha sakit illər hesab oluna bilər.

 

Çünki Siyəzəndə yaşadığı illərdə o nümunəvi müəllim, nümunəvi ailə başçısı, nümunəvi ata kimi tanınırdı. Həyatın sərt sınaqları, amansız zərbələr isə onu qarşıda, yazıçı taleyinin çəkib gətirdiyi paytaxtda gözləyirdi.

 

Bakı həyatı onu tərtəmiz dəyişir və Namiq Abdullayevin faciələri başlayır. O qısa müddət sonra ailəsindən ayrılır və dağınıq, intizamsız həyata başlayır.

 

Həyat yoldaşı Firəngiz xanımın yazar Oktay Hacımusalı ilə müsahibəsindən:

 

“Hamımız (Namiq Abdullayevin şagirdləri - C. C) ona valeh idik. Təbii ki, mən də... Amma bundan nə mənim, nə də onun özünün xəbəri var idi. Həm də biz yerli idik. Tale belə gətirdi ki, mən onuncu sinfi bitirməmiş Namiq müəllimin anası mənə elçi gəldi. Planlarım vardı, oxumalı, sənət sahibi olmalı idim. Belə xəyallarla yaşadığım bir anda mənə elçi gəldi. Mənim qaynanam rəhmətlik Nərgiz xanım gəlib məni atamdan istəyəndə bildirdi ki, narahat olmayın, qızımız təhsil də alacaq. Biz onu oxutduracağıq da. Oxumaq istəsə biz onun qarşısını kəsməyəcəyik. Əksinə şərait yaradacağıq ki, o, ali təhsil alsın.

 

May ayında elçilər gəldi, noyabr ayında biz Namiq müəllimlə ailə həyatı qurduq və bir qızımız oldu, Ədibə xanım. Ədibə xanım indi elmlər namizədidir. Daha sonra Tünzalə xanım dünyaya gəldi. O da o zamanlar Azərbaycan Dövlət Universitetinin (indiki BDU - nun) tarix fakültəsinə daxil oldu və oranı bitirdi. On ildən sonra bir oğlumuz dünyaya gəldi: Ələkbər(Hazırda Fransa vətəndaşıdır - C.C. ). Həmin dövrdə mən təhsil alırdım, artıq Siyəzəndən Bakıya köçmüşdük. Çətinliklər var idi, bütün ailənin qayğıları mənim üzərimdəydi”.

 

Amma bu sevgi dolu xatirələrin içərisində bir az giley, narazılıq, nisgil var. Firəngiz xanım da Namiq Abdullayevin Bakıya gəldikdən sonra həyat tərzinin çətinləşdiyini deyir. Və ailənin ağır durumda olması yazıçını bir o qədər də narahat etmir. Firəngiz xanım danışır: “Namiq Abdullayev ailə üçün mənəvi cəhətdən çox əvəzolunmaz bir insan idi. Amma sırf maddi cəhətdən bizim üçün çox çətin idi. O yükü də mən çəkməli oldum.

 

...Adi yanaşırdı hər şeyə. “Mən nə böyük iş görürəm? Mən sadəcə yazıram” – deyə yanaşırdı hər şeyə. Onu da tanıyanlar da bilirlər, geyimində də, hərəkətlərində də adi bir adam idi. Namiq Abdullayev üçün əgər mən paltar almasaydım, illərlə onun yadına da düşməzdi. Heç fərqinə də varmazdı. O, belə bir insan idi. 
 

Onunla təmasda olan insanların hamısı üçün o, böyük bir məktəbdir. Şəxsən mənim formalaşmağımda Namiq Abdullayevin böyük rolu olub. Və mən bunu heç vaxt da itirmərəm. Amma mənim şəxsi həyatıma gəldikdə isə çox çətin olub mənim üçün. Sonralar qayınanama gündə yüz dəfə rəhmət oxudum ki, nə yaxşı ki, mənə şərait yaradıb ali təhsil almışam. Ailəmi saxladım, uşaqlarımı böyütdüm. O, bütün bunların fərqində deyildi, “belə də ola bilər” – düşüncəsi ilə yaşayırdı”.

 

“...bir az tək qalmalıyam”

 

Ömür-gün yoldaşı gizli də olsa narazılığını dilə gətirir, Namiq Abdullayevin ailə-məişət problemlərinə biganəliyindən, onun laqeydliyindən gileylənir. Qəribədir ki, Namiq Abdullayevi tanıyanlar onun faciələrində həyat yoldaşının, ailəsinin payı olduğunu düşünür. Amma böyük qızı Ədibə xanım bu fikirlərlə razılaşmır: “Cəmiyyətdə yanlış bir təsəvvür yaranıb ki, guya Namiq müəllimdən ailəsi imtina edib. Amma əslində Namiq müəllim özü gedirdi hər dəfə. Onun öz aləmi var idi və o, öz aləminə qapanmışdı. Onun o dərəcədə içkiyə aludə olmasının səbəbi də məhz bu idi. O, içkili ikən o aləmə gedib düşürdü. Namiq müəllimin altı aylarla  yoxa çıxdığını biz bilirik. Sonra yenə qayıdırdı. Yenə biz onu qəbul edirdik. Sonra yenə eyni hal... Özü də deməmiş yoxa çıxırdı. Səhər işə getmək adı ilə gedirdi və qayıtmırdı. O zaman mobil telefon yox idi, əlaqə saxlaya bilmirdik. Məcbur olub iş yerinə gedirdik. Görüşürdük. Hər dəfə də eyni sözlər: “Mən bir az tək qalmalıyam”. Səkkizinci – doqquzuncu gedişindən sonra getdi və bir daha da biz onu görmədik”.

 

Qadınsızlıq

 

Ailəsi də, yaxın dostları da etiraf edir ki, Namiq Abdullayev heç zaman gözəl qadınlara biganə olmayıb. Və maraqlıdır ki, həyat yoldaşı da bunu sakit qarşılayırmış. Ancaq tamamilə tənha qaldığı vaxtlarda ona ən çox qadınsızlıq, qadın qayğısından kənarda qalmaq əzab verirmiş. Yazıçı Əjdər Ol ona həsr etdiyi “Yazıçı Namiq Abdullayevin axırı” hekayəsində bu məqamları çox ustalıqla qələmə alıb.

 

“...Namiq müəllim hərdən qadın nəvazişinin həsrətini çəkirdi. Bir az da çılpaq desəm, könlü qadın istəyirdi. Deyirdi ki, gərək kişinin bədəninin bütün üzvləri eyni vaxtda qocalsın. Əgər özünü kişi kimi fəal hiss edirsənsə, qoca görkəmin istəyini dilə gətirməyə mane olursa, bu dəhşətdir.
 

“Bir səhər obaşdan kişi yanında yatan qadının hənirtisinə yuxudan ayılır. Qadın yataqdan durub vanna otağına keçir. Yarıyuxulu kişi mələfənin üzərində qadının bədən izlərini görür, hətta yataqda xoş ətir də duyur. Hava soyuq olduğundan ləzzətlə yorğana bürünüb ehtirasla qadını gözləməyə başlayır. Ancaq gözlədiyi gəlib çıxmır. Axırda kişi yerindən durub qadının dalınca gedir. Vanna otağında onu tapmır. İşığı sönmüş mətbəxdə də heç kəs yoxdur. Bəlkə qadın çölə çıxıb? Kişi əlini qapının dəstəyinə atanda yuxudan tam ayılır. Qapı içəridən bağlıdır. Axı, içəridə başqa kim ola bilərdi?! O ki, tək yaşayırdı.”
 

Bu əhvalatdakı Namiq müəllimdir. Qadınsız yaşayan kişinin belə illüziyaları olmalı idi”.

