Şahin Həsənlinin ateizm qarşısında təslim olması

Şahin Həsənlinin ateizm qarşısında təslim olması
6 may 2016
# 13:32

Hacı Şahin Həsənlinin Kulis.Az-da yayımlanan “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” məqaləsi yaradılışçılar arasında narazılıq yaradıb. Kulis.az yaradılış araşdırmaçısı Savalan Məmmədlinin Hacı Şahinə cavabını təqdim edir.

Bu məqalədə Şahin Həsənlinin məqaləsində yanlış qeyd etdiyi elmi məqamlara elmi faktlarla, dini məqamlara isə Quran ayələri ilə cavablar verərək məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Məqalədə təkamül iddiasına cavaba keçməmişdən əvvəl Şahin Həsənlinin elmin və dinin məqsədi ilə bağlı iddialarına da cavab verək. Məqalənin 3-cü abzasında belə bir cümlə var:“Bu baxımdan İslama görə, dinin vəzifəsi immanent aləmdəki hadisələri izah etmək deyil, transsendent aləmdən xəbər verməkdir. Pozitivist metodologiyaya əsaslanan elmin araşdırma predmeti isə yalnız maddi aləmdir. Bu baxımdan dinlə elmin predmeti və dili arasında sərhəd çəkilməlidir”. Eyni zamanda, məqalənin 4-cü abzasında: “Fərqlər isə axtarış sahələrindədir – dinin sahəsi qeyb, elmin sahəsi isə maddi aləmdir”,- formasında bir cümlə də qeyd edilir. Öncəliklə, qeyd edək ki, bu fikirlər həm elmi, həm də dini olaraq yanlışdır. Quranda heç bir ayədə dinin vəzifəsinin sadəcə Allahın qatından, Axirətdən və bu dünyaya aid olmayan aləmdən məlumat vermək olduğu yazılmayıb. Şahin Həsənli isə dinin vəzifəsinin bu dünyadakı hadisələri izah etmək olmadığını iddia edərək, dinin vəzifəsinin sadəcə digər aləm haqqında məlumat vermək olduğunu irəli sürür. Halbuki bu iddia dini olaraq çox yanlış bir izahdır. Din müqəddəs kitablar vasitəsilə insanlara çatdırılır. Dinin qaynağı olan müqəddəs kitablarda nəinki Allahın qatı, nəinki Axirət, eyni zamanda, kainatın quruluşundan, kainatın necə yaradıldığından, yer kürəsinin quruluşundan, necə yaradıldığından, dünyadakı qanunların necə işlədiyindən, dünyadakı canlıların yaradılışından, böyüməsindən, qidalanmasından tutmuş ölümünə qədər canlı-cansız hər şeyin yaradılışı, vəzifəsi və sonu haqqında ətraflı və geniş izahlar mövcuddur. Buna görə də Şahin Həsənlinin iddia etdiyi kimi İslama görə dinin mövcud aləmi izah etməmək kimi, sadəcə digər aləmi izah etmək kimi vəzifəsi olduğu fikri məhz İslama ziddir. Çünki bir çox Quran ayələrində məhz Şahin Həsənlinin “maddi” adlandırdığı bu aləmdəki hər şeyə aid geniş izahlar mövcuddur. Şahin Həsənlinin dinin sahəsinin qeyb, elmin sahəsinin də maddi olduğu ilə bağlı fikirləri yanlışdır. Çünki dinin sahəsini Allah o dünya, bu dünya anlayışları ilə məhdudlaşdırmamış, insanın Allahın rizasını qazana bilməsi üçün həm bu dünya, həm də Axirətlə bağlı bütün məlumatlar təqdim edilmişdir. “Dinin sahəsi sadəcə qeybdir”,- deyərək belə bir məhdudlaşdırma aparmaq Qurana zidd bir fikirdir. Qurana görə dinin sahəsi insana aid olan hər sahədir. Dinin əhatə edə bilməyəcəyi heç bir sahə ola bilməz. Həmçinin elmin sahəsinin də sadəcə maddi olduğu ilə bağlı izah da yanlışdır. Çünki elm müşahidə və təcrübələrə əsasən, mövcudluğumuz haqqında faktlara əsasən informasiya təqdim edən bir vasitədir. Və elmin araşdırma predmetində sadəcə maddə var deyə bir məhdudiyyət yoxdur. Məhz metafizikanın da varlığı bu sahədəki araşdırmalar nəticəsində ortaya çıxmışdır. Beləliklə, Şahin Həsənlinin bu sahədəki izahları həm elmi olaraq, həm də dini olaraq əsassızdır. Üstəlik, maraqlı bir nüans da bundan ibarətdir ki, Şahin Həsənli məqalədə bu fikirləri qeyd etməmişdən bir abzas əvvəl, dünyadakı qarışıqlıqların müəyyən din adamlarının dində olmayan izahlar verməsindən qaynaqlandığını vurğulayır və ardından özü bu cür dində olmayan izahları din adına verir ki, bu da ayrı bir ziddiyyətdir.

Bunlardan başqa, yol verilən daha bir elmi səhv isə məqalənin 5-ci abzasında: “Bəzən din xadimləri elmi elmlə “vurmaq” üçün absurd və gülünc “dəlillər” gətirməklə məşğuldurlar. Məsələn, ötən əsrin 70-ci illərində amerikalı bir keşiş təkamül nəzəriyyəsini öz dar bilikləri ilə təkzib etməyə qalxdı. Düzdür, qısa bir zamanda əldə olunan populyarlıq sürətlə keçdi, dəlil-sübutların saxta olduğu üzə çıxdı, daha sonra hər şey unuduldu. Lakin bir 20 il sonra müsəlman “alimlərindən” bir nəfər həmin ideyaları öz adına çıxararaq “elmi dillə” dinin müdafiəsinə qalxdı. Təbii ki, elmi çəkisi şübhəli olan tək-tük insanların epatajlarını da elm-din savaşında arqument kimi istifadə etmək yolverilməzdir”,- deyə ifadə edilir.

Öncəliklə, Şahin Həsənlinin diqqətinə təqdim edirik ki, Yaradılış nəzəriyyəsinin qaynağı dini arqumentlər deyil. Yaradılış nəzəriyyəsi tamamilə elmi kəşflər, elmi tapıntılar və elmi izahların üzərində qurulmuş və sırf elm adamları tərəfindən təqdim edilmiş bir nəzəriyyədir və Şahin Həsənlinin iddia etdiyi kimi nəinki unudulan, əksinə, əldə olunan hər elmi yeniliklə daha da güclənən və təsdiq olunan bir nəzəriyyədir. Digər tərəfdən, Şahin Həsənlinin müdafiə etdiyi təkamül fərziyyəsi isə əldə olunan hər elmi yeniliklə birlikdə çökmüş və tarixin rəflərinə qaldırılmışdır. Faktiki olaraq, təkamül fərziyyəsinin heç bir mexanizminin işləmədiyi, tələb olunan ara-keçid formaların heç birinin tapılmadığı, həyatın mənşəyinin açıqlana bilməməsi kimi yüzlərlə nüans məhz elm tərəfindən isbat edilmiş və təkamül fərziyyəsinin elmi əsassızlığı elmi dəlillərlə sübut edilmişdir. Bununla bərabər, yazısında Şahin Həsənli 70-ci illərdən 20 il sonra Yaradılış nəzəriyyəsi arqumentləri ilə təkamül fərziyyəsinə qarşı çıxan və elmi yollarla dini müdafiə edən bir müsəlman alimdən bəhs edərək, o alimin gətirdiyi arqumentlərin elmi çəkisinin yetərsiz olduğunu və o arqumentlərdən istifadənin yolverilməz olduğunu qeyd edir. Hamıya aydındır ki, 90-cı illərdən dünyada tək yaradılışçı olaraq tanınan, təkamül fərziyyəsini tam məhv edən, Allahın varlığını və dinin doğruluğunu elmi yollarla tam sübut edən tək müsəlman Alim Adnan Oktardır. Hamıya Adnan Oktarın 72 dildə, bütün elm sahələrinə aid yazdığı 300 kitab tam aydındır. Adnan Oktarın dünyanın bir çox ölkələrində dərslik kimi istifadə olunan kitablarının və dünyanın bir çox televiziyalarında istifadə olunan elmi sənədli filmlərinin, dünya miqyasında verdiyi konfranslarının və keçirdiyi sərgilərin elmi çəkisi yaxşı bilinir. Ona görə də Şahin Həsənlinin, xüsusilə də, Adnan Oktar əleyhində sırf “elmilik” yönündə bir arqument gətirməsi, bəlkə də, edilə biləcək ən uğursuz cəhd olardı.

Məqalənin 6-cı abzasında isə Şahin Həsənli təkamül fərziyyəsi ilə bağlı: “…maddi aləmin daxilində baş verən təkamül Onun qoyduğu qanun, Onun nizamı kimi başa düşülməlidir”,- deyə bir cümlə qeyd edir. Bu cümlə ilə Şahin Həsənli təkamülün Allahın bir nizamı olduğunu iddia edir. Yenə də bu iddia həm elmi olaraq, həm də dini olaraq tamamilə əsassızdır. Elmi olaraq ona görə əsassızdır ki, faktiki olaraq elm aləmində təkamül deyilən bir nizam forması yoxdur. Təkamül adı ilə təkamül fərziyyəsi mövcuddur ki, bu anlayış da məhz canlıların təkamülünü izah etməyə cəhd etmişdi. Bu fərziyyə də ki, elmi kəşflərlə tam təkzib edildi. Əgər Şahin Həsənlinin o nizamdan nəzərdə tutduğu məlum təkamül fərziyyəsidirsə, o zaman Şahin Həsənli hər şeydən öncə dünyada bir ilkə imza ataraq öncəliklə təkamül fərziyyəsinin doğru olduğunu isbat etməlidir, sonra onun Allahın nizamı olduğunu iddia etməli. Misal üçün, konkret olaraq Şahin Həsənli canlıların təkamül yolu ilə yarandığını iddia edirsə, təkamül keçirmiş canlılara aid milyardlarla ara-keçid formaları təqdim etməli, nəzərdə tutduğu təkamül prosesinin elmi mexanizmlərini açıqlamalı və bu mexanizmlərin praktiki olaraq faydalı olduğuna dəlillər təqdim etməli, nəzərdə tutduğu təkamül prosesinə isbat ola biləcək tək bir müşahidə edilmiş elmi fakt göstərməlidir. Eyni zamanda, canlıların eyni anda üzə çıxdığını göstərən 600 milyon paleontoloji qalıq barədə də fikir bildirməli və canlıların bir əcdad daşımadan, mərhələli formada deyil, anidən üzə çıxdığını göstərən paleontoloji qalıqlara açıqlama verməlidir.

Dini olaraq isə Şahin Həsənli ən azından bir ilahiyyatçı kimi canlıların təkamül yolu ilə necə yarandığını da açıqlamalıdır. Öncəliklə, onu qeyd edək ki, Şahin Həsənlinin izahı Qurana tam ziddir. Çünki Quranda Allah hər şeyi “Ol” əmri ilə yaratdığını bildirir. Quranın bir çox ayələrində həm kainatın, həm də canlıların mərhələli şəkildə bir təkamül yolu ilə deyil, Allahın “Ol” əmri ilə bir anda yaradıldığı bildirilmişdir:

“Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”- dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır”. (Ənam surəsi, 73)

“Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!”- deyər, o da olar”. (Yasin surəsi, 82)

“O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik”. (Loğman surəsi, 31)

“Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır”. (Ənam surəsi, 99)

“Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik”. (Qaf surəsi 7)

Yuxarıda çox az bir hissəsini qeyd etdiyimiz Quran ayələrində çox açıq və aydın şəkildə Yaradılışın təkamül yolu ilə deyil, Allahın “Ol” əmri ilə olduğu, yəni anidən olduğu bildirilir. Ayələrə diqqət etsək, açıq şəkildə bitki və heyvan növlərinin yaradılışından bəhs edilərkən, ayələrdə heç bir təkamül prosesindən söz getmir. Əksinə, Yaradılışla bağlı bütün ayələrdə Allahın diləməsi və beləcə də, yaranmanın gerçəkləşməsi kimi bir proses təqdim edilir. Ona görə də Şahin Həsənli Allahın canlıları təkamül prosesi ilə yaratdığını iddia edirsə, yuxarıda qeyd etdiyimiz ayələrə izah gətirməlidir.

Həmçinin dünyada Allahın yaratması ilə bağlı qüvvədə olan qanunun məhz təkamül deyil, anidən yaradılma olduğunun başqa bir sübutu da Quranda Hz. Musa ilə bağlı bu nümunələrlə qeyd edilir:

““Sağ əlindəki nədir, ey Musa?” (Musa) dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır”. Buyurdu: “At onu, ey Musa!” (Musa) onu atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. (Allah) buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq””. (Taha surəsi, 17-21)

Quranda “Taha” surəsində Allah açıq şəkildə Musa (ə.s.)-ın əsasının bir anın içində ilan canlısına çevrildiyini bildirir. Burada ilan canlısının yaradılması üçün hər hansı bir təkamül prosesindən, mərhələli yaradılışdan söhbət getmir, ayələrdən açıq şəkildə bəlli olduğu kimi anidən yaradılmadan söhbət gedir. Əgər həqiqətən dünyada Allah yaratma qanunu olaraq təkamül prosesi kimi bir yolla yaratsa idi, nə üçün əsanı təkamül yolu ilə deyil, əksinə, anidən, bir andaca ilana çevirirdi?

Başqa bir nümunə isə Maidə surəsində Hz. İsa (ə.s.) ilə bağlı ayələrdə verilir:

“Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni Müqəddəs Ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin…”” (Maidə surəsi, 110)

Ayədə Hz. İsa (ə.s)-ın Allahın izni ilə palçıqdan quşa bənzər bir şey düzəltdiyi və Allahın onu bir anın içində quşa çevirdiyi vurğulanır. Əgər dünyada Allahın qanunu olaraq təkamül prosesi hakimdirsə, onda bu necə mümkün ola bilər? Necə ola bilər ki, palçıq formasındakı bir maket heç bir təkamül prosesi keçmədən bir andaca quşa çevrilə bilər? Quranda quşla bağlı bənzər bir nümunə də Hz. İbrahimlə (ə.s.) bağlı ayələrdə yer alır. Orada da, eyni şəkildə, ölü və parçalanmış quşların anidən bir araya gəlməsindən bəhs edilir. Quranda saymaqla bitməyəcək bu cür nümunələrdən ilahiyyatçı Şahin Həsənlinin xəbəri yoxdurmu? Əgər Şahin Həsənlinin dünyaya hakim olan Yaradılış izahını bu dərəcədə isbat edən bu qədər Quran ayəsindən xəbəri varsa, hansı əsasla Allahın dünyadakı yaratma qanununun təkamül olduğunu iddia edir?

Allahın, əslində, təkamül deyilən bir yaratma qanununun olmadığı və bu iddianın nə qədər absurd və dinə zidd olduğunu anlamaq üçün Qurandan başqa bir misal verək. Quranın bir çox ayəsində Allah öldükdən sonra dirilişin də ilkin yaradılış kimi olduğunu bildirir. Bizə Qurandan bəllidir ki, insanın ölməsi ilə Axirətdə dirilməsi ani bir prosesdir, bir andan ibarətdir. Və Allah Quranda ilkin yaradılışı Axirətdə dirilməylə eyni tutduğuna görə, bu, insanın da yaradılışının mərhələli bir proses deyil, ani bir ortaya çıxma olduğu deməkdir. Quranda Allahın yenidən dirilmə ilə ilkin yaradılışın eyni olduğunu bildirməsinin mənası budur ki, Yaradılışla bağlı Allahın qanunu dünyada nədirsə, Axirətdə də eynidir. Bu minvalla, Şahin Həsənli təkamülü Allahın dünyadakı yaratma qanunu olaraq adlandırırsa, Qurandakı üslubla baxdığımız zaman eyni yaratma qanunu Axirətə də aid olmalıdır. Bu zaman ortaya belə bir nüans da çıxır ki, Şahin Həsənlinin iddiasına əsasən, insanların Axirətdə yenidən dirilməsi də təkamül prosesi ilə baş verəcək. Belə bir izah isə, aydın məsələdir ki, Qurana tam ziddir. Çünki Quranın bir çox ayələrində ölümlə birlikdə, ani bir şəkildə Axirətə keçid olduğu və hətta mələklərin o an insanı salamladığı bildirilir.

Şahin Həsənli təkamülü Allahın yaratma qanunu hesab edirsə, başqa bir məxluq olan cinlərin alovdan hansı təkamül mexanizmi ilə, necə bir təkamül prosesi nəticəsində ortaya çıxdıqlarını da açıqlamalıdır. Eyni zamanda, Şahin Həsənli axirətdəki yenidən dirilmənin hansı təkamül mexanizmləri ilə baş verdiyini, mələklərin, qılmanların, hurilərin, cənnət ağaclarının, cənnət meyvələrinin hansı təkamül prosesləri nəticəsində, necə ortaya çıxdıqlarını da açıqlamalıdır.

Bütün bu qeyd etdiyimiz məqamlardan da aydın olur ki, Allahın təkamül deyilən bir qanunu mövcud deyil. Bütün elmi sübutlar Yaradılışın doğru olduğunu, bütün canlıların Allah tərəfindən anidən yaradıldığını göstərir. Elmi olaraq canlıların tarix səhnəsində anidən üzə çıxması ilə bağlı milyonlarla paleontoloji qalıq mövcuddur. Təkamül fərziyyəsinin də elmi kəşflərlə çökdüyü və elm səhnəsindən çoxdan çəkildiyi artıq məlumdur. Dini olaraq da Quranda və digər müqəddəs kitablarda Allahın canlıları bir anda yaratdığı buyurulur. Bu məqaləmizdə Quran ayələri ilə Allahın yaratma qanununun məhz təkamül deyil, Yaradılış olduğunu göstərdik.

Arzu edərdik ki, Şahin Həsənli kimi tanınmış bir ilahiyyatçı ateizm, darvinizm qarşısında bu cür təslimiyyətçi bir duruş sərgiləməsin, dinin elmlə harmoniyasını göstərmək istəyirsə, həqiqətən də elmi kəşflərlə təsdiqlənən Yaradılış həqiqətini müdafiə etsin və məhz elmi kəşflərlə süquta uğrayan təkamül fərziyyəsini təkzib etsin. Bunun əksi həm elmə, həm də dinə zidd olur.

# 1548 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #