“O olmasın, bu olsun” Azərbaycan filmi deyil

“O olmasın, bu olsun” Azərbaycan filmi deyil
11 aprel 2014
# 11:00

Azərbaycanın üç ən yaxşı filmindən birincisinin 1956-cı ildə çəkilən “O olmasın, bu olsun” filminin olması yadıma uşaq vaxtı oynadığımız “evcik-evcik” oyununu saldı.

Qızlar yığışıb ev düzəldərdik, onu bəzəyərdik, “qonşu” qonaq gələrdi, ona süfrə açardıq, yeyib-içib söhbətləşər, sonra onu yola salardıq, süfrəni yığışdırardıq. Bir sözlə normal ev-ailə modelini oyunumuza tətbiq edərdik. Hər şey elə həyatın özündəki kimi olardı. Sadəcə oyun formasında... Qondarma. Ev qondarma, qonşu, əşyalar, süfrə, yemək-içmək hamısı imitasiya - real olanın yamsılama forması.

Məncə, müstəqillikdən bəri ortaya bir dənə olsun normal sənət əsəri qoymamışıq. Bu həm mədəniyyətimizə aiddir, həm ədəbiyyatımıza, həm də incəsənətimizə. O cümlədən kinoya. Ola bilsin ki, ani bir qığılcım kimi bir tamaşa, kino olub, amma ümumi mənzərədə o da gözə çarpmır. Bağışlasın bizi, həmin ani qığılcımı yaradanlar, neynəyək, gözlərimizin döyənəyi olanı da görməyə imkan vermir yəqin. Neyləmişiksə, hamısı yamsılamadan ibarətdir, guya teatr tamaşası hazırlayırıq, guya kino çəkirik, hətta təzə-təzə serial estetikasına yiyələnməyi də yamsılamağa başlamışıq.

Ona görə də Üzeyir bəy Hacıbəyovun bir zamanlar dünyanı təəccübləndirən “O olmasın, bu olsun” filmi hələ də bizim aləmimizdə birinci yerdədir. Əslində, “O olmasın, bu olsun” filməbənzərdir, amma tam film deyil, sadəcə orda yamsılama yoxdur. Üzeyir bəydən irəli gələn əsl Azərbaycan xarakterini verə bilmək var.

Qərbi onu yamsılamaqla təəccübləndirmək olmaz. Avropanı maraqlandırmaq üçün ona Şərqin - mənim xarakterimə xas, tipik xüsusiyyətləri, adət-ənənələri, məişətimi, toyumu-yasımı olduğu kimi, reallığı, çılpaqlığı, yaxşısı və pisi ilə birgə göstərmək lazımdır. Sadəcə bunları sənətkarlıqla, dünyanın mənimsədiyi, gördüyü, hər gün yenilənən film estetikasında çəkib göstərmək lazımdır. Daha gənc kinoşünasların təlqin etdiyi, gənc kinorejissorların, ssenaristlərin istədiyi kimi Qərb həyatının bayağı formasını ekranlara gətirməklə, “Bu Azərbaycan filmidir” - demək heç vaxt uğur gətirməyəcək.

“O olmasın, bu olsun”u yaxşı film olduğuna görə yox, yaxşı mövzusu olduğuna görə sevirik. Eləcə də “Bizm Cəbiş müəllimi”, “Şərikli çörək”, “Bir cənub şəhərində” filmlərini, eyni zamanda Rasim Ocaqovun bütün filmlərini. Çünki bu sadaladığım filmlərdəki mövzu – nəql olunanlar mənəm, mənim barəmdədir. Məşədi İbad, Cəbiş müəllim, Bakı mühiti, məhəllələri, Rusiyadan rus qızı ilə qayıdan Tofiq, Rasim Ocaqovun qəhrəmanları hamısı bizlərdir, bizim həyat tərzimiz, xarakterimizdir.

Arif Babayevin filmləri bir vaxtlar Azərbaycanda kino məktəbini yaratmağın astanasında olub, nə yazıq ki, rejissor həyatdan tez köçüb və yaratmaq istədiyi məktəb yarımçıq qalıb. “Uşaqlığın son gecəsi”, “Gün keçdi” filmləri sırf Azərbaycan xarakteridir. “Bir cənub şəhərində” filmində də bu var.

Sadaladığım filmlər yaxşı filmlərdir, amma hələ də Azərbaycan filmi deyəndə Sovet Azərbaycanının filmləri yada düşür. Çünki, bayaq dediyim kimi müstəqillikdən bəri Azərbaycan filmi yaratmaq əvəzinə, başqa ölkələrin filmlərini yamsılayırıq.

“O olmasın, bu olsun” filmini bu günün kino texnikası ilə, film estetikası ilə çəkib dünyaya çıxartsaq uğur qazanar, amma bu gün üçün mövzu olaraq yox, ekzotik bir ölkənin xarakterini göstərmək baxımından...

Nə qədər ki, böyük hərflə AZƏRBAYCAN FİLMİ – məni mənə və dünyaya tanıdan sənət əsəri yarada bilməmişik, artıq çoxdan tarixin arxivinə atılmalı olan, bu gün üçün primitiv “O olmasın, bu olsun” düşüncəmizin şedevri olacaq. Düşüncəmizi dəyişəcək, yeniləyəcək kino çəkə bilməyincə özü heç nəyə nail ola bilməyən kiçik qardaş kimi böyük qardaşımızın nailiyyətləri ilə qürrələnəcəyik - Sovet Azərbaycanının filmləri ilə.

Bu yerdə onu da vurğulayım ki, hörmətli respondentlərin bəziləri altında öz imzaları olan filmləri ən yaxşı film hesab ediblər. Şərhlər arasında Fəxrəddin Manafovun şərhi də var - “Heç kim “Təhminə”nin adını çəkməyib” (İmza yalançı da ola bilər). Onlar heç biri Azərbaycan filmi deyil, Sovet filmidir, o cümlədən “O olmasın, bu olsun”...

# 7250 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #