Əkrəm Əylislidən üzr istəyirəm!

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

28 aprel 2022
# 09:00

Kulis.az "Zamin Hacının beşinci qoçaqlığı" adlı yazısını təqdim edir.

Öncə bütün zəhmətkeşlərimizi 28 aprel - Azərbaycanda Sovet hökumətinin qurulması münasibətiylə təbrik edirəm, çünki müstəqillikdən ötən 30 il ərzində bizim buna layiq olmadığımız hər gün, hər saniyə sübut olunmaqdadır.

İkincisi, Əkrəm Əylislidən üzr istəyirəm. Onun adını ötən yazımda Hüseynbala Mirələmovla bir yerdə çəkdiyimə görə. Bunun pis hərəkət olmasını, açığı, elə həmin gün Seymur Baycan mənə yazmışdı: “Əkrəmə qarşı qəddarlıq eləmisən”. Doğrudur. Nəinki qəddarlıq, lap alçaq hərəkət idi, boynuma alıram. Əslində, bu yaramazlığımı yazı çıxan gün özüm də anlamışdım: kulis.az saytı mənim şəklimi Mirələmovun şəkli ilə yanaşı verəndə. Üstəlik, Mirələmovun cavab yazısında şəklimiz növbəti dəfə yanaşı veriləndə lap qusmağım gəldi. Ay qardaşlar, əfv edin, amandır. Özümə güzgüdə baxa bilmirəm. Özümdən iyrənirəm. (Bəlkə, bu yazının da yanında Mirələmovla şəklim yanaşı gedəcək, eybi yoxdur. Ancaq saytın rəhbərliyinə demək istəyirəm ki, igid basdığını kəsməz. Mənə bu qədər də bəsdir).

İndi keçək mövzuya. Ta bulaşmışıq, axıra qədər bulaşaq. Zatən bizim işimizin xarakteri budur. Jurnalistika zibil təmizləmək işinə baxır. Yeri gəlmişkən, mən hər mənada zibil təmizləməyə müqəddəs iş kimi baxıram, yaşadığım məhəllədə vaxtaşırı bu işlə məşğulam. Arabam, əlcəklərim, sellofan torbalarım – hər şeyim var. (Yazının bu yerində gözəl insan, ekoloji aktivist Cavid Qaraya atəşli və pak salamlarımı göndərirəm).

Söhbət ondan gedir ki, mən Mirələmovun açıq yalanını ifşa eləmişəm. Onun “Mənim “Xəcalət” pyesim dünyanın 4 məşhur teatr festivalında Qran pri alıb” açıqlaması ağ yalandır. Dəfələrlə bu yalanı təkrar edib durur. Bunu ötən dəfə yazdım və mümkünsə həmin festivalların adını çəkməsini istədim. Əvəzində Mirələmov neylədi? Yalanını boynuna almaq əvəzinə mənə söyüşlər yazıb. Məsələn, deyir Zamin Hacının saqqalı yoluqdur. Gözündə eynək var, dişi də əyridir.

Əlbəttə, burada yeganə düzgün fikir mənim gözlük taxmağımdır. Ancaq insanın fiziki problemi niyə müzakirə mövzusu olsun? Ona qalsa mən də yazaram Mirələmov qurbağaya oxşayır. Yazmıram. Tərbiyəm yol vermir. Sifətdir, hərəyə bir sifət qismət olub. Elə yazır, sanarsan özü Kıvanc Tatlıtuğun əmisi nəvəsidir.

Saqqalımın seyrək olması mənim türklüyümün əlamətidir, Hüseynbala müəllim. Çünki əsl türklər çöl adamları olduğundan, soyuq iqlimdən, Sibirdən gəldikləri üçün bu etnosun üzündə tük həmişə az olubdur, belə elmi şeyləri oxu, öyrən, verilişlərə bax, hələ nə yaşın var sənin... Həmçinin, səmimi etiraf edirəm ki, saqqalımın bəzi tüklərini də fanatlarım, pərəstişkarlarım yoluşdurmuşdur, özlərində xatirə saxlayırlar.

Qaldı dişlərimin əyriliyi, bu lap axmaq böhtandır. Məndə əyri heç bir orqan yoxdur, hətta belim ağrıdığı üçün əyilməkdə çətinlik çəkirəm, bəzən bu səbəbdən məhəlləni zibil basır.

Xülasə, mən yenə yazıram: sən Qran pri haqda yazdığın yalanı isbat elə, ora-bura burcutmağın mənası yoxdur.
Yaxşı yadıma düşdü, cavab cızmaqarasında Mirələmov mənə məsləhət görür ki, onun pyesi haqda araşdırma aparmaq əvəzinə... Azərbaycanda narkomaniyanın inkişafından yazım. Bunun nə dəxli var? Kulis saytı mədəniyyət saytıdır. Lap narkomaniyadan yazaq, burda da Mirələmov yalançıdır, ölkəmiz narkomaniya üzrə dünyada dəhşətli yerlərdən birini tutmur. Son 15 ildə dövlət rəhbərliyi narkomaniya ilə mübarizə üçün 15 fərman, 56 sərəncam imzalayıb. Üstəlik, narkomaniya üçün pul lazımdır, bu, bir növ varlıların bəlasıdır, biz isə kasıb adamlarıq, Mirələmov və qohum-əqrəbalarının problemləri bizə anlaşılmır. Əlbəttə, yenə qeyd edirəm, lazım gəlsə bu sahədə də dərin analizlər aparıb Mirələmovu ifşa edə bilərəm, hələlik dayanıram.

Nəyə görə? Ona görə ki, indi apreldir, gül-gülü çağırır, bülbüllər oxur, mən də Avginin tövləsini təmizləyirəm. Xoş məşğuliyyət deyil. Bəlkə, yanvar-fevral olsa... Aprel demişkən, söz vaxtına çəkər, keçən il aprelin 23-də YAP İdarə Heyətinin iclası keçirilmişdi. O iclasın stenoqramından bir parça ilə bu yazını bitirirəm:
“İdarə Heyəti daha sonra gündəliyə uyğun olaraq, YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun geniş ictimai qınağa səbəb olmuş qeyri-etik hərəkəti ilə bağlı məsələni müzakirə edib.

Məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Musa Quliyev, Elmar Qasımov, Arif Rəhimzadə, Hikmət Babaoğlu, Bahar Muradova, Mübariz Qurbanlı, Ədalət Muradov və Rəşad Mahmudov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Hüseynbala Mirələmovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb və hiddətlə qınanılıb. Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı cəmiyyətdə kəskin etiraz doğurub və ciddi müzakirələrə səbəb olub. Vurğulanıb ki, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının ali dəyərlərini, Nizamnamənin tələb və prinsiplərini kobud surətdə pozduğuna və təmsil olunduğu Yeni Azərbaycan Partiyasının nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.

İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Hüseynbala Mirələmovun tutduğu bütün seçkili vəzifələrdən azad edilməklə Yeni Azərbaycan Partiyasının sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib”.


# 5674 dəfə oxunub

Müəllifin son yazıları

# # #