Bədbəxtliyimdən doyunca ləzzət almağa çalışırdım – BİRCƏNİN ROMANI

<b>Bədbəxtliyimdən doyunca ləzzət almağa çalışırdım – <span style="color:red;">BİRCƏNİN ROMANI </b>
13 aprel 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Maşın kəndin arasıyla tozanaqlaya-tozanaqlaya şütüyürdü. Yolumuza çıxan, məni tanıyan kənd adamlarının üz-gözündən qəribə bir ifadə oxunurdu, elə bil qara xəbəri azdıra bilmədiklərinə görə məndən üzr istəyirdilər...

Yol boyu gözümün qabağında evimizdə görəcəyim mənzərə yox, ayrı bir tablo canlanırdı. Qaynanamın xalası qızının oğlu keçən il minaya düşüb ağır yaralanmışdı. Doqquz ay Bakıda yatdısa da, sağalmadı. Tahirin iki qızı vardı, nəsildə tək başıpapaqlıydı. Arvadı ta ölənəcən onun yanından aralanmadı. Tahirdən sonra gəlinin bir oğlu oldu. Eşidən-bilən, tanıyan-tanımayan bu uşağın dünyaya gəlişinə çox sevindi, ancaq sevinməyənlər də oldu. Bəziləri gəlinin fələyin əlindən qapdığı paya dodaq büzdü, yazıq qıza şəbədə qoşdular, dedilər Tahir o halda arvadıyla necə yatıb uşaq əkmişdi (mina rəhmətliyin bir qolunu, bir qıçını, başının da parasını alıb aparmışdı).

İndi anam Eminin yaralı olduğunu deyəndə yadıma o gəlinin yaşadıqları düşmüşdü, yol boyu başımı onun macərasıyla qatırdım. Yol da ki qurtarmaq bilmirdi. Sağımız-solumuz maşınla doluydu, hamısı da qırağa çəkilib bizi irəli buraxırdı.

Biz kəndə girəndə günəş dağların arxasına sarı boylanırdı. Seyrək buludlara qan çilənmişdi. Qara don geyib qara yaylıq bağlamış arvadlar kəndin içiylə topa-topa üzü günbatana gedirdilər.

Maşın küçəmizin başına çatanda darvazamızın taybatay açıq olduğunu gördüm. Bir dəstə arvad başılovlu o darvazadan həyətə axışırdı. Arvadların gedişinə baxanda içimdən soyuq bir külək axıb dizlərimə doldu – yerişindən bilinirdi ki, bunlar haya getmirlər, vaya gedirlər.

Maşın qapıda dayandı. Həyətdə adam qarışqa kimi qaynaşırdı. Qovağın altında iynə atsaydın yerə düşməzdi. Baldızımın əri maşının qapılarını açanda elə bildim İsrafilin suru çoxdan çalınıb, qiyamət başlanıb, mən gecikmişəm.

Qabığından çıxan ilan kimi sıyrılıb maşından çıxdım. Ayaq üstə yellənə-yellənə dayanıb bilmədim hankı səmtə getməliyəm. Səsdən, ağlaşmadan eymənmiş Cavid boynuma bərk-bərk sarılıb sinəmdən asılmışdı. Uşağın başı qoymurdu adamları yaxşıca görə bilim.

Mənim gəldiyimdən duyuq düşəndə ağlaşan arvadların naləsi ərşə dirəndi, çığırışma səsindən göyün qulağı tutuldu. Ora-burama əl atıb neçə yerdən özümü çimdiklədim, dedim bəlkə yuxudu, bəlkə ayılam bu qara yuxudan.

O qədər səsin, nalənin içindən bir səs ayrılıb ox kimi qulağıma sancıldı:

- Gəəll, gəəəlll, Emini öldürdün, dincələrsən daha!..

Baldızımın səsiydi.

Önümdə göydən sallanan bir zəncir yellənirdi. Zəncir mənə dəymirdi, mənə çatanda səmtini dəyişib yan ötürdü. Gözlərimin qarşısında halqalar oynaşırdı.

Birdən mənə elə gəldi o zəncirin ucundakı iti qarmaq göbəyimə pərçimlənib ayaqlarımı yerdən üzdü – mən bir həyət adamın başı üstündə təpəsi aşağı yellənməyə başladım. Yelləndikcə bircə qorxu əzirdi canımı; düşünürdüm bir həyət kişi başını qaldırsa mənim göydə yellənən lüt əndamımı görəcək.

Çoxdan üz çevirmədiyim göylərə indi ayaqlarım millənmişdi. Sonsuzluğa doğru yelləndikcə içimdən dəhşətli ağrılar qaynayıb saçlarımın dibinə kimi yayılırdı, elə bilirdim indicə boynum altımda qalıb sınacaq. Görünməmiş bir insan seli üstümə axışıb tamaşama durmuşdu. Beynimin qabığı üstündə bir duyğu soxulcan kimi sağa-sola sürünüb ağlıma yol tapmağa, fikir olmağa çalışırdı: kim alacaq mənim canımı buludlardan sallanan bu qarmaqdan? Günah oxlu kirpi kimi qəlbimi nişan almışdı, canıma elə bil bir sürü ac siçovul daraşmışdı.

Qulaqlarımda partlayan tanış səs dərimi soyub təpəmdən çıxaran zəncirdən məni alıb tappıltıyla yerə çırpdı:

- Bircə, uşağı yerə qoy, yaxın gəl.

Musa əmi Cavidi məndən qoparmağa çalışırdı. Əmimin arxasında əmim oğlanları, xalam, dayım boyaboy dayanmışdılar. Mat qaldım: axı bunlar necə olmuşdu məndən qabaq çatmışdılar?

Kimsə Cavidi qucağımdan alıb məni bir yığın arvadın içinə itələdi. Qovağın dibinə evin ən gözəl xalçaları döşənmişdi. Xalçalardan qıraqda toz-torpaq, qum-çınqıl dizə çıxırdı. Baldızım, Eminin əmiləri, xalaları, xalası-dayısı qızları özlərini toza-quma bələmişdilər. Qadın kişiyə, kişi qadına dolaşmışdı, üzlər, sifətlər əriyib qarışmışdı, adamları bir-birindən düz-əməlli seçib ayıra bilmirdim.

Canımı əldən-ələ keçirə-keçirə, adamları əzdirə-əzdirə, tapdada-tapdada məni irəli atırdılar. Arvadların üstündən adlayıb seyrəkliyə çıxanda qırmızı məxmərlərə, ipəklərə bürünmüş meyidin üstünə yıxılmaqdan özümü güclə saxladım. Anışdıra bilmədim bu cəsədin başı hardadı, ayaqları harda. Kimsə qollarını möhkəm-möhkəm belimə doladı; gözümün ucuyla baxıb gördüm Telli mamadı.

Molla uca səslə Yasin oxuyurdu. Bibim ətəyimdən aşağı dartıb məni oturtdu. Günəşin qana boyanmış yatağı qovağın gümüşü yarpaqlarında bərq vururdu. Gözlərimə məxmərdən, ipəkdən, ağ krujevalı cehiz yastığımdan başqa heç nə görünmürdü. Mollanın yanıqlı səsi qüruba qarışıb kəndin üstünə yayılırdı. Harda olduğumu, başıma nə gəldiyini hələ də qana bilmirdim.

Handan-hana sağı-solu, ayağı-başı, aşağını-yuxarını bir-birindən ayırmağa başladım. Əl atıb meyidin ayaq tərəfindən qırmızı xaranı bir az özümə sarı dartdım, dartıb qucağıma yığdım. Eminin üzü çöldə qaldı. İməkləyib lap yaxına getdim. Diqqətlə baxıb mənə tanış cizgiləri bir-bir üzündən oxudum: şübhə ola bilməzdi, o idi! Üzündə öd sarılığı vardı. Qara saçları sürüşüb alnına yayılmışdı.

Bəs o şəffaf üzdəki bu sarılıq, çuxura düşmüş gözlərin qırağındakı göyümtül ləkələr hardandı? Üzünün ifadəsi çox sərt, çox da soyuq idi. Baxdıqca titrəyirdim, tüklərim öz canıma batan tikana dönürdü, ancaq yenə gözümü ondan çəkə bilmirdim. Qarşımda uzanmış cansız bədənə, xəyallarımla bağlantısı olmayan boş qutuya gic-gic baxıb bunun Emin olduğuna inana bilmirdim. Onun üzündə bədbəxtliyimin təsdiqini arayırdım, bu fəlakəti dərk eləyənə qədər bədbəxtliyimdən doyunca ləzzət almağa çalışırdım.

Eminin sol əli əlimdə ilk dəfə başımı qaldırıb anama, atama, əmilərimə, xalama baxdım. Onların kədərdən qırışmış üzü, sel kimi axan göz yaşları mənə səbəbini anlamadığım, mənşəyini bilmədiyim bir zövq verirdi. Eminin xalası xaranı əlimdən dartıb alıb meyidin üzünü örtdü.

Əlimi dünən hamamda əzilib göyərmiş sifətimə çəkəndə üzümə yapışqan kimi bir şeyin sürtüldüyünü hiss elədim. Yenə burnuma qan qoxusu gəldi. Baxışlarımı əzizlərimdən ayırıb əlimə baxdım: ovcuma qaxsımış qan yaxılmışdı. O biri əlimlə burnumu yoxladım: çox qəribəydi ki, hələ də burnumdan sel açılmamışdı. Yenə əl atıb Eminin üzünü açdım: heç nə dəyişməmişdi, bayaq gördüyüm idi. Qırmızı məxmərlərin arasından az əvvəl tutduğum əlini axtarıb tapdım: sol əlinin çeçələ barmağı yoxuydu, göyərmiş bumbuz əlin barmağı qopan yerdən ağır-ağır qan damırdı...

***

Qan rəngli bir gecə üstümə gəlirdi. Ağlaşmadan, uğultudan həyətdə ağız deyəni qulaq eşitmirdi. Gördüklərimə inana bilmirdim, Eminin əli əlimdə xaranın altından özümü çimdikləyirdim. Təəccüb, qorxu, həyəcan, nigaranlıq bir-birinə qarışmışdı: bir həftə qabaq sol buduma çəkdiyi oxlovun zolu hələ canımdaydı, necə ölə bilərdi bu boyda adam? Dostum, o an beynimdən keçənləri hansısa bir aparat qeydə alıb sözə çevirsəydi, ortaya çıxan mətndən bir kitabxana yaratmaq olardı...

Pilləkənin başında bağrı yarılmış, boynu bükülmüş oturan Cavidə baxdıqca göyə güllə atmağım gəlirdi. Üzünün dərisini sıyırıb sinəsinə tökən, qalın qulac saçlarını tağ-tağ doğrayıb Eminin üstünə sərən Zöhrə xalanı görəndə Əzrayılın gözünü tökmək istəyirdim. Özünü daşa-ağaca vuran Bəstiyə heç baxa bilmirdim. Camaatın arasında büzüşüb cücəyə dönmüş atama, əmilərimə baxdıqca özümü onlarla mərcdə, döyüşdə udmuş kimi sanırdım. Qardaşlarım hələ gəlib çıxmamışdılar. Oğul itirmiş ananın, qardaş itirmiş bacının, ata itirmiş övladın, kürəkən itirmiş atanın yanında ən kiçik dərd özümünkü gəlirdi mənə.

Eminin saralmış-göyərmiş üzünə baxdıqca yerlə göyü dəyişik salırdım. Elə bilirdim indicə qalxıb oturacaq, məni bu qədər adamın içində görüb ağzının odunu üstümə tökəcək. Axı o məni qıraq göz görməsin deyə aparıb atam evinə qoymuşdu. İndi mən bir el kişinin gözü qabağında oturmuşdum, onunsa heç tükü də tərpənmirdi.

Bu dəfə də Telli mama qırmızı xaranı əlimdən alıb Eminin üzünə çəkdi. Sonra məni qaldırıb arvadları yara-yara pilləkəndə oturmuş Cavidin yanına apardı:

- Uşağını bas bağrına, qorxudan ürəyi yarıldı. Keçdi ta, olan oldu.

Cavidin körpə gözlərindən yaş fışqırırdı, gözəl yanaqları aşağı sel axırdı. Uşağı qucaqlayıb pilləkənə çökdüm. Burdan hamı, hər şey daha yaxşı görünürdü. Bəzəkli otağımı söküb dağıtmışdılar, qırmızısı hələ açılmamış, solmamış cehizlərimi daşıyıb həyətə tökmüşdülər. Gələn-gedən, tanıyan-tanımayan Eminin cəsədindən çox mənə baxırdı.

Uzun aylardan, bəlkə də illərdən sonra ilk dəfə Əlinin surəti beynimdən axıb keçdi. Düşündüm: görəsən Eminin öldü xəbəri ona necə təsir göstərəcək? Mənim yarımadığıma, bədbəxt olduğuma sevinəcəkmi?

Baldızım qanlı baxışlarını məndən çəkmirdi, onun nə fikirləşdiyini əlimin içi kimi bilirdim.

Zöhrə xala tez-tez bacısı qızlarına deyirdi: “Bircəni aparın qara geyinsin”.

Atamla Musa əmim arada meyidi qucaqlayıb: “Kaş Bircə öləydi, Emin”, - deyib ağlaşırdılar. Bizdən sonra özünü haya yetirən anamın da ilk sözü bu oldu. Mən hələ də bütün bu olanlara tamaşa kimi, kədərli məzhəkə kimi baxırdım.

Handan-hana pilləkənin üstündən qalxıb evə keçdim. Qaynımın alabəzək nişan xonçaları, sinilərdəki bəzəkli tortlar, qırmızı nişan dəsmalları evin içiylə biriydi. Ancaq məni bu dözülməz mənzərədən də çox Cavidin davranışı ağladırdı. Mənə heç vaxt “ana” deməyən, məndən zəhləsi gedən, ipə-sapa yatmayan uşağın üstünə bir neçə saatın içində yüzillik yetimlik tozu qonmuşdu. Boynumu bərk-bərk qucaqlayıb məni buraxmırdı, fürsət düşən kimi üzümdən, əllərimdən öpürdü, dilinə heç nə vurmurdu. Mən gözündən yayınantək “ana, ana” deyib fəryad qoparırdı.

***

O gecə mənim qarderobumu ələk-vələk elədilər, ordan bir qara paltar çıxmadı. Qaynanam iki ayağını bir başmağa dirəmişdi:

- Səhər açılanacan bunun əyninə bir qara don, başına bir qara yaylıq tapılsın!

Başıma gələn müsibətin çəkisini, dəyərini, miqdarını hesablaya bilmirdim. Cavid boynumdan asılı həyətin dalda yerinə çəkilib yarpaqların arasından gözümlə göyə güllə atırdım:

- Mən Səndən bunumu istəmişdim, buydumu Sənin nicatın?!

Mahmud əmi xəstəxanada yatanda ona necə qulluq elədiyimi görən bir yaşlı qadın mənə belə demişdi:

- Ay qızım, Allah sənin mükafatını elə gözləmədiyin bir yerdə verəcək ki, özün də məəttəl qalacaqsan.

Çətinə düşən kimi o qadının sözləri qulaqlarımda səslənirdi. Olmaya buydu mənim mükafatım? Mən ölüm istəməmişdim axı, rahatlıq, səadət istəmişdim...

Qaynanam gecənin yarısı hardansa bir qara parça tapıb atdı qucağıma:

- Onsuz da səhərəcən hamı oturacaq meyidin yanında, sən görəsi bir iş yoxdu. Al bu parçanın ora-burasını büz, tax əyninə. Sabah el axnaşıb bu qapıya töküləcək.

Bizim gəncliyimizdə ancaq qocalar, qarılar qara geyinərdilər. Mənim də paltarlarımın hamısı allı-güllüydü. Parçanı götürüb keçdim Mahmud əminin otağına.

Gecə boyu Cavidi bütün qonşuları, qohumları gəzdirdilər, yenə yatmadı, ağlayıb asıldı mənim yaxamdan. Yenə bibim çatdı hovuma-harayıma; o gecə iki bəxtikəm qadın baş-başa verib sabaha qədər mənə matəm donu tikdik. Arada Telli mama Cavidi köksünə sıxıb həzin, yanıqlı səsiylə alçaqdan ağı deyirdi:

Oğlan, atın zil qara,

Mindin getdin ilqara.

Sən ilqardan gəlincə

Biz geyərik zil qara...

Dedikcə için-için hönkürürdü. Onun ağlamağına baxıb mən də ağlayırdım, bəlanın çəkisini, fəlakətin ağırlığını bibimin üzündən oxuyurdum.

Səhərəcən Telli mamanın ağısına, laylasına qulaq asa-asa hıçqırdım, hıçqıra-hıçqıra özümə yas bəzəyi vurdum, yas donu biçdim, yas paltarı tikdim.

Bir əlim qara parçada, bir əlim iynə-sapda tez-tez yadıma keçən həftə minaya düşüb ölmüş qonşu Cakkının arvadı gəlirdi. Onların qapısına haya gedəndə nə illah eləmişdimsə gözümdən bircə misqal yaş çıxmamışdı, bu bir yana, gəlin dibçəkləri sındırıb gülləri torpağı qarışıq evə səpdikcə gic gülmək tutmuşdu məni.

Budu, Cakkının məhləsinə qəfil soxulan ölüm üstündən vur-tut bircə həftə keçmiş bizim qapıya da yol tapdı.

Arada bir dəfə əl saxlayıb, gözdən uzaq otaqların pəncərələrinə düzdüyüm güllərə su verdim, sonra qayıdıb işimə davam elədim...

ardı var

# 1411 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #