4 arvadlı o amerikalı Azərbaycanda niyə yaşaya bilməzdi?

4 arvadlı o amerikalı Azərbaycanda niyə yaşaya bilməzdi?
21 avqust 2017
# 17:00

Könül Cəfərli

Amerika televiziyalarında maraqlı realiti şoular var. Onlardan biri də çoxarvadlı kişilər barədədir. Müxtəlif ştatlarda yaşayan o cür kişiləri axtarıb tapır, onların gündəlik həyatından veriliş hazırlayırlar. Tək özləri olmur, arvad-uşaqları da çəkilir. Qəhrəmanlardan birinin adı Koddur. 4 arvadı, 18 övladı var. Tamaşaçı ailə ilə bağlı demək olar ki, hər məlumatı bilir. Məişət qayğılarından tutmuş intim münasibətlərinə qədər danışırlar. Yanlış anlamayın, açıqsözlü olsalar da inanclı, dinə bağlı, mənəvi dəyərlərə önəm verən ailədir. Məsələn, Kod hesab edir ki, nikahdankənar münasibət doğru deyil və günahdı. Çılpaq qadın görəndə gözlərini yumur və s. Arvadları da ağızdolusu danışırlar ki, ərimiz 30 il ərzində bir dəfə də xəyanət etməyib. Eləcə də balalarının qayğısına qalan, onların ən kiçik problemləri üzərində düşünən, təhsillərinə, sağlam vətəndaş kimi yetişmələrinə diqqət edən bir ailədir.

Övladlar da ata-anaya bağlı uşaqlardı, onlar böyüklərinə dəyər verir, hörmət göstərir. Bir sözlə, ər-arvad-övlad münasibətlərinə söz ola bilməz, sevgi, hörmət, qayğı, diqqət, anlayış öz yerindədir. Çoxarvadlılığı nəzərə almasaq, nümunəvi bir ailə deyə bilərik. Bircə əmmaları var ki, Kodun 4 arvadı var və bununla kifayətlənməyi düşünmür, gələcəkdə növbəti dəfə evlənməyi də istisna etmir.

Arvadlar bir-biri ilə yaxşı yola gedir. Arada xırda inciklik, narazılıqlar olsa da ümumən dava-şavasız, mehriban ailədir. Hər halda tamaşaçıya belə təqdim olunur. Bütün ailə Meriyə, yəni evin birinci xanımına minnətdardı. Çünki Kod üçün çoxarvadlılığa o icazə verib, hər şey onun razılığı ilə başlayıb. Belə ki, ər əvvəldən bir neçə arvad almağı düşünürmüş və bu istəyini xanımına bildirəndə müsbət cavab alır.

Həyat yoldaşı da rəyini belə izah edir: “Kod ikinci qadınla da evlənmək istəyini deyəndə mən razılaşdım. Çoxarvadlılığa normal baxıram. Amma ərim iki arvadla kifayətlənmədi. Daha ikisi ilə də evləndi. Bu bizim qərarımız və seçimimizdir. Kod yaxşı həyat yoldaşı və atadır. Ailəsinin qeydinə qalır, qayğısını çəkir. Çalışır ki, sevgini və diqqəti bərabər bölsün”.

Digər qadınlar da çox arvadı olan kişini seçmələrindən məmnundurlar: “Kod mənəviyyatlı və düzgün həyat tərzi olan insandır. Ailəncanlı, qayğıkeş və əxlaqlı kişidir. Günümüzdə beləsini tapmaq çətindir. Təkarvadlı kişilər yoldaşlarına ömür boyu xəyanət edir, çox qadınla münasibətdə olur. Amma Kodun həyatında yalnız 4 qadın var və o sədaqətlidir. Mən bilirəm ki, ərimi özümdən başqa yalnız 3 qadınla paylaşıram. Əsas odur ki, başqa qadınlar kimi xəyanətə uğramıram”.

Hər arvadın ayrıca evi var. Amma eyni həyətdədir, qonşudurlar. Kod günlərini bölüb, hər dəfə birinin yanında gecələyir.

Övladların da çoxarvadlılığa münasibəti normaldır. Hətta geniş və mehriban ailələri olduğu üçün özlərini şanslı və xoşbəxt hiss edirlər. Qızları da çoxarvadlılığın tərəfdarıdır, gələcəkdə bir neçə xanımı olan kişi ilə ailə qurmaq istəyərlər.

Verilişdə Amerika ictimaiyyətinin çoxarvadlılığa münasibətini öyrənmək üçün ara-sıra əhali arasında sorğu da keçirirlər. Reaksiyasından asılı olmayaraq, vətəndaşların cavabı ümumən belə olur: “Bu onların qərarı və seçimidir”.

