Anar Ekodan danışanda

Anar Ekodan danışanda
13 noyabr 2012
# 11:53

İki gün bundan qabaq yazıçı Anar bir qəzet
məqaləsi yazıb, Orxan Pamukun romanları, müsahibələri və şəxsiyyəti haqqında düşüncələrini paylaşıb. Məqalənin əvvəllərindəcə bir “Orxan Pamuku bəzən türk Umberto Ekosu adlandırırlar, məncə bu da düz deyil” girişilə Umberto Ekonu da məqaləsinə qarışdırmağa başlayıb. Məqalə boyu dəfələrlə U.Ekonun adını hallandırıb. Ancaq U.Ekonu yanlış tərcümə və şərh edib, öz ədəbi baxışlarına və ictimai mövqeyinə güc-qüvvət vermək və effekt qazandırmaqdan ötrü U.Ekodan açıq-aşkar sui-istifadə edib.

Məqalədən belə görünür ki, yazıçı Anarın gözündə postmodernizm sözü artıq bir qulyabanıdır.

U.Eko postmodernizm fəlsəfəsinə və postmodern bədii ədəbiyyata ciddi töhfələr vermiş yazıçıdır. Çünki həmişə hər hansı sahədə hər hansı cildə girmiş totalitar düşüncə ilə savaşıb, dünyanı, insanları, sənəti ağa və qaraya, yuxarılara və aşağılara bölən binar məntiqlə mübarizə aparıb. Anar və U.Eko bir-birinə zidd sosial fəlsəfələrin, bir-birilə yola getməyən ictimai mövqelərin daşıyıcılarıdır.

Bunu Anarın yeni məqaləsi daha aydın göstərir. Məqaləsində Anar U.Ekonu tərifləmək üçün qollarını çırmayır, lakin U.Ekonun mənfi qəhrəmanını – Xorxeni tərifləmiş olur. Məsələn, məqalədən bir iqtibas:

“Umberto Ekonun “Qızılgülün Adı” romanından məni heyrətləndirən bir sitat da gətirim: “Elə vaxt gələcək ki, – deyə Xorxe yenidən danışdı – qanunsuzluq yayılacaq, oğullar valideynlərinə əl qaldıracaq, arvadlar ərlərinə xəyanət edəcək, ər arvadını hakimlərin qarşısına çıxaracaq, ağalar öz təbəələrilə insafsız davranacaq, təbəələr ağalara itaət etməyəcək, böyüklərə hörmət qalmayacaq, yetkinləşməmiş gənclər hakimiyyət tələb edəcək, iş, əməl faydasız, zəhlətökən bir şeyə çevriləcək, hər tərəfdə günahın, qüsurun, bütün əxlaq qaydalarının pozulmasının şərəfinə mahnılar oxunacaq”.

Bu fikir məni təkcə o romanda sanki postmodernizm estetikasının ifadə olunması və bütün bu deyilənlərin zəmanəmizin həqiqətlərinə tuş gəlməsi ilə deyil, həm də bu mətnin qədim “Oğuznamə”lərin birində ailə bağlarının qırılması, yaş iyerarxiyasının pozulması, hakimiyyət hərisi olan “südəmər” gənclərin hərcimərclik və qanunları tapdaması haqqında şikayətlərilə tam eyniliyiylə heyrətləndirdi.”

Anarın Xorxenin sözlərindən çıxardığı əqli nəticə, həmin sözlərə görə romanının postmodern estetikasını şübhə altına alması, üstəlik, Xorxenin sözlərini Ekonun və “Qızılgülün adı” romanının əsas mesajları kimi təqdim etməsi nə qədər ədəbiyyatsızdır!

Mən o romanı oxumayanlara iki daşın arasında bu ədəbiyyatsızlığın nədə olduğunu çatdırmaq istəyirəm: Deməli, U.Ekonun “Qızılgülün adı” romanında bir qaşıdurma təsvir olunur. Bir tərəfdə şər qüvvə Xorxedir. Xorxe monastır kitabxanasını altına yığıb oturub, gülməyi qadağan edib, Aristotelin kitabını gizlədib, vərəqlərini də zəhərləyib, kim o kitabı tapıb oxumaq, həqiqətə, fəlsəfəyə çatmaq istəsə, zəhərlənib ölür, xristian sxolastika sistemi ənənələrini necə varsa elə qoruyub saxlayan, yenilikdən hürkən, dünyəviliyə, gəncliyə, biliyə nifrət edən, həm fiziki baxımdan, həm də gələcəyə qarşı kor olan bir adamdır. Xorxeyə qarşı duranlar isə monastırın bütün üzvləridir, ağıllı araşdırmaçı Vilyamdır (orijinalında adı: Guglielmo da Baskerville), onun gənc köməkçisi Adsodur. Bu gənclər qoca Xorxeyə qarşı tənqidi zəkanın köməyilə mübarizə aparıb sonda qalib gəlirlər.

U.Eko yazıçıdır, Xorxenin xarakterini yaratmaq üçün onun dilindən danışanda yuxarıda Anarın sitat gətirdiyi tipli cümlələr deyir, onun dililə gəncləri gələcəkdən və fərqli düşünüb fərqli yaşamaqdan qorxudaraq çəkindirir. Yazıçı U.Eko qoca cinayətkar Xorxeyə qarşı duran qüvvələrin dilindən danışanda isə həqiqətə, biliyə, yeniliyə can atmanın vacibliyi haqqında cümlələr qurur. Məsələn, Xorxenin dilindən Anarın sitat gətiriyi cümlələri yazandan sonra ona qarşı duran yenilikçi qüvvələrin dilindən də belə cümlələr deyir Eko: “İnsan öz mülahizələrinin qulu olmamalı, istənilən həqiqəti dəyişməyi öyrənməlidir. İnsanları sevən hər kəsin onlara həqiqətə gülməyi öyrətmək öhdəlikləri olmalıdır, bu öhdəliklərə həqiqəti güldürmək də daxildir, çünki yeganə möhkəm həqiqət – vahid həqiqətə olan qeyri-sağlam ehtirasdan xilas olmağın gərəkliyidir.”

Bir-birinə qarşı duran iki həqiqət problemindən biri (Xorxenin mövqeyi) – yenidən baxılmaq üçün nəzərdə tutulmayan, bir dəfə və qəti tərtib olunan həqiqətdir. O, dünyanın bütün biliklərini altına yığıb, onları başqalarına ötürmür, bölüşmür. Ona görə də Vilyam romanda ona belə deyir: “Səni aldadıblar… İblis – ruhun təkəbbürüdür. Bu, təbəssümsüz inancdır. Bu, şübhəyə qapalı olan həqiqətdir.” Müsbət obraz Vilyama görə, həqiqət – hərəkətdir, nöqteyi-nəzərlərin dəyişməsidir, yeni naminə köhnə həqiqətdən imtinaya daim hazır olmaqdır. Vilyam üçün kitabxana köhnə bilikləri saxlayan, yenini yaratmayan qapalı saxlanc deyil. Kitabxana – hamıya açıq biliyin əmələ gəlməsi üçün, yeni ideyalar, yeni oxumalar doğurmaq üçün olan yerdir. Vilyam təhlilin rəmzidir. Mənfi qəhrəman Xorxe isə ehkamın rəmzidir. Bütün dünya bu romanda monastırdakı cinayətləri açan işıqlı, bilikli insanların qələbəsinə sevinir. Anar isə cinayətkar Xorxenin cümlələrini başının üstünə qaldırır.

Anar bu romanda yazıçı U.Ekonun qaranlıqlar, ehkamlar dünyasını təmsil etmək üçün yaratdığı Xorxe obrazının dilindən deyilən ürküdücü deyinmə cümlələrini Ekonun və “Qızılgülün adı” romanının öz mövqeyiymiş kimi qələmə verir. Bu ona oxşayır ki, Anarın öz mənfi qəhrəmanlarının, məsələn, “Otel otağı”ndakı Çopur Cabbarın və ya “Macal” povestindəki Şövqinin dediklərini həmin əsərlərin çatdırmaq istədiyi əsas fikir və müəllifin mövqeyi kimi adlandırasan. Bunu bir təcrübəli yazıçıya demək ehtiyacının yaranması çox qəribədir.

Daha sonra Anar U.Ekonun məqaləsindən sitat yazır:

“Postmodernizm – modernizmə cavabdır. Madam ki, keçmişi yox etmək olmur və ya onun məhv edilməsi heçliyə gətirib çıxarır, o zaman onu yenidən ironiya ilə şəbədəyə, lağa qoyaraq təqdim etmək lazım gəlir”.

U.Ekonun bu cümləsinin istər orijinal italyancasına, istər ingiliscəsi, istərsə də ruscasına baxsanız, onu Anarın Azərbaycan dilinə səhv tərcümə etdiyini görərsiniz. Keçmişin tamamilə məhv edilməsi heçliyə gətirmir, U.Eko yazır, madam ki, “lallığa gətirir, o zaman onu yenidən, bu dəfə ironik, sadəlövh olmadan dərk etmək gərəkdir.” Lallıq sözü də U.Ekonun məqaləsində Modernizm rəssamlığı kontekstində işlənir…

Anar daha sonra postmodernizmdən çox uzaq olan söhbətlərlə onu təyin etməyə girişir, belə çoxlu lazımsız, yanlış cümlələr yazır: “Əgər postmodernizm parodiyalaşdırmaq, klassik mətnlərin istehzalı şəkildə aşağılanmasıdırsa…”

# 8888 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #