Taksi sürücüsü evinə çörək aparmasın!

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

29 mart 2024
# 14:31

Kulis.az Ulucay Akifin "Taksi sürücüsü evinə çörək aparmasın!" adlı yeni yazısını təqdim edir.

Taksilərlə bağlı yeni qərar qəbul olunub. Qərarın məğzi odur ki, köhnə maşınlara taksi fəaliyyəti göstərmək qadağan ediləcək və ən əsası, hamı taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Nə gözəl!

Amma baxıram, bu qərara etiraz edənlər də çoxdur: "Bəs camaat evinə necə çörək aparacaq?!"

Məncə, Azərbaycan xalqının bədbəxtliyi elə məhz buradan, bu cümlədən başlayır: “Bəs camaat evinə çörək aparmasın?!”

Xoşlayırıq da duyğu istismarını... Çörək, namus, qeyrət, vətən mövzularıyla kövrəltməyi...

Və beləcə, zibilimizi palazımızın altına süpürə-süpürə tozlanırıq.

İndiyə kimi taksi sürücülərinin əlindən dad eləyirdiniz: “Patı çəkənlərin hamısı taksi sürür”, “Qəpiyimizi qaytarmırlar, qəpik götürmürlər”, “Söz atırlar, tərbiyəsizlik edirlər”, “Kartla sifariş verəndə gəlmirlər”.

İndi bu adamların evinə çörək apara bilməməyini dərd edirsiniz?

Çörəyi evlərinə belə aparacaqlarsa, aparmasınlar.

İşini layiqincə görən adamlar, işinin haqqını verənlər evinə çörək aparmalıdır.

Bir-iki il qabaq Təhsil Nazirliyi müəllimlərin imtahanını keçirdi. Camaat buna da etiraz elədi.

Başladılar ki, “Müəllimləri niyə imtahan edirsiniz? Niyə onların imtahan nəticələrini açıqlayıb, alçaldırsınız?”.

Həqiqətən, deməyə söz tapmıram.

Ay müsəlman, sənə görə eləyirlər də. Müəllimləri imtahan eləyirlər, yüksək bal toplayanların maaşı artırılır, imtahandan keçməyənlərə isə “qapı göstərilir”.

Sən istəyirsən ki, uşağına savadsız “müəllimlər” dərs desin?

Ümumiyyətlə, sənin problemin nədir?

Niyə ölkədə nələrinsə düzəlməsini istəmirsən?

“Səhv” sözünü düzgün yazmağı bacarmayan müəllimlərin övladına dərs deməyini istəyirsən?

İstəyirsən, “patı” çəkənlər günlük 20 manata maşın götürüb sürücü işləsin?

“Evlərinə necə çörək aparacaqlar?!”

Aparmasınlar!

Bütün sahələri bu təfəkkürlə məhv eləmişik.

“Yazıqdı, evinə bir tikə çörək aparsın”

Sual verməyi, cümlə qurmağı bacarmayan, dilin normalarını bilməyən adamların "evinə çörək aparır" deyə jurnalist kimi işləməyinə göz yumuruq.

Savadsız “müəllim” evinə çörək aparsın deyə işləməyinə göz yumuruq.

Müştəri ilə necə davranmalı olduğunu bilməyən ofisiantlar evinə çörək apara bilsin deyə işləməyinə göz yumuruq.

Nə vaxta kimi bütün məsələlərə belə yanaşacağıq?

Hara kimi belə gedəcək?

Belə adamlar evlərinə çörək apara bilməməlidirlər ki, düzəlsinlər.

Yoxsa düzəlməyəcəklər.

Sərt olmaq lazımdır.

Almanları, yaponları, nizam-intizamlı və qəddar olmağı bacaran (ən əsası özünə qarşı və öz yaxşılığı üçün) xalqları nümunə götürmək lazımdır.

Yoxsa düzəlməyəcəyik.

Aparmasın, qardaş.

Bu cür adamlar evinə çörək aparmasın.

Elə aparacaqsa, aparmasın.

Layiq olan aparsın.

Hamı gördüyü işin haqqını versin.

Bu, nə vicdan, nə də məsuliyyət məsələsidir.

"Yaxşı insan", "pis insan" məsələsi də deyil.

Bu, dövrün tələbidir.

Kapitalizm, neo-kapitalizm, post-kapitalizm, post-industrializm... Adı hər nədirsə, bu dövrün tələbidir.

İşini bilən, işinin haqqını verən adamlar evinə çörək aparacaq artıq.

Zəif, ağılsız, savadsız, fərəsətsiz, mədəniyyətsiz adamlar evinə çörək apara bilməyəcək.

Mənə əsəbiləşməyin. Bunu mən təşkil eləməmişəm.

Sizə reallığı deyirəm.

Təkcə Azərbaycanda yox, dünyanın hər yerində belədir və daha da sərtləşəcək qaydalar, daha da qəddarlaşacaq dünya.

Güclü olmayanlar məhvə məhkumdur.

# 3406 dəfə oxunub

Oxşar xəbərlər

Britaniyanın "Avroviziya"  təmsilçisi açıqlandı

Britaniyanın "Avroviziya" təmsilçisi açıqlandı

11:10 18 fevral 2026
Başqırdıstanın mədəniyyət naziri saxlanıldı

Başqırdıstanın mədəniyyət naziri saxlanıldı

10:45 18 fevral 2026
"Qurban Qurbanovun açıqlamaları biabırçılıqdır!" - Şəhriyar del Geranidən sərt tənqid

"Qurban Qurbanovun açıqlamaları biabırçılıqdır!" - Şəhriyar del Geranidən sərt tənqid

10:42 18 fevral 2026
9 yaşlı uşaqdan dünya rekordu

9 yaşlı uşaqdan dünya rekordu

10:40 18 fevral 2026
Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

10:09 18 fevral 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

17:54 17 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər