Kulis.az Zahid Sarıtorpağın şeirini təqdim edir.
***
Çırpınır pəncərəmdə bir küləkli qaranlıq,
caynağından asılmış bir quş kimi çırpınır.
Nə zülməti çökdürür şamın ölgün işığı,
nə də ki pəncərənin titrək aynası sınır.
Yellənir boz tavanda hisli hörümçək toru,
Köhnə, tozlu güzgüdə çatlamış kimsəsizlik.
Ya biz doğulmamışıq, ya ömür çoxdan keçib, –
bu çarəsiz yoxluğa ağlayır kimsə gizli.
Kimsə gizli ağlayır… eşitmirik, görmürük –
koruq, karıq, bilmirəm, bəlkə də lap biz lalıq.
Biz Tanrıya uzanan əllərə sarı gələn
ya mübarək bir cavab,
ya cavabsız sualıq…
1983.