Kod və ailə üzvləri də ictimai münasibətdən razıdır: “İnsanlar bizimlə tanış olanda təəccüblənir. Biz də adamların heyrətini normal qarşılayırıq. Başa düşürük ki, Amerika üçün ənənəvi ailə modeli deyil. Onlara qəribə gəlsə də, qərarımıza anlayış göstərirlər”.

Mən demirəm ki, Kodun ailəsində hər şey təqdim olunduğu kimi güllük-gülüstanlıqdı. Reytinqli verilişdi və davamı həm televiziyaya, həm də ailəyə lazımdır. Bəlkə buna görə də bir-birinə səbir edir, ailənin davamı üçün çalışırlar. Amma yenə də hər şeyi layihəyə bağlamaq məncə doğru olmaz. Sözüm onda deyil. Siz indi təsəvvür edin ki, belə bir ailə Azərbaycanda yaşayır. İctimai münasibət necə olar? Bizdə qızın barmağına üzük taxılandan ta uşaq doğanadək camaat təqib edir. Birinin yaşı 20-ni keçibsə, bütün təbriklər və alqışlar əryönümlü olur: “Allah sənə də bir qapı açsın, gələn ili bu vaxt ər evində olasan, nişan konfetini yeyək”. Nişanlanmaqla da canını qurtara bilməzsən. Ardınca başqa suallar işə düşür: “Toy nə vaxtdı? Niyə toy etmirsiniz?” Toyun oldusa, bu dəfə də: “Bişey-mişey yoxdu?” Qızın olanda da başsağlığı fason təbrik edirlər: “Heç nə olmaz, gələn dəfə oğlun olar”.

Bəlkə də fərqində deyilik, amma fikrimiz-zikrimiz, alqışımız-qarğışımız şəxsi həyata müdaxilədir. Özü də bunu elə mənimsəmişik ki, sanki ana südü kimi haqqımızdır. Bir dəfə qonşunun davamlı təkrarlanan “niyə uşağın olmur?” sualına səbrim daraldı, “bu şəxsi həyatımdı, izah etmək istəmirəm” dedim. Açıqlama vermədiyim üçün qadının xətrinə dəydi, məni neçə il dindirmədi. Adama deyərlər bax, sizə nə? Sizə nə ki, kim niyə ərə getmir? Kimin niyə uşağı olmur? Kim niyə boşanıb? Kim niyə ikinci arvad alıb? Öz güzəranınız maraqsızdırsa, camaatın həyatında qurdalanmayın. Açıb seriallara baxın, onu da tapa bilməsəniz kartof-soğan soyun, başınız qarışsın.

Bakıda 2 arvadı olan bir neçə dindar tanıyıram. Qadınların bir-birindən xəbəri var, özləri razılığa gəliblər. Ən əsası həyatlarından məmnundurlar. Di gəl, qohum-qonşu yaşamağa macal vermir. Qız deyir ki, qonaq getmək istəmirəm. Kimin qapısını açıramsa, söhbət mən və ərim olur: “Hərə bir tərəfdən qınayır, ağıl verir. Düz, ya səhv bu mənim qərarımdı. İmkan vermirlər həyatımızı yaşayaq. Mənə ağılsız deyənin əri gündə biri ilə gəzir, özü heç səsini çıxarmır. Guya elə yaşamaq düzgündü? Mən heç kimin həyatına qarışmıram, amma zəli kimi bizdən əl çəkmirlər”.

Hər dəfə Kod və ailəsini izləyəndə eyni sual ağlıma gəlir: “Bu Kod uzağa getmirəm, elə Bakıda yaşasaydı, belə rahat və xoşbəxt ola bilərdimi?” Çətin ki. Qəti qoymazdıq. Hələ qonşu-zad qalsın bir yana, bizim saytların ağzına düşmələri bəs edərdi. Gündə bir bədheybət başlıqla o ailənin xoşbəxtliyini elə sürüyərdilər ki, yerlə-yeksan olardı. Sevincdən ağartdıqları dişlərini çətin bir də kimsə görərdi.

Yaxud da elə güman edək ki, Kodun arvadlarından biri azərbaycanlıdır. Görüm o 21 nəfərlik ailədə hüzur qalardımı? Bunun qaynanası, baldızı var, hələ rayonda yaşayan uzaq qohumlarını yada salmıram. Nə isə, gerisini özünüz də təsəvvür edə bilərsiniz. Bir də gördünüz ki, Kod Zaurun verilişində göz yaşı tökür. Ya da saytların birində belə bir xəbər var: “Amerikalı kürəkənin qaynanası danışdı”. Nə bilim vallah, qohum-əqrəba ki, ailəyə burnunu soxdu, nə desən olar.

# 1920 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #