Əl çəkin toy adətlərindən

Məsələ burasındadır ki, ziyalı dostlar #toylarayoxde kampaniyasını başlamazdan əvvəl də mən bu məqaləni yazmağı düşünürdüm. Çünki toy adətinin yaratdığı olmazın çətinliklər məni də narahat edirdi.

 

Əvvəla bu xüsusda səmimi olmaq üçün birinci öz toy-düyünümü xatırlamaq istəyirəm. On bir il geriyə qayıtsam, qarşımda xeyli əcaib mənzərələr açılır. Dəfələrlə düzələn təmtəraqlı məclislər, elçilik, nişan, xınayaxdı, həftə hamamı və sair kimi olmazın məşəqqətli mərasimlər zəhləmi tökmüşdü. Üstəlik də həmin ərəfədə sağ qulağım bərk ağrıyırdı, müalicə alırdım. Həkim demişdi ki, kar qalmaq ehtimalın var. Bir sözlə fikrim qalmışdı qulağımdakı ağrıların yanında. Sizi inandıram ki, həmin əndrabadi mərasimlərdə yalan olmasın bir vedrə tər tökmüşdüm. İnsafən də o vaxtlar indiki kimi belə dilli-dilavər deyildim. Çox üzüyola, fağır adamıydım. Başıma qapazı vurub çörəyimi istənilən qayınana əlimdən ala bilərdi.

 

Əlqərəz azərbaycanlı toyu həngaməsi bütün gənc qızlar kimi mənim də həyatımdan qırmızı bel bantı kimi fırlanıb keçmişdi. İndi fikirləşirəm ki, bu vaxtkı ağlım olsaydı, həmin adət-ənənələrin hamısını əlimin arxası ilə süpürüb atardım taleyin  “korzinka”sına.  Nəyə lazım idi o boyda təmtəraq hələ də anlamıram. Nəysə özüm haqqında bu qədər dəvə tərifi məncə kifayət edər. Keçək məsələnin bu biri tərəfinə.

 

Mənə elə gəlir ki, biz burda nə qədər özümüz yolub uçursaq da, bu toy məsələsinin kökü adidən adi məişət məsələlərinə gedib çıxır. Hər şey ondan başlayır ki,  kimsə pis-yaxşı ailə qurub evlənir. Sonra oğuldan qızdan allah payı dünyaya gəlir. Daha sonra onlar iməkləyir, qaçır, böyüyür, bağçaya gedirlər. Yəni ailədəki uşaqlar bağçaya qədər bütün prosesləri çox rahat və təbii üsullarla yerinə yetirirlər. Birinci, ikinci sinifə gedəndə də o qədər göz qorxudan problemlər yaranmır. Elə ki, qızların camalı, oğlanların vüqarı inkişaf etməyə başlayır, vəssalam. Başlanır təxminən sadalayacağım formada suallar qırıcı kimi valideynlərin üstünə yağmağa. Qızın və ya oğlun necədə oxuyur? Universitetə daxil oldumu? İstəyəni və ya istədiyi varmı? Toyu nə vaxtdı, hardadı? Və sair... Bir ömür boyu bitməyəcək sındırıcı, əzici suallar... İnanın ki, lap birinci gündən bu sualların hamısı bircə şeyə xidmət edir. Azərbaycan toyuna!

 

Bizim məmləkətdə hamı öz həyatını həmin suallar yağdıran qohumun-qonşunun, xatirinə qurur. Heç kim balasının səmimi xoşbəxtliyi üçün çalışmır. Hamı elə fikirləşir ki, qohumun-qonşunun ağzı yumulsa, valideynlər hamının yanında üzüağ, alnıaçıq olsa onların övladları da xoşbəxtliyə nail olacaq. Nə olur, olsun təki onların işi rast getsin. Kimsə onlara ağızucu salam verməsin.

 

Beləcə bu qeyri-səmimi ab-hava ilə oğul evləndirib, qız ərə verirlər. Sonra başlayırlar it zülmü ilə qazandıqları pulları göyə sovurmağa. Bu pul sovurma məsələsində isə ərləri işləyən, özləri evdarlıq edən qadınlar daha bacarıqlıdılar. Ona görə ki, onlar həmişə havayı yeməyə, nəyə gəldi pul xərcləməyə öyrəşiblər. Yəni  belə işlərdə təcrübəlidilər. Hamı başlayır hələ beş-altı aydan sonra olacaq toyun hazırlığını görməyə. Paltar tikdirənlər, saçını min cürə rəngə boyayanlar, dırnaqlarının üzərində abstrak incəsənət nümunələri yaradanlar qarışırlar bir-birinə. Elə ki, toy günü gəlib çatır bütün bu arzu və istəklər daha şiddətli forma alır. İnsafən bu məslələrdə kişilər ikinci planda qalır, qırmızı bayraq yenə də qadınların əlində olur. Onlar birnəfər kimi axışırlar gözəllik salonlarına. Yanmış saçların iyi dırnaqlardakı lakların iyinə qarışır. Sir-sifətləri əndazədən çıxır. On bir illiyi güclə bitirən gözəllik ustaları qadınların sifətlərinə necə toy tuturlarsa, salondan çıxanda doğmaca ərləri  belə onları tanımır. Salonlarda da ki, antisanitariya baş alıb gedir. Bir süngərlə əlli arvadın üzünə krem çəkib bəzəyirlər. Bir az krem, bir az da tuş yaxırlar kipriyə, qaşa kasıbın bir həftəlik dolanışıq pulunu qatlayıb qoyurlar ciblərinə.

 

Bir dəfə hansısa salona zəng vurub makiyajın qiymətini xəbər almışdım. Mənə yüz manat məbləğ demişdilər. İnanın, bir həftə havalı kimi gəzib-dolaşmışdım. Ona görə yox ki, mənim o makiyaja verəcək pulum yox idi. Həm də ona görə ki, insan bu qədər də vicdansız olmaz!

 

Sözümün canı odur ki, qızlar, oğlanlar əl çəkin bu lazımsız toy adət-ənənələrindən. Xoşbəxtlik nə bəyaz gəlinlikdə, nə həmin gəlinliyin belinə bağlanan qırmızı kəndirdə, nə “Azərbaycanda ala qarğa bala çıxartmaz deyən” Nadir Qafarzadənin aparacağı toy məclislərində, nə də həmin məclisdə baş verən əttökən əhvalatlardadır. Vallah bu qədər həngamənin heç birinin sizin xoşbəxtliyinizə qram da dəxli yoxdur.

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017