Kulis.Az Məti Osmanoğlunun Yusif Səmədoğlu haqqında xatirəsini təqdim edir.
1984-cü il fevralın 10-da rəhmətlik Yusif Səmədoğlu işə, “Ulduz” jurnalı redaksiyasına lap ertə – saat 10-da gəlmişdi. O, adətən, işə günorta gəldiyi üçün hamı buna xoş bir sürpriz kimi baxırdı və çox keçmədi ki, “sürprizin” üstü açıldı...
İşdə olanların hamısı ((Sabir Azərini, Əhəd Muxtarı (Allah hər ikisinə rəhmət eləsin), Vaqif Cəbrayılzadəni, Taleh Həmidi dəqiq xatırlayıram) Yusif müəllimin otağına yığışmışdı.
- Andropov ölüb, - onun bunu zarafatla, yoxsa ciddi dediyini anşırmaq çətin idi, ancaq Andropovun ölümü də gözlənilən idi, onun ağır xəstə olduğu heç kimə sirr deyildi.
Onu da deyim ki, Yuri Vladimiroviç Andropov Brejnevdən sonra Sovet İttifaqı kommunist partiyasının, yəni SSRİ-nin rəhbəri idi.
- Bayaq Elçinə zəng vurmuşdum, kefi yaman pozuldu... – Yusif müəllim bir az pauza verəndən sonra mətləbə aydınlıq gətirdi. – Andropova görə yox e... belə bir mühüm xəbəri məndən sonra eşitdiyinə görə.
Gecələr gec yatan Yusif Səmədoğlu xarici radioların SSRİ haqqında proqramlarını müntəzəm izləyirdi və məlum oldu ki, həmin gün ölkənin rəhbərinin öldüyünü sovet xalqından başqa hamı bilirmiş...
Bir az keçmiş Elçin Yusif Səmədoğluya zəng vurdu. Kənardan aydın hiss olunurdu ki, Elçin Yusif müəllimin onunla zarafat edib-etmədiyini dəqiqləşdirmək istəyir. Yusif müəllim də özünəməxsus bir ironiya ilə:
- Həə, ey. Yüz faiz arxeyin ol, kişi getdi... – deyib, dəstəyi telefonun üstünə qoydu.
Bundan sonra redaksiya əhli arasında proqnozlar mərhələsi başladı: Andropovu kim əvəz edəcək?
Müxtəlif namizədlərin adını çəkilirdi, ikisi yadımda qalıb: Romanov, Əliyev...
Yusif müəllim Çernenkonun olmasını arzu etdiyini bildirdi. Araya dərin bir sükut çökdü: çünki siyasi büronun üzvü Çernenko qoca və xəstə idi. Yusif müəllim öz mövqeyini izah elədi:
- Ona görə Çernenkonun olmasını istəyirəm ki, klassik musiqini çox sevirəm...
Gülüşmə düşdü...
Ancaq bizim lətifə hesab elədiyimiz ehtimal başımıza gəldi. Çox şey elə Yusif müəllimin dediyi kimi oldu: az sonra Andropovun ölümü rəsmən elan edildi. Təxminən bir həftə mərkəzi və Azərbaycan radio-televiziyası ardı-arası kəsilmədən klassik musiqi səsləndirdi. Andropovun yerinə hakimiyyətə Konstantin Ustinoviç Çernenko gətirildi. Bir ildən sonra Çernenko da öldü və sovet xalqı sərasər bir həftə klassik musiqidən həzz aldı...