Əsrin tələbi və mollanəsrəddinçilik epiqonizmi

Əsrin tələbi və mollanəsrəddinçilik epiqonizmi
19 dekabr 2012
# 18:13

Hər bir əsrin öz nəsli, öz tələbləri var. Yazıçılar, filosoflar bu tələbləri hamıdan qabaq duyan insanlardır.

Epiqonçular, təkrarçılar isə müdriklər tərəfindən qabaqcadan duyulan tələbləri səsləndirirlər, bu tələblərin köhnəliyini heç cür hiss etmirlər. Köhnəlmiş tələbi yenilik kimi sırımaq cəhdləri yaradıcı təfəkkürdən məhrum olmağın təsdiqidir.

Hər bir yeni ideya öz dövründə top-tüfənglə qarşılanır. Zaman keçdikdə o həyatda təsdiqini tapır, daşlaşır və çox qəribədir ki, yeni ideyalar qarşısında maneəyə çevrilir. Hər bir fəlsəfi ideya öz dövrünün hakim fəlsəfəsi ilə mübarizəyə girir, zaman keçdikcə onun taxtına yiyələnir və yeni fəlsəfələrə qarşı mübarizəyə başlayır. Fəlsəfənin bir istiqaməti olan estetik cərəyanlar da bundan fərqlənmir, dünənin novator cərəyanı bu günün konservlənmiş konservatoruna, status-kvonun tərkib hissəsinə çevrilir.

“İnsan öz yurdundan peyğəmbər olmur” deyirlər, amma məsəldəki məkan təyinatı bəlkə daha artıq dərəcədə zamana aiddir.

Əslində araşdırmaq istədiyimiz məsələnin-ideyalar tarixinin dialektikası-mürəkkəb və çoxtərəfli mövzudur, onun fəlsəfi köklərinin dərin olduğu qədər ictimai-siyasi kökləri də torpağın dərin qatlarına qədər işləyib.

Belə ki, biz Hüqo romantizmindən danışarkən XIX əsrin ortalarındakı Fransanın ictimai-siyasi mühitindən də danışmalıyıq. Sartr ekzistensianilizminin fəlsəfi köklərini təhlil edərkən iki dünya müharibəsinin arasında Avropa mühitinin ictimai təbəddülatlarını da unutmamalıyıq. Yazının əvvəlində də xatırlatdığım kimi hər əsrin öz tələbləri var və bu tələbləri filosoflar, yazıçılar hamıdan əvvəl hiss etməlidir. Onların böyüklüyü, adlarının qarşısında filosof, yazıçı yazılmasının da səbəbi budur.

Gəlin, o sevimli Fransadan öz doğma yurdumuza, Dərbəndi rusun, Təbrizi farsın, Qarabağı erməninin əlində qalmış Azərbaycanımıza qayıdaq.

Yeni bir əsr başlayıb, bu günlərdə biz onun nəhs ilinə qədəm qoyacağıq. Yüz il qabaq Azərbaycan ədəbi mühitinin maddi mənada olmasa da mənəvi mənada hakimi mütləqləri mollanəsrəddinçilər idi, onlar zamanın tələbini çox düzgün duymuşdular, savadın təhsilin zərurətini vurğulayırdılar, məktəb, teatr təbliğ edirdilər, Mirzə Fətəlini də özlərinə ustad bilirdilər.

O dövr Azərbaycanı da məlum olduğu kimi müstəqil deyildi, Çar Rusiyasının əvvəl iki, sonra isə dörd quberniyasından ibarət idi, ölkə əhalisinin cəmi 1 faizi oxuyub-yaza bilirdi, səhiyyə sistemi demək olar ki, yox idi. Belə bir durumda mollanəsrəddinçilərin maarifçi fəaliyyəti, din əleyhinə fəal mübarizə aktual idi. Bu aktuallığı onlar dərindən dərk edirdilər, amma ancaq onlar dərk edirdi, sağ ziyalılar bu zərurəti anlamırdılar, gündə bir hava çalırdılar, bu havaya özlərindən başqa oynayan da olmurdu, amma zəmanə onların tərəfində idi, qəzetlərini şəxsən Hacı Zeynalabdin Tağıyev maliyyələşdirirdi.

Aradan yüz il keçib, rəsmi statistikaya görə ölkə əhalisinin 1 faizi yazıb oxumaq bilmir, ölkədə teatrlar var, kitabxanalar var, məktəblərin sayı 5 mindən bir az azdır, 50-yə qədər universitet var, Azərbaycan dilində yüzlərlə roman yazılıb (o zaman heç biri də yox idi). Mədəniyyət sahəsində problemlər yoxdurmu? Əlbəttə ki, var, bunu inkar etmək boşboğazlıq olardı. Lakin yüz il əvvəlin problemlərinin xeyli hissəsi indi yoxdur. Düzdür, onda da dini cəhalət vardı, indi də var, lakin nədənsə heç kimin o dövrlə bu dövr arasındakı cəhalətin miqyasını təsəvvür etmək ağlına da gəlmir.

Ona görə də mən müxtəlif qəzetlərdə, jurnallarda yüz il bundan əvvəlin çıxışlarına bənzər yazılar oxuyanda öz-özümə düşünürəm. Bunun adı epiqonçuluq, təkrarçılıq deyilmi? Kitabın əhəmiyyətini vurğulamaq bu qədərmi vacibdir, teatrın önəmini qabartmaq bu qədərmi önəmlidir, yəni insanlar bunu anlamırlarmı? Bu oxucunu axmaq yerinə qoymaq deyilmi? Hərçənd Mirzə Cəlilin dövründə də bunu anlayırdılar, “Ölülər”in tamaşalarından Mirzə Cəlil yaxşı pul qazanırdı.

Bu cür bəsit və bayağı bəyanatlarla (kitab oxuyun, teatra gedin) dolu məqalələri oxuduqca Sabirin “dindirir əsr bizi, dinməyiriz” sözlərini xatırlayıram, ya da elə böyük Sabirin “şairəm, əsrimin ayinəsiyəm” sözləri yadıma düşür.

Yüz il qabağın, XX əsrin ilk illərinin çağırışlarını təkrarlayıb, özünü modernist bəzən isə postmodernist adlandırmaq deyəsən, yazının asan yoludur, təfəkkürə qənaətdir, zəkaya-əsrin zəkasına həqarətdir.

Mollanəsrəddinçilərin ideoloji rəqibləri vardı, o rəqiblər də məhz dövrün tələbini anlamaqdan uzaq idilər, yüz il əvvəlin təranələrini xatırlayırdılar, bəzən onların tezisləri bir neçə əsr əvvəlin tələbləri idi, buna görə də onlar Azərbaycanın ideya xəritəsində yer tuta bilmədilər, ictimai fikir tarixinin ölü doğulan ideyalar səhifəsinə öz adlarını yazıb getdilər Türkiyəyə...

İndi mollanəsrəddinçilər adına füyuzatçılıq edirlər.

Mollanəsrəddin ideyalarını dəstəkləmək adına epiqonçuluq meyllərini inkişaf etdirmə cəhdləri ikrah doğurur.

Çünki əsr dəyişib, zəmanə dəyişib.Mirzə Cəlil bizim nəsrimizin, Sabir də yeni şeirimizin banisidir, Azərbaycanda şeir və nəsr yazıldıqca onların yaratdığı ədəbiyyat yaşayacaq, lakin bu onların əsərlərində, məqalələrində qaldırdıqları ictimai məsələlərin hələ də aktual olması demək deyil.

Bizi indi tamam başqa məsələlər düşündürməlidir, türklər Nobel alırlar, Kann festivalında qalib gəlirlər, bizim yazıçılar isə kitab oxumağın məziyyətlərindən danışır, öz aləmlərində bir dini inqilab xortdanı yaradıb onunla mübarizəyə girişiblər, neobolşevik ideyalarını inkişaf etdirirlər.

İstəməzdim ki, bu yazdıqlarım kiməsə qarşı yazılmış bir məqalə kimi görünsün, ona görə adlar çəkmədim, sitatlar vermədim. Həm də özüm də bir müddət əvvələ kimi əsrin tələbinə məhz mollanəsrəddin sayağı reaksiya verirdim, ona görə bu yazı bir az da özümlədöyüş yazısıdır, özünütənqiddir.

Amma məqalənin polemik ovqatı da çox güclüdür, ona görə də bu polemikada iştirak etmək istəyən yazıçıları məmnuniyyətlə Kulis.Az-da çap etməyə hazırıq.

# 3642 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #