Pəri Miniatür: “İki ay səngərdə yaşadım”

 

Kulis.az rəssam Pəri Miniatürlə müsahibəni təqdim edir.

 

- Pəri xanım, rəssamlıq təhsiliniz varmı?

 

- Mən Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin “Sənaye qrafikası” fakültəsini bitirsəm də miniatür sənətini universitetdən kənarda öyrənmişəm. Düzdür, tam öyrənə bilmədim, rayona qayıdası oldum.

 

- Hansı rayona?

 

- Naxçıvana. Təhsilimi bitirəndən sonra Naxçıvana qayıtdım. Bu da mənə çox pis təsir edirdi. Özümü tapa bilmirdim. Sənətimlə məşğul ola bilmədiyimə görə, peşman idim, öyrəndiklərimə heyfim gəlirdi, onları tətbiq edə bilmirdim.

 

Həmişə fikirləşirdim ki, atamın-anamın etimadını doğruldum, bunun əksinin olacağından qorxurdum. Bu yaşımda isə düşünürəm ki, o vaxtı özümü çox yükləmişəm. Gərək belə etməzdim. Bununla belə o illərin əziyyəti öz bəhrəsini verib. Bu gün öz ayaqlarım üstündə dura bilirəm. Həyatımda dəyərli anlar olub. Bunları sənətimə borcluyam. O vaxt həm də olduqca vətənpərvər idim.

 

 

- Elə indi də vətənpərvər görünürsüz. Statuslarınızdan, paylaşımlarınızdan hiss olunur.

 

- O cürəm, sadəcə çox vaxt bunu basdırmağa çalışıram, əvvəlki pafos qalmayıb. O vaxt deyirdim, universitetə qəbul olub Qarabağa döyüşməyə gedim.

 

- Deyəsən, bu istəyinizi həyata keçirmisiniz də.

 

- O, Naxçıvanda olmuşdu. Mənim 16-17 yaşım vardı. Bu gün oğlum o yaşdadı, amma vətənpərvərliyi, türkçülüyü ona aşılaya bilmirəm. Bizə də kimsə başa salmamışdı, bununla belə içimiz vətən eşqi ilə alovlanırdı. Şuşanın alınmağını televizorda görəndə özümü saxlaya bilməmişdim, ağlamışdım. Qarabağda döyüşməyə getmək istəyirdim. Atamın bir əmisi oğlu da  Naxçıvanda ermənilərlə sərhəddə komandir idi. Özümə bir əsgər paltarı tapıb kəsib-düzəltdim. Atama yalvar-yaxardan sonra, o, mənə icazə verdi ki, gedim əmisi oğlunun komandir olduğu hissədə qalım. İki ay səngərdə yaşadım: posta gedirdim, tankın üstündə otururdum, axşama kimi günüm səngərdə keçirdi.

 

Ümumiyyətlə, mən spontan xarakterliyəm. Nəyim varsa üzdədi, vətənpərvərliyim də, kinim də, nifrətim də, sevgim də. Heç nəyi gizlətməyə çalışmıram. Mən çörək qazandığım yerin bir anda qapısını çırpıb gedərəm, heç nəyi də düşünmərəm. Necə varamsa eləyəm, özümü pərdələməyə çalışmıram. O vaxt elə düşünürdüm ki, universitetə girib gedəcəm, Qarabağı xilas edəcəm. İçimdə bax belə bir qəhrəmanlıq hissi vardı.

 

 

- Və xilas yeri kimi sənəti tapdınız...

 

- Azala-azala, xırdalana-xırdalana gəlib bu günə çıxdım.

 

- Rəssam kimi olduğunuz məqamdan razısız?

 

- Özüm üçün razıyam. Rəssamlıq mənə rahatlıq verir.

 

- Rəssamlarımız adətən sənətə qiymət verilmədiyindən şikayətlənirlər.

 

- Deməzdim. Miniatür sənəti Azərbaycan xalqının pasportudur. Dünyada bir neçə miniatür sənəti növü var, onlardan ən güclüsü Təbriz miniatür məktəbidir. Bu gün biz o sənəti qorumuruq, türklər, farslar bizdən daha çox qoruyur.

 

- Çaldıran döyüşündən sonra apardıqları rəssamların sayəsində miniatür sənətini inkişaf etdirdilər.

 

- Təbriz rəssamlarını aparıb rəssambaşı elədilər. Bu gün Türkiyədə “Ottoman miniatür” adlı bir qrup var, onlar fabrik kimi çalışırlar.

 

- Azərbaycanda sizdən başqa miniatür rəssamları var?

 

- Əlbəttə, var. Amma çox azdılar.

 

- Sizə qədər miniatür sənəti bu qədər populyar deyildi.

 

- Bəlkə sosial şəbəkədə aktivliyimin də təsiri var.

 

 

- Dünyada miniatür sənətinə münasibət necədi?

 

- Qərb daha çox bu sənətlə maraqlanır. On ildən artıqdır işlərimi satıram, onların doxsan faizindən çoxunu avropalılar alıblar.

 

- Sirr deyilsə neçəyə? Ən bahalı əsərinizi neçəyə satmısız?

 

- Ən bahalı əsərim 3 min manat olub. Elə olub ki, 50 manata da, 30 manata da iş satmışam. Hətta hədiyyə də eləmişəm. Əsərlərimə qiymət qoymağa çalışmıram. Ümumiyyətlə, həyatdan çox şey istəyən adam deyiləm.

 

- Əsərlərinizdə nağılvari elementlər, ovqat var.

 

- Mənim üçün Şərq elə nağıl deməkdir. Təbriz miniatür məktəbinin özü başdan-başa nağıldır, mistikadır, sirrdir.  

 

- Ona görə də nağılvari ad seçmisiz – Pəri?

 

- Mənim əsl adım Pərnisədir. Pəri də nağıl obrazıdır.

 

- Bəs Miniatür təxəllüsünü niyə götürmüsünüz?

 

- Mən bu adı miniatürçü rəssam olduğum üçün deyil, bu sənəti sevdiyim üçün götürmüşəm. Facebookda təzə profil açanda adımı Pəri Miniatür qoymuşdum. Jurnalistlər də belə müraciət etməyə başladılar. Özüm heç yerdə demirəm ki, Pəri Miniatürəm.

 

- Rəsmlərinizdəki qadın obrazları da özünüzə oxşayır. Xüsusən saçları, üz quruluşları...

 

- Elədir. Özümü daha çox tanıyıram axı, özümdən yola çıxaraq, yaradıram. Mən öz dərdimi, öz yaralarımı, öz saçımı daha yaxşı tanıyıram. Buna görə də o qadın obrazları zahirən mənə bənzəyir.

 

 

- Bir rəsminiz də var: Həzrəti Əli Babəkə qılınc verir. Sanki bununla Xürrəmiliyi, Babəkin mübarizəsini Həzrəti Əli ideyaları ilə eyniləşdirmisiniz. Halbuki biz dərslikdən oxumuşuq ki, Babək islama qarşı olub.

 

- Bu ideya mənim deyildi. Tarixçi Ceyhun Bayramlının araşdırma kitabı üçün həmin illüstrasiyanı çəkmişdim. Onun kitabında bu dediyim fikir təsdiq olunub: Babək əslində İslama qarşı deyil, xilafətə qarşı vuruşub.

 

Mən nə ateistəm, nə də dindaram. Bununla belə Həzrəti Əlinin ədalətini, Həzrəti Hüseynin mübarizəsini sevirəm. Bu insanların ədalətinə güvənirəm. Başqa bir əsərimi də İmam Əliyə həsr etmişəm.

 

- Gələcəkdə də dini mətnlərlə bağlı miniatürlər çəkməyi düşünürsünüz?

 

- Artıq bir neçəsini çəkmişəm, amma çox aqressiv qarşılayıblar. Bir miniatürüm var. Peyğəmbərin “pişik” hədisi ilə bağlıdır: Nurani sifətli bir adam əbasının pişik üstünə yatan hissəsini kəsir. Neçə adam inboksuma yazdı ki, sən kimsən peyğəmbəri çəkirsən? Peyğəmbərin rəsmini çəksən günaha batarsan. Mesaj yazıb hədələyirdilər ki, onu yığışdır, səni bilirsən nə edərik? Get öz problemlərinlə məşğul ol. Başa düşmürdülər ki, Allah, peyğəmbər bizim içimizdədir. Və mən içimdəki peyğəmbərin şəklini də çəkə bilərəm, onunla danışa da bilərəm. Əgər sən onları sevirsənsə, onları yaxından hiss eləməlisən. Deyirlər Allahdan qorxmayan kafirdir? Niyə qorxum, bəlkə sevim?

 

- İlkin miniatür nümunələrində Məhəmməd və başqa peyğəmbərlərin üzləri təsvir olunurdu. Siz peyğəmbərlərin üzünü təsvir etməli olsanız, onları kimə bənzədərdiniz?

 

- Bilmirəm. Bu barədə düşünməmişəm. Onların üzündə ədalət və işığı, kədəri verməyə çalışardım. Çünki onların həyatı kədərli idi. Onlar hər şeyi görürdülər və görməyənlərə çatdırmalı idilər. Böyük missiyaları vardı.

 

- Ərəbcə bilirsiniz?

 

- Bilmirəm. Məncə, ərəb dilini bilməyə ehtiyac yoxdur.

 

 

- Miniatür rəsmlərin ölçüsü adətən necə olur?

 

- Adətən A3 formatında olur. Ondan kiçik və böyük ölçülərdə də ola bilər. Ən böyük miniatürüm 2 metr ölçüsündə olub.

 

- Kağıza çəkirsiz?

 

- Əsasən kağıza çəkirəm. Ancaq kətandan da istifadə edirəm. Yaxın bir ildə sərgi təşkil etməyi düşünürəm, onun üçün bir sıra işlərimi kətana köçürəcəm.

 

- Emalatxananız var?

 

- Əvvəl var idi, indi yoxdu. Mənim emalatxanam mətbəximdir.

 

- Çətin deyil?

 

- Çətindir. Amma məcburam. Mən rəsm çəkəndə əhvalım yaxşı olur, məkan vacib deyil. Tək olum, rəngim olsun, kağızım, bir tikə də çörəyim olsun, bütün günü işləyim. Rəssam var ki, emalatxanasını gəlin otağı kimi bəzəyir. Nəyə lazımdır? İşləmək istəyəndə harda olsa işləyərsən.

 

- Rəsmlərinizi adətən hansı müddətə çəkirsiniz?

 

- Əsərin ölçüsündən, ordakı elementlərdən asılıdır. Elə olur bir həftəyə çəkirəm, elə də olur, bir aya...

 

- Miniatür sənətində erotik əsərlər çəkmək ənənəsi varmı?

 

- Çində və Osmanlı miniatürlərində olub. Təbriz miniatür məktəbində belə nümunə yadıma gəlmir.

 

- Bəs sizin yaradıcılığınızda necə?

 

- Hələ ki, yoxdur. İndidən deyə bilmirəm. Belə şeylər iş prosesində üzə çıxır.  

 

- Klassik miniatür rəssamları hər elementi xırdalığına qədər çəkməyi xoşlayırdılar. Məsəl üçün, paltarın üstündəki naxışları da dəqiqliyi ilə çəkirdilər. Siz də o cür işləyirsiniz?

 

- Mən onlar qədər güclü deyiləm, o qədər zamanım da yoxdur. Mən saray rəssamı deyiləm, özümü və övladımı da təmin etməliyəm. Təəssüf ki, onlar qədər möhtəşəm ola bilmirəm. Kaş ola bilsəm. Kaş mən də onların dövründə yaşayıb, onlar kimi çəkəydim.

 

 

- Qədim rəssamlar sizi qəbul etməzdilər, deyərdilər bizim kimi çəkmirsən.

 

- Doğrudur. Mənim əsərlərim təmiz klassik deyil, klassik yolla modernizmin qarışığıdır. Çünki əsərlərimdə çağdaş elementlər, bu günümüzlə səsləşən obyektlər var. Mən klassik xətti saxlamaq şərti ilə müasir miniatürlər çəkirəm. 

LENT

26 İyun 2017
25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017