Xanımını doğuşda tək qoyan Azərbaycan kişiləri

Xanımını doğuşda tək qoyan Azərbaycan kişiləri
25 oktyabr 2017
# 10:57

Könül Cəfərli

Kameralar yataq otağında quraşdırılıb. Qadın ağrı çəkir. Amma tək deyil. Yanında ata-anası, əlindən tutaraq saçını tez-tez oxşayan əri, bir də həkim-mamaça var. Valideynlərinin iştirak etməyini xüsusi ilə istəyib. Onlar da qızlarına dəstək olmaq üçün gəlib. Xəstəxanada deyil, evdə doğmağı da özü seçib. Təcrübəli mamaçadan başqa tibbi personaldan heç kim yoxdur.

Otaqda hər kəs həyəcanlı olsa da, təmkinlə davranır. Nə doğan bağırır, nə anası başına-dizinə döyüb ağlayır, nə də həkim acıqlanır. Çünki hər kəs nə lazım olduğunu yaxşı bilir.

Qadın ağrı çəksə də çığırmır. Bilir ki, doğuş üçün güc lazımdır, qışqırmaq əlavə enerji itkisidir və faydası yoxdur. Odur həkimi dinləyir, tapşırıqlarına əməl edir. Məlumatlı olmağı karına çatır. Hamiləlikdə doğumla bağlı kurslara gedib, nə baş verdiyinin, necə davranmalı olduğunun fərqindədir. Qohum-qonşunun doğuş hekayələrindən deyil, mütəxəssislərdən öyrənib. Psixoloji hazırlıqlı olduğu üçün özünü itirmir, təlaş keçirib panikaya düşmür.

Həkim də bir başqa aləmdir. Üzərində ağ xalat-zad yoxdur. Adi geyimdədir, sadəcə əlində əlcək var. Çox rahatdır, təmkinlə, tələsmədən göstərişlərini verir. Sanki doğuşda deyil, qonaqlıqdadır. Üzündən də təbəssüm əksik olmur. Bizim çox mamaçalar kimi qadına acıqlanıb, biədəb kəlmələr demir. Əksinə “sən çox güclüsən, bacaracaqsan, az qaldı, tezliklə mələyini qucağına alacaqsan” kimi sözlərlə mənəvi dəstək də olur. Təcrübəsi və savadı sayəsində qayçıya, iynə-sapa ehtiyac olmadan rahat doğuzdura bilir.

Eyni xoş sözləri ər də deyir. Üzünün tərini silir, saçını tumarlayır, əlini buraxmır.

Qızın atası həyəcanlı olsa da təmkinini pozmur, dinməz-söyləməz nəticəni gözləyir.

Anası isə dayanmadan dua edir.

Təxminən 3 saat beləcə hay-həşirsiz keçir. Sonda uşaq dünyaya gəlir. Hər kəs sevinir, valideynlərin gözündən yaş axır.

Bir neçə dəqiqə sonra mamaça uşağı müayinə edib, çıxıb gedir.

Bu Amerika kanalında doğumla bağlı izlədiyim çoxsaylı verilişlərdən biridir. Hamilələr layihəyə qatılır, 9 ay boyunca çəkilişlər edilir, doğuşları da kamera önündə, tamaşaçıların gözü qabağında baş verir. Hər şey təbii olur. Bu cür proqramları baxımlı edən də budur, təbiilik və səmimiyyət. Şişirtmədən, izləyicinin duyğuları ilə oynamadan, o kədərli musiqiləri guppuldatmadan çəkirlər.

Sözümün canı verilişin keyfiyyəti deyil, doğuş mədəniyyətidir. Hə, o amerikalı mamaça elə belə də dedi. Söylədi ki, dünyaya uşaq gətirməyin də bir mədəniyyəti var, həm də bu ananın həyatında əlamətdar hadisədir. Gərək qadın doğumun gözəlliyindən zövq ala bilsin və xoş xatırlasın. Bu özündən, həkimdən və ailəsindən asılıdır.

Bizdə doğuşdan zövq alan qadına rast gəlməmişəm hələ. Kimi dindirsən, yadında ancaq sancı qalıb. Nə zövq almaq? Camaat 10 tikişlə də qurtaranda sevinir ki, şükür, özüm də, balam da sağ qaldıq.

Doğuşa münasibətimiz alayarımçıqdır. Hazırlıq deyəndə xəstəxana üçün pal-paltar yığılmış çanta başa düşürük. Doğum zamanı doğru davranmağı bilmirik. Bu həm qadına, həm də çevrəsinə aiddir. Çünki məlumatsızıq. Bu haqda oxumağa da gərək duymuruq. Sancın olacaq və doğacaqsan. Başqa heç nə bilmirik.

Suallarımız yarananda da tanış qadınlardan soruşuruq. Onlar da nə danışacaq ki? “Belə sancım oldu, ölüb-dirildim, neçə tikiş vurdular” kimi ağrılı-acılı xatirələrini bölüşürlər. Bu cür məlumatlar hamiləni daha da qorxudur. Psixoloji dəstək də olmadığı üçün çox qadın son aylarda depressiyaya düşür. Doğuşu sevinclə, həvəslə deyil, başımıza gələcək əzablı hadisə kimi gözləyirik.

Tək özün deyil, ailə üzvlərin də məlumatlı olmalıdır. Çünki çevrənin də böyük rolu var. Məsələn, qadın onsuz da sancı ağrısını və doğum qorxusunu yaşayır. Bir tərəfdən də ağlayan, şivən qoparan, dizinə döyən ana təsəvvür edin. Bəzən doğan qalır bir tərəfdə anasını sakitləşdirməyə baş qarışır. Beləcə ortam daha da gərginləşir, həyəcan və təlaş artır, qadın prosesə tam konsentrasiya ola bilmir. Bu hal doğuma birbaşa təsir edir. Halbuki maksimum sakit mühit yaradılması önəmlidir. Məsələn, xarici xəstəxanalarda hüzurverici musiqilərdən də istifadə olunur.

Bizdə isə doğum elə dramatikləşdirilir ki, qadın 9 ay özünü hamilədən çox xəstə kimi hiss edir. Dünyaya uşaq gətirməklə bağlı təsəvvürümüz gözəllikdən daha çox qorxudan ibarətdir. Bunda əlbət ki, az qala hər gün oxuduğumuz ana ölümlərinin də təsiri var.

O amerikalı qadınlarda da həyəcan olur. Amma o bir başqa həyəcandır, sevinclə bağlıdır. Onlar “görəsən sağ qalacağam?” qorxusu yaşamırlar. Yanlarında güvəndikləri peşəkar, mehriban həkim heyəti, əllərini bir an belə buraxmayan ərləri olur. İndi deyəcəksiniz ki, ayıb deyil efirdə, camaatın gözü qabağında doğmaq? Bəlkə də ayıbdır, amma o qədər səliqəli rəftar edirlər ki, gözə gözəllikdən başqa heç nə görünmür. Bizim xanımların yaşaya bilmədiyi doğum gözəlliyi...

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #