Yunanıstanın Türkiyəyə niyə ürəyi yanır?

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

8 fevral 2023
# 17:00

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Cahil insan özünə belə düşmən ikən, başqasına dost olmağını necə gözləyirsiniz?

Yunan filosofu Sokrat

Türkiyədə baş verən zəlzələ faciəsinə biz azərbaycanlıların münasibəti aşağı-yuxarı eynidir. Az-çox hamımız eyni duyğuları keçiririk, eyni hissləri yaşayırıq.

Burada nə pafosa, nə də yalana ehtiyac var. Çünki biz Türkiyəyik, Türkiyə bizdir.

İki il əvvəl Türkiyədə böyük yanğınlar baş verəndə, bir yazı yazmışdım: Türkiyə evimizdir – evimiz yanır

Həmən yazıda yazmışdım ki, yanğınlar bizim ürəyimizi də yandırdı. Adamlar öldü, evlər məhv oldu, ağaclar yandı, heyvanlar tələf oldu...

Yazmışdım ki, kaş o alovları söndürmək üçün ovcumda da olsa, su daşıya biləydim.

Kaş bir adamı, bir ağacı, bir canlını xilas edə biləydim o alovların içindən. Yəqin, bir çoxları da onda mənim kimi düşünürdü.

İndi baş verən bu faciədə də hamımız belə düşünürük. Düşünürük ki, kaş əlimizdən bir şey gələrdi, uçqun altında qalmış bir adamı da biz xilas edə bilərdik.

Bizim bu ürək yanğımızın ən böyük səbəbi isə şübhəsiz ki, Türkiyənin bizə doğmalığı, qardaşlığımızdır.

İndi danışmaq istədiyim məsələdə isə vəziyyət bir az fərqlidir.

Yəqin ki, bir çoxumuza Türkiyənin ən böyük və ən qədim düşmənlərindən birinin Yunanıstan olduğu bəllidir. Hətta son illər bu düşmənçilik siyasi müstəvidə bir az da alovlanıb.

Amma Yunanıstan Türkiyədə baş verən bu faciəyə heç də biganə yanaşmır. Yunanıstanın həm hökumət səviyyəsində, həm mediasında, həm də ictimaiyyətində bu məsələyə ürək yanğısı ilə yanaşıldığı aydın hiss olunur.

Başda Yunanıstanın bu münasibətində sünilik, yalançılıq axtarsam da, sonradan bu axtarışımın mənasız və boş olduğunu dərk etdim. Yunanıstanın ürək yanğısı ən təbii, ən səmimi və həm də ən gözəlidir, bəlkə də.

Nədir bəs bunun səbəbi? Niyə öz əzəli düşməninə qarşı belə ürəyi yanır yunanların? İnsanlıq, humanistlik?

Digər müstəvilərdə, digər məsələlərdə humanistlik kölgədəmi qalır? Yox. Bu ürək yanğısını sadəcə humanistlik adı ilə çərçivələmək olmaz.

Yunanıstanın bu faciəyə belə reaksiya verməsinin bir səbəbi var: MƏDƏNİYYƏT!

Böyük hərflərlə və altını cızaraq yenidən yazıram: MƏDƏNİYYƏT!

Yunanıstan mədəniyyətin beşiyidir. Yunanıstanın mədəniyyəti 5-10 ilin, 5-10 əsrin mədəniyyəti deyil. Dünya mədəniyyətinin sütunlarından biridir yunan mədəniyyəti. Yunan mədəniyyəti haqqında nəsə danışmağıma, adlar çəkməyimə, tarixlər göstərməyimə inanıram ki, ehtiyac yoxdur.

Yunan xalqını və dövlətini də ali edən o mədəniyyətdir. Nə pul, nə güc, nə də siyasi avantüra. Yalnız və yalnız mədəniyyət.

Yadıma düşür, 10-15 il əvvəl Türkiyədə "Yabancı damat" serialı yayımlanırdı. Bizim kanallarımızdan biri də bu serialı verirdi və çox da izlənirdi.

Serial yunan damat (kürəkən) Niko ilə qaziantepli qızın sevgisindən bəhs edirdi. Serialdakı hadisələrin baş verdiyi şəhər olaraq Qaziantepin seçilməsi də bir başqa gözəl nüans idi. Qurtuluş savaşında düşmənlərə (həmçinin yunanlara) qarşı savaşdan sonra “Qazi” adını almış Antep şəhəri.

Seriala yunan kürəkən Nikonun başına türklərin arasında gələn maraqlı, məzəli və gözəl hadisələr rəng qatırdı. Nikonun qohumlarının türklərə düşmən münasibəti, türk gəlinin babasının və digər qohumlarının yunanlara nifrəti sevgi və insanlıq duyğularının altında əzilib yoxa çıxır, heç gözə görünmürdü də. Əksinə, həmin mübahisələr, çəkişmələr də izləyicilər üçün serialın dad-duzuna çevrilmişdi.

Serialda yunan və türk mədəniyyətinin iç-içəliyi, bu mədəniyyətlərin bir-birindən bəhrələnməsi incə ştrixlərlə vurğulanırdı. Yunanı özünə əbədi və əzəli düşmən bilən türklərin ərsəyə gətirdiyi bu filmin özü də türk mədəniyyəti və əxlaqının böyüklüyünün göstəricisi idi, zənnimcə. Elə serialın Türkiyədə və Yunanıstanda populyarlıq qazanmasının, sevilməsinin səbəbi də bu idi.

Bu əzəli (amma əbədi olmadığına inandığım) düşmənliyə baxmayaraq türk yunana, yunan da türkə hörmətlə yanaşıb. Çünki bu millətlər bir-birinin böyük mədəniyyətindən və həmin mədəniyyətin nə dərəcədə əhəmiyyətli olduğundan xəbərdardırlar. Bu iki millət biri-birinin mədəniyyətinə hörmət edir. Bax, məsələ də budur!

Düşməni də özü kimi böyük olan Türkiyəmizin başı sağ olsun!

# 6254 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #