İnsan xərçəng hüceyrəsinin bir növüdür

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

10 mart 2022
# 09:00

Kulis.az Zamin Hacının "Kosmik miqyasda metastaz" adlı yazısını təqdim edir.

Ziqmund Freydin 1930-cu ildə, alman faşistlərinin hakimiyyəti tam ələ keçirməsinə cəmi 3 il qalmış yazdığı “Mədəniyyətdən narazılıq” traktatında belə fikirlər vardır:

“İnsanın içində həmişə öz yaxınını incitmək istəyi yatır, onun fiziki gücündən əvəzini ödəmədən yararlanmaq, razılığını soruşmadan seksual obyekt kimi istifadə etmək istəyir, onu alçaltmaq, əmlakdan məhrum eləmək, ağrıtmaq, əzab vermək, öldürmək istəyir. Homo homini lupus. Həyat təcrübəsi olan, tarixi bilən kim bunun əksini iddia etməyə cəsarət tapar?”

Freydin orda verdiyi latın məsəli “Homo homini lupus” ana dilimizə “İnsan insanın canavarıdır” kimi tərcümə edilir. Bunu ilk dəfə eramızdan öncə, 3-cü əsrdə qədim Roma komediyaçısı Tit Maksi Plavt “Eşşəklər” adlı komediyasında yazıb. 2300 il qabaq. Ötən müddətdə bəzi müdriklər də buna müəyyən əlavə və dəyişiklik edib. Məsələn, Seneka əksini iddia edib, deyib insan insan üçün müqəddəs varlıqdır. Hərçənd, məlum deyil imperator Neron Senekaya özünü öldürməyi əmr edəndə də Seneka bu fikirdə qalırdımı.

Filosof Tomas Hobbs isə yazıb ki, insan insanın həm Tanrısı ola bilər, həm də canavarı. Yəni, Hobbs Plavt və Senekaya bizim Molla Nəsrəddinin metodunu tətbiq etmişdir: “Sən də haqlısan, sən də, elə mən də”.

Mən özümü bu müdriklərin cərgəsinə qoşmuram, sadəcə, bu fikirdəyəm ki, canavara haqsızlıq edirik. İnsan daha vəhşi varlıqdır. Hazırda planetin bir neçə yerində qanlı savaşlar gedir. Elə nüvə silahları düzəldiblər, planetdə həyatı bir neçə dəfə məhv etməyə bəsdir. Hansı yazıq canavar indiyə qədər atom, hidrogen bombası qayırmışdır? Canavar insandan milyon dəfə ləyaqətli heyvandır.
(Bu hissə qəlbimdəki türkün etirazıdır. Araz Elsəsin yeri məlum, Bakıya konsertə gəlsə ağız-ağıza verib ulayardıq).

Hələ abırsızlığımıza baxın, hidrogen bombasını düzəldən adama sonralar Nobel mükafatı veriblər. Bəlkə, fizika üzrə? Yox, əşşi. Adam Nobelin sülh mükafatını alıb! Təsəvvür elə.
Bundan həyasız varlıq ola bilərmi kainatda? Lap hesab edək sonra elədiyi qələti başa düşüb, peşman olub. Ancaq ta sülh mükafatı nədir? Sonra deyirlər niyə xiyar əyri bitir. Elə bil Jirinovskiyə “Miss Kainat” ödülü verirsən.

Bizim dahilərdən Hüseyn Cavid bu haləti görərək “İblisəmi uymuş bəşəriyyət?” sualını verirdi. Ancaq mən vəziyyətimizin dini izahını qəbul etmirəm. İblis-miblis insanın uydurmalarıdır. Özünün cinayətinə şərik qoşmaqdır. Yüngülləşdirici hal sayılması üçün. Ümumiyyətlə, həyatın və dünyanın dini yorumu büsbütün cəfəngiyyatdır. Məsələn, guya insan ən ali varlıqdır. Dünyanın əşrəfidir. Baxın, görün bu “əşrəflər” Dnipro çayı yaxınlarında nələr edir...

Bir nəzəriyyə var ki, insan, əslində, xərçəng hüceyrəsinin bir növüdür. Mən buna çox inanıram. Çünki əlamətləri az qala eynidir. Birincisi, xərçəngin necə yarandığını elm o qədər də anlaya bilmir. Bəşəriyyətin də planetin canına haçan, hardan gəlib daraşması sirdir. Çoxlu versiyalar var sadəcə. Biri deyir Allah yaradıb, o biri deyir meymundan əmələ gəlib. (İkinciyə daha çox üstünlük verərdim).

İkincisi, xərçəng hüceyrəsi daha çox enerji tükədən, daim qidaya ehtiyac duyan, dayanmadan artıb-törəyən “xəstə” hüceyrədir. “Xəstə” sözünü dırnaqda yazdım. Ancaq eyni keyfiyyətlərə məxsus – planeti sümürən, enerji istəyən, yüz ildə bir neçə milyard artan insanı “xəstə” sayırıqmı? Yox. Bizə nədənsə elə gəlir planetin ağasıyıq.

Kosmosdan Yerin şəkillərinə, xüsusən gecələr çəkilən, böyük meqapolislərin işıqlı fotolarına baxın. Eynilə metastaz vermiş xərçəngin fotosudur.

Xərçəng hüceyrələri orqanizmi yeyib-sümürür, axırda onunla birgə ölür. Biz də bir gün planetdə bir-birimizi qıra-qıra, Yerin anasını ağlada-ağlada məhv olub qurtararıq, inşallah. Ümid edirəm Kainata bir daha belə xəstə varlıq gəlməz.

# 2721 dəfə oxunub

Müəllifin son yazıları

# # #