 

“Hekayələrini satırdı”

 

Ömrünün sonlarını tək-tənha və dostlarının maddi dəstəyi ilə yaşayan Namiq Abdullayev yaradıcılığına qarşı da olduqca biganə imiş. Onun bəzi əlyazmalarının oğurlandığını, itdiyini deyirlər. 20 illik dostu Qorxmaz Şıxalıoğlu isə Namiq müəllimin hekayələrini satdığını yanğıyla yazır: “...Bir faktı da açıqlayım ki, pulsuz günlərində təzə yazdığı hekayələrini amansızcasına (bunu başqa cür ifadə edə bilmədim) satırdı. Nə az-nə çox - 40 manata. Yenə əvvəlki sözümə qayıdıram. O böyüklükdə istedad sahibi özünü sadəlövh uşaq kimi aparırdı...”

 

“Zaberi moyu jenu...”

 

Ömrünü bu cür səfalət və tənhalıq içərisində keçirsə də onun fantastik düşüncəsinə, savadına və intellektinə çoxları heyran imiş. Qorxmaz Şıxəlioğlu yazır: “ Bir payız gecəsi Yaradıcılıq Evinin həyətindəki kafedə 4 nəfər - Namiq müəllim, mən və Ukraynadan gələn ər-arvad “möhkəm” məclis qurmuşduq. Ədəbiyyat və incəsənətdən başlayan söhbətimiz (Edqar Po, Dostoyevski, Hemunquey, Salvador Dali, R.Bredberi, A.Əzimov, Eynşteyn və b.) ulduzlar, qalaktika mövzusuna gəlib çıxdı.

 

Qalaktika sanki Azərbaycanın fiziki xəritəsi idi, Namiq müəllim də coğrafiya müəllimi. O elə bil ki, qarşısında açılmış bu xəritəyə baxa-baxa danışırdı. Adam özünü sanki ulduzların içində hiss eləyirdi.
 

Qonaqlar söhbətdən xumarlanmışdı və ulduzlar aləminin sehrində üzürdülər. Gözləri heyrətdən alacalanmış qonaq birdən Namiq müəllimin qolundan tutub həyəcanla dilləndi:
 

- Zaberi moyu jenu, na noç naslajdaysya (Götür mənim arvadımı, bir gecə rahatlan).
 

Bizim üçün əxlaqi çərçivələrə sığmayan bu sözlərdə, əslində çox təmiz və əxlaqlı bir adamın Namiq müəllimin yüksək savad və biliyinin qarşısında öz minnətdarlığını tam ifadə edə bilməmək qorxusundan başqa bir şey yox idi.”

 

Bu qeyri-adi insan haqqında yazılan bütün yazılarda, danışılan bütün xatirələrdə onun intellektinə heyranlıq, istedadına sayğı hiss olunur. Dostları onun faciəsini nə qədər yanğıyla dilə gətirsə də, yazsa da onun yaradıcı insan kimi böyük istedadı təsəllidir. Bütün dostları, ailəsi və tanıyanlar deyir ki, o ömrünün sonlarında həddindən artıq çox içirdi. Ölüm səbəbini də yüksək miqdarda içki qəbul etməsiylə bağlayırlar.

 

1992-ci il sentyabr ayının 22-də dünyasını dəyişən, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Namiq Abdullayev haqqında yazını, yaxın dostu Qorxmaz Şıxalıoğlunun xatirələri ilə tamamlayıram:

 

“ Hörmət etdiyi adamın çiy bir sözü, soyuq bir hərəkəti o dəqiqə qəlbinə dəyərdi. Belədə çalışardı ki, bunu büruzə verməsin, ancaq bacarmazdı - rəngi dəyişərdi. Tez bir söz tapıb həmin adamın bilərəkdən, ya bilməyərəkdən dediyini rəndələyərdi. Belə xırdalıqlara görə dostdan inciməzdi. Böyük ürəyi vardı. Əkin-biçin adamı taxılın toz-torpağını, qabığını yığmağa xırmanın qırağında yer ayırdığı kimi, Namiq müəllim də savad və qanacaq sarıdan piyada olanlara ürəyində bir künc ayırmışdı. O küncə boylanmağı yox idi, yəni qoy yaşasınlar. Həmişə yaxşı adamlardan, yaxşılıqdan danışardı. Xırda bir yaxşılığı dağ boyda görərdi. Belə ürək yiyəsi idi”

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018