Narkomanların və bomjların məkanı- rus qəbiristanlığı REPORTAJ

Narkomanların və bomjların məkanı- rus qəbiristanlığı REPORTAJ
17 yanvar 2013
# 08:15

Rus qəbiristanlığı “Yasamal Dağüstü -1” qəbiristanlığına daxildir. “Yasamal Dağüstü -1” qəbiristanlığının içərisi ilə “Azərbaycan” nəşriyyatından Badamdara gedən yolun qurtaracağında, yolun sol tərəfində baxımsız və səliqəsiz... Uzun müddətdir ki, “Yasamal Dağüstü -1” qəbiristanlığının bu baxımsız hissəsində Bakıda yaşayan və burda dünyasını dəyişən rus əsilli vətəndaşlarımız dəfn olunur. “Yasamal Dağüstü -1” qəbiristanlığında bir neçə dəfə olsam da, Rus qəbiristanlığının yerini dəqiq bilmirdim. Daha doğrusu yanından dəfələrlə keçsəm də diqqətimi çəkməmişdi. Qəbiristanlığın Badamdar tərəfindəki girişində böyük “Mərasim zalı” və gül dükanları var. Gül dükanlarının birinə yaxınlaşıb qəbiristanlığın yerini soruşanda üzümə elə qəribə-qəribə baxdılar ki, bir anlıq duruxdum. Başa düşdüm ki, izahat vermək vacibdir. Jurnalist olduğumu, gəlişimin məqsədini izah edəndən sonra laqeyd şəkildə rus qəbiristanlığının girişini mənə nişan verdilər. Qərənfil satanların qırımından anladım ki, rus qəbiristanlığı ilə çox nadir hallarda maraqlanan olur. Laqeydliklərindən isə burdakı qəbirlər üçün gül alanların olmadığı bəlli olurdu.

Baxımsızlıq və natəmizlik...

Geniş və rahat bir giriş tapa bilmədiyim üçün, darısqal girişlərin birindən, dar və əyri-üyrü yollarla qəbiristanlığın içərisinə doğru irəliləyirəm. Elə girişdəcə natəmizlik, baxımsızlıq “göz çıxarır”. Girişi əməlli başlı zibilliyə çeviriblər. Qalaq-qalaq zibil yığınının altından hansısa rus mərhumun məzar xaçı kədərli-kədərli boylanır. Bir az kənardakı məzarın üstündə fəhlə paltarları atılıb. Pivə, araq şüşələri isə sanki bəzək aksesuarıdır. Az qala hər məzarın üstündə bir neçə şüşə atılıb. Məzarların arasındakı cığır o qədər darısqaldır ki, ikinci adamın bu cığırla gedə bilməsi qeyri mümkündür. Əksər məzarların üstündə dəmir xaç olsa da xalqımıza məxsus dəbdəbəli, nəhəng başdaşı ənənəsi ruslarda da var. Sovet dövrünə aid dəbdəbəli və nəhəng başdaşlarına burda tez-tez rast gəlmək mümkündür. Hətta Gəncənin Səbizkar qəbiristanlığında rast gəldiyim sərdabələrə bənzər qəbirlər də diqqətimi çəkdi. Hiss olunur ki, qəbiristanlıq və dəfn məsələsində Bakı ruslarını bizdən fərqləndirən yalnız dini prosedurlardır. Yoxsa məzarların dəbdəbəsi də, ölçüsü də bizdən geri qalmır. Qərənfil satan Elxan adlı cavan oğlan danışır ki, ruslarda qəbir üstünə gəlmək adəti yoxdur. “Mən iki ildi burda gül satıram, amma rus qəbiristanlığına ziyarətə gələn cəmi 2-3 adam görmüşəm. Ya rusların belə adəti yoxdu, ya da burda dəfn olunan ruslar kimsəsizdir. Bir az yuxarıda müsəlman qəbiristanlığıdır. Hər gün onlarla adam ziyarətə gəlir. Mollaların baş qaşımağa vaxtı yoxdur. Amma rus qəbiristanlığı həmişə boş və kimsəsizdir.”

Rusların dəfn adətləri

Rus qəbiristanlığında provaslav keşişlər dua oxumaq üçün yığışmır. Rusların dəfn adətləri barədə danışmaq üçün məcburən molla axtarıram. Rusların dəfn qaydalarından demək olar ki, heç bir mollanın anlayışı yoxdur. Əksər mollaların qəribə də olsa, müsəlmanların dəfn qaydasından da anlayışı yoxdur. Güc-bəla ilə normal savadı olan bir molla axtarıb tapıram. Müsəlman qəbiristanlığında mollalıq edən 75 yaşlı Məşədi Əsban kişi deyir ki, ruslarla bizim bir çox dəfn adətlərimiz oxşardır. “Ruslar da ölünü üzü cənuba uzadır, üzərinə matəm rəmzi olan qara parça örtür, sinəsinə isə güzgü qoyurlar. Amma onların güzgü qoymaq adəti fərqlidir. Azərbaycanlıların və rusların mərhumla bağlı bir-çox adətləri bir-birinə uyğun gəlir. Məsələn, mərhumun əllərini sinəsində çarpazlaşdırmaq, çənəsini sarımaq, bədənini çəkib-düzəltmək və s. Güzgü məsələsi bayaq qeyd etdiyim kimi, fərqlidir. Ruslar ölünün üstünə qoyduqları güzgüləri parça ilə örtürlər. Bizdən fərqli olaraq ruslar ölülərini tabutla dəfn edirlər. Ruslarda da ölünü yumaq adəti var. Ancaq ruslar dəfn vaxtı tabutu kəndirlə qəbirə endirdikləri üçün qəbirin içərisinə düşməyə ehtiyac qalmır. Onların da öz duaları var və dəfn vaxtı onlar da dua oxuyurlar”.

Məşədi Əsbanla sağollaşıb, yenidən qəbiristanlığa qayıdıram. İçəriyə doğru getdikcə natəmizlik və baxımsızlıq daha çox gözə çarpır. Qərənfil satanların dediyinə görə rus qəbiristanlığı narkomanların və bomjların sevimli məkanıdır. Burda heç kəs onlara mane olmadığı üçün rahatca öz işləri ilə məşğul ola bilirlər.

# 3595 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #