Telefonsuz və internetsiz qəsəbədə qız sevməyim

Telefonsuz və internetsiz qəsəbədə qız sevməyim
4 iyun 2019
# 11:22

Təsəvvür eləyin, gözdən-könüldən uzaq bir qəsəbədəyik. Sayımız az, evlərimiz köhnə. Qəsəbənin heç nəyi yoxdur: nə interneti, nə əyləncə mərkəzi, nə telefonu. Biz ötən əsrlərdə olduğu kimi bir-birimizi məktubla tapa bilirik.

Məsələn, Əli Vəlini axtaranda evlərinə gedib belə bir məktub yazır: “Mən qəsəbənin mərkəzindəyəm. Xəbər tutan kimi ora gəl.” Sonra onlar güc-bəlayla bir-birilərini tapırlar. Bir çayxanada oturub dərdləşirlər, söhbətləri heç vaxt ara vermir, sükut yaranmır. Onlar üçün hər şey maraqlı, rəngarəngdir.

Həftə sonları hamı bir yerdə qəsəbənin yeganə televizoru olan yerə yığışırıq. Bir filmə baxıb dağılışırıq. Başqa vaxt konsertlər keçirilir, kəndirbazlar gəlir, sehrbazlar fokus göstərir.

Lütfən, gözünüzün qabağına Yılmaz Erdoğanın “Vizontele” filmini gətirin. Heç nədən anlayışı olmayan, cahil, texnologiyadan bixəbər qəsəbəyə televizor gətirirlər. İnsanlar bu kəşfin nə olduğunu, necə işlədiyini öyrənmək üçün dəridən-qabıqdan çıxırlar. Qəsəbənin yeganə radio təmirçisi birtəhər əlləşib, çabalayıb televizoru işlətməyi bacarır. Ancaq elə ilk gündən insanlar ölüm xəbəri ilə qarşılaşır. Mənə elə gəlir, texnologiyanın günü-gündən daha da inkişaf etməsi bəzən insanları birləşdirməkdən daha çox, bir-birindən uzaqlaşdırır.

Nə isə, ciddi mövzulara toxunmadan təsvirimizə davam edək.

Hə, deməli, qəsəbədə yaşadığımız günlərin bir günü mən bir qıza vuruluram. Qız da nə qız! Qaşları qələm, gözləri ceyran gözləri! Həmin gün dəstəylə geri qayıdırıq. Qız çevrilib mənə baxır, göz vurur. Yəqin bir azdan yaylığını da arxamca atacaq. Dostlarım mənə baxıb gülüşür, o qızın xəyalında başqa dünyalar olduğunu deyirlər. Mən əsəbiləşirəm, ancaq gözümü qızdan çəkmirəm. Nəhayət, yaylıq yerə düşür. Göydə sümük qapan it kimi yaylığa cumuram. Dostlarım gülüşür. Onlar hələ də məni ələ salmağa çalışır. Ancaq bu dəfə qələbə mənimdir. Qalib ədası ilə onlara baxıram.

Biz daha sonra tez-tez məktublaşırıq. Pəncərələrinin qabağında sabahladığım günlərin sayı-hesabı yoxdur. Bir gün atası münasibətimizdən xəbər tutur. Qızını qabağına qatıb yanıma gəlir.

- Bu qızdan əl çək.

- Mən onu sevirəm.

- Qələt eləyirsən!

- Mən ona pis bir şey eləməmişəm axı.

Qızına tərəf çönür:

- Bir də onunla görüşməyəcəksən.

- Ata, mən onu sevirəm.

Bir də bu gözəl həyatımızın hüznlü tərəfləri də olur: aradan xeyli vaxt keçir, sular durulur, biz ayrılırıq. Ancaq bütün bunlar bir yana, yaşamaq daha maraqlı gəlir adama.

Necə deyir Nazım bir şeirində:

“Ben XX asrlıyım ve bununla övünüyorum”.

Görəsən, XXI əsrdə yaşadığımıza görə öyünürükmü?

Məsələn, mənə soruşsanız, cavabım hazırdı:

“Xeyr, rədd olsun, XXI əsr”.

# 3265 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #