Ər, arvad, xəyanət, intihar GƏNC REJİSSORUN İLK TAMAŞASI

Ər, arvad, xəyanət, intihar <span style="color:red;">GƏNC REJİSSORUN İLK TAMAŞASI
30 mart 2017
# 09:00

Sevda Sultanova

Bayram ərəfəsində bəd xəbərlər üst-üstə gəldi. Aydın Dadaşovun qəfil ölümü, Mövludun emosional şok yaradan intiharı... Hadisələrdən bir neçə gün sonra Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Dostoyevskinin “Krotkaya” povestinin motivləri əsasında “Aciz” adlı tamaşaya dəvət aldım. Mövzu da intihar... Gənc rejissor Emil Bakuvinin diplom işiydi. Hətta teatrın repertuarına da salınıb.

Emili azdan-çoxdan tanıyıram, maraqlı müsahibdir, çox mütaliə edir, öyrənir. Amma nə gizlədim, yenə də maraqlı nəsə gözləmirdim.

Zala daxil olanda, tamaşaçılar yerbəyer olanadək artıq tamaşa başlamışdı - düşünülmüş olaraq. Ağ əlbisəli, uzun saçları dağınıq qız (Xəyalə Meydanova) döşəmədə təbaşirlə uzun-uzadı çərçivə çəkəndə, stulda oturub yenə uzun-uzadı bayquş kimi ulayanda yanımda oturan rejissor Əli İsa Cabbarovla dilxor olduq. Dilxor olduq ki, bizi deyəsən, Vaqif İbrahimoğlunun psixosof poetikasını imitasiya edən psevdo tamaşa gözləyir. Aktyor Şövqi Hüseynov səhnəyə daxil olub tamaşaçıyla normal adam kimi kontakt quranda yavaş-yavaş toxtadıq.

Ölkə gündəmini təqib edən, bəzən də müəyyənləşdirən intihar motivinin gənc bir rejissorun bədii materiala çevrilməsi isə çox güman ki, təsadüf deyildi.

Minimal səhnə tərtibatlı “Aciz”i kamera film-tamaşa adlandırardım. Rejissorun onu kinematoqrafik elementlərlə yükləməsi səbəbindən. Dostoyevskinin o qədər də məşhur olmayan bu əsəri ailə müstəvisində insan münasibətlərini tədqiq edir. Kasıb qadın sələmçiyə ərə gedir. Amma ərini sevmir, məşğul olduğu işə nifrət eləyir, onun adamlarla davranışını, tamahkarlığını qəbul edə bilmir, əzab çəkir və intihara qərar verir.

Rejissor tamaşanı ekran estetikasında fraqmental fleşbəklər üzərində qurub.

Gördüyüm tamaşalarda bir qayda olaraq ekran prosesə qoşulsa da tamaşa ilə tam iç-içə keçmir, hətta dramaturji həllini tapsa da forma olaraq nəsə kənar müdaxilə kimi qalır. Emil isə fondakı ekranı həm forma, həm məzmunca səhnədə baş verənlərin ayrılmaz üzvünə çevirir, onu illüstrativ, texniki funksiya olmağa qoymur. Hətta aktyorlar hardasa rejissorla həmmüəllifə çevrilir, öz personajlarını yönəldirlər. Onlar bir neçə epizodda səhnəyə qoyulmuş kiçik kameranı ekrana tuşlayır, nəticədə oynadıqları vəziyyət iki müxtəlif rakursdan görünür: biri ekrandan, digəri səhnədən. Belə ikili ekspozisiya həm səhnədə baş verənləri daha yaxşı anladır, həm də reallıqla (səhnə) virtuallığın (ekran) maraqlı hibridini yaradır.

Digər maraqlı fənd, qadının intiharı ilə bağlı kadrarxası səslənən müxtəlif fikirlər idi:

“Dünən ayaq üstə idi, gəzirdi”....

“Heç nə başa düşə bilmirəm, pəncərədən necə atladı”....

“Bu, adi vəhşilikdir”....

“Əgər ikona əlindədirsə, deməli, dua edirmiş”....

“Ağlına nəsə gəlib, sonra da başı gicəllənib özünü saxlaya bilməyib”....

“Bəlkə qanı azmış”....

Tanış gəlirmi bu fikirlər sizə? Mövludun intiharından sonrakı vəziyyəti xatırladır. Tamaşadakı fraqmenti redaktələrlə günümüzə proyeksiya eləsək, təxmini mənzərə belədir:

“Mövluda filan qədər borc vermişdim”.

“Mitinqlərə də gəlmirdi”.

“Yox gəlirdi, mitinqlərə, görmüşdüm”.

“Maddi problemləri vardı”.

“Yox, ailəsində idi problemlər”

Bir neçə gün sosial şəbəkələrdə ağı mülahizələrə qarışmışdı, sonra nə oldusa, nə baş verdisə birdən-birə ağı və mülahizə deyənlərin bir qismi ittihamçıya çevrildi, bütün günah həyat yoldaşına yükləndi.

Və bir anda - insanı araşdıran, öyrənən bədii əsərlər, fərdin müxtəlif vəziyyətlərdəki ağlasığmaz davranışları barədə anlayışlı mətnlər, statuslar yazanlar Əfqanıstan kimi ölkələrdə qadını daş-qalaq edən kütləylə eyniləşdilər.

Çünki toplum daha çox görünən, üzdəki həqiqətə, fakta münasibət bildirir, sorğulamadan, faktın arxasında nələrin, hansı nüansların olub bitdiyini bilmədən, aydınlaşdırmadan. Yəni adamların mənəvi, sosial, məişət dünyasında zaman-zaman nə baş verdi ki, onlar bu vəziyyətə gəlib çıxdılar? Axı heç nə birdən birə olmur...

Emil belə bir vacib məsələni aktuallaşdırır: “Aciz”də kadrarxası səslənən fikirlər ancaq mülahizədir, həqiqət isə ordaydı, səhnədə gözümüzün önündə... Amma bir məsələ də var ki, səhnədə gördüklərimiz mütləq həqiqətdirmi? Qadın və kişinin dünyası sonadək çılpaqlığıyla açılmır, onların yarıqapalı intim aləmi suallar doğurur: Bəlkə günahkar axtarmaq lazım deyil? Sadəcə iki fərqli dünyagörüşün, fərqli dəyərləri olan iki insanın bir arada olmağının faciəyə gətirməsi labüddür? Qadın məcburən pula görə ailə quran andan intihar edib əslində, həqiqi kimliyini itirib? Bəlkə kişinin itirmək qorxusundan doğan despotizmi, acizliyi özü də fərq eləmədən qadını intihara sürüklədi? Rejissor bizi suallarla baş-başa qoyur...

Reallığı yaşlı həmkarlarından yaxşı tanıyan, aktual mövzunu çevik bədii düşüncə ilə səhnəyə gətirdiyi, üstəlik, maraqlı həllini tapdığı üçün Emilə təşəkkür edirəm. Ayrıca yeniliyə - forma, düşüncə baxımdan yeniliyə açıq olduğu üçün tamaşanın bədii rəhbəri Bəhram Osmanova da təşəkkür düşür.

# 1194 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #