Bir-birini təhqir etməkdən zövq alanlar

 

Sevda Sultanova

 

Lap yaxınlarda xaricdə təhsil alan həmvətənimizin bir hadisəyə şərhini oxuyanda təəccübləndim.

 

Statusda deyilir ki, sosial şəbəkədə yayılan videoda iki rusdilli xanım yolda itə işgəncə verən kəndli gənclərlə rastlaşır. Və xanımlar iti yük maşınına bağlayıb sürüyənlərə etiraz edirlər.

 

Status müəllifi vəhşiliyin motivini savadsızlığa, kasıblığa, onların azərbaycandilli olmasına bağlayır. Hər halda statusda vurğu bu faktorlara idi. Neyçünsə... 

 

Kənd mədəniyyətində itin yeri fərqli ola bilər, onu əzizləməyə, evə buraxıb nazıyla oynamaya, oxşamaya bilərlər, burası aydındır. Onların başqa qayğıları var. Amma bu, heç bir halda o anlama gəlmir ki, bütünlükdə kənd əhli heyvanlarla o gənclər kimi vəhşicəsinə rəftar edir.

 

Ümumiyyətlə, insani duyğuların yoxluğunun savadla, azərbaycandilli, şəhərli və ya kəndli olmasıyla nə bağlantısı var? O zaman faşist diktaturası necə olsun? Onu ki, savadlı adamlar, özü də Avropanın göbəyində qurmuşdu.

 

Hadisə müəllifin yazdığı kimi mədəniyyətlərin toqquşması da deyil. Olsa-olsa sosial norma tipinə daxil olan kiçik qrup vərdişləridir. Yəni hansısa məhdud çevrəli qrupda cəmlənən eyni xarakterli, fikirli adamların vərdişləri. Məsələn, Stenli Kubrikin “Mexaniki portağal” filmindəki zorakılıqla məşğul olan qrup kimi.

 

İncə bir detal daha var, rusdilli xanımlar etiraz etməzdən əvvəl hadisəni videoya çəkirlər, üstəlik, hadisə yerinə qaçanda çəkilişi də dayandırmırlar. Hadisəyə emosional şok keçirən adamın çəkiliş yadına düşməz normalda. Yoxsa stringerlər kimi bu terroru operativ çəkib sosial şəbəkədə yaymaq, özünü mərhəmət ilahəsi kimi göstərmək - iti aşağılayan gənclərin davranışından fərqlənmir. Və ya status müəllifi bəlkə özü də fərq etmədən kəndliləri aşağılayır.    

                                                                                                  

Niyə bunlar baş verir? Səbəblər ən müxtəlif ictimai, sosial, məişət, psxioloji və s. qatlarda geniş araşdırmalar tələb edir. O da ki bizdə yoxdur.  

 

Ümumən isə, bizdə sistem elə qurulub ki, çeşidli səbəblərdən psixoz durumunda olan adamlarımız bir-birinə rahatlıq vermək istəmir, əvəzində özləri də rahat ola bilmədiyindən daim kimisə aşağılamaq ehtiyacını duyur.  

 

Misalçün, belə intellektual insan tipi var, intensiv olaraq statuslarında bilgilərini yayanda acıqlı, təhqiramiz mesaj ötürürlər: Kütbeyin, savadsızlar! Filan ədəbi əsəri, nəzəriyyəni oxuyun, üslubları öyrənin, filan filmə baxın, məlumatlanın, savadlanın, səviyyənizi qaldırın.

 

Halbuki bilgiləri təhqir etmədən də yaymaq olar. Hiss edirsən ki, təhqiramiz münasibətinin kökündə hər şeydən əvvəl adamın özüylə, öz içində rahat ola bilməməsi dayanır. Bu qədər oxuyur, izləyir, amma yenə rahat deyil, bilgiləndikcə olan qalan dəyərlərini də itirir, başqalarını aşağılamaq istəyi daha da güclənir. Anlamır ki, nəyisə oxuyub-oxumamaq hər kəsin azad seçimidir və önəmli olan intellekt yox, mənəvi dəyərlərdir.

 

Rəssam Tora Ağabəyovanın bir müsahibəsini oxumuşdum. Özünəxas, maraqlı, zövqlü xanımdır. Müsahibəsində müxtəlif tərzlərə - adətən dəb həvəskarlarının aşağılayıcı münasibət bəslədiyi alternativ geyim tərzlərinə təbii, normal baxdığını deyir. Yanaşması universaldır ona görə ki, rahat və azaddır.    

 

Kino yazarıyam, kimsə çəkinərək deyəndə ki, tutalım, Jan Viqonu tanımır, ya Murnaudan nəyəsə baxmayıb, vecimə də olmur. Baxmalıdır ki? Belə bir öhdəliyi var bəşəriyyət qarşısında? Məsələn, heç iki Oskar alan Əsgər Fərhadinin bir filminə belə baxmamışam. Yaxınlarda da baxmaq planım yoxdur.

 

Bizim toplum avstriyalı rejissor Ulrix Zaydlın bir-birini təhqir etməkdən zövq alan personajlarını xatırladır. Başa düşürəm çətindir burda yaşamaq, amma heç olmasa xırda, əhəmiyyətsiz şeylərdə bir-birimizə güzəştə gedə, nələrisə asanlaşdıra bilərik.

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017