Əyalətdə uşaqlı qadının subay oğlanla evlənməsi

Əyalətdə uşaqlı qadının subay oğlanla evlənməsi
24 fevral 2015
# 15:56

Əyalətin darıxdırıcı və monoton həyatına rəng qatan əsas nəsnələrdən biri də dedi-qodulardı və belə dedi-qodularda camaatın əksəriyyəti canla-başla iştirak edir. “Simsiz teleqraf”lar xəbəri hər yerə ötürürlər. Sizə deyim ki, pıçıltıyla danışılan xəbərlər yüksək səslə danışılanlardan tez yayılır.

Sonuncu belə hadisə cavan yaşda dul qalan, 2 körpə uşaqlı qadının subay oğlana ərə getməsi oldu. Qadının adını qoyaq Rüxsarə... Azərbaycanda dul qadının subay oğlanla evlənməsi heç vaxt birmənalı qarşılanmayıb.

2-3 dəfə arvad boşayan kişinin bakirəylə evlənməsi nə qədər normaldırsa, dul və ya boşanmış qadının subay kişi ilə evlənməsi o qədər anormal hal hesab edilir.

Bu dəfə də istisna olmadı. Oğlanın anası “açıqlama” verdi ki, oğlunu yoldan çıxardıblar, cadu ediblər. Söz verdi ki, oğlu bir gün geri qayıtsa ona 15 yaşlı bakirə qız alacaq.

Oğlan qayıtmadı. Rayon camaatı hətta bu ailəyə müddət qoyub bəhsə girdi. Söhbət təzə səngiyirdi ki Rüxsarənin hamilə olması xəbəri yeni bir “bomba partlatdı”.

Şok, şok, şok!

Rayon sakinləri əmindi ki, Rüxsarə oğlanı özünə bağlamaq üçün hamilə qalıb.

Dul və ya boşanmış qadınların ailə həyatı qurması hər zaman belə maraq doğurur, daha doğrusu ajiotaj yaradır. Onlarla ailə quran kişiləri isə natamam hesab edirlər. Düşünürlər ki, normal kişi belə qadınla evlənməz, ancaq “saxlayar”. Belə qadınlarla evlənən kişilərə yaxşı baxmırlar, çox vaxt kişi hətta öz valideynləri tərəfindən qəbul edilmir.

Bütün ölkə boyu belədi. Həyat yoldaşını döydüyünə və ağır xəsarət yetirdiyinə görə boşanmış kişi ikinci, hətta üçüncü dəfə evlənə bilər, ona qız verən tapılacaq, amma qadının ikinci evliliyi xoş qarşılanmır. Axı niyə?!

İnsanların fikrincə dul və ya boşamış qadın ancaq:

Birincisi:

İkinci arvad ola bilər. Bir qadın boşanarkən və ya dul qalarkən ikinci arvad saxlamaq istəyən kişilər “leş qarğaları” kimi cumurlar o qadına tərəf.

Xəbər yollamalar, vədlər, şirnikləşdirici hədiyyələr...

Seksual həyatını rəngləndirmək istəyən ailəli kişi üçün ən optimal variant budur. Ərindən boşanmış və ya dul qalmış qadın təmiz hesab olunur.

Hətta bu qadına rəfiqələri “gündə biriylə gəzməkdənsə daimi saxladığının olması daha yaxşıdı, xəstəlik zad olmaz” deyə təsəlli də verirlər.

İkincisi:

Yaşca özündən böyük, dul və uşaqlı kişi ilə ailə qura bilər. Belə olan halda da əgər qadının birinci nikahından övladı varsa həmin uşaq qadının anasında qalır. Yəni ailəyə uşağı aparmaq müzakirə belə olunmur (əksər hallarda).

Bu “sıradan və normaldı”. Çünki “heç bir kişi başqasının uşağına atalıq etmək istəməz”. Halbuki, qadın kişini uşaqlarını qəbul edir, hətta yaşı imkan verirsə birini də doğur.

Üçüncü variant:

Qadının öz ayaqları üstə durması müzakirə olunmur belə. Qadınların özləri də inanıblar ki, kişisiz qadın heç nədi, bu mümkünsüzdür. Qadının “üstündə” kişi olmalıdır, döysə də, söysə də olmalıdır. Qadınlar özləri buna inanıblar.

Belə qadağaları qoyan yaşlı nəsildi. Onların çoxunun nənələri və anaları Böyük Vətən Müharibəsində həlak olan ərlərinə ömür boyu yas saxlamayıb.

Böyük Vətən Müharibəsindən sonra dul qadınların çox olduğu zamanlar belə evliliklər normal qarşılanırdısa indi vəziyyət dəyişib.

Hətta bu insanlara Məhəmməd peyğəmbəri belə misal gətirəndə təsir etmədiyinin şahidi olmuşam, ancaq halbuki, çox şeyə dini prizmadan dəyər verirlər.

Qadın olmağın onsuz da çətin olduğu bu cəmiyyətdə dul və boşanmış qadınlara “ikinci əl qadın” kimi baxılması çox acıdı.

Ailəsindəki kişilərin ağır namus yükünü öz çiyinlərində daşıyan qadın.

Hətta boşandıqdan sonra belə ərinin namusu sayılan qadının özünün dünyaya gətirdiyi oğlan övladı tərəfindən “namus” üstündə öldürülmə ehtimalı olan qadın.

Ən çox həmcinsləri tərəfindən qınanan qadın.

Sanki kimsə qadınların bir gün öz güclərinə inanacağından və onların həyatda var olmaları üçün kişilərə ehtiyacı olmadığını anlayacağından qorxur.

Amma bir gün qadınlar bunu anlayacaq.

“İkinci əl qadın” olmur, atam balası!

# 10363 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #