Hamını ələ salan Dadaşlinski

Hamını ələ salan Dadaşlinski
5 noyabr 2019
# 12:01

Əgər sosial şəbəkələrdə ciddi istifadəçilər və səhifələr bir teleproqramı vaxtaşırı gündəmə gətirirsə, ondan sitatlar yayırsa, demək ki, layihəni hazırlayanlar müəyyən mənada məqsədlərinə çatıb. Söhbət İTV-nin yeni mövsümdən yayımlanan “3D” layihəsindən gedir.

“3D” layihəsi mahiyyətcə, uzun illər öncə “Space” kanalında yayımlanan, “SOY” şirkətinin istehsalı olan bir verilişi xatırlatdı. Adını təəssüf ki, unutmuşam. Həmin verilişə müxalifət nümayəndələri də daxil olmaqla siyasətçilər, tanınmış ictimai simalar dəvət olunurdu. Onlarla siyasətdən kənar söhbətlər olunur, naqolay suallar ünvanlanırdı. O zaman televiziyada mühit də, şərtlər də bir balaca başqaydı. Təəssüf ki, layihə məlum olan və olmayan səbəblərdən davam etmədi. Tədricən bütün telekanalları ekran mədəniyyətindən uzaq, sırtıq şou proqramlar, şou-biznes aləminin üzləri tutmağa başladı. Və bu səbəbdən, qüsurlarına rəğmən “3D” layihəsinin efirdə yer alması tamaşaçı kimi məni məmnun edir. Həm də ona görə ki, fərqli məzmun, söhbətlər dinləyirsən, yeni tendensiyaya, planka dəyişikliyinə cəhdləri görürsən.

“3D” layihəsinin qüsurlarından yeri düşdükcə yazacam.

Telelayihənin ilk buraxılışında qonağın İTV-nin baş direktoru Balakişi Qasımovun olması təsadüfi deyildi. Ona ünvanlanan birbaşa, diskomfort, bəzən yüngül ironiyanın sezildiyi suallar layihənin konsepsiyasını bəlli etdi. İTV rəhbərini dəvət etməklə, çox güman ki, verilişə çağırılacaq qonaqlara mesaj ötürülürdü: rahat olun, robotla danışmaqda utanılacaq nəsə yoxdu. Və bu, həm də digərlərini belə bir formata, qıcıqlandırıcı suallara, modern düşüncəyə açıq olmağa dəvət, çağırış idi.

Verilişin müddəti qısadır, qonaqlara ünvanlanan suallar konkretdir, aktualdır, bəzən altmənalı, bəzən ironik, bəzən də sarkastikdir. B.Qasımova aparıcı Dadaş Dadaşlinskinin ünvanladığı “Siz rəqabətdən çəkinirsiz? Mənim iddiam sədr mövqeyidi” sualı və “İl yarımdan sonra seçkilərdə iştirak etmək istəyirsiniz. Bu, sizin haqqınızdır. Sizi rəqib kimi görmək maraqlı olardı” cavabını hermetik ictimai-siyasi mühitə metaforik yanaşma kimi də qəbul etmək mümkündür.

Layihə yaradıcıları bir sıra hallarda sosial şəbəkələrin gündəmə çevirdiyi mövzularla ayaqlaşmağa çalışırlar. Anlaşılandır, çünki baxılmaq üçün günün nəbzini tutmalısan. Əsas odur ki, günün nəbzi şou mühiti, müğənnilərin alt paltarı, qalmaqalları yox, sosial mühitdir. Örnəyi, son günlər Xanhüseyn Kazımlının sosial şəbəkələrdə mem sayağı dolaşan anlaşılmaz cümlələrinə qonaqlardan münasibət alınır, Dadaşlinski “Bu gün kompot dördüncü günə qalxır. Necə deyərlər 15 faiz, deməli avtomobil nəqliyyatında hər bir halında zarafatyanadır” kimi anlaşılmaz fikirləri ilə çevik reaksiya verir. Amma bu, yalnız gündəmə reaksiya məsələsi deyil, eyni zamanda baş verən absurdluqlara ironiyadır.

Davamlı ictimai qınağa məruz qalan (Araz Əlizadə, Aqil Abbas, Hafiz Hacıyev, Hadı Rəcəbli, Möhsün Nağısoylu və s.) şəxslərlə onların tənqid olunan, istehza doğuran fikirləri ətrafında söhbət qurulur. Suallar bir qayda olaraq sərt, ironik tərzdə qoyulur. Aparıcı Araz Əlizadəyə millət vəkillərinin həmişə seçilmək arzusu haqda sualı kimi: “Milli Məclisin bufetində yeməyi hansı yağda bişirilir ki, ora gedən adamlar geri qayıtmaq istəmirlər. Yeməyindən, ya suyundandır oranın, hamı uzun müddət orda qalmaq istəyir” və ya “Xalq Cümhuriyyətinin yubiley medalı ilə təltif olunmusuz. Özünüzü o medala layiq bilirsizmi?”. Yaxud Hadı Rəcəbliyə “Niyə söyürlər sizi?”, Hafiz Hacıyevə “Sizi ciddi siyasətçi kimi qəbul edirlərmi, şortik geyinən kişilərlə mübarizəniz nə yerdədir, hakimiyyətdə olmayan, sizin qədər ciddi siyasətçi varmı?”, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbova “65 yaşına qədər sağ salamat çatmaq üçün nə məsləhət görür nazirlik?” sualları kimi. Verilişi maraqlı edən müsahiblərin cavablarından çox, konfliktli suallar (hətta Hadı Rəcəbli aparıcıya intriqalı, dolaşdıran suallarına görə irad tutdu) və qonaqların vizual reaksiyasıdır. Cavablar onsuz da çox hallarda sıradandır, ehtiyatlıdır, ona görə burda əsas diqqət onların ikinci planına yönəlməlidir.

“3D” təkcə gündəmdən yararlanmır, ara-sıra sosial şəbəkələrdə verilişdən qaynaqlanan müzakirələr də baş verir. Araz Əlizadənin “Azərbaycanlılarla türklərin qanlarında olan elementlər bir birinə uyğun deyil” fikri kimi.

Proqram qonağın statusuna, qalmaqallı fikrilərinə uyğun yumorlu-bədii elementlərlə zənginləşdirilir. Aqil Abbasın məşhur “Get soğan ək, ailəni saxla” ifadəsi ilə bağlı suala cavabında millət vəkili bir qohumunun soğandan xeyli pul götürdüyünü deyir. Dadaşlinski katibəsi Lyubaya zəng edərək “Soğanda xeyli pul var, təcili soğan ək” təklifindən sonra katibənin dibçəkdə soğan əkdiyi göstərilir.

Fazil Talıbov aparıcının qəbul otağına gələndə, bir neçə adamın Dadaşlinskini gözləməsini katibə bankomat qarşısında təqaüdçülərin növbə gözləməsi ilə müqayisə edir.

Bununla belə bu kimi epizodlar bəzi hallarda dramaturgiyanı pozur və yamaq kimi görünür. Tutaq ki, Araz Əlizadənin qonaq olduğu buraxılışda Lyubanın başqa bir əməkdaşla bürclər haqda söhbəti tele-materialda oturuşmur. Əslində, bu səhnə müsahibin fikrilərinə protest kimi görünsə də funksionallığı yoxdur. Ona görə, yaradıcı, dolğun vəziyyətlər tapmaq gərəkdir. Yaxud B.Qasımovun qonaq olduğu verilişdə onun haqda sorğu ümumi süjetə girə bilmir.

3D animasiyası ilə hazırlanmış şərti aparıcı Dadaşlinski “Heç kimin soruşa bilmədiyini mən soruşacağam! Hadisələrə heç kimin baxmadığı bucaqdan baxacağam” deyir. Düzdür, qəti bəyanat tam olaraq proqramda əksini tapmır. “3D” kəskin olmağa, fikir ərazisini, qonaq seçimini genişləndirməyə məcburdur. Əks halda, monotonlaşa bilər. Fəqət, fəaliyyətini müəyyən bir çərçivədə qurmağa məhkumluğu duyulur.

Dadaş Dadaşlinskinin obrazına dərin və maraqlı xarakter verilməyib. Onu səsləndirən ssenarist Tural Sevdimalının isə səs fakturası, intonasiyası nüfuzedici, bəzən reaksiya vermək mənasında çevikliyi yetərli deyil. Bütün hallarda belə bir proqramın olması arzu olunandır.

# 4856 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #