Məşhur rus şairinin şeir yazdığı Azərbaycan qadını

Məşhur rus şairinin şeir yazdığı Azərbaycan qadını
21 may 2013
# 10:39

1988-ci il 22 fevral. Ağdam. İki gün əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin Soveti vilayətin Azərbaycan SSR-dən ayrılmasını və Ermənistan SSR-ə birləşdirilməsini qərara alıb.

Bundan qəzəblənən ağdamlılar etiraz aksiyaları keçiriblər. Bir dəstə gənc 25 kilometrlikdə yerləşən Xankəndinə yürüş edir. Əskərana atanda milis və erməni dəstələri ilə toqquşma baş verir. Nəticədə 23 yaşlı Əli Hacıyev və 16 yaşlı Bəxtiyar Quliyev həlak olur.

Xəbər Ağdama çatanda bütün şəhər ayağa qalxır. Ov tüfəngləri, daş və dəyənəklərlə silahlanmış yerli əhali yük maşınlarına dolub Xankəndinə getmək və birdəfəlik ermənilərlə məsələni həll etmək istəyirlər. Yerli ağsaqqallar, başbilənlər, icra nümayəndələri qəzəbli kütlənin qarşısını almaqda acizdir.

Bu zaman kolxoz sədri Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı, üç dəfə "Lenin" ordeni almış Xuraman Abbasova yük maşınlarından birinin damına çıxıb örpəyini izdihamın qarşısında yerə atır. Onun bu addımından sonra izdihamın qəzəbi soyuyur, kişilər Xankəndinə hücum etməkdən vaz keçirlər.

Xuraman Abbasovanın bu sülhpərvər addımı ölkə daxilində daha çox qınansa da (Bu hadisənin əleyhdarları hesab edirlər ki, əgər Xuraman Abbasova hələ münaqişənin yeni qızışan vaxtında örpəyini atmasaydı kütlə Xankəndinə qədər gedib erməniləri yerində otuzdurar, bundan sonra müharibə də olmazdı.) ölkə xaricində sülh üçün atılmış cəsarətli bir addım kimi qiymətləndirildi.

Keçmiş SSRİ-də isə bu hadisə olduqca müsbət qarşılanır. Hətta sovet şairi Yevgeni Yevtuşenko Xuraman Abbasovanın bu addımından ilhamlanaraq ona “Örpək” adlı şeir həsr edir.

1932-ci ildə anadan olmuş Yevtuşenko keçmiş SSRİ-nin ən böyük şairlərindən hesab olunur. Baltikyanı almanlardan olan həvəskar şair Aleksandr Qanqnusun ailəsində anadan olub. Sonradan anası oğluna öz soyadını verib. 1949-cu ildən dərc olunmağa başlayan şair Stalin sonrası dövrün ən populyar şairlərindən hesab olunurdu. Şairliklə yanaşı roman yazarı, aktyor kimi də tanınan Yevtuşenko dəfələrlə xarici səfərlərlə olmuş, Qərbdə əsərləri dərc olunmuşdu.

Şair hazırda ABŞ-da yaşayır.

Kulis.Az Svetlana Turanın tərcüməsində Yevgeni Yevtuşenkonun “Örpək” şeirini təqdim edir.

Örpək

Qafqazın qəza-qədərindən gəlir bu adət:

Savaş varsa, qırğına atılıbsa əl,

Xeyirxah və nəcib qadın şüuru

Atır ortalığa keçilməz örpək.

Sən də, Ağdamlı Xuraman xanım,

Beləcə çıxartdın öz örpəyini

Göz yaşları içində Yaroslavnatək

Hamı itirdikdə ağıl, vicdanını.

Bu örpək üstündən rəzalətdir atlamaq.

Xəyalıma gəlir: iki erməni bacı

Göz yaşları içində örpəkdə toxuyur

Əsrlərdən gələn iztirab naxışını.

Yəni qardaşlığı qırğında öldürəcəyikmi?

Qan qardaşlarıyıq biz, qan düşməni yox.

Müharibədə axıdılmış iyirmi milyonun

Qanı qardaş edibdir bizi.

Əsgər dostluğu Qafqaz övladlarını

Rus kəlməsi “bratok”la birləşdiribdir!

Və qardaşlıq məzarının palçığı

Zərif ağırlığıyla örpəyi basıb,

Örpək dualarla Vətənə sarılıb

Əskəranda qan davasına mane olaraq

Qurandan, İncildən, bütün dahi kitablardan

Müqəddəs səhifəyə dönübdür.

Sumqayıtın göz yaşlarıyla islanmış örpək

Özü dağ qranitindən də ağır olub

Ağlasa da gizlincə, qoymadı ki,

Bircə damla göz yaşı da qalsın ayaqlar altda.

Nəfəs alırdı sanki canlıtək örpək,

O pıçıldayırdı torpağın köksünə düşüb.

Örpək-torpaq – indi onlar qoşaydı

Mümkünsüzdü atlamaq ikisini birdən.

Bir göz qırpımında toqquşdu aləm,

Bütün göz yaşları, qan və ölü bədənlər.

Amma örpəyi görüb qanı unutdu

Etdiyi hədələr, çəkildi geri.

Qılıncla tən bölünmüş bir örpək

Adi ləçək kimi,

Demək olar, səssizdir.

Ancaq keçilməz örpək

Gözü qan tutmuş kütlənin içinə atıldıqda

Demək olar, divanədir.

Xeyirxahlığın ağlasığmaz dəliliyi –

Bizi xilas edən tək odur.

Xanım, xanım, nə olardı atsaydın

Örpəyini Belfasta, Qəzzaya qədər!

Əfqan şahini itiləyir caynağını

Böyük səhrada al ulduzlu toqqaya.

Ah, keçilməz örpək,

Hər gənc ömrün sərildin sən önünə!

Ah, kaş ki, kosmos bütünlüklə

Rusiya ilə Amerika arasında

Nüvə savaşının keçilməz örpəyi olaydı,

Ölməyəydik heç birimiz!

Xanım, arxayınam sülhün asıldığı o tükə

Qırğına can atan o kütlənin

Qarşısını kəsən keçilməz örpəkdə

Bizə pıçıldayırdı erməni dilində

Sənin dən düşmüş azərbaycanlı saçın!

P.S. Anarın Yevgeni Yevtuşenko haqqında yazısını burdan oxuya bilərsiz.

# 4786 dəfə oxunub

Oxşar xəbərlər

Tövbə yolunu göstərən sənətçi - Nəriman Əbdülrəhmanlı

Tövbə yolunu göstərən sənətçi - Nəriman Əbdülrəhmanlı

09:00 20 dekabr 2024
Füzuli sözünün sadə anlamı - Tərlan Quliyev

Füzuli sözünün sadə anlamı - Tərlan Quliyev

16:11 19 dekabr 2024
Yazmaq kimə və nəyə lazımdır?

Yazmaq kimə və nəyə lazımdır?

09:00 18 dekabr 2024
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
# # #