Teatrın Fuad Poladov pauzası

Teatrın Fuad Poladov pauzası
27 may 2019
# 13:42

Kulis.az Aliyənin Fuad Poladova həsr olunmuş “Köhnə telefon” tamaşasından yazdığı yazını təqdim edir.

Zal doludur. Hamını bura “Fuad Poladova həsr olunmuş tamaşa” sözləri gətirib. Elliklə tamaşalarına, filmlərinə baxdığımız aktyoru elliklə anmaq ehtiyacı nədir? Yəqin o tamaşaların davam etməsini istəmək. Sənin qiymətləndirdiyin insana başqalarının yüksək dəyər verməsini duymaq. İtirdiyini yenidən kəşf etmək.

Fuad Poladova həsr olunmuş “Köhnə telefon” müstəqil tamaşasının müəllifləri kimisə elliklə anmaqdan çox, yaşadıqları itkidən sonra hisslərini bir vasitəylə ötürmək istəyiblər.

Bu tamaşa ilə müəlliflər yox olmaq sözünün üstündən xətt çəkmək istəyirlər: “Heç kim yox olmur!” “Heç nə yox ola bilməz!” - və bu təsəlli-filan deyil. Bunu onlar tamaşa ilə sübut etməlidirlər.

Əbdülqəni Əliyevin Pol Vilardın “Köhnə telefon” əsəri əsasında hazırladığı eyniadlı tamaşanın qəhrəmanı Polarddır. Və Polard bizə onu Polard edən əhvalatı danışmağa başlayır. Hələ uşaqlıqda evdə telefonla operatorla danışmağa başlayır. Ailəsində yaşanan problemlər üzündən sevgi və diqqətdən kənarda qalan Polardı bu səs xilas edir. O bu səsdən yapışıb özünə inanır. Bu səslə böyüyür. Bu ünsiyyət onun yolunu işıqlandırır. Bu səsin sahibi dünyadan gedəndə səsini aparmır. O səs daim ona bir fikir pıçıldayır: “Eşidilmək üçün başqa dünyalar da var, Polard!”

news-inner

Bir psixoloqun gözüylə bu əhvalat ünsiyyət ehtiyacı mövzusudur. Bir fizik üçün “Heç nə yox olmur” ideyası başqa məsələləri nəzərdə tutur. Amma teatra yığışanlar, gözünü səhnəyə zilləyənlər, aylarla qurulmuş oyuna baxmağa gələnlər inanmaq istəyənlərdir: İnsan yox ola bilməz...

Tamaşada səliqəsiz dekoru da qeyd etmək lazımdır, baş qəhrəmanı oynayan, tamaşanın əsas təşəbbüskarlarından biri Hikmət Rəhimovun uyğunsuz pafosunu da, bəsitlik, əliyalınlıq göstəricisi olan bu pafosun mətnə əlavə olunan şeirlə daha da artıb keyfiyyəti aşağı saldığını da, rejissorun əhvalatı çatdıran yox, sanki əhvalatın içində gəzişən mizanlarını da, qəhrəmanın fləşbəklərinə qayıdanda tamaşaçını əhvalatdan qoparan səhnə xırdalıqlarını da. Qeyd etmək lazımdır, çünki bunlar peşəkarlıq məsələləridir.

Amma bunların üzərində dayanmıram. Məhz ona görə ki, müstəqil bir tamaşa hazırlamaq istəyənin alternativləri çox azdır... Aktyor Fuad Poladovu elliklə anmaq üçün də alternativ tədbir olmamasını da desəm...

Yoldaşlar haqlıdır: Poladov hamımıza nələrsə qazandırdı. Hətta Poladov az qala bütün ömrünü qazandırmaq üçün yaşadı.

Və Poladov teatrdan gedəndə də sənət itirmədi ki, qazandı. Məsələn, insanlara ruh, mənəviyyat göstərməli olan bir nöqtədə - səhnədə dayanmağın məsuliyyətini xatırlatdı. Sənətçinin məsuliyyətinin ağırlığını yada saldı. Əmin olun, bu məsuliyyəti olmasaydı, sənətkarın pauzaları belə dolu, baxışları belə yüklü olmazdı. Bitməyən Fuad Poladov söz-söhbəti də olmazdı. Fotolarını əlləri ağrıyana kimi alqışlayan o tamaşaçılar da olmazdı...

Teatrın Fuad Poladov pauzasından elliklə çox şey qazandıq. Ola bilər, pauzanı dinləməyə və ya susmağa hövsələmiz çatmadı. Ola bilər.

Bircə ümid edirəm ki, ən çox Ümid qazanmışıq: Nə vaxtsa hardansa bir səs eşidəcəyik. Mütləq...

# 2869 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #