Anamın dilimə dağ basmağı...

Anamın dilimə dağ basmağı...
14 aprel 2014
# 11:52

Kulis.Az “Əşyalar və sözlər” layihəsində Mirmehdi Ağaoğlunun “Tüfəng” essesini təqdim edir.

İndi hər dəfə uşaqlığımı, o uzaq keçmişi xatırlayanda o tüfəng gəlib durur gözlərimin qabağında. Hər dəfə o tüfəngi xatırlayanda uşaqlığım necə deyərlər, kinolent kimi gözlərimin önündən keçir. Sanki uşaqlığımın o taxta tüfəngi ilə xatirələri bir-bir ovlayıram.

***

Onda hələ rayonda yaşayırdıq. Deyəsən hələ ikinci bacım anadan olmamışdı. Evin böyüyü mən idim. Dörd yaşım olardı. Atam indiki Dillər Universitetinin ərəb dili kurslarına qiyabi qəbul olmuşdu. Həm oxuyur, həm də işləyirdi. Bizsə rayonda qalırdıq. Ancaq hər həftənin cümə günü gecə kəndə gəlmək imkanı olurdu. Hə yadıma düşdü. Üçüncü bacım da doğulmuşdu. Hər dəfə atam qapıdan girəndə qollarını açıb atamın qucağına deyil, zənbillərə qaçardı. Atamı o qədər az görürdü ki, onu yad adam hesab edən balaca qızcığaz hər gün bizə baş çəkən əmimə “ba-ba” deyərdi.

Hə, o aylarda, o illərdə atam Bakıda işləyib-yaşayar, bizsə anam, mən və iki balaca bacım kənddə qalardıq. Əmilərim tez-tez bizə baş çəkər, həyət-baca işlərində kömək edərdilər. Bir dəfə həyətimizə biz tərəflərdə “mo pişik” deyilən vəhşi pişik daraşmışdı. Əmim hardansa tüfəng tapıb həyətdə pusqu qurdu və gözlərimin qabağındaca o pişiyi vurdu. Pişik rezin parçası kimi yuxarı dartılıb yerə düşdü.

Əmilərim kömək eləməyinə baxmayaraq özümüz də az iş görmürdük. İndi də anlaya bilmirəm, necə olub ki, dörd-beş yaşımda belə ağır işləri görmüşəm: həyətin alağını eləməkdə anama kömək etmişəm, qoyun-quzunu çölə aparıb otarmışam, ot kipi daşımışam, yer şumlamışam.

Evimiz kəndin qırağında idi. Bizim evdən sonra xırman, zəmilər, əkin sahələri gəlirdi. Tək qalmayaq deyə bibim bizimlə qalırdı. Ailənin sonbeşiyi olan bibim məndən çox böyük olmazdı. Səkkizinci sinifdə oxuyurdu. Buna görə biz qardaşuşaqları onu əmilərim kimi “bacı” deyə çağırardıq.

Oğlan kimi idi. Mühafizəkar, dindar bir ailənin qızı olmasına baxmayaraq velosiped sürür, yeri gələndə futbol oynayırdı, sonbeşikliyinin “şotuna” şellənirdi. Xasiyyətcə də oğlan kimi sərt, möhkəm, cəsur idi. Di gəl, bu oğlan kimi sərt, möhkəm qız bir də gördün adi bir sözdən bulud kimi dolub boşaldı. Bir bənd şeir, bir həzin musiqi, bir film fraqmenti bəs edirdi ki, bu velosiped sürən, futbol oynayan qızcığazın gözləri üstünə yağış yağmış pəncərə şüşəsi kimi parıldasın.

Bir dəfə bekara bir şeyin üstündə dalaşdıq. Yəqin nəyəsə görə tənbehləmişdi, mən də onu dinləməmişdim. Mənə acıqlandı, mən də küçədən təzə eşitdiyim bir sözü ona dedim: “Zatıqırıq”. Məndən neçə yaş böyük olan bu qız, körpə uşaq kimi oturub hönkür-hönkür ağladı. Bircə onu soruşdu ki, bilirsən o nə deməkdi? Mən yazıq, hardan biləydim, qəfildən ağzımdan çıxmışdı.

Həmin axşam anam nə illah elədisə, bacıdan üzr istəmədim. Hikkəmi görən anam məni ancaq bədənimə dağ basmaqla ram edəcəyini anlamışdı yəqin, odur ki, xörək qaşıqlarından birini sobanın üzərinə qoydu.

O gecə evin başında mən qaçdım, anam qaçdı, mən qaçdım, anam qaçdı. Məni haqlayanda bibim anamın əlindən alıb bağrına basdı. İmkan vermədi anam dilimə dağ bassın. Vallah, basardı. Mənim kimi dəcəl uşağa o da az idi.

Dava səngiyəndən sonra mən həyətdəki qızılgüllərdən birini dərib aynabənddə dərs oxuyan bibimin yanına gəldim. Peşman-peşman, astadan “Məni bağışla” dedim. Boynumu qucaqlayıq ağlamağa başladı.

Bir gün də baltanı götürüb ağacdan tüfəng yondu mənə. Çaxmağını da qaşıqdan düzəltdi, anamın məni dağlamaq istədiyi qaşıqdan. Qaşığı zindanın üstündə döyüb hamarladı, sonra onu tüfəngin başına mıxladı.

O tüfənglə nişan alıb əmim kimi çoxlu pişik “vurmuşdum”, aradabir atamla çölə ot biçməyə gedəndə “Muravey”in lülkasında oturub çox quş “ovlamışdım”. Uşaqlar küçədə dava-dava oynayanda tüfəngimlə onlara qoşulub çox düşmən “qırmışdım”. Onda bizim düşmənimiz nemeslər, faşistlər idi. Ermənini düşmən biləcək qədər böyüməmişdik.

Uşaq vaxtı o tüfəng mənim üçün sadəcə oyuncaq idi, indi isə xatirələr açarıdır.

Ana babam qarmon çalmağı öyrənim deyə dayımın neçə ildən bəri evin damında atılıb qalmış qarmonunu gətirmişdi. Guya qarmon çalmağı öyrənəcəkdim. Öyrənmədim. Sonralar atamın aldığı saz, tar kimi o qarmonu eləcə dizimin üstünə qoyub toyda, efirdə gördüyüm musiqiçiləri təqlid edərdim. Bibim isə elə hey gəlib-gedib anama deyərdi ki, bunun içindən səs necə çıxır, yox e bu qarmonu yarıb baxacam.

Anam da onu danlayır, bu varvar addımdan çəkindirməyə çalışırdı. Yəqin bir az da qardaşının qarmonu olduğuna görə... Bir gün anam məni diş həkiminə aparmışdı. Bibim evdə qalmışdı. Qayıdanda nə görsək yaxşıdı?! Bibim qarmonun sirrini “faş” edib. Onu yarıb içindən bir ovuc dəmir parçası çıxarıb. O dəmir parçalarının birini dodaqları arasında tutub piləyərək cızıltılı səs çıxaraq gülə-gülə bizə baxırdı.

Onda uşaq idim, dəcəl bibimin məsud üz cizgilərindən oxuya bilməmişdim, oxuya bilməmişdim ki, tale o qızdan bədbəxt qarmonun qisasını bir gün mütləq alacaq. Sevdiyi oğlan, ömür-gün yoldaşı qarmonçalan olacaq. O zaman yoldaşının qarmonunu evin ən əlçatmaz yerində qoruyacaq, ailənin çörək ağacıdır deyə üstünə toz da qondurmayacaq.

Bakıya köçmüşdük. Texnikumda oxuyan bibim tez-tez məni qəşəng geyindirib, saçımı darayıb çıxardardı şəhərə gəzməyə. “Şəfəq” kinoteatrına “Mərhəmət” filminə baxmağa aparardı. Heç bilmirəm, Küçük Əmraha qoşulub mən də ağlamışdım, ya yox, bibim isə günlərlə filmin təsirindən çıxmazdı. Başıma sığal çəkə-çəkə saçımı daramağı vardı. Məni şortik geyinməyə qoymazdı. Deyirdi kişi xeylağı şortik geyinməz.

Bir dəfə sakitcə məni evin zirzəmisinə çağırıb kövrək səsilə - elə bil bir az ucadan danışsaydı səsi şüşə kimi çilik-çilik olub dağılacaqdı - dedi ki, sorğu-sual etməyim. Sadəcə dediklərinə əməl edim. Sonra qiyməkeşi mənə uzatdı. Əlini ət taxtasının üstünə qoyub dedi ki, vur əlimi doğra.

İlahi, “Zülm” filmini çıxardana nə deyim. Zavallı qız, aşiq olmuşdu, elə bilirdi, qohumumuz olan o qarmonçalan sevgilisinə onu verməyəcəklər. Oxuduğu sevgi romanlarının təsiri də az olmamışdı. Filmdə aşiq qız sevgilisinə görə əlini balta ilə doğrayır. Əlbət özünü “Zülm”ün qəhrəmanına bənzədirdi. Çox sonralar, özü də çəkinə-çəkinə bu addımının səbəbini ondan soruşdum, amma heç bir tutarlı cavab verə bilmədi. Belə şeylər onun üçün artıq yeniyetmə nadincliyi idi.

Qiyməkeşi astadan əlinə endirdim. Əlinin içi azacıq qızardı. O dəqiqə halım dəyişdi. Əlinin qızartını görəndə anladım ki, mən nə iş tuturam, ilahi?! Qiyməkeşi bir kənara tullayıb dedim ki, öz əlimi kəsərəm, sənin əlini yox. Bəlkə heç belə də deməmişəm, sadəcə ürəyim gəlməyibmiş, vəssalam.

***

O taxta tüfəngin axırı necə oldu, bilmirəm. Hafizəmin hansı müharibəsində, hansı döyüşündə, hansı səngərində itirdim, yadımda deyil. Sonralar “Qaçaq Nəbi” dastanında onun aynalı tüfəngi haqqında oxuyanda qaşıqlı tüfəngim gəlib durdu gözümün qabağında. Bölük-bölük, ordu-ordu xatirələr oyadan taxta tüfəngim...

# 62354 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #