Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Birinci hissə

Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Birinci hissə
9 mart 2024
# 12:00

Kulis.az Zahid Sarıtorpağın "Qaranquş səsli sevgili" adlı povestinin birinci hissəsini təqdim edir.

Pərinin özü də bilirdi ki, alnının sağ tərəfindəki ət xalı çox iridir və məşhur Qızqalasının haradasa bir santimetrlik maketinə oxşayır. Ona görə də həmişə sallaq, gur və cod birçəyilə üstünü örtürdü. Hirslənən kimi də, ixtiyarsız şəhadət barmağını uzadır, saçını kənara itələyib, xalını bəs deyincə o yanbu yana oynadır, gözlərini bərəldib özünü elə aparırdı ki, baxan deyərdi, atom bombasının düyməsini qurdalayır, indicə bütün dünyanı partladacaq. Amma belə olanda Simran yaxşı bilirdi, çox keçməyəcək, bir qədər sonra o, ütük kipriklərini qapayıb bəbəklərinin ala gilələrini gizlədəcək, ardınca da vücudu qəribə tərzdə titrəyib qarabuğdayı yanaqlarına bir cüt göz yaşı şəlaləsi axıtmağa başlayacaq; bu hal bir xeyli davam edəcək; ağlamağı kəsincə üzündə işıqlı bir quraqlıq əmələ gələcək, hirsi soyuyacaq.

Simran həmin xülyaya dalıb, həmişə arzulayardı ki, kaş Pəri ağlayaydı, ağlayıb-qurtarınca da ac ruhu yenə onun çöhrəsində görmək istədiyi həmin işıqlı quraqlığın kirimişcə bir yolçulusuna çevriləydi

Hərdən guya fors eləyibqaşqabaqda tökürdü:

– Sən bir də buralara gəlmə, Simran, gəlmə…

– Simran yox, Sanço.

Üzü gülürdü o dəqiqə:

– Dəli…

On yaş Simrandan böyük idi. Amma Simran qır-saqqız olub ondan əl çəkə bilmirdi. Hər gün özünü söyürdü, söyürdü… Düşünmək olardı ki, bu, sevgi-filan da deyil, sadəcə bu xanımın ona qəribə isnişməsi, onun da ağlasığmaz aludəçiliyidi. Ortada başqa məsələlər də vardı. “Gəlmə!” deməsi də ürək sözü deyildi, Simran bilirdi ki, içdən gəlmir, xətirlər xətrinə süni bir naz satır. Elə özü də az aşın duzu deyildi, nə qədər bu “aludəçiliyə” görə təklikdə qalanda özünü söyüb-yamanlasa da, yanında olanda cavabını qəti yubatmırdı, eyni süniliklə şeşələnirdi:

– Pah!.. Gəlmə deyirsən, gəlmərəm heç…

Üstündən heç bir dəqiqə keçməmiş Pərinin köhnə çarpayısının cırıltısı aləmi götürürdü başına və bütün süni dialoqlar yenə də unudulurdu… Çünki ortada heç birinin inanmaq istəmədiyi əzablı bir sevgi vardı.

* * *

Pəri onun həyatda səhvi idimi, onu sevirdimi, ya nə? – bilmirdi. Bir-birlərindən əl çəkib qırılmağı bacarmırdılar. O, balaca bir mağazası olan, uşaq malları alıb-satan, uşaqsız-körpəsiz dul bir qadın, Simran isə, bəzi adamlar demişkən, guya zibilə qalmış eqosu ucbatından özünə evlənməyə normal bir qız tapa bilməyən zavallı bir mühasib köməkçisi. Düşünürdü ki, kaş heç bu peşəyə yiyələnməyəydi və sosial təminat idarəsində işə filana düzəlməyəydi. Onda başına da bu oyunlar gəlməzdi…

Yaxın dostu, can-ciyəri, sirdaşı, xəlvətcə hekayələr yazıb hamıdan da gizlədən ədəbiyyatçı Kamil müəllim bir dəfə onu danlayanda dediyi sözlər yəqin ki, ölənəcən yadından çıxmaz:

– Ax, Sanço, Sanço!.. Sən niyə anlamırsan ki, bir var əxlaqı korlanmış adamlar, bir də var mənəviyyatı klimaksda olanlar... İkincilər lap dəhşətlidir, düşündüyündən də betər... Unutma, xoruzun pipiyi mişar dişinə oxşasa da yupyumuşaq olur, heç vaxt kəsmir, heç vaxt... Yəni dediyim odur ki, adamın gözünü qorxudan nə varsa, çoxu əslində mənasız və boş şeylər olur. Bir də o eqoistliyi ucbatından həmişə yalandan gülümsəyən adamlar var ee, qoy bədbəxtliklərinin səbəbini deyim, yadında saxla: içlərinin təkəbbüründən, lovğalıqlarından, mənəm-mənəmliklərindən doğan atəşləri onları kəllə-paça kimi elə ütür ki, dişləri qalır bayırda, baxan da deyir, yəqin xoşbəxtdilər də, həmişə gülümsəyir zalım uşağı. Sanço, inanma!.. O yalançı gülümsəmələrin arxasında hamıya, hər kəsə, bütün insanlığa nifrət durur… Lap yolun qırağındakı bax o böyük reklam tablosunda gülümsəyən adamın şəklində olduğu kimi. Səni qınamıram, bunu hər adam duymur, Sanço…

Axırda da əlini onun çiyniə qoydu:

– Qardaşyana deyirəm, sən evlən, yubanma, evlən. Bir halalsüdəmmiş tap özünə. Vaxt keçir.

Simran düşündü ki, adama bundan artıq nə deyərlər, bundan gözəl necə məsləhət verərlər axı? Düzdür, o, Kamil müəllimin sözlərindən öz payını artıqlamasıyla götürdü. Dediklərində bəzi eyhamlar olduğunu da düşündü. Nə bilmək olar ki?.. Yüz faiz, Kamil onun düşdüyü vəziyyəti yaxşı bilirdi deyə bu sözləri döşəmişdi cəmdəyinə. Əslində, dərindən götürəndə, ürəyində kök salıb taxt-tac qurmuş sevgisindən, elə bil, nə özünün, nə də ki, bu dostunun xəbəri yoxuydu...

* * *

…Yayın ilanmələyən çağı idi. Axşamsərini balıq tutmağa getməyə hazırlaşırdı. Anası: “tez qayıt,– dedi,– atanın səninlə işi olacaq”. Ondan böyük qardaşı Həsənağa da, gəlinbacısı Nurə də gülümsədi. Simranın dalağı sancdı ki, deyəsən vəziyyət yaxşı deyil, işlər fırıqdı. Ola bilsin, yenə evlənmək məsələsini qapaz kimi çırpacaqlar təpəsinə, bəlkə də yenə ona qız tapıblar. Atası bir il idi ki, insult keçirib yataq xəstəsinə çevrilsə də onun evlənmək məsələsi ortalığa gələndə yenə əvvəlki kimi qəzəblənir, belədə halının qəfil pisləşəcəyindən evdə hamısı, xüsusilə də Simran çox qorxurdu…

Gölün qırağında fikir onu yaman götürmüşdü: atdığı tilovun qarmağından balıqlar necə qopub gedirdisə, heç nə anlaya bilmirdi, amma onlara qibtə də eləyirdi. Düşünürdü ki, görəsən o da bu axşam valideynlərinin atdığı “qarmaqdan” qurtula biləcəkmi?

“– Bax, Simran, bu dəfə də yox desən, ta mən bilmirəm, mən bilmirəm haranın külünü tökəcəm başıma ki, Allaha xoş getsin…” – bilirdi, evə çatan kimi anası təxminən bu cür sözlərlə onu qarşılayacaq, ardınca da həmişəki kimi əlacsız-əlacsız gözünün yaşını axıdacaq. Ən əsası da: “o ləçəri görüm yaman günə qalsın!..” deyib acı-acı köksünü ötürəcək. Atasından da ki, heç danışmağa dəyməz. Necə deyərlər, başında turp əkəcək lap.

Hamısı məsələnin nə yerdə olduğunu bilirdi. Heç biri də gedib Pəriyə heç nə deyə bilmirdi, çünki dayısı Simranın müdiri idi, həm də onu vaxtilə instituta düzəltməkdən ötrü atası o kişinin vasitəsilə işləri düzüb-qoşmuşdu. İndi isə yorğan-döşəyə düşməsi elə Simranın kimsəsiz olması kimi bir şey idi. Bir sözlə, ara qarışıb, məzhəb itsəydi, müdiri Eldar müəllim onu bir göz qırpımında işdən çıxardıb ata bilərdi. Ordan çıxsa rayonda işsiz qalacağını evlərində hamı yaxşı anlayırdı, bu isə heç kimə sərf eləmirdi. Deyəsən, Eldar müəllim məsələni bilirdi. Rayon yeridir, yəqin ucundan-qırağından eşitməmiş olmazdı, bu cütlüyün aralarında olanları, yaşananları bilirdi yəqin.. Yəqin düşünürdü ki, Simran alacaq onu. Görünür belə olmağını o da istəyirdi, ancaq səsə salmırdı ki, Pəri Simrandan yaşda çox böyükdür, birdən oğlan imtina edərsə, biabırçılıq olar…

Həmin axşam atası əlilə işarə eləyib onu yanına çağırdı. Amma heç nə demədi. Əzab dolu gözlərini üzünə zilləyib bir xeyli eləcə baxdı. Sonra kipriklərini qapadı. Üstündən çox keçmədi dünyasını dəyişdi. O, atasının ruhu önündə özünü çox günahkar hesab edirdi. Pəriylə bağlı duyğuları ona elə işgəncə verməyə başladı ki, bir daha onunla görüşməməyə içində and içdi, həm də bunun gecikmiş bir addım olduğunu dərk edib çox üzüldü.

Atasını qəbirə Həsənağayla ikisi qoydu. Bir Allah bilir, o an nələr yaşadı. Bircə onu bilirdi ki, meyiti aram-aram aşağı sallayanda içindən bu sözlər keçdi: “günahkaram, ata, günahkaram… səndən sonra tezliklə gedəcəm buralardan, qala bilmərəm…”

Elə də oldu. Atasının qırxı çıxandan sonra, heç kimə heç nə demədən, ərizəsini verib işdən getdi. Təsadüfən anası harasa getmişdi, tezbazar yır-yığışını eləyib şəhərə yollandı. Həmin gün də zəng edib uzun-uzadı üzrxahlıq elədi, and içdi ki, “ana, ümidlərini doğruldacam, özümə iş-filan tapıb yerlənib-yataqlanan kimi evlənmək məsələsilə məşğul olacam”. Bir də yalvardı ki, ağlayıb-sızlamasın, ürəyini yaralamasın, hər şey yaxşı olacaq. Ona ən əsas təsəlli verən məsələ – Pəridən uzaqlaşması oldu. Ən azından fağır anası bu baxımdan onu yetərincə başa düşdü, səsi titrəyə-titrəyə uğur diləyib, alxışlarını yağdırdı. Sonra Simran Həsənağayla danışdı. O isə, sözünü həmişəki kimi qısa, yığcam dedi: “Möhkəm ol. Anadan narahat olma”.

Bir azca arxayınlaşdı. Tələbə yoldaşı Salehin nənəsindən kirayələdiyi balaca otağın boyağı tökülmüş tavanına hər gecə gözlərini zilləyib uzandığı yerdəcə eləcə qalırdı; heç nə fikirləşə bilmirdi. Amma içində nəsə bir arxayınçılıq vardı, elə bil, hansısa qaranlıq və daşlı-çınqıllı kənd yolunda itirilmiş çox qiymətli bir incini Ay işığında çətinlik çəkmədən tapmışdı. Əslində, şəhərə yığışdığı ilk gecədə Ayın işığı bu balaca və yosmaca otağın yeganə pəncərəsindən süzülərək gözlərini zillədiyi tavanı nura boyamışdı. Orada isə, təkcə öz başa düşdüyü bir dildə “yazılanları oxuyurdu”, tapdığı həmin o incinin adı isə, deyəsən, alaqaranlıq içində də olsa, bir təsəlli və ya ən azından hüzur idi. Amma bilmirdi ki, başıyla düşünüb-daşındığının içində sirli bir küncə çəkilib sızlayan sevgiyə heç bir dəxli yoxdur...

Aradan bir aya yaxın vaxt keçmişdi, hələ də iş tapa bilmirdi. Bütün dost-tanışını qatmışdı bir-birinə. Nazirlikdə işləyən ən yaxın adamı Süleyman söz vermişdi ki, bəs, “papağını əyri qoy, fikir eləmə, bu günlərdə səni sevindirəcəm”. Ancaq ondan da səs-səmir yox idi, darıxırdı. Hər gecə Pəri düşürdü yadıma… Özünü ağaca dırmaşmış bir pişik kimi hiss eləyirdi. Qorxurdu ki, çox getməz, elə pişik kimi də əyri-müyrü düşüb qayıdar gəldiyi yerə. Nömrəsini dəyişdiyinə görə yəqin Pəri onu axtarıb tapa bilmirdi. Özü isə hələ ki andına sadiq idi. Dözürdü.

Çox keçmədi, Süleyman onu bir reklam şirkətinə mühafizəçi kimi işə düzəltdi. Özü də dedi ki, müvəqqəti də olsa, işlə, sonrasına baxarıq. Açığı bildirdi ki, “nazirlikdə iş var, ancaq çox pul istəyirlər, gücün çatmaz”. Simranınsa əlində pulu az idi, necə deyərlər, yırtığının yamağına gücnən çatardı. Nə isə… Razılaşdı. Başladı işləməyə. Böyük bir reklam şirkətiydi. Bir sutka işdə olurdu, iki sutka evdə. Pulu az olsa da dolanmağa çatardı. Hə, dolanmaq olardı. Sonrasını isə fikirləşmirdi. Nə olacaq – olacaq deyirdi…

* * *

…Əynində yalxı alt paltarı, ucu-bucağı görünməyən bir biyabanlıqda dayanmışdı. Dörd tərəfini sayı-hesabı bilinməyən avara it sürüsü bürümüşdü, yan-yörəsində sülənə-sülənə gəzişirdilər, qorxudan quruyub-qalmışdı, ayaq basmağa yer yox idi. Qorxurdu ki, tərpənsə gəmirərlər. Çünki hərdən xornan mırıldayırdılar. Sonra da birdən-birə başladılar ona marıda-marıda, qorxudanmı, ya nədənsə, zingildəməyə. Öz-özünə deyirdi ki, “bunlar haçan rədd olub gedəcək? Pal-paltarım da qalıb Pərinin yanında. Bir azdan ya bunlar məni parçalayacaq, ya da soyuq iliyimə işləyəcək, öləcəm. Hardasan, bəs Süleyman? Bəs göydən kəndir sallayacaqdın?” Başını yuxarı qaldırdı. Kəndir sallanmışdı, amma o qədər qısa idi ki, çox-çox yuxarılarda yellənə-yellənə qalmışdı, əl çatan şey deyildi... Ağlamaq istədi, ancaq gördü, əksinə, gülür. Güldükcə də itlər daha bərkdən zingildəyir. Elə bil, onları döyən var. Zingiltiləri o qədər güclüydü ki, qulağı batırdı…

…Telefonun səsinə yuxudan qalxdı. Demə, qulağını batıran elə telefon səsiymiş. Klassik telefon səsini sevdiyindən həmişə onu aktiv edirdi. O da indi cingildəyib yuxusundakı it zingiltisinə qarışaraq qulağını batırırmış. Sevindi. Buna səbəb kimin zəng elədiyi yox, gördüyünün yuxu olduğunu anlamağı idi. “Şükür, yuxudu! Allah xeyir eləsin!” Bəs zəng edən kim idi?

– Sanço, salam. Yatmışdın? ­– O idi. İçi titrədi. Hələ də qulaqlarında itlərin qaytarış verən zingiltisini, telefonun cingiltisini Pərinin səsi qayçı kimi doğradı. Cavab vermədi. “Nömrəmi buna kim verib axı, kim?!” Özünə gəlməmiş hirs içini bürüdü. O, gülə-gülə elə bil ürəyinə bıçaq soxdu: – Gözün aydın, bəbəmiz olacaq…

Elə bildi, təzədən bayaqkı yuxunun içinə qayıtdı, qoşuldu zingildəyən itlərə, amma onlardan fərqli ulamağa başladı…

Heç bir söz demədən telefonu söndürdü. “Yox, bu ölkədən rədd olub getməliyəm! Rədd olub getməliyəm bunun əlindən!..”

Ağlına gəldi ki, yəqin Pəri telefon nömrəsini rayondakı “Azərsell” xidmətində işləyən qohumundan öyrənib. Çünki təzə nömrəni oradan almışdı. Başqa heç bir variant ola bilməzdi. Bəs yalvarırdın ki, “Sən bir də buralara gəlmə, Simran, gəlmə…” Nooldu bəs? İndi gülməşəkər oldum? Mənsiz işin aşmır? Əl çək dəə! Əvvəl dayına güvənirdin, indisə bəbə adında quraşdırdığın oyuna güvənirsən, deyəsən? Onu görməyəcəksən! Görməyəcəksən heç vaxt!”

Amma niyə gözləri islandığının fərqinə də varmadı…

Səhəri günü iş növbəsində deyildi, evdəydi. Qulağının içində Pərinin “Gözün aydın, bəbəmiz olacaq…” kəlmələri güvə qurdu kimi eşələnirdi. Neyləyəcəyimi bilmirdi. “Yox nəsə eləməliyəm, nəynənsə məşğul olmalıyam ki, başım qarışsın…” Telefonla internetə girməkdən zəhləsi gedirdi. Nədənsə, heç bir sosial şəbəkəyə qoşulmağa meyli yox idi. Nəsə əvvəldən oralardan xoşu gəlmirdi, hara ki, baş çəkmişdi, hamısını deaktiv etmişdi. Evin küncündə balaca bir kitab dolabı vardı. Üstünə qırcıvalı pərdə çəkilmişdi. İçində nə olduğuyla bu günəcən heç maraqlanmamışdı. Çünki qiraətlə də arası yox idi. Pərdəni araladı, kiril əlifbasıyla yazılmış köhnə kitablar idi. Bir dənə də olsun bədii kitab yoxuydu. Hamısı geodeziyaya, torpaqşünaslığa, kartoqrafiyaya aid kitablar, xəritələr idi. Həvəssiz-həvəssiz əlini atıb kitablardan birini götürdü. Üstündə: “Geodeziya və xəritəçilik mühəndisliyi” yazılmışdı. Candərdi vərəqləmək istəyəndə arasından iki yerə qatlanmış, saralıb-solmuş bir dəftər vərəqi düşdü. Kitabı yerinə qoyub, vərəqi götürdü. Kiril əlifbasıyla, tələsik yazılmış üç-dörd cümləlik bir qeyd idi: “Atın yüyəni, eşşəyin noxtası, adamın da ixtiyarı heç vaxt öz əlində olmur. Yaşadıq, gördük bunu. İndi qocalmışam. Qocalıq ömrün qışıdır deyirlər. Heç vecimə də deyil. Çünki qışın ardınca yaz gəlir. Deməli, ölüm yazdır, bahardır... ölüm yazdır, bahardır, deməli! Bunu hər adam bilməz, hər adam dərk eləməz!”

Vərəqi qatlayıb qoydu öz yerinə. “Ölüm yazdır...” Atası düşdü yadına. Əslində o həmişə yaddaşındaydı. Hər xatırlayanda gözləri dolurdu. İndi isə dodağındakı bu pıçıltını gözünün yaşı islatdı. “Sən də öz yazına, baharına qovuşdun, yəqin. Yazın, baharın mübarək, ata...”

Sonralar öyrəndi ki, bu kitablar Salehin babasından qalmadır. O, torpaqşünas mühəndis olubmuş. Dostunun dediyinə görə o cür fəlsəfi yazıları çoxdur, ağlından, ürəyindən keçənləri atma-atma hara gəldi yazırmış, sonra da köçürürmüş dəftərlərə: “Babamın o cür qeydlərlə dolu üç dəftəri qalıb. Nənəm sandığında saxlayır. Heç kimə də göstərmir. Yadıma gəlir ki, nənəm bir dəfə yır-yığış eləyəndə dəftərlərdən birini görmüşdüm, üstündə iri həriflərlə “Dueldən sonrakı ölü” yazılmışdı. Yazıçı-filan deyildi, amma kişi çox savadlıydı. Vəsiyyət eləyib ki, nəvə-nəticəsi o dəftərləri üç-dörd nəsil keçəndən sonra üzə çıxarsın. Anam həmişə deyir ki, babanıza heç biriniz oxşamadınız.”

Yerinin içində bir qədər eşələndikdən sonra, qalxıb şəhərə çıxdı, telefonuna yeni nömrə aldı, köhnəni deaktiv etdi. Mesaj yazıb, kimə lazımdırsa, yeni nömrəsini bildirdi. Bir az şəhəri dolaşandan sonra, bir butulka çaxır alıb evə döndü. Şam yeməyinə kolbasa almışdı. Çaxırın hamısını təkbaşıma içdi. Hər dəfə stəkanı başıma çəkəndə Pərini söyüb-yamanladı. “Sənə yaxın dursam, atamın oğlu deyiləm!.. Qapa o ütük kipriklərini, ala bəbəklərindən qarabuğdayı yanaqlarına axıt o göz yaşlarını, Pəri! Qurtardıq səninlə, qurtardıq!” Amma deyəsən bu dəfə öz üzünün quraqlığı islandı. Yolçusu isə yox idi...

Burası da vardı ki, ona ilk dəfə çaxır içməyi də elə Pəri öyrətmişdi. Dayısının yanında yenicə işə düzəlmişdi. Pərinin balaca mağazasının qarşısından keçəndə, Simranı içəri çağırdı, dedi ki, evdə üç-dörd torba mal var, gedək kömək elə, onları qaldırıb talvara yığım. Yox deyə bilmədi, ürəyinə gəldi ki, birdən imtina etsə, dayısına deyər, yaxşı düşməz. Razılaşdı və getdi. Evin zirzəmisindən ağır torbaları bir-bir dəhlizə daşıdı. Sonra da nərdivanı qoyub talvara dırmaşdı, Pəri torbalara kəndir bağladı, Simran isə dartdı yuxarı. Ardınca da özü dırmaşdı yanına, malları açıb tökdü, hamısı nəm çəkmişdi, birlikdə döşədilər evin tavanının üst qatına. Təbii ki, talvarda ayaq üstə durmaq mümkün deyildi, işi iməkləyə-iməkləyə görürdülər. Xeyli əlləşdilər. Pəri evdə əyninə dizdən yuxarı, həm də kimano bir don geymişdi, eləcə də dırmaşmışdı talvara. Burada isə gözünün önündə iməklədikcə, Simranın halı dəyişirdi. Talvarın alaqaranlığında Pərinin yarıçılpaq əndamı, ətli və bəyaz sağrısı ağlını alırdı başından. Çoxdan dul qaldığını, ərsiz olduğunu bilirdi. Bəlkə də belə olduğina görə ürəklənmişdi. Amma axırda o özü heç bir işarə etmədən yerə sərdikləri uşaq paltarlarının üstünə uzandı. Ardınca da dərindən nəfəs ala-ala, tövşüyə-tövşüyə oğlanın əlindən tutub gülümsündü və... dartdı onu üstünə... Hər şey bax beləcə başlandı... Sonra aşağı endilər. Simranı otağına apardı, əynini soyundurdu, çarpayıya uzadıb ədyalı üstünə örtdü, aparıb paltarlarının tozunu çırpdı, təmizlədi, gətirib qoydu kətilin üstə. Gülümsünərək soyundu və girdi yanına. O gün Simran ömrümün ilk kişilik kartına möhürünü beləcə vurdu... Artıq axşam düşmüşdü. Pəri ayağa qalxıb süfrə açdı, ortalığa çolpa qızartması bir də bir dolça çaxır qoydu. Orda necə içdisə, heç nə xatırlamadı. Səhərisi telefonunu sönülü gördü. Yəqin ki, Pəri söndürmüşdü. İstirahət günüydü, evə gəlib yalandan hamını aldatdı ki, tələbə yoldaşları gəlibmiş, turbazaya gediblərmiş... Nə isə... hə, çaxıra aludəçiliyi də elə o vaxtdan başlamışdı. Bunun da səbəkarı təbii ki, Pəri olmuşdu. Hər dəfə onlara gedəndə, elə öyrəşmişdi ki, çaxır içməsəydi, yatağa girmirdi. Bəzən özü də alıb gətirir, atasından gizlin öz evlərində də vururdu... İndi daha o günlərin arxada qaldığını, Pərinin guya ömründən-günündən getdiyini düşünürdü...

Ardı var...

# 3891 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #