Mələyə yazdığım mesaj

Qalib Həsənoğlu

 

Hardasa qış aylarıydı. Şeirlərimi Facebok da bir səhifə admini öz səhifəsində yayımlayırdı. Mən də həvəslə girib bəyənmə sayına baxırdım, çox adam bəyənmirdi, özün qayadan ata uzağı beş, ya da altı adam bəyənirdi; iki qız, üç oğlan, yada iki qız dörd oğlan.

 

İlk bəyənən Mələk adında gözəl qəlbə malik bir qız idi. Düz iki aya yaxın bu belə davam elədi. Qərara aldım ki, Mələyə dostluq təklifi göndərim. Belə də elədim. Sağ olsun qəbul elədi...

 

Yenə səhifədə şerimi ilk bəyənən Mələk idi. Şeirlərimi bəyəndiyinə görə bu gözəl qıza sözün həqiqi mənasında vuruldum. Ondan sonra daha çox sevgi şeirləri yazmağa başladım, onun xəyalıyla yazdığım bu şeirlər mənə görə çox mükəmməl idi.

 

Artıq vurulmuşdum...

 

Yuxum ərşə çəkilmişdi. Onun profilinə girib mesaj yerin açıb nəsə yazmaq istəyirəm alınmır, ağlıma yüz fikir gəlir, məni düz başa düşməz, məni tanımır, qəlbimi qırar, qəlbini qıraram və sair...

 

Gecə işığı söndürüb yatmaq istəyirəm, onun profil şəkli gəlir durur gözümün qabağında, işığı yandırıb bir siqaret çəkirəm, işığı söndürüb girirəm yerimə, yenə bu qız mənə imkan vermir ki, yatam, başımı yorğana bükürəm, gözümü ha sıxıram yuxu yoxdur ki, yoxdur. Özü də elə uça-uça gəlir ki, mələklər kimi, elə bir səslə məni çağırır ki, yuxunun hansı yerində olsam özümdən xəbərsiz ona səs verirəm, ayağa durub “Hə, Mələk” deyirəm.

 

On günə yaxın hər gecə belə oldu. On birinci gün cəsarətimi toplayıb, başımı soyuq suyla yuyub, bir qədər də içib, Mələyə çox uzun bir mesaj yazıb eşqimi elan elədim. Kaş biləydiniz mən bu mesajı necə yazdım, hansı cümlələrlə yazdım, necə həyəcanlı idim. Elə bil üz-üzə dayanmışıq, gözümü zilləyib gözlərinə, bütün sifətimi tər basıb, gözlərimi çəkmədən deyirəm.

 

Kinolardakı kimi. Artıq mesajı tamamlayıb, dərindən bir ah çəkib, göndər düyməsini sıxdım.

 

Artıq mesajı tamamlayıb, dərindən bir ah çəkib, göndər düyməsini sıxdım. İlahi ürəyim necə döyünürdü, elə bil iki dəmirçi bir dəmirə hər biri iki əliylə iki çəkiclə döyür...

 

Yenə bir qədər su içdim, əl-üzümü yudum hardasa bir az sakitləşdim, gözüm mesajda qalıb, kim deyir ki, mesajla eşqini etiraf etməyə nə var, bu çox mənasız və yersiz sözdür, ağ yalandır, bəlkə mən də belə düşünürdüm, onda bildim əsil sevgini etiraf etmək çox çətindir, harda, necə olmağından asılı deyil.

 

Bir saat keçdi, artıq mesaj oxunub, amma hələ cavab gəlməmişdir. Fikirləşirdim ki, cavab gəlməyəcək, kim olsa cavab yazmazdır, o məni tanımır, bilmir dəliyəm, ağıllıyam, evim var, ya küçədə qalıram, bilmir.

 

Mən olsam yazmaram səmimi deyirəm.

 

Birdən mesaj gəldi, istədim açmayam, çünki nə deyəcəyini, nə yazacağını bilirdim, amma dözməyib mesajı açdım. Çox peşman oldum, elə peşman oldum ki, bəlkə də ən böyük döyüşü uduzmuş sərkərdə də o qədər peşman, o qədər məyus olmazdı.

 

Yazmışdı: Salam, biz dostuq nə danışırsan, olmaz.

 

Başıma daş düşdümü? İçdiyim soyuq sudan betər sözüm ağzımda dondu. Əllərim telefondan üzüldü, əllərim titrəməyə başladı, özümü bir qaşıq suda boğmaq istədim, yaşamağa heç bir haqqım olmadığını anladım, iki ildir onu fikrindən daşındıra bilməmişəm ki,biz dost deyilik, dost mesajıma qədər idi, ondan sonra o məfhum öldü.

 

Hərdən bir status yazıram ki, hamı dostumdur, bir tək ondan başqa.

 

O da Mələkdir.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017