Qaranlıq evin işıq pulu... – Təbrizli yazardan HEKAYƏ

Qaranlıq evin işıq pulu... – Təbrizli yazardan HEKAYƏ
16 oktyabr 2017
# 16:32

Kulis.az təbrizli yazar Ümid Nəccarinin “Bircə mən islanırdım” hekayəsini təqdim edir.

Dolu yağırdı.

Bir it dördyolda, piyada zolağından axsaya-axsaya keçirdi.

Amma küçələr, divarlar, dilənçilər, hətta o axsayan it belə islanmırdı.

“Yağış altında bircə mən islanırdım... Bircə mən!” – bu sözləri o deyirdi!

Darıxmaq dağ başında duran əsgərin telefon arzusuydu, darıxmaq həmin “niyə yoxsan” sözüydü!

Sıra bizə çatanda, çətirlər açılmadı!

Sıra bizə çatanda “Sevgi” teatrında biletlər qurtardı!

Biz divarın bu tərəfindəydik... Yağışlı tərəfində!

Bu şəhərdə işsizliyimiz belə vecimizə deyildi, əllərimizi ciblərimizdə boğurduq!

Xoşbəxtlik Gənclik küçəsində bağlı bir mağazaydı, qapısı qıfıllı.

Müştərisizlikdən pəncərələrini toz basmışdı.

Mən isə qaranlıq evdə oturub işıq pulunu ödəməkdən yorulmuşdum.

Sən demə, gecələr ulduzlar da bizim evdən elektrik alıb yanırmış... – Bu sözləri o deyirdi!

Həyatımız Kərbəla yolu, acı bağırsaq kimi, acı... həm də uzun!

Günahımız isə bizdən neçə yaş böyük idi. Keçilməz olmuşdu.

Lap duz çörəyi ayaqlamış kimi, lap ananı ağlatmış kimi, ya da atanın üzünə ağ olmuş kimi!

Biz hələ də divarın bu tərəfindəydik... Yağışlı tərəfində! – başı çiynimdə, bu sözləri o deyirdi.

Biz yox ikən, ölüm payızda gəlmişdi. Ölümün ayaq izlərini görmüşəm deyib, and içirdi o.

Dünya bir palıd ağacıydı, baltalandı. Bu şəhərdə qapımız tapılmadı, biz kimsəsizlikdən öncə küçəsizlikdən yorulmuşduq.

Mənim əllərim, qollarım paltar sərmək üçün zivə ola bilərdi. Qollarım qoyun sürmək üçün bir dəyənək, ya da, bir qocanın qoltuğunda çəlik ola bilərdi. Mənim qollarım təkcə qol ola bilməzdi ki, kimsəni qucaqlaya bilsin!

Nə yazıq ki, özümüzü itirməyə davam edirdik. Hər gün bir parçamızı, hər gün bir tikəmizi salıb itirirdik və sonralar öz itirdiyimiz tikələrimizi küçələrdə yeridikcə görürdük.

Gündən-günə dilənçilərin ovucları qədər yaşlanırdıq!

Bilirsənmi? Biz od tutmayaq deyə, su içirik! – bu sözləri o deyirdi. Avtobusda yanımda oturan qızı deyirəm!

Biz divarın bu tərəfindəydik... Yağışlı tərəfində!

Yağış durmadan yağırdı, amma nə avtobus, nə oturacaqlar, nə küçələr, hətta dördyoldan axsayaraq keçən it belə islanmırdı.

Yalnız o qız islanırdı, bir də mən!

Nəhayət avtobusun son durağında hamı iyirmi qəpiyini ödəyib düşürdü.

Amma yalnız o qız enmədi, bir də mən!

Bütün bu sözləri deyən qız, qollarımda dünyasını dəyişdi.

O qızın axirət evi qollarım oldu.

O qız qollarımla birgə öldü!

# 904 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #