Mixayloya Rəsulzadəni öldürmək tapşırığını kim vermişdi?

Mehdi Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə

Mehdi Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə

24 mart 2022
# 09:30

Kulis.az Zamin Hacının “Davalı kino davası” yazısını təqdim edir.

Dünya ictimaiyyətinin başı beynəlxalq münaqişələrə qarışmışdır, halbuki, mart ayı girər-girməz planetimizin mədəni həyatında möhtəşəm hadisə olmuşdur: “Azərbaycanfilm” kinostudiyasının müdiri Fariz müəllim vəzifəsindən ayrılmış, onu Nazim müəllim əvəz etmişdir!

Adi vaxtda yəqin ki, bu hadisə “Uolt Disney” şirkətinin 71 milyard dollar xərcləyib “Tventi Fox” studiyasını satın almasında olduğu qədər planetar səs-küy doğurardı, lakin indi heç Cəfər Cabbarlının ismi-şərifini daşıyan milli kino idarəmizin hörümçək toru basmış dəhlizlərində avaralanan 71 nəfərin də vecinə olmadı, çünki o binəvaları məhz bu məişət problemi düşündürməkdədir: “Ayın axırına qədər 71 manatı hardan tapaq ki, evdə uşaqlar bəyaz pərdəni yeməsin?”

Ən əsası, Rusiya qoyur ki... Elə hazırlaşırdıq dünyaya səs salaq, şimalda topların gurultusu qulaq batırdı. Heç kim istəmir milli kino sənətimiz inkişaf etsin. Paxıllar. Gözünüz çıxsın.

Ancaq ötən müddətdə Müşfiq müəllimin getməsi, Fariz müəllimin gəlməsi, onu isə Nazim müəllimin əvəzləməsi təsirsiz ötüşməyəcəkdir. Ola bilsin bizdə istedadlı müharibə kinosu çəkilsin. Axı necə vaxtdır xalq intizarla gözləyir. Necə ola bilər, o boyda davanı udmuşuq, lakin kinosu yoxdur? Bizim bütün işlərimizin kinosu olmalıdır. Təsadüfi deyil ki, ərazimizdə çəkilən ilk filmlərdən biri neftin çıxarılması haqdadır. Sonuncu kinomuzun “Azərbaycanfilm”də sədr dəyişikliklərinə həsr olunacağını ehtimal edirəm. Ondan sonra kameranı mıxdan asacağıq.

Bir şey var ki, biz yaxşı dalaşmağı bacarsaq da, bu işin kinosunu çəkməkdə həmişə bir az ərincəklik eləmişik. İndi bəzi ağzıgöyçək sənətkarlar “gərək davadan çox vaxt keçsin, prosesi içimizdə bişirək, sonra bunun haqqında bədii əsərlər yazaq, kino çəkək, musiqi və sairə düzəldək” deyə mızıldaşırlar. Guya İkinci dünya savaşını hansısa ədəbi-bədii əsərimizdə təsvir eləmişik. Varmı belə məhsullar? Yaddaşımı bombardman eləyirəm, “Uzaq sahillərdə” və “Tütək səsi” kinosundan, “Ana və poçtalyon” şeirindən başqa nəsə çıxmır. Davada iştirak eləmiş yazıçılarımız (məsələn, İsmayıl Şıxlı) da yaddaqalan bir əsər yaratmayıblar. Davadan 80 il keçir, ortada 8 əsər yoxdur. Hə, bir də qəfil yadıma düşdü, Məmməd Rahimin nəsə “Leninqrad göylərində” adlı poeması vardı, yanılmıramsa, təyyarəçi Hüseynbala Əliyevdən bəhs edirdi, ancaq Məmməd müəllimin AYB-də vəzifə tutan şəcərəsi olmadığı üçün poema da quyu dibinə atılmışdır. Bəlkə belə yaxşıdır, dəqiq deyə bilmərəm. Hər halda şəxsən mənim Məmməd Rahimi təzədən oxumağa qəti həvəsim yoxdur.

Halbuki, o davaya Azərbaycandan 600 mindən çox əsgər getmiş, onun 300 mindən çoxu geri qayıtmamışdı. O adamların neçəsi həlak olub, neçəsi itkin düşüb, neçəsi əsirlikdən SSRİ-yə qayıtmaqdan imtina eləyib? Rəqəmləri saymaq asandır, ancaq bu quru rəqəmlərin arxasında yüz minlərlə insanın taleyi dayanır. O taleləri sənətə gətirməmişik. Adamların xatirəsini yaşada bilməmişik. “Əsgər atası”, “Durnalar uçur”, “Get və bax” kimi filmlərimiz yoxdur.

Süjetlər isə “en” qədərdir. Örnək üçün, Şimali Qafqazda Mozdok adlı şəhər var. Bu şəhər uğrunda döyüşlərdə 2 azərbaycanlı diviziyası üz-üzə durub, bunu çox adam bilmir. Almanlar tərəfdən Düdənginskinin komandanlığı altında “Pələng” diviziyası, SSRİ tərəfdən isə əsası Ucarda qoyulan, 90 faiz döyüşçüsü azərbaycanlı olan 416-cı diviziya. Yeri gəlmişkən, bu diviziya sonra Çexovun şəhəri Taqanroqu azad edib və şücaətinə görə “416-cı Taqanroq diviziyası” adını qazanıb. Bundan sonra “416” Melitopol, Nikolayev, Odessa şəhərlərinin azad olunmasında böyük rol oynayıb. Güman edirəm son günlərin xronikasını izləyənlərə bu Ukrayna şəhərlərinin adı tanış gəldi.

Belə rəvayət var ki, əfsanəvi kəşfiyyatçımız Mehdi Hüseynzadəni sovetlər əslində Məhəmməd Əmin Rəsulzadəni öldürmək üçün göndəribmiş, onun əsir düşməsi də qəsdən təşkil edilmiş əməliyyat olub. Hər ikisinin novxanılı olması, Mehdinin fransız və alman dilini bilməsi, rəssamlıq qabiliyyəti və sairə - bunlar da adamda “sanki kəşfiyyatçı, xüsusi xidmət əməkdaşı kimi yetişdirilib” deyə şübhələr oyadır. 1942-ci ildə Hüseynzadə Azərbaycan legionunun üzvü olub. Lakin Mehdi Rəsulzadəni öldürməkdən imtina edib və partizanlara qoşulub. Onun partizan kimi qəhrəmanlığı haqda məlumatların da davadan çox sonralar – 1956-57-ci illərdə üzə çıxarılması, yalnız 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adını alması şübhələri artırır. Elə lap əfsanə olsun, bunun əsasında maraqlı film çəkmək olar.

Mövzu açılmışkən, “Uzaq sahillərdə” filminə baxanlar bir epizodu xatırlayar: dağ yolunda faşistlər iki partizanı tutur, onlardan biri kəndli olduğunu, digərinin isə qulaqlarının eşitmədiyini söyləyir. “İndi mən onun lal-kar olduğunu yoxlayaram” deyə alman zabiti partizanın qulağının dibində tapança atır. Mənim bir naxçıvanlı dostum vardı, 1990-cı illərdə danışmışdı ki, babası Böyük Vətən Müharibəsindən məhz bu üsulla yayınıb. Özünü karlığa vurub, “voyenkom” qulağının dibində tapança atsa da reaksiya verməyib. Sözü ona gətirirəm ki, çox əhvalatlar fantaziya məhsulu deyil, gerçək həyatdan götürülür.

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun bu adı alması haqda da bir rəvayət eşitmişdim. Məmmədov davaya hansısa əməlinə görə salındığı türmədən çıxarılıb göndərilibmiş. Cəza batalyonunda imiş. O baxımdan, nə igidlik eləsə buna ad vermirlər, komandir deyir inanmıram. Axırda bezir, öldürdüyü 70-yə yaxın faşistin meyitini sürüyüb hissəyə gətirir, bundan sonra məcbur olub ad verirlər.

Əhvalatlar çoxdur. Hamısını yazsaq, sabaha nağıl qalmaz.

# 7011 dəfə oxunub

Müəllifin son yazıları

# # #