Bəlkə hamımız kəndə köçək?

Bəlkə hamımız kəndə köçək?
6 sentyabr 2019
# 10:43

Keçid dövrünün özü ilə gətirdiyi yeniliklərdən biri də kommersiya dükanları sayılırdı. Ötən əsrin 90-cı illərində bu dükanlar İbrahim Tatlısesin “Haydı söylə”, Sibel Canın “Padişah” mahnıları qədər əhəmiyyətli və məşhur idi.

Həmin illərdə biz yataqxanada yaşayırdıq. Qonum-qonşularımızın çoxu əvvəllər yaxşı yaşamış, qaçqınçılıqdan sonra da keçmiş yaşayışlarına pisdən, yaxşıdan sadiq qalmağa çalışan adamlar idilər. Elə o dövrlərdə ayda iki, üç dəfə qəfildən hay çıxırdı ki, bəs filan kommersiya mağazasına İrandan, Türkiyədən, Suriyadan mallar gəlib. Qızlı-gəlinli hamı yığışıb gedirdi həmin dükana. Əlinə keçən nağdı, nisyə mallardan qamarlayıb evinə gətirirdi. Bunların içərisində bahalı paltarlardan, bər-bəzəkdən tutmuş, “rossiyski” yağa, “turetski” şampunlara, Suriyanın xoruzlu persollarına, İranın dadlı toyuq tikələrinə qədər olurdu.

Allah üçün deyim ki, mallar hardan gəlməyindən asılı olmayaraq keyfiyyətli idi. Sonralar nə baş verdisə, ara itdi, məzhəb də qarışdı. Həmin kommersiya dükanları və kommersantlar da yoxa çıxdı. Onların yerində böyük-böyük marketlər tikilib ucaldı, kommersantlar isə görünməz adamlara, Hacılara çevrildilər.

Alıcılar yalınız orda-burda, dost-yoldaş məclisində həmin market rəhbərlərinin adama soyuqluq, ehtiyatlılıq gətirən adlarını eşitdilər. Nə təhər deyərlər, igidin adını gör, amma üzünü heç vaxt görmə. Yadıma gəlir, bu böyük marketlərə təzə-təzə baş vuran bizlər market arabalarını ehtiyatla sürər, iri vitrinlərin qarşısından sivilizasiya ilə ayaqlaşan, avropalı adamlar kimi ötüb keçərdik. Lap filmlərdəki kimi.

Lakin məsələ bayaqdan mənim beş, on cümlə tapıb abzasını verdiyim kommersiya məsələlərində deyil. Məsələ heç həmin mağazaların marketlərə çevrilməsində də deyil. Məsələ ondadır ki, müasirlik, sivilizasiya bizə gəlib çatsa da, biz onlardan heç nə qazanmadıq. Əksinə sağlamlığımızı, enerjimizi və pulumuzu itirdik.

Düşünürəm ki, söhbətə məişət, dükan bazar məsələləri ilə başlamışıqsa, davam etməyimizdə də bir zərər olmamalıdır. Hal-qəziyyə belədir ki, bir, iki gün əvvəl həmin arabalı, böyük marketlərin birində xeyli bazarlıq etdiyim üçün mənə bir kənd toyuğu qiymətində bonus hədiyyəsi düşdü. Ona görə toyuq qiymətində deyirəm ki, mən həmin bonus məbləğinə konfet şokalad, tava, aşsüzən çırtı-pırtı şeylər yox, daha doyumlu, külfəti heç olmasa bir gün tox saxlayacaq toyuğa üstünlük verdim. Beləcə qızara-qızara bonus çekini yazan xanıma dedim ki, mən kənd toyuğu alacam.

Marketin ət bölməsindən xeyli tərif və bəh-bəhdən sonra təmizlənib ütülmüş əndamlı bir kənd toyuğunu qucaqlayıb evə gətirdim. İnsafla qeyd edim ki, toyuğun ayaqları da üstündəydi. Toyuğun əlli-ayaqlı olması isə mənim kimi saf alıcıları məhsulun türklər demiş organik, yəni təbii olması fikrinə daha da inandırırdı. Bütün həngamə də elə bu amansız inamdan sonra başlandı. Dəmir kimi sümükləri olan toyuğu it zülmü ilə kəsib qazana doldurdum. Yalan olmasın düz beş saat qaynatdım. Qrafində, bidonda su qalmadı. Hamısını ağırtaxtalı toyuğun üzərinə əndərdim. Ancaq ət tikələri bişmək əvəzinə daha da bərkidi.

Əziz oxucu, sizə yalan borcum olmadığına görə heç bir anda, imana ehtiyac duymadan əlimi ürəyimin üzərinə qoyub deyə bilərəm ki, toyuqdan ət qoxusu deyilən qoxu gəlmədi. Hərdən mənə elə gəldi ki, qazandakı toyuq əti yox, daş parçasıdır. Bəlkə də küçədən yığıb gətirdiyim daş o qədər qaynasaydı, ət qoxusu verərdi, amma bu toyuq vermədi.

Əlqərəz, birtəhər toyuğu boyanalı plovun altına qoydum, üstünə də sarıkök, zəfəran, duz, istiot vurdum. Plov dəmdən düşəndə toyuğun əti saçaq-saçaq olub qarışdı plova. Plov əvəzinə nəsə əcaib dada malik xörək yedik. Kulinariya məsələsində o qədər də qabiliyyətli olmadığımı bu döşəmə plov söhbəti daha da rəsmiləşdirib aktuallaşdırdı. Xəbər anama çatanda həmişəki kimi mənim tərəfimi tutaraq dedi: “Onunla işiniz olmasın, buna da şükür!” Çox dəqiq təyinat idi. Anam hərdən mənim müxtəlif fəaliyyətlərim haqqımda belə xəfif kədərli və yolaverici təyinatlar edir.

Ancaq bunların heç biri mənə toyuq satan market rəhbərinin, onu yetişdirib ora gətirən sahibkarların əməlləri qədər təsir etmədi. Hələ sonradan yanaşıb satıcıya deyəndə ki, toyuq dadsız idi, satıcının dediyi sözlər məni dəhşətə gətirdi, nə danışırsınız deməkdən özümü saxlaya bilmədim. Sən demə həmin toyuqlar satışa çıxarılan gün əmilər, dayılar, xalalar, bibilər toyuq almaq üçün vitrindən marketin qapısına qədər növbəyə düzülürmüşlər.

Belə qanqaraldıcı söhbətdən sonra həqiqətən də dərd məni götürdü ki, doğurdanmı bizim adamlarımız ağızlarının dadını itiriblər. Və kauçuk qədər tamı olmayan toyuqdan ötrü saatlarla növbə gözləyilər? Doğrudanmı artıq kabus qədər dözülməz olan TV kanallarımız insanlarımızın musiqi, kino, tamaşa zövqlərini korladığı kimi marketlər, mağazalar da dad zövqlərini korladılar. Təsəvvür edirsiniz, hamımız aldanırıq və bu aldanışla barışıb özümüzü nələrəsə inandırırıq. Nehrə yağı alırıq, marqarin çıxır, toyuq əti alırıq, qara daşa dönür, təmiz balın adi şəkərə çevrilməsindən isə danışmağa dəyməz. Balın pətəyindən yemək istəyəndə onun da parafin olduğunu görürük. Bir sözlə kənd adı altında aldığımız bütün qidalar heç şəhər, qəsəbə məhsulu standartlarına da cavab vermir. Elə isə biz nə edək? Başımıza haranın daşını tökək ki, beş ildən, on ildən sonra biz cəhənnəm, balalarımız, onların balaları xərçəng, infarkt, leykoz, insult kimi amasınz xəstəliklərlə rastlaşmasınlar? Necə edək hamımız köçüb kəndə gedək, bəlkə hərəyə bir ferma açaq?

Bütün bu saydıqlarımı götür-qoy edə-edə yazını bitirməyə cəhd edəndə qapı döyüldü. Qapını açanda bir inli-cinli də görmədim. Amma dəstəyin üstündə qəsəbə marketində satılan endirimli qidaların siyahısı olan braşüra asılmışdı. Braşüranı götürüb vərəqləyəndə həmin ayaqları üstündə olan dadsız, tamsız toyuqların şəkilləri də gözümə sataşdı. Deyəsən, iyirmi qəpik məbləğində endirimə də düşmüşdü. Braşüranı əzib zibil qutusuna atmaqdan başqa heç bir çarəm qalmadı.

# 4127 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #