Eynəkli uşağı lağa qoymaq

Eynəkli uşağı lağa qoymaq
13 yanvar 2015
# 08:30

Bir insanda ən çox qiymətləndirdiyim xüsusiyyət fərqli düşünməyi bacarmasıdır. Hər hansı bir hadisəyə, fikrə, əşyaya fərqli yanaşmağı bizlərdə çox az adam bacarır. Öz fikri, öz fəlsəfəsi, öz inamı, öz həyat tərzi, düşüncə tərzi olan adamlar azdır.

Az-çox olanlar da təsadüfi hallarda üzə çıxır və çoxlu adam üçün ya pis, ya yaxşı örnək olurlar. Fərqli olmaq üçün adamda ən azı bir uşaq saflığı olmalıdır. Beş uşaq götürün nümunə üçün. Onların hamısına eyni sualı verin. Yağış necə yağır? Allahı necə təsəvvür edirsən? Şaxta baba hardan gəlir? Və s. Baxacaqsan ki, hər uşağın cavabı az da olsa bir-birindən fərqlənir. Əlbəttə, uşaqlar böyüklər tərəfindən şablon cavablarla artıq silahlandırılmayıbsa. Bu mənada uşaqlara bol-bol imkan vermək lazımdır ki, xəyallarını genişləndirsinlər və ayrı-ayrı məsələlər ətrafında fikir yürütsünlər. Böyüdükcə də özlərinin hər bir hadisəyə, fikrə fərqli yanaşması olsun.

Məhz fərqli yanaşmaq qabiliyyəti azdı deyə bizim cəmiyyətimiz bozdur, monotondur. Bədbəxtlik gələndə hamımıza birdən gəlir. Tutaq ki, şadlıq da hamımıza birdən üz verir. Beynimizi işlətməyə ərinirik. Çıxış yolu axtarmağa üşənirik.

Son vaxtlar intiharlar, qətllər də bu cür artır. Başımız sıxışanda özümüz çıxış yolu aramaq əvəzinə qonşudan örnək alırıq. Məsələn, keçən il bu vaxtı Məmmədin oğlu 50 min borca düşmüşdü. Kişinin oğlu özünü körpüdən atdı, canı qurtardı. Mənim də başıma eyni şey gəlibsə, niyə özümü körpüdən atmayım?

Gülnisənin qızının nişanı qayıtmışdı. Damarlarını doğramışdı. Mənimki də qayıtdı. Mən niyə durmuşam?!

Filankəsin arvadı başqa kişiyə qoşulub qaçdı. Arvadı da, kişini də tapıb doğradı. Mən bunu eləyə bilmirəmsə, onda nə kişiyəm? Filankəsdən nəyim kəmdi?

Hər addımda uşaqlarımın “başqaları nə deyər” kompleksiylə üzləşirəm. Xarici cizgi filmlərindən, oxuduqları kitablardan örnəklər gətirə-gətirə bu kompleksləri aşmaqlarına kömək edirəm. İstər-istəməz başqa uşaqların içinə girir, onların önyarğıları ilə üzləşirlər. Qızıma keçənilki məktəb formasını geyindirirəm. Təzədən xərc çəkməmək üçün. Həm də paltar yaxşı vəziyyətdədir. Bir qədər donu gödəlib. Bu mənim üçün də, atası üçün də problem deyil. Əvvəla, qızım hələ uşaqdı. Mənimçün onun cinsiyyəti yoxdu. O, sadəcə uşaqdı. Amma bəlli ki, başqa valideynlər artıq uşaqlarının arasında cinsi ayrı-seçkiliyi yaratmağa başlayıblar. Qızımla bir sinifdə oxuyan 10 yaşlı qızlar qısa ətəyi qızıma irad tuturlar. Qızıma öz fikri olmağın vacibliyini , özü üçün necə rahatdırsa, elə geyinməli olduğunu uzun-uzadı izah etməli oldum. Hələ eynəyini ümumiyyətlə, taxmaq istəmirdi. Baxmayaraq, həkimin məsləhəti belədir ki, yazıb- oxuyanda qətiyyən eynəyi çıxarmaq olmaz. Yanında başqa uşağı “dördgöz”, “professor” deyə ələ salmışdılar. Cəmi 10 yaşında uşaqlarda bu qədər qəddarlıq, bu qədər aşağılama kompleksi, “bizim kimi deyilsənsə... bizdən deyilsən” düşüncəsi hardan ola bilər? Əlbəttə, valideynlərindən əxz olunan xüsusiyyətlərdir.

“Can” adlı cizgi filminə baxır uşaqlar. Qəhrəmanlarından birinin gözləri görmür. Yoldaşları isə onun eşitmək qabiliyyətinə qibtə eləyirlər. Nə qədər eləyirlər eşitmə duyğularını onunku qədər inkişaf elətdirə bilmirlər. Axırda gözləri görməyən uşaq o birilərə necə yaxşı eşitməyin sirrini öyrədir. Eyni cizgi filmlərinə qızımla həmyaşıd bütün uşaqlar baxır. Sonra da məktəbə gəlib eynəkli uşaqları görəndə ələ salır, qəlbini qırmaq istəyirlər.

Filmlər, kitablar, deyilən nəsihətlər çox gücsüzdü. Bizim insanımız dəyişməyə, inkişafa, düşünməyə nifrət edir.

# 1385 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #