Nitşse Babəki tanısaydı...

Kulis.az filosof Rahid Uluselin “Avropanın Buddası - Fridrix Nitsşe” adlı fikirlərini təqdim edir.

 

sayrışlarla

 

- Fridrix Nitsşe özünü “Avropanın Buddası” sayırdı. İki Buddanın fərqisə bunda: Hind Buddası - Qaranlığın Günəşi, Avropanın Buddası - Günəşin Qarsımasıdır.

 

- Fridrix Nitsşe insanların üzünə bütün qapıları açmaq təşnəsi ilə onların çoxunu sındırıb. Nitsşedənsonrakı ideya tarixi həm də buna görə yel çəkir, sətəlcəm eləyir.

 

- Fridrix Nitsşe əxlaqı yalnız dinin içində gördüyündən və əxlaqın müstəqil, yüksək mənəviyyat hadisəsi olduğunu nəzərdən qaçırdığından, onun əks-arqument kimi irəli sürdüyü “immoralizmi” də ifrat cinahda yer alır.

 

- Fridrix Nitsşe dünyanı əxlaqdan, insanı həyadan soyundurmaq istəyirdi, amma ona geyindirdiyi - məsum çılpaqlıqdan daha əcaib.

 

- Əgər Nitsşe Babəkdən və xürrəmilər hərəkatından xəbərdar olsaydı, mütləq Babəki Dionisə tay tutardı: özü də mifin yox, real tarixin örnəyi - Zaratuştranın (Zərdüştün) varisi tək.

 

- Nitsşe inkarçılığında Nitsşeni inkarçılığın bütün toxumları var.

 

- Nitsşe son həddə gərilmiş Şopenhauerdir.

 

- Bizim Mirzə Cəlil milli danabaşlığı sığallaya-sığallaya, almanların Fridrix Nitsşesi isə həm milli, həm də ümumdünya danabaşlığını qapazlaya-qapazlaya çarmıxa çəkir.

 

- Nitsşe tənhalıqdan əzab çəkə-çəkə, onu öyməyin də təzadını özündə yaşadır.

 

- Fridrix Nitsşenin “personaları” daha çox dünyanın siyasət orbitində - “cadugər dairəsində” dolanan, həm də burada tarix boyu potensial qarşıdurmaları körükləyən adamlardır.

 

- Nitsşe insanın oyaq və mürgüləyən aqnostikasına fəlsəfi məzmunda imperativ forma verir.

 

- Fəlsəfənin dönüşyaradıcı və çatyaradıcı əsas xətti Fridrix Nitsşe ilə bitir, onun dəliliyi ilə  təntənəsinə çatır.

 

- 1888-ci ildən sonra təkcə Nitsşe deyil, onunla birlikdə dünya da, deyəsən, dəli olur: XX əsrə “tarixi dəlilik” diaqnozu ilə keçir, iki dəfə – Birinci və İkinci Dünya müharibələrinin dəlixanasına düşür, o vaxtdan bəri mental müalicəsi onu keyləşdirsə də, effektli nəticə vermir: dünyanın “başı” yaratdığı ən dəhşətli nüvə başlıqlarını – qlobal savaşın qarşısını ala bilən ən başlıca vasitə kimi qavrayır: bu da “tarixi dəlilik” sənədi.

 

– Nitsşe “300 ildən sonra parıldamaq” eşqində idi. Amma elə ölən kimi (1900) köpük qovuqcuqlarında bərq vurmağa birgə başladı...   

 

– Zamanında Nitsşe tək idi, indi dünya doludur psevdonitsşelərlə.   

 

LENT

25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018