Mən əldə olunan qadın deyiləm, əldə edənəm

Mən əldə olunan qadın deyiləm, əldə edənəm
28 dekabr 2017
# 14:28

Kulis.az “Qadın məktubları” rubrikasında şair-esseist Rəbiqə Nazimqızının növbəti məktubunu təqdim edir.

k. üçün altıncı (yeddinci) məktub

Düz bir həftədir ki, səni bəzi şeylərə əmin etmək istəyirəm. Anlamırsan və mən də məcbur oluram, bir məktubu iki-üç dəfə yazıb-silim. Olmaz axı, adam bu qədər qısqanc olmaz, bu qədər cığal, bu qədər tərs olmaz. Bir az da belə davam eləsən, mən də əsəbiləşib deyəcəm ki, sənə cümə günləri yazmaqdan başqa heç nə söz verməmişəm.

Bilirəm, çox sərt oldu. Amma sən də məni xəyanətdə suçlama. Hamının zəif anları olur. Çox da güclü qadınam, küsərəm, əvvəldən yazıb hazır saxladığım vida məktubunu göndərməyi yubatmaram, sonra istəsəm də, geriyə qayıtmağa yolum qalmaz.

Bilirəm, əslində, məni qorumaq istəyirsən. Ehtiyac yoxdur. Heç kəs yaşamağı mənim qədər bacarmır, əmin edirəm. Uşaqlıqdan beləyəm. Adamlara gülümsəməyi sevirəm, güzəştə getməyi bacarıram, bu, ilk növbədə öz rahatlığım üçündür. Amma təzyiq gördümmü, vəssalam. Bütün inadkarlığım işə düşür. Dava-dalaşa, emosional gərginliklərə nifrət edirəm, amma situasiyada sakitcə oturub, kiminsə məni qanadı altına alacağını da gözləmirəm.

Mən əldə olunan qadınlardan deyiləm, əldə edənəm.

Mən seçirəm!

Yəni ov olmaqdan zəhləm gedir, daha çox ovçuyam mən. Bilirəm, qadınlar haqqında təsəvvürlər əksər hallarda mənim fikirlərimlə üst-üstə düşmür. Başqaları özləri bilər, onları istədiyin qədər ovlaya bilərsən. Bizim aramızda heç vaxt cinsi zəmində qısqanclıq söhbəti olmayacaq. Sən bunlardan çox yuxarıdasan. Ona görə, sən də eləmə...


Məni qatil kimi qələmə verirsən az qala. Guya səni öldürürəm. Nə var-nə var, “başqasına” – özü də kimə, sənin prototipi olduğun adama, adında k. hərfi olmayan adamın özünə! – iki-üç şeir yazmışam. Səni mən yaratmışam, mənim bir parçamsan, özün də bilirsən ki, haqqında başqası kimi söz açdığın adam olmasa, sən də olmayacaqdın...


Şeirə gəlincə, o, başqa sevgidir. Başqa sevgilidir. Mənim onunla münasibətlərim yalnız mənə aiddir. O, ata da bilər, ağrıda da, susa da, sevə də. Neyləsə, başımın ağasıdır, nə desə, sözünün quluyam.


Görürsən, sənin könlünü almaq, bir-iki xoş söz demək, aradakı gərginliyi yumşaltmaq istəyirəm, amma üslubdan təhdid tökülür. Eqo partlayışından başqa bir şey deyil, bir-iki gün ömrü var, keçəcək. Qürur mənasız incikliklərdə ortaya çıxmamalıdır, onun öz meydanı var.


Günah bir az da səndədir, bildiyin şeylərin hesabını sorursan. Amma günahsız olsan, səni sevməyəcəkdim. Mələklər maraqsızdırlar, iblis də məni heç cür cəlb eləmir. Sən elə olduğun qədər gözlənilməz ol, onların arasında reverans elə, heç mənim də proqnozlarıma sığma. Belə daha yaxşıdı...


Bir də, nə olub axı? Dünya dağılmayıb, gerçək, real k. ilə görüşüb, səndən danışmışıq, bir fincan çay, iki-üç fincan qəhvə içmişik, vəssalam. Başa düş, hər müəllif öz qəhrəmanı ilə görüşə, onu təxəyyülündəki obrazla qarşılaşdıra bilmir. Bilirəm, onun barədə eşitmək səninçün maraqlıdır, etiraf edirəm, sənə layiq idi, ona layiqsən.


Amma o, qeyri-müəyyən şəkildə “xəbərləşərik” deyib öz dünyasına qayıtdı, deməsə, daha yaxşı idi, əlbəttə. Mən də dərhal sənin yanına qaçdım.


Əsas olan budur.

Əsas olan sənsən...

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #