Hacının Şəbnəmi, Damlanın xalı, Tolikin bərbad səsi

Hacının Şəbnəmi, Damlanın xalı, Tolikin bərbad səsi
6 avqust 2019
# 11:02

Çoxunuz kimi mənim də Şəbnəm Tovuzludan xəbərim var. Amma sizdən fərqli olaraq, onu müğənni kimi deyil, daha çox "həci"nin Şəbnəmi timsalında tanıyıram. Çünki nə ifaçı kimi qəbul edir, nə də dinləyirəm. Amma yenə də bu xanımın hara getdiyini, nə geyindiyini, kimə söz atdığını, əsas da "həci"sinin bahalı hədiyyələrindən məlumatım var. Xüsusi olaraq izləyib, təqib etmirəm ha, sadəcə sosial şəbəkələrdə addımbaşı xəbərləri gözümə batır. Nəzərim rəngli, iri hərflərlə başlığa çıxarılan informasiyalardan yayına bilmir.

Məsələn, o gün saytlardan biri "Şəbnəm ərini göstərdi" başlığı ilə sevgilisinin sol qolunun fotosunu yaymışdı. Vallah, düz deyirəm, fotoda ancaq bir qolu görünürdü. Eyni xəbəri digər "bazburudlu" saytlar da tirajlamışdı. Maraq üçün oxunma sayına baxdım, dedim görüm bu ölkədə neçə nəfərə "həci"nin qolu maraqlıdır? Vay dədə, ictimai, siyasi, sosial yüklü, önəmli xəbərlərdən qat-qat çox "xal" toplamışdı.

O biri gün də Şəbnəm hardasa çimib, ərinmədən "ətli-budlu" fotolarından bir neçəsini də paylaşıb. Gözünə döndüyüm camaat da topa tutub ki, bəs hacının hesabına kef çəkirsən-zad. Bacı da hirslənib, 1-2 ağız izləyicilərinə qarğış edib. Müğənninin hər addımını güdən müxbirlər də tez bu çimişmə söhbətini qələmə alıb, xəbər düzəltmişdilər. Haqq üçün, yenə də babat oxunmuşdu. Deməli, camaata maraqlıdır.

İndi gələk əsas məsələyə. Şəbnəm sadəcə bir misaldır. Bunun gözünə Bayram Nurlunun "kurjuvalı" xələtini, Damlanın qarnındakı xalı, Mədətovların ər-arvad deyişməsini də qatmaq olar. Siyahı bir xeyli uzundur, mən yalnız bir neçəsini qeyd etdim. Deyə bilərsiniz ki, şou-bizneslə bağlı xəbərlərdir də, bu tərzdə və məzmunda yazılması, oxunması normaldır. Xeyr, əzizlərim, belə deyil. Mövzudan asılı olmayaraq, jurnalistikanı bu qədər ucuzlaşdırmağa kimsənin haqqı yoxdur. Əlbəttə ki, tanınmış şəxslərin həyatı, yaşayışı həmişə maraqlı olub. Onları təqib etmək, "ulduz"larla bağlı informasiyaları yazmaq təbiidir, necə ki, dünya mətbuatı da dərc edir. Eləcə də bu işi daha səviyyəli və səliqəli şəkildə də görmək olar. Hətta elə yazmaq mümkündür ki, ziyalı zümrəsi də maraqla, diksinmədən oxusun. Bizdəki əsas problem xəbər anlayışını aşırı bəsitləşdirmək, jurnalistikanı yerlə sürüməkdir.

Adi bir örnək çəkim. Xoşqədəm Hidayətqızının verilişinə oxşar məzmunda Türkiyədə də bir proqram var, Mügə Anlının hazırladığı layihəni deyirəm. Hər iki verilişin cəmi 1 buraxılışını izləmək bəs edir ki, aradakı keyfiyyət uçurumunu görəsən. Üslub, aparıcının mövzulara yanaşma tərzi, problemlərin qoyuluşu tamam fərqlidir. Bir dəfə Anlının proqramında bir iştirakçı yerə yıxıldı, guya ürəyi getdi. Tez rejissor o səhnəni tamaşaçıya göstərməmək üçün kameranı dəyişdi. Aparıcı da soyuqqanlı halda, üstəlik “ağlamalinskiy” musiqini guppuldatmadan həmin qadına dedi ki, özünüzü ələ alın, bu cür "ayılıb-bayılmaq" lazım deyil. Bu iradı eşidən şəxs tez özünə gəlib saçını-başını düzəltdi və sakit halda müzakirəyə davam etdi. Aydın oldu ki, elə aparıcının dediyi kimi qadın artistlik edirmiş. O xanım peşəkar televiziyaçıdır, verilişi də keyfiyyətlə hazırlayır: hadisələri müzakirə edir, həll yollarını axtarır. Amma vəziyyəti daha da dramatikləşdirmədən, şişirtmədən, tamaşaçının duyğuları ilə oynamadan, əsəbləri tarıma çəkmədən işini görür.

Hidayətqızı isə ortamı bacardığı qədər gərginləşdirməyə, həyəcanı süni şəkildə artırmağa çalışır. Bizim aparıcıya görə nə qədər həyəcan, təlaş, göz yaşı olsa, bir o qədər yaxşıdır, baxımlıdır. Bədbəxt insanı studiyaya dəvət edib onun faciəsini didişdirmək, tamam "rəndələyəndən" sonra da çarə tapmaq yardım deyil, çirkinlik və qeyri-peşəkarlıqdır. Bunu tək Xoşqədəm etmir. Bənzər məzmunlu verilişlərimizin hamısında eyni hal baş verir.

Təxminən 15-20 il əvvəl də insan taleləri ilə bağlı veriliş hazırlanır, şou əhli barədə xəbərlər yazılırdı. Müqayisə edin, səviyyə nə qədər düşüb! İl keçdikcə jurnalistika o qədər gözdən itir, məcrasından çıxır ki, mən yerli medianın 10 il sonrakı vəziyyətini təsəvvür edə bilmirəm. Əldə-ovucda heç nə qoymadan sürətlə itirir, cılızlaşır.

Bəs niyə "Şəbnəmskiy" xəbərlər yazılır, aparıcılar tamaşaçıya təcavüz edir? Cavab sadədir: biznes! Məlumdur ki, o cür xəbərlər və verilişlər daha çox oxunur, baxılır. Bu isə media qurumuna izləyici və pul qazandırır. Çünki şirkətlər oxunaqlı sayta və baxılan verilişə reklam yerləşdirməyə üstünlük verir. İş adamlarına media məhsulunun keyfiyyəti maraqlı deyil, o, sadəcə reklamını daha çox kütlənin izləməsini istəyir. Bu da onun haqqıdır, jurnalistikanın durumu biznes adamlarının dərdi deyil.

O zaman kim medianın qara gününə əncam çəkməlidir? Bir-iki aidiyyatı qurum fəaliyyət göstərir, onların da yetərincə səsi çıxmır. Xəzər televiziyasında Tolik adlı aparıcı var. Ləhcəsi bir yana, müzakirəsini açdığı mövzular, efir nitqi bərbaddır. Hərdən adama elə gəlir ki, bu cür məhsulu yayımlamaqla Xəzər TV tamaşaçılarla zarafat edir. Milli Televiziya və Radio Şurası isə insanları taleləri ilə istismar edən verilişləri, ləhcəli aparıcıları, Tolik və onun kimilərin efir danışığını görmür, eşitmir. Yaxud da niyəsə qarşısını almaq üçün ciddi addımlar atmır.

İki biçarə müğənni verilişdə söyüş söymüşdü, yadınızdadır yəqin. Özü də yazıqlar efirdə olmadıqlarını zənn edərək, biədəb söz demişdilər. Bir hay-küy qopdu, gəl görəsən. Mat qaldım. Guya illərdir səhərdən-axşamadək zövqü və əsəbləri zorlanan, əhli-şounun əxlaqsız həyatını izləyən siz deyilsiniz? Bir söz də söyləyim, inciməyin. Vallah, o bədheybət xəbərlərin, Hidayətqızının və Tolikin törətdiklərinin yanında müğənni Rəşadın söyüşləri daha məsum qalır.

Başqa nə deyəsən? Televiziya kanallarımız boğazından asılıb, ipi harda qırılar qırılar...

# 5285 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #