"Kişilər nə düşünər?" fikirləşməyin... - Feminizmin anası

"Kişilər nə düşünər?" fikirləşməyin... - Feminizmin anası
28 mart 2024
# 09:00

Bu gün görkəmli ingilis yazıçısı Virciniya Vulfun anım gündür.

Kulis.az bu münasibətlə Kəmalə Səlimin Virciniya Vulf haqqında yazısını təqdim edir.

"Mənim üçün yazmaq ən yaxşı idmandır; əzələləri elastikləşdirir".

"Başqalarının gözləri bizim zindanlarımızdır; başqalarının düşüncələri bizim qəfəslərimizdir".

Biz XXI əsrin roket sürətilə sağa-sola baxmadan ancaq irəli şütüyən şossesində üstüaçıq dayanacaqlara, kökü qurumuş ağacların böyür-başına qısılmışlarıq. İstedadımızı dərk etməyən, vücudu bir qəpiyə dəyməyən içiboş canlıların mənasız, sönük gözlərindən - zindanlarından qurtula bilməyənlərik. Kiçik, amma cürətli bir addımla tərk edə biləcəyimiz qəfəsləri özümüzə daimi məskən seçib içində qıvrıla-qıvrıla xatirə dəftərləri yazan mazoxistlərik. Biz kimik?

Ana bətnindən belə geneoloji kodlarla altşüurumuza pərçimlənən, buna görə də bir türlü əsarətindən qurtula bilmədiyimiz köləlik buxovlarını qırmağa nəinki cəsarəti çatmayanlar, buna cəhd belə etməyənlərik. Əsrlərlə həyatımızı məngənələrdə sıxan, nəyi necə edəcəyimizə qərar verən ailə güc strukturunun yarımkölə həyatını yaşayanlarıq. Dad yarımçıq əlindən. Nəyisə bilib sükunətdə qalmaq, heç nə bilməyib nadan yaşamaqdan daha pisdir. Bioloji varlığı qınamaq, suçlamaq mümkünsüzdür. Amma oxumuş, özünü yetişdirmiş təbəqənin "susmalı”, "dözməli” kimi köləlik təlqinləri həmcinslərinə xəyanətdir. Gələcəyə, bəşəriyyətə xəyanətdir. Göz yaşları içində gülüşdən Gülüşə doğru inkişaf etmək bir cəsarət işidir.

Əsrlər boyu tarix səhnəsində xalqları bəşəri ideyalara kökləyən əsərlər insan, xüsusilə, qadın azadlığı yolunda ideallarla zühur edib. Ətrafına nur çiləyib, qaranlıqda boğulan, susdurulan, haqqı tapdanan zümrənin xilası üçün həyatlarını şam kimi yandıranlar olub. Onlar matriarxat hakimiyyətinin yerini patriarxat hakimiyyətinə dövr etməsindən ta bugünümüzə kimi əsarətdə qalan qadının müdafiəsi üçün qanadsız mələklər olublar. Onlardan biri bu gün doğum günü olan, 1882-ci ildə Londonda dünyaya gələn Virciniya Vulfdur. Xanım Vulfu feminist, modernist yazıçı və tənqidçi kimi tanıyırıq. Bütün bunların fövqündə isə onun kamil insani dəyərlərə əsaslanan qəlbi, duyğuları, xarakteri dayanır. Dünya modernist ədəbiyyatının qurucularından hesab olan Vulf bir çox görkəmli yazıçılarla - Frans Kafka, Marsel Prust, Uilyam Folkner kimi adlarla eyni müstəvidə dəyərləndirilir. Ən əsası, onun dünya ədəbiyyat tarixində möhür hesab olunan "Uliss" romanının müəllifi Ceyms Coysla bir tutulmasıdı. V.Vulfun "Missis Dellouy " romanı Coysun "Uliss” inə ekvivalent göstərilir. Hər iki əsər bir insanın bir günlük həyatından bəhs edir. Və Vulfun əsəri modernist təfəkkürün ən dəyərli incilərindən hesab olunur.

Virciniya XIX əsr Böyük Britaniyasının çox hörmətli yazıçı, ədəbi tənqidçi, filosofu ser Lesli Stivenin səkkiz övladından üçüncüsü olaraq dünyaya gəlib. Cəmiyyətin alicənab zat kimi tanıdığı ser, ailəsində tipik viktorian olaraq qaydalar tətbiq edirdi. Patriarxal qaydalarla idarə olunan bu evdə qardaşların məqamı çox yüksək idi. Oğlanların maddi təminatı, mövqeləri qızlardan xeyli çox idi. Onun həyat yoldaşına, ögeyli-doğmalı qız övladlarına olan münasibəti isə biabırçı idi. Virciniyanın lap kiçik yaşlarında ögey qardaşları tərəfindən dəfələrlə cinsi təcavüzə məruz qaldığını bilsə də, susmağa üstünlük verir, heç bir cəza tətbiq etmirdi. Lesli Stiven 1904-cü ildə vəfat edir. Virciniya "Mayakda” romanında atasını canlandırıb onun kabusundan xilas olmaq istəsə də, alınmır. Anasının, bacı və qardaşlarının ard-arda ölümü onun psixikasını tamam korlayır. Qarabasmalar, qorxu, vahimə Virciniyanı dəlilik həddinə gətirir. Dövrümüzün dahi feminist yazarı olan Virciniyanın uşaq vaxtı aldığı bu psixoloji travmalar onun arzuolunmaz təkanıydı. Bu səbəbdən o, heç bir zaman xoşbəxt ola bilmədi və dünyaya uşaq gətirmək istəmədi.


Virciniya Vulfun düşüncəsindəki insan-qadın problemi, dövrün, şəraitin, ictimai-iqtisadi formasiyanın sosial strukturu ilə münasibətdə seçilib. Bu mənada onun yaradıcılığındainsan konsepsiyasının öyrənilməsi həmişə mühüm elmi əhəmiyyət kəsb edir. Qadın yazıçıların qəbul olunmadığı, sıxışdırılaraq xor görüldüyü, buna görə də kişi təxəllüslərlə yazmağa məhkum qaldıqları, yalnız XX əsrdə ədəbiyyatda tam hüquqlu müəllif olaraq meydana çıxdıqları bir ortam üçün Vulfun bu fikirləri manifest kimi səslənir: " Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt ayırın. Ən əsası, yazın. "Kişilər nə düşünər?” fikirləşmədən yazın”.


Dünya qadın yazarlığına bundan böyük töhfə ola bilməzdi. Öz adını qeyd etmədən bu qədər şeir yazan "Anonim” imza böyük ehtimalla qadın olub. Sələflərimizin bir əsr öncə yaradıcılığını üzə çıxarmaq üçün bu qədər məşəqqət çəkdiyini biləndə bu günkü baxışları anlamaq asanlaşır. Bu fikirlər nə yazıq ki, bu gün də aktuallığını ititrməyib. Ev-ailə, məişət qayğıları altında çiyinlərinə bir də yazarlıq kimi müqəddəs məsuliyyət götürmüş xanımların tez-tez rastlaşdığı "Qadınlar kişilərdən zəif yazır” düşüncəsində olanlara Vulf keçən əsrdə kitabı ilə möhür-cavab verib: " Özünə aid bir otaq”.

Feminizm hərəkatının klassik nümunəsi qəbul edilən bu romanla Vulf "Qadınlar arasında niyə Şekspir yoxdur?” sualını cavablandırdı.

"Bütün yüzilliklər boyu qadınlar kişini olduğundan ikiqat böyük göstərən ayna rolunu oynadılar, sehrli aynaydı bu və möhtəşəm əksetmə gücü vardı. (Bu gün də belədir K.S.M. ) Belə güc olmasaydı, dünya hələ də bataqlıq və balta dəyməmiş meşələrdən ibarət idi. Müharibələrdə zəfər qazanıldığı eşidilməzdi. Hələ də maral skeletlərilə qırıq qoyun sümüklərini bir - birinə sürtər, çaxmaqdaşı verib qoyun dərisi, ya da formalaşmamış zövqümüzü hansı bəsit bəzək əşyası oxşayacaqsa, onu alardıq. Çar və Sezar nə tac taxar, nə də taxtdan enərdi. Mədəni cəmiyyətlərdə, hansı işə yaramasından asılı olmayaraq bütün şiddət, ya da qəhrəmanlıq cəhdlərində aynalar gərəklidir. Məhz bu səbəbdən Napoleon da, Mussolini də qadınların kişilərdən aşağı olduğunu bu qədər israrlasübut etməyə çalışırdılar. Əgər onlar aşağıda olmasaydı, özləri böyüyə bilməzdi”. Virciniyanın AYNALARI əsrin o üzündən bu üzünə qədər olan həyatımızı o qədər təmiz və eyibsiz göstərir ki, öz eyiblərini görənlər nicatı onu daşlamaqda tapırdılar.


"Tövsiyələrə qulaq asmayın” - deyir yazar. Asi görüntü sərgiləyən bu fikrin qaynaqlarında illərin ağrı - acısının yığdığı təcrübə dayanır. Virciniya Vulfun bütün dövrlərin yazıçısı olmasını sağlayan az qala hər cümləsinin aforizmə çevrilməsidir.


"Özü haqda həqiqətləri deməyən çətin ki, başqalarının həqiqətini deyə bilsin”. Yazarların çox azı ədəbiyyata etiraflarla gəlib. Təbii ki, söhbət ictimaiyyətdən gizlədilməsi hesab olunan həqiqətlərdən gedir. Bu mənada bizə Virciniya Vulfun dürüst, olduğu kimi, reallığa xəyanət etmədən qələmə alınan əsərərilə öyünmək qalır. Zamanla onun tövsiyələrinin ibrətliliyinə şahid oluruq. "Otuz yaşına çatmamış heç bir əsərinizi çap etdirməyin. Əgər çap etdirsəniz, müstəqilliyiniz çərçivələnər. Ətrafdakı insanların fikirlərini önəmsəməyə başlayarsınız”. Bəlkə buna görə "Xaricə səyahət” adlı ilk kitabı 1915 - ci ildə 32 yaşında işıq üzü görüb.


Virciniyanın gözləri vacib bir şey çıxmayacağını bildiyi poçt qutusunda idi. Buna rəğmən dörd gözlə məktub gözləyirdi. O məktubun gəlməyəcəyini bilirdi, amma bunu özünə yaxın buraxacağı gün həyatının sonu olacaqdı. Bir neçə dəfə uğursuz nəticələn intiharların onu sevənlərə verəcəyi sonsuz kədəri uzatmaq üçün ümidinə sarılmışdı. " Yaşamaq niyə uçurumun yanından keçən dar yol kimidir?!” Həyatını təsvir edəcək ən yaxşı fikirlərdən birincisi budur deyirəm. O, bu fikri addım-addım " Nə xoş bir gözəlliyi vardır asta addımlarla dünyadan köçənlərin” düşüncələrindən uzaqlaşdırır " Həyat röyadır, oyanmaq bizi öldürür” düşüncəsinin ağuşuna atırdı.


Cəmiyyət hər zaman intim hisslərə dil uzatmaqdan zövq aldı. Ona aid olmayan məhrəm duyğularda eşələnməkdən doymadı. Dövrünün ən məşhur kişilərilə baş-başa əsərlər yaratmaq qüdrətində olan Vulfun şəxsi həyatına müdaxilə etmədən də keçinmədi. Bu gün də belədir. Onun bacısı Vanessa ilə "Blumsberi qrupu”nun üzvləri arasında olan eşq macəralarından sonralar dedi–qodular düzəltdi. Təbii ki, qaragüruh onun " Qadınlar kişilər kimi yazıb, kişilər kimi yaşayıb, yaxud kişilərə oxşasalar, heyif olar. Dünyanın böyüklüyü və fərqliliyi üçün iki cins azdır. Niyə bir cinsə məhkum olaq?!” kimi fikirlərinin fəlsəfəsini aça, anlaya bilməzdilər.


Tarixə "Blumsberi qrupu" adıyla düşən qrup üzvləri arasında Vita Sekvil-Uest, M. Forster, Dora Karrinqton, Dunkan Qrant, Klayv Bell kimi məşhur rəssamlar, ədəbiyyat adamları ilə yanaşı məşhur iqtisadçı, XX əsr iqtisad elmində dönüş etmiş Con Meynard Keyns də var idi. Onun iqtisadiyyatın dövlət tənzimlənməsindən ibarət nəzəriyyəsi XX əsrin əvvəlində dünyanı bürüyən böhrandan ən yaxşı xilas vasitəsi oldu. Keynsin nəzəriyyəsi dövlətin iqtisadiyyatı tənzimləməsinin qaçılmaz olduğunu bir daha təsdiqlədi. "Blumsberi qrupu” ingilis cəmiyyətində hakim viktorian dünyagörüşünə qarşı mübarizə aparan, eyni zamanda bir dostluq, səmimiyyət qrupu idi. Çoxluğu isə bunlar deyil, qrupdakıların məxsus olduğu cinsi özəlliklər maraqlandırırdı.

Virciniya Vulf 1912-ci ildə yazıçı, jurnalist Leonard Vulfla ailə qurur. Onlar birlikdə 1917-ci ildə Virciniyanın külliyyatının nəşr olunacağı "Hogard–Press” nəşriyyatını təsis edirlər. Leonard həyat yoldaşının qayğısına qalır, uşaq vaxtı məhrum olduğu sevgini hiss etməsi üçün əlindən gələni edir. Vulf bunu yüksək qiymətləndirir, onu incitməkdən çox qorxurdu.



İngilis ədəbiyyatının novatoru Virciniya Vulfun feminist baxışları qabarıq görünür. Müasirlərinin bir qədər gendən, səthi yanaşdığı hadisəyə Vulf balta çalır, bütün gerçəkliyi təsvir edir. Viktorian əxlaqını, patriarxal münasibəti kəskin tənqid edir, qadın haqlarını savunur, sinfi fərqləri pisləyir. Eşq, mübarizə, azadlıqdan bəhs edir.


Virciniya Vulfun " Pərdələr arasında ” əsərini bitirdikdən sonra keçirdiyi ruhi sarsıntı sonucunda əlli doqquz yaşında intihar etdiyini yazırlar. Mən bunu dəqiq təhlil hesab etmirəm. Dünyaya gözünü açandan yaşadığı stress, dərd-qəm, ən ümdəsi, ailə üzvlərinin təzyiqinə (təhqirinə) məruz qalan qızcığaz bütün həyatı boyu bu intihara doğru addım-addım yol gedir.O, 1941- ci ilmartın 28 - də ciblərinə çoxlu daş yığaraq şəhər kənarındakı evlərinin yaxınlığından axan Ouz çayına atılır.


Ərinə belə vida məktubu yazır:

"Ən sevdiyim.

Sanki dəli olacağam, bu qorxunc günləri geridə qoya bilməyəcəyik kimi bir hiss yaşayıram. Qulağıma səslər gəlməyə başlayıb və fikrimi cəmləşdirə bilmirəm. Keçən zamanı geri qaytara bilməyəcəyəm. Onun üçün də nə etməliyəmsə, onu da edəcəyəm. Mənə ən böyük xoşbəxtlik verdin, heç kəsin etməyəcəyi şeyləri etdin. Amma mən artıq mübarizə apara bilməyəcəyəm. Bilirəm, sənin də həyatını məhv edirəm, lakin mənsiz daha xoşbəxt olacaqsan. Görürsən, bu məktubu belə düzgün yaza bilmirəm, oxuya bilmirəm. Həyatımdakı bütün xoşbəxtliyi sənə borclu olduğumu söyləmək istəyirəm. Mənə qarşı olduqca səbirlisən. Əgər kimsə məni bu vəziyyətdən xilas edə bilərdisə, o, sən olardın. Zənnimcə heç kim bizim qədər xoşbəxt ola bilməzdi”.
Məzar daşında yazılan "Özümü sənə doğru atacağam, yenilmədən və boyun əymədən, ey ölüm!”fikri isə "Dalğalar ” kitabındandır.

"Bir qadın kimi ölkəm yoxdur. Bir qadın kimi ölkəmin olmağını istəmirəm. Bir qadın kimi bütün dünya mənim ölkəmdir ” - yazırdı Vulf. Belə də oldu. Dünyanın müasir düşüncəli sakinlərinin hamısının qəlbində əbədi məskən saldı. Və bütün dünya Virciniyanın ölkəsi oldu.

# 1106 dəfə oxunub

Oxşar xəbərlər

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
#
#
# # #