Fahişələrdən başqa bir də ANA ilə rastlaşdım...

Fahişələrdən başqa bir də ANA ilə rastlaşdım...
3 aprel 2013
# 15:01

II yazı: Kimsəsiz şəhər

Yaz günəşi bir dəfə doğdusa, şəfəqləri dəyən hər yer daha da gözəlləşir, öz varlığını biruzə verir. Təəssüf ki, hətta üzümüzdəki çillər də, çoxdan toplanmayan zibilliklər də...

Həyat bir xəstələnəndə, bir də baharda daha qiymətli olur... İnsan həyatı birnəfəsə içinə çəkmək istəyir.

Şəhər ağac kimi çiçək açır, bar verib-verməyəcəyi gələcəyə bağlı. Zatən Bakının tək işi gözəlləşməkdir. Xüsusilə də gecələr insansızlaşıb işıqlarını yandıranda. Daha demirəm o küçədə yanan işıqlar evlərin içinə nə qədər düşür, kimləri qızdıra bilir... Bu başqa yazının mövzusudur.

Qadının həqiqi gözəl olduğunu bilmək istəyirsənsə, ona yuxudan oyananda baxacaqsan. Məlum, hər qadınla da səhər oyanmaq qismət olmur. Necə deyərlər, qadınla şam yeməyi hər kişinin işidir, səhər yeməyi ər kişinin...

Şəhəri də səhər görməli... Bəzəksiz... İşıqsız... Olduğu kimi. Necə var elə. Bakını olduğu kimi görmək üçün dan yeri söküləndə oyanmalı... Günə azan səsi ilə başlayıb, küçədə işdən qayıdan yorğun, bitkin, rəngləri ağarmış, taqətdən düşmüş fahişələrlə rastlaşmalı...

Küçələrdə dolaşan naümid itlərə tamaşa etməli...

Səhər gəzintisi adı ilə yazımın qəhrəmanını axtarmağa küçəyə çıxıram.

Küçələr boş... Kimsəsiz... Tıxacsız... Sahibsiz itlərlə ... Və qadınlarla dolu...

İtlər itliyinin, qadınlar qadınlığının əvəzin ödəyir. Bu dünyada bircə kişi olmaq əvəzsizdir...

Fahişələrdən başqa bir də ANA ilə rastlaşdım... Səhərin şaxtasında o qədər üst-üstə geyinmişdi ki, elə bil bu yaz onun üçün gəlməyib. Yaşını müəyyən edə bilmədim, açıqda olan əlləri və üzü idi. Üzünə baxmaq doğru deyil, əllər isə qaçılmazdır... Tünd qəhvəyi əlləri qara xətlər mühasirəyə alıb... əllər o qədər bərkimiş görünür ki, bu əllərin nə vaxtsa kiməsə sığal çəkdiyini təsəvvür edə bilmirəm... Bəlkə nəvazişsizlikdən belə bərkiyib? Bəlkə o əllər öz sığal ömrün yaşayıb bitirib?...

Küçədə adamlar az olanda daha mehriban olurlar, tez dostlaşırıq. Öyrənirəm ki, onun hər günü belə başlayır. Sübh tezdən vağzalda rayondan gələn qatarlardan göyərti alıb metro çıxışlarında satmağa gedən bu qadın səkkiz oğul anasıdır. “Böyütmüşəm, oxutmuşam” deyir... “Ailələri, uşaqları var” deyir... Qürurla “Balalarım hərəsi bir evdir” deyir...

“Ana, Bakının hər tərəfi evdir, hər tərəfində də evsizlərdir” deyirəm...

Beləcə söhbət edirik və səhər yolda rastlaşdığı qızı yaşda birinə dərdini danışmağa başlayır: “Balalarım hər ay hərəsi gəlirlərindən iyirmicə manat övladlarının başına çevirib mənə versəydilər vağzallarda sürünməzdim” deyir...

Arzu deyib keçməyin, bu dünyaya səkkiz oğul gətirən ANAnın arzusudur...

Gəzintimi, axtarışımı davam edə bilməyib evə qayıdıram. Qapını bağlayıb, pərdələri çəkirəm...

Yatmaq lazımdır... Yaxşıca yuxuya getmək... Bu şəhəri oyanandan sonra görməli...

# 7187 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #