Son zəng günü o qızı öpəcəkdim...

Son zəng günü o qızı öpəcəkdim...
31 may 2016
# 13:13

Son zəngdə ən çox operatorlara yazığım gəlirdi. Günün altında çiyinlərində kamera fır-fır dolanırdılar. Sonra o çəkilən videoya baxanda xeyli gülüb əylənirdik: bir də görürdün operator beş dəqiqə bir yarpağı çəkib. Dağınıq, rabitəsiz, həvəskar kadrlar əslində o günün həyəcanını göstərirdi elə bil.

Sonra nə yadıma düşür? Hə, sinif otağında, illərlə oturduğumuz partanın arxasında sinif rəhbərinin son sözlərinə qulaq asırdıq. İllərlə oturduğumuz partanın arxası dedim, amma oğlanlarla partaların üstünə çıxıb oyun oynamaqdan üç sinif otağı dəyişmişdik. Direktor müavini bu sinif otağının açarını verəndə barmağını sallayıb qətiyyətlə demişdi: “Bax ha, bu sinif otağını da pis kökə qoysanız, sizin mitilinizi çölə atacam”. İndi o sinif otağı gözəlcə təmir olunub, xatirələri də yeni, cağbacağ partalar aradan götürüb.

Son zəngdə məktəbin qapısından qızla oğlan əl-ələ tutub çıxmalıydı. Özü də işin ən çətin tərəfi bu əl-ələ tutmaq məsələsi idi. Bir qız mız qoyurdu ki, mən niyə bununla çıxmalıyam, o birisi deyirdi, tək çıxmaq istəyirəm. Sinif rəhbərinin başı şişirdi və axırda püşk atmağa qərar verilirdi. İndiki kimi yadımdadır: püşk atmada mənə sinfin ən gözəl qızı düşdü. Oğlanların üzünü görərdiniz, paxıllıqdan çatlayırdılar. Elə bil hamısı məni döymək üçün hazır dayanmışdılar.

Qızın əlindən tutub sıraya keçəndə də oğlanların qısqanc baxışlarından xilas ola bilmədim. Yadıma düşür ki, bu qız təzəcə bizim sinfə gələndə hamımız ona eşq məktubu yazmışdıq. Nə oldu? Heç nə, qız bütün məktubları gözümüzün qabağında cırıb tulladı, alnına düşən saçını geri eləyib nazlana-nazlana çıxıb getdi.

Yaman isti idi, əllərim tərləmişdi. Hiss etdim ki, qız artıq bundan narahat olub. Sinif rəhbərimizdən icazə alıb sinif otağına qaçdım. Tək başına sinif otağında oturub partalara, sınıq-salxaq parketlərə, divardan asılan portretlərə baxdım. Dərsdən qaçmaq üçün pəncərədə açdığımız dəlikdən Son zəngə yığılan camaatı izlədim.

Qayıdanda artıq bizim sinfin irəlilədiyini gördüm. Tez özümü yetirib qızın əlindən tutdum. Amma qız çəmkirdi: “Tutma, sevgilim görəcək”. Sevgilisi yadıma düşdü, yekəpər, enlikürək oğlan, tabe oldum, səsimi çıxarmadım.

Çölə çıxanda gözüm sevdiyim qızı axtarırdı. Direktorun, müəllimlərin mikrofondakı cır səsi də heç vecimə deyildi. Birdən tünlüyün içində əlini günlük edən və həmişəki kimi gülümsəyən qızı görüb rahatladım. Sinif uşaqlarımız atmacalar atmağa başladılar. Mən isə düşünürdüm ki, necə edim onun yanına gedim. Arxadakı sinif yoldaşımla məsləhətləşdim, dedi, narahat olma, get, sinif rəhbəri gələndə xəbər verərəm.

Sonra qızla tünlükdən uzaqlaşdıq. Üstümdəki məzun lenti mənə xeyli mane olurdu. Qız tez-tez baxıb gülürdü.

Bu qız heç vaxt məni sevmədi, həmişə doladı məni. Elə indi də. Sevgimə qarşılıq vermirdi, hələ üstəlik aşağılayırdı.

- Yaxşı ki canım qurtardı səndən. Son zəngdən sonra bir də görmərəm səni.

- Hələ iki il burda oxuyacaqsan, gələcəm yanına.

- Gəlmə, cəhənnəm ol.

Bir an dostumun dediyi sözlər yadıma düşdü: “Öp onu. Onda sənin üçün adiləşəcək”. Bir dəfə gözümün qabağından keçirtdim, qızın şilləsi üzümdə partladı. Başımı sallayıb bir də xəyalıma gətirdim, bu dəfə qız qaça-qaça uzaqlaşdı, özü də ağlayırdı. Elə bu vaxt uşaqlardan biri məni çağırdı, sinfin adından çıxış etməliydim.

İndi də öz çıxışım yadıma düşəndə gülürəm. Camaatın baxışlarının qabağında onun gözlərini axtarırdım. Əlimdə mikrafon dayanmışdım. Bu vaxt onun bir neçə qızla tünlükdən uzaqlaşdığını görəndə tez sözə başladım: “Biz bu məktəbdə hər şeyi öyrəndik. Ən əsası sevməyi. İlk sevgimiz də burda başladı”. Qızlar geri çönüb baxdılar. Ürəkləndim, çıxışıma daha obrazlı cümlələr əlavə elədim. Qız gülürdü, ancaq bu ələ salmaq gülüşü idi. Yadıma düşür, gözüm zəifləmişdi, eynək taxmışdım ilk dəfə. Məktəbin qabağında qarşılaşanda eynən bu cür gülmüşdü, ondan sonra bir də eynək taxmadım.

Son zəngin rəsmi hissəsi bitdikdən sonra əyləncə başladı. Bizim sinif rəhbəri idman müəllimi idi və tədbirimiz də idman zalında baş tutdu. Şirniyyat, sok, bir də musiqi. Amma kefim və iştaham yox idi. Oğlanlara dedim ki, gəlin çıxaq gəzək.

O gün ilk dəfə siqaret çəkdim. Yaxınlıqdakı mağazadan araq, kolbasa, xiyar turşusu, çörək alıb parka getdik. Qaş qaralanda gözümdən yaş süzüldü. Ancaq heç kim görmədi, tez qolumla sildim. Qaranlıqda bulanıq adamlara baxırdım. Onların ayaq səslərinə Son zəngin səsi qarışmışdı...

# 1389 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #