Narkotik ticarəti ilə “məşğul olan” yazıçımız

Narkotik ticarəti ilə “məşğul olan” yazıçımız
22 yanvar 2018
# 10:24

Hikmət Orhun

Bizim yazıçıları düşünəndə ürəyim ağrıyır. Yüz əlli, iki yüz tirajla kitab çıxardır, satıb nəşriyyatın haqqını ödəyə bilmir, amma hər dəfə məişət qayğılarından yaxa qurtaran kimi yazı masasına oturub, bir gün kəşf olunmaq, dünyaya çıxmaq arzusuyla yazır, yazır, elə hey... yazır.

Bəlkə də, dünyanın ən aşağı tirajla kitab çap etdirən yazıçıları bizim ölkədə yaşayır. Min tirajla kitab çıxarmaq, beş yüz nüsxə kitab satmaq onlar üçün fantastik bir şeydir, Allah haqqı. Düz deyirəm, Allah haqqı, düz deyirəm.

İnanmırsınız, şahidi olduğum bir hadisəni danışım: Bir dəfə dostumuzun şeirlər kitabı işıq üzü görmüşdü. Qabaqca üç yüz tirajla çıxarmaq istəyirdi, sonra bir tanışı kömək elədi, altı yüz tirajla çap olunası oldu. İnanın, kitabının altı yüz tirajla çap olunduğunu eşidən dostum yerə-göyə sığmırdı ki, o boyda kitabı rayona necə gətirəcəm?

Bəli, şair və yazıçılarımız hələ də təzə kitabı çıxanda az qalır, ilk kitabını qucaqlayan ibtidai məktəb şagirdi kimi atılıb-düşsün. Nəinki kitabı çıxanda, saytlarda şeiri, hekayəsi dərc olunanda dosta-tanışa xəbər salan yaşlı-başlı adamlar görmüşəm. Düzdür, pafoslu xalq şairləri deyir, bu, adamın içindəki kəpənəyi öldürmədiyindən xəbər verir, amma mən elə fikirləşmirəm.

Düşünürəm, uzağı iki-üç yazıdan sonra o “kəpənək” ölməlidir ki, yazar daha ciddi işlərlə məşğul olsun. Yoxsa ilk dəfə oyuncaqla tanış olan uşaq ədası onun yazmağına mənfi təsir göstərəcək. Dəfələrlə eşitmişəm, ölkədəki reallığı nəzərə almadan nə həvəslə kitab çıxaran qələm dostlarımız istədiyini ala bilməyəndə aylarla, bəzən illərlə yazmaqdan uzaq düşüb bəlkə də, yaradıcılıqlarının ən məhsuldar dövründə ədəbiyyatdan “gediblər”.

***

Bu günlərdə Tvitterdə avaralanır, kitabım haqqında tvit yazıb, qızlara “fors” atırdım ki, Elcan Hidayət adlı bir nəfər mesaj yazdı: “Salam, cənab, sizdən məsləhət almaq istəyirəm”.

Əvvəl elə bildim, təzə-təzə yazmağa başlayan uşaqlardır, “ağıllı-ağıllı” danışdığımı görüb mətn üzərinə məsləhət almaq istəyir. Yenicə hazırlanmışdım ki, “ağıllı-ağıllı” öyüd verim, yoldaşdan belə bir mesaj gəldi: “Yazılarınızdan birində kitabınızın çap olunduğu, amma uğur qazana bilmədiyi haqqında oxumuşdum. Sizcə, əsl səbəbi nə idi?”

Düzü, həmin yazımda ilk kitabımdan yazmışdım, ona görə də, utana-utana: “İlk kitabım idi, on altı yaşımda çap olunmuşdu, təsələdiyim üçün təbii olaraq uğur qazanmadı”, - deyib söhbəti bağlamağa çalışdım. Yoldaş yenə yazdı: “Bəs, sonrakı kitablarınız?” Anladım ki, adam mənə ildə bir kitab çıxaran, yazdığı romanlarla ailə dolandıran yazıçı gözüylə baxır.

İkinci kitabımın, yenə utana-utana, iki yüz tirajla çap olunduğunu və satılan əlli nüsxəylə nəşriyyat haqqını zar-zor ödədiyimi deyəndə mesajın o üzündə şoka düşdüyünü hiss elədim: “Bu qədər az?”

Demə, Elcan özü də yazıçıymış. Avstriyada yaşayır. Alman dilində yazır, kitablarını yaşadığı ölkədə və Türkiyədə satır. Yazdığı mətnin bədii dəyərini bilmirəm, amma “Gecikmiş etiraflar” adıyla çap olunan üç kitabı üç ildə yüz səksən doqquz min tiraj satılıb. İşi-gücü yazmaqdır, yəni çörəkpulu qazanmaq üçün köşə yazmır. İşinin adını da “narkotik ticarəti” qoyub. Elə bildim, bizim şairlərfason bənzətmə eləyir, demək istəyir ki, yazı narkotik maddə kimidir, adamın yaxasını buraxmır. Dedi, yox e, narkotik qədər gəlir gətirir – onu deyirəm.

Elə bil, bir ara bütün danışdıqlarımızı unutdu, soruşdu ki, kitab satışından nə qədər vergi verirsiniz? Tər tökə-tökə qayıtdım ki, biz vergi verəcək qədər kitab satmırıq. Yenə mesajın o üzündə yazığı gəldiyini hiss eləyib tələm-tələsik söhbəti yekunlaşdırdım.

***

Nə yalan deyim, bayaqdan kitablarımın tirajından utanan mən ölüb yerə girdim. Maksimum min, iki min tiraj hara, hər buraxılışa on beş min satış hara?

Azərbaycanla əlaqəsi yoxdur; nə oxucuların hansı səviyyədə olduğunu bilir, nə də kitab bazarını, amma kitablarını burada da çap etdirmək istəyir. Mənə də ona görə yazıbmış ki, vəziyyəti öyrənsin.

Öyrətdim.

# 1700 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #