Kitabına toy eləyənlər

Kitabına toy eləyənlər
28 fevral 2019
# 11:43

Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun “Təqdimat” adlı birhissəli köşə-pyesini təqdim edir

İştirak edirlər: Yazıçı və Vicdanı

Yazıçının evi. Günorta vaxtı. Divanda oturub, vicdanı ilə danışır.

Yazıçı: Bu da kitab təqdimatı keçirməyə vaxt tapdı. Altıncı gün tədbir olar?

Vicdanı: Bəs nə vaxt olar?

Yazıçı: Beşinci gün. Ya da nə bilim, həftə içi, ixtiyari bir gün. Bir həftəsonumuz var, onu da özümüzə, uşaqlarımıza ayırmaq yerinə təqdimatlara gedirik.

Vicdanı: F. bundan əvvəlki təqdimatını beşinci günə salmışdı. Bəhanə gətirdin, getmədin.

Yazıçı: Doğru deyirsən.

Vicdanı: Getmədin, üstəlik üstündən bir həftə keçməmiş yeyib-içmək məclislərinin birində rastlaşanda üzrxahlıq elədin ki, beşinci günlər sizin saytda ağır iş günüdür, ona görə icazə ala bilmirsən. Təqdimatı şənbə gününə salsaydı, mütləq gələrdin. İndi şənbəyə salıb, buyur, get.

Yazıçı: Sən Allah, belə demişəm?

Vicdanı: Hə.

Yazıçı: Biabırçılıq.

Vicdanı: Elədir.

Yazıçı: Necə də yadında qalıb!

Vicdanı: Başqa şeyləri də deyim?

Yazıçı: Madam söhbət açılıb, de.

Vicdanı: F. üç kitabının üçünün də təqdimatına gəlib, kitab alıb, səninlə şəkil çəkdirib.

Yazıçı: Noolsun? Bunu hamı edir də. Mən də nə qədər adamın kitab təqdimatına getmişəm.

Vicdanı: F. gəlməmişdən Facebookda yazıb ki, sənin təqdimatına gedir, dostlarını dəvət edib. Davam edim?

Yazıçı: Et.

Vicdanı: Üstəlik kitabı oxuyandan sonra şəklini çəkib paylaşıb, yazıb ki, dəyərli qələm dostum filankəsin kitabı, hər kəsə tövsiyə edirəm.

Yazıçı: F. əməlli-başlı əziyyət çəkib ki (gülür).

Vicdanı: Demə. Bu, bilirsən nəyə bənzəyir?

Yazıçı: Nəyə?

Vicdanı: Elə bil, hansısa uzaq tanışını toyuna çağırırsan, gəlir, toya pul salır, üstəlik tamadadan söz alıb gözəl bir çıxış edir, mahnı sifariş verib manısların stoluna bir 20-lik atır, sonra bəy-gəlinlə şəkil çəkdirir, toyun axırına kimi oturur, bəy-gəlin şadlıq evindən çıxanda onları alqışlarla yola salıb yollanır evinə.

Yazıçı: Bu toy metaforasını yaxşı işlətdin.

Vicdanı: Yazıçı vicdanıyam da, necə olmalıdır?

Yazıçı: Doğrusu, kitab təqdimatlarını da toya döndəriblər. Sən elə düşünmürsən?

Vicdanı: Elə düşünürəm.

Yazıçı: Fikir vermisənsə, insanlar kitab təqdimatlarında da toy məntiqi ilə iştirak edir: Gəlibsə getməliyəm, getmişəmsə gəlməlidir. Gəlir, toyuna pul salır, yəni kitabını alır, şəkil çəkdirir, çıxır gedir. Üstündən bir ay keçməmiş, bir də görürsən, zırt, inboksda yazdı: “Filankəs, ayın filan günü kitabımın təqdimatıdır. Səni də səbirsizliklə gözləyirəm”. Zalım balası, elə bil toy dəvətnaməsi verir.

Vicdanı: Məgər sən o cür eləməmisən?

Yazıçı: Eləmişəm?

(Pauza)

Yazıçı: Yaxşı, boynuma alıram, amma bu o demək deyil ki, hamı eyni səhvi təkrarlamalıdır? Axı biz bu addımımızla kitabı gözdən salırıq. O vaxt mən təqdimat keçirəndə düşünürdüm ki, oxucular gələcək, kitab alacaqlar, dəstək olacaqlar. Tədricən alıcılıq vərdişi yaranacaq, bu vərdiş genişlənəcək, təqdimatlara gələn oxucuların sayı ildən-ilə artacaq. İllər keçdi. Sonrakı proseslər göstərdi ki, təqdimatlara gələnlər elə bir ovuc oxucu, bir də qələm adamlarıdır. O gələn oxucular da elə potensial yazıçı-şairlər imiş. Yazmağa, kitab çıxarmağa moment gözləyirmişlər. Azərbaycanda oxuculuqdan yazıçılığa bircə addım da deyil, biləsən. (Pauza.) Özümüz öz kitabımızı alırıq.

Vicdanı: Özümüz özümüzü aldadırıq.

Yazıçı: Bax, haqqa gəlirsən, özümüz-özümüzü aldadırıq. Ona görə daha heç bir kitab təqdimatına getməyəcəm.

Vicdanı: Onda da deyəcəklər, sən təqdimat eləyəndə yaxşı idi, biz təqdimat eləyəndə pis?

Yazıçı: Desinlər. Məgər kitaba toy-zad edirik?

Vicdanı: Bir elə fərq eləmir, toy kimi şeydi. Yaxşı yadıma düşdü, özü də sənin axırıncı kitabın 10 manat idi, F.-nin kitabı isə 6 manatdır. Belə çıxır, sən ona dörd manat borclusan. Bu yerdə mən bir vicdan kimi sızlamayım, neyləyim? Yaxşı deyil, get qaytar xalqın borcunu.

Yazıçı: Öz aləmində məni yola gətirməyə çalışırsan da. Baş tutmayacaq! Bura bax, mən toyumu bahalı şadlıq evində eləmişdim, ona görə kitabın qiyməti eləydi (irişir).

Vicdanı: Bu dəfə də getməsən, F. düşünəcək ki, saymadın, inciyəcək. F. axı yaxşı oğlandır, dur geyin, get, gələn həftə dincələrsən.

Yazıçı: Gələn həftə də Q.-nin təqdimatıdır. (Pauza.) Keçən ay hər şənbə təqdimata getmişəm. Elə vaxt olub bazar günü də çağırıblar. Onda lap cızdağım çıxır.

Vicdanı: Yenə F. kimi adi qələm yoldaşını birtəhər yola vermək olur, vay o gündən ki, təqdimat edən vəzifəli yazıçı ola... girinc qalırsan. Getməmək də olmur. Gedirsən, bir yerə yozurlar, getmirsən, başqa yerə.

Yazıçı: Necə dəqiq deyirsən.

Vicdanı: Deyəcəm də. Məgər nə hiss keçirdiyini bilmirəm? Sonra da aldığın kitabları atırsan rəfə, elə ordaca qalırlar. Oxumursan. Arada sızlayan mən oluram.

Yazıçı: Sən də bəsdir də, maraqlı gəlmir, oxumuram. Allaha and olsun, gedib görsəm ki, oxucu əlindən tərpənmək olmur, heç bu qədər yanmaram. Normal ölkələrdə yazar yazarın təqdimatına getməz, oxucu gedər. Bizdə isə tərsinədir.

Vicdanı: Oxucu olsaydı, qələm yoldaşın səni təqdimatına niyə çağırırdı? Ona görə səni və sənin kimiləri dəvət edir ki, üçdən-beşdən təqdimatına gələn olsun. Məcburiyyətdən. Xəbərin var, özünüz öz təqdimatlarınıza gedirsiz, adını da qoyursuz ədəbi mühit. Gülməlisiz.

Yazıçı: Ay sağ ol, axır ki, vicdan kimi çıxış edərək öz mövqeyini ortaya qoydun. Deməli, nə onun kitabı bir kəsə lazımdır, nə də mənim. Özümüzü aldatmayaq. Oxumurlar, oxumaq istəmirlər. O zaman nə mən sənin təqdimatına gəlib xərcə düşüm, nə də sən mənim təqdimatıma gəl, xərcə düş. Zatən bir-birimizin kitabını oxumaq istəyiriksə, əvvəl-axır alıb oxuyacağıq, təqdimat olsa da, olmasa da. Yox, əgər kitab çıxarmağa belə çox təşnəyiksə, çıxaraq, saytlarda da bir-iki elan verək, vəssalam. Kim almaq istəyərsə gedib mağazadan alar, oxuyar, oxumaq istəməyən də almaz. Daha yalandan görüntü yaratmaq nəyə lazım?

Vicdanı: Sənə bir şey də deyim?

Yazıçı: De.

Vicdanı: Q.-nin təqdimatı gələn həftə deyil.

Yazıçı: Nə vaxtdır?

Vicdanı: Bu gün. F.-in təqdimatı ilə eyni saatda.

Yazıçı: Ay da. Dəqiq?

Vicdanı: Dəqiq.

Yazıçı: Təqdimat keçirməyi də bilmirlər, görürsən? Bunu eyni günə niyə salırsan? (Pauza.) Heç olmasa biri təqdimatı saat üçə salanda o biri beşə salsın.

Vicdanı: Q. sənin kitabın haqqında yazı da yazmışdı.

Yazıçı: Denən, zibilə düşdük də. Yaxşı, mən necə edim? Guya bu gün evdən çıxmaq istəmirdim. Deyirdim, doyunca dincələrəm, kitab oxuyaram, yazı yazaram.

Vicdanı: Q.-nin təqdimatına get, F.-in təqdimatına pul göndər (gülür).

Yazıçı: Məzələnmə. Axı pulum da azdır. İkisinin də kitabını almağa çatmayacaq.

Vicdanı: Onda məni göndər.

Yazıçı: Pulun olsaydı göndərərdim.

Vicdanı: Vicdansız qalmaq istəyirsən? (gülür).

Yazıçı: Hırtıldamaqdansa, bir yol de.

Vicdanı: Bir saatdan sonra F.-nin də, Q.-nin də təqdimatı başlayır. Tələsmək lazımdır. Gör hardan borc tapırsan.

Yazıçı: Dayan-dayan. (Pauza.)

Vicdanı: Nə?

Yazıçı: Təqdimat əleyhinə bir yazı yazıb, bu dediklərimi də ora əlavə edəcəm. Bəyanat verib, kitab təqdimatlarından imtina edəcəm.

Vicdanı: Bir vaxtlar toylardan imtina etdiyin kimi?

Yazıçı: Bəli. Doğru buyurursan. Toy mahiyyəti qazanan nə varsa, ondan imtina etmək lazımdır. Yaxşı, sən buralarda bir az başını qat mən gedim yazını yazım, gəlirəm.

Vicdanı: Yaz, ancaq məni də unutma.

Yazıçı: Ok.

Divandan qalxıb yazı masasına keçir. Notbukun qapağını qaldırıb yazmağa başlayır.

Pərdə

# 3270 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #