TV-lərin musiqi terroru

 

Digər KİV-lərdə olduğu kimi televiziyanın da əsas işi informasiya əldə etmək, hazırlamaq və yaymaqdır.

 

 

Yəni bütün fəaliyyətin kökündə məhsulu tamaşaçıya ötürmək dayanır. Çap mediasında əsas informasiya ötürücüsü sözdürsə, televiziyada görüntüdür. Söz, interküy, musiqi, effekt kimi digər vasitələr köməkçi ötürücülərdir. Hansı televiziya materialında mətn görüntünü üstələyirsə, deməli o TV deyil, yazı materialıdır. BBC treneri Naomi Goldsmit deyirdi ki, ən uğurlu televiziya məhsulu o sayılır ki, səsi tamam kəsib süjeti izləyəsən. Səs olmadan, yalnız görüntülərdən süjetin məzmununu anlaya bildinsə, deməli keyfiyyətli TV materialıdır. Tamaşaçının fikri sözdə deyil, görüntüdə qalmalıdır. Söz görüntüyə sadəcə köməkçi ola bilər, onu ötə bilməz. Çox zaman TV-lərin zəif cəhəti və uğursuzluğu da bunda olur: görüntü sözə uduzur. Deməli tapşırıq yerinə yetirilməyib.

 

İstənilən halda görüntü kasadlığı varsa, müəllif görüntünün boşluğunu ya sözlə, ya effektlə, ya da musiqi ilə doldurmağa çalışır. O informasiyanı ki, görüntü verməli idi, müəllif sözlə ifadə etməyə çalışır. Yaxud da dadına musiqi çatır. Beləcə görüntü ikinci, üçüncü planda qalır. Tamaşaçı maraqlı mətn dinləyir, musiqiyə qulaq asır, amma keyfiyyətli görüntü izləyə bilmir.

 

Köməkçi ötürücüləri zəruri edən hallar və qaydalar var. O cümlədən də musiqidən istifadə çox önəmli və həssas mövzudur. Hər format, hər mövzu üçün ayrıca normalar var. Xüsusən də xəbər süjetlərində daha ehtiyatlı olmaq tələb edilir. Ümumən isə, musiqidən bir neçə halda istifadə oluna bilər. Onlardan biri görüntü yetərsizliyidirsə, digər səbəb köməkçi vasitə kimi yararlanmaq, tamaşaçının diqqətini daha da cəlb etməkdir.

 

Daha çox tamaşaçının izlədiyi – insan talelərindən, ailə dramlarından bəhs edən verilişlərin üzərində dayanmaq istəyirəm. Kədərli, ağrılı həyat hekayələri, göz yaşları bu məzmunlu proqramları təsirli və baxımlı edir. Adətən insan faciəsi olan bütün verilişlər auditoriya toplaya bilir. Bu kütləni daha da genişlətmək, tamaşaçını ekrana kilidləmək üçün musiqi, səs və görüntü effektlərindən də istifadə edilir. Bununla da ortam daha dramatikləşdirilir, gərginlik süni şəkildə artırılır. Bu fəndlərdən xəbərsiz biçarə tamaşaçı isə ekran qarşısında gərildikcə gərilir, əsəbləri tar-mar olur, əlindən dəsmal düşmür.

 

Birisinin studiyada öz acı taleyini danışarkən göz yaşı axıtması nə qədər təbiidirsə, operatorun o göz yaşlarını iri planda çəkməyi, təkrar-təkrar nümayişi kədər üzərindən reytinq alveri etməkdir. Duyğuların istismarına tamaşaçılar da məruz qalır.

 

Əslində, bu cür ağır məzmunlu verilişlərdə həyəcanı minimuma endirməyə çalışmalıdırlar. Məqsəd hadisələri ictimailəşdirmək, insanları maarifləndirməkdirsə, tamaşaçı sakit halda, ayıq başla müzakirələri izləməlidir ki, doğru nəticələr çıxara bilsin. İnsanlar isə heç nəyin fərqində olmadan daha da gərilir, əsəbiləşir, ağlayır. Hələ aparıcının həyəcanlı səslə verdiyi anonsları demirəm.

 

Baxıb ağladığınız verilişləri vay-şivənli anonslarsız, musiqisiz, görüntü və səs effekti olmadan izləsəniz, ağlaşmaya şərait yaranmayacaq. Kədərlənəcəksiniz, amma dəsmal götürüb hönkürməyəcəksiniz. Yoxlaya da bilərsiniz. Bir buraxılışın səsini tamam kəsib, sadəcə görüntüsünü izləyin. Studiyada ana-bala qovuşmasının, ağlaşmasının şahidi olacaqsınız, təsirlənəcəksiniz, amma əvvəlki kimi özünüzü didib-parçalamayacaqsınız. O zaman sizə nə qədər zülm verildiyinin, məruz qaldığınız terrorun fərqinə varacaqsınız.

 

Elədir, musiqi ilə terror edirlər...

 

İnsan talelərini müzakirə etmək, faciələri işıqlandırmaq, verilişlərdə, süjetlərdə musiqidən istifadə etmək olar. Amma bu proqramları TV normalarını aşmadan, tamaşaçıya zərər vermədən, gərginliyi süni artırmadan, əsəbləri, hissləri istismar etmədən hazırlamaq lazımdır.

 

İnsanların əsəblərini, duyğularını zorlamaq olmaz! Səbəb əlahəzrət reytinq olsa belə...

